Məhkəmə qərarları › İş №8-2(103)-16/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-16/2025

25.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-16/2025 25.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-99/2025 saylı qərardadından Borclu MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Borclunə məxsus olan Changan CS85 minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu tərəfindən təqdimata qarşı etiraz verilmiş, etirazda iş üzrə icraatın dayandırılması xahiş edilmişdir. Etirazda göstərilmişdir ki, qeyd olunan iş üzrə cavabdehin direktoru olaraq məhkəmə icraatına cəlb edilməmiş, məhkəmə iclasında iştirak etməmiş və məhkəmə işindən məlumatlı olmamışdır. İş barədə ancaq icra müddətində xəbərləri olmuşdur. Buna görə də apellyasiya şikayəti ilə birgə apellyasiya şikayəti üçün müddətin bərpa edilməsinə dair məhkəməyə ərizə vermişdir. Bakı Kommersiya Məhkəməsinin qərardadı ilə şikayəti təmin edilməmişdir. Hazırda həmin qərardaddan apellyasiya şikayəti vermişdir. 2-2(103)- 628/2025 nömrəli iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Hazırda cavabdehin məhkəmə qətnaməsinin icrası ilə bağlı müraciəti Bakı Apellyasiya Məhkəməsinin icraatında olan iş ilə birbaşa əlaqəlidir. Bakı Kommersiya Məhkəməsinin 27 may 2025-ci il tarixli, 8-2(113)-99/2025 saylı qərardadı ilə təqdimat təmin edilərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6493/2024 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclunə məxsus olan Changan CS85 minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Qeyd edilən qərardaddan Borclu tərəfindən tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdehin direktoru məhkəmə icraatına cəlb edilməmiş, məhkəmə iclasında iştirak etməmiş və məhkəmə işindən məlumatlı olmamışdır. Buna görə də apellyasiya şikayəti ilə birgə apellyasiya şikayəti üçün müddətin bərpa edilməsinə dair məhkəməyə ərizə vermişdir. Bakı Kommersiya Məhkəməsinin qərardadı ilə şikayət təmin edilməmişdir. xx.xx.2025-ci ildə isə Bakı Apellyasiya Məhkəməsi qərardaddan şikayətini təmin etməmişdir. e-2-2(113)-6493/2024 nömrəli iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli Bakı Kommersiya Məhkəməsinin qətnaməsinin icrasını məhz bu səbəblərə, yəni məhkəmə müdafiə hüququnu bərpa etməyə çalışdıqlarına görə başlamamışlar. Məhkəmə icra haqqında qanunvericiliyin tələblərini gözləmədən icra məmurunun qanunsuz tələbini təmin etmiş, tərəflərindən verilmiş etiraza isə heç bir münasibət bildirməmişdir. İlk növbədə icra sənədləri üzrə tələb borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Borclunun əmlakı üzərinə həbs qoyulması halları da qanunvericiliklə tənzimlənir. Belə ki, yalnız iki halda əmlak üzərinə həbs qoyula bilər: - tələbkara verilməsi və yasatılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; - borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün. Bu halların heç biri hazırkı işdə mövcud deyildir. Cavabdehin əmlakının müsadirəsi barədə məhkəmə qərarı yoxdur. Həmçinin iddiaçıya verilməsi nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün hər hansı bir məcburi icra mühafizəsini təmin etmək üçün hər hansı bir məcburi icra tədbirinə ehtiyac yoxdur. Çünki məhkəmə qətnaməsinin icraya yönləndirilməsi anından direktoru olduğu şirkətin məhkəmə müdafiəsi hüququnu bərpa etmək, işin əsl hallarını məhkəmənin diqqətinə çatdırmaq üçün tədbirlər görmüşdür. Müddətin bərpası üçün məhkəməyə müraciət, qərardadlardan şikayət prosedurları təbii olaraq icra müddətini bu günədək uzatmışdır. Cavabdehin icradan qanunsuz olaraq yayınmaq, qanunvericiliyi pozmaq və ya əmlaklarını özgəninkiləşdirərək icra prosesini çətinləşdirmək kimi əməlləri olmamışdır. Beləliklə, icra məmuru Changan CS85 minik markalı, 77- PV-711 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə təqdimat verməzdən öncə tələbkara verilməsi nəzərdə tutulan əmlakın mühafizəsinin təmin edilməsinə ehtiyac olubolmamasını araşdırmalı idi. Bu icra tədbiri cavabdehin üzərinə onun əmlakına münasibətdə hədsiz ağır məhdudiyyətlər qoyur. Əmlak üzərində hüquqların məhdudlaşdırılması qanuni və mütənasib olmalıdır. Bu hüquqların məhdudlaşdırılması üçün legitim məqsəd olmalıdır. Hazırkı işdə isə nə icra məmuru, nə də məhkəmə tərəfindən bu məqsəd əsaslandırılmamışdır. Həmçinin bildirilir ki, icranın əmlaka yönəldilməsinə zərurət olsa idi belə, ilk növbədə, qanunvericilikdə qeyd edildiyi kimi manatla və ya xarici valyuta ilə olan pul vəsaitləri araşdırmalı idi. Deməli, istənilən halda cavabdehin nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qanunvericiliyə zidd bir haldır. Əlavə olaraq bildirilir ki, məhkəmə ona elektron qaydada təqdim etdiyi etiraza münasibət bildirməmişdir. Nəticədə, qərardad qanunvericiliyin normaları pozulmaqla qəbul edilmişdir və əsassızdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8-2(113)-99/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki: - Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6493/2024 saylı icra vərəqəsi xx.xx.2025-ci il tarixdə icra edilməsi üçün Binəqədi Rayon İcra Şöbəsinə yönəldilmişdir. - xx.xx.2023-cü il tarixli e-2-2(113)-4765/2023 saylı icra vərəqəsi üzrə şöbənin böyük icra məmuru Bəxtiyar İsmayılovun xx.xx.2025-ci il tarixli qərarı ilə icra icraatına başlanılmışdır. -Borclu MMC-yə tələbin könüllü icrası haqqında bildiriş və icra icraatına başlanılma haqqında qərar xx.xx.2025-ci il tarixdə təqdim edilsə də, lakin borc məbləği könüllü icra üçün müəyyən edilmiş müddətdə icra edilməmişdir. Hazırda Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6493/2024 saylı icra vərəqəsi icra olunmamaqdadır. -Elektron icra informasiya sisteminin çıxarışından görünür ki, Borclu MMC-nin mülkiyyətində “Changan CS85 minik” markalı, 2022-ci il buraxılışlı, **-PV-*** dövlət nömrə nişanlı avtomobil aşkar edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab olunur. 45.1-ci madəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsinin icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 50.1-ci maddəsinə görə icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası Borclu MMC-nin icra sənədlərini könüllü icra üçün müəyyən edilmiş müddət ərzində icra etmədiyini, xx.xx.2024-cü il tarixli e-2- 2(113)-6493/2024 saylı icra vərəqəsinin 4 aydan artıq müddət ərzində icra edilməmiş qaldığını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi icra məmurunun təqdimatı əsasında Borclu MMC-yə məxsus “Changan CS85 minik” markalı, 2022-ci il buraxılışlı, **-PV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoymaqda haqlı olmuşdur. Arqumentlər: Borclunun mübahisəli icra sənədinin icrasız qalmasının səbəbi kimi qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə verməsinə istinad etməsini kollegiya əsassız hesab edir. İlk növbədə qeyd edilməlidir ki, borclu tərəfindən qətnamədən apellyasiya şikayətin verilməsi müddətinin bərpası barədə ərizə verilməsi “İcra haqqında” AR Qanununda icra icraatının dayandırılması üçün əsas verən hallar arasında yer almamış, odur ki, həmin halın icra sənədinin icrasına möhlət verən hal kimi nəzərə alınması üçün əsas yoxdur. Digər tərəfdən iş materiallarından o da müəyyən edilir ki, Bakı Kommersiya Məhkəməsinin 01 aprel 2025ci il tarixli qərardadı ilə cavabdehin buraxılmış müddətin bərpası barədə ərizəsi əsassız hesab edilərək rədd edilmişdir. Həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 30 may 2025ci il tarixli, 22(103)628/2025 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan əlavə, o da nəzərə alınmalıdır ki, qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizəyə baxılmasının nəticəsi bəlli olduqdan sonra da icra sənədi icra edilməməkdə qalmışdır. Bu isə borclunun şikayətdə irəli sürdüyü dəlilin əsassızlığına dəlalət edir. Kollegiya bir daha qeyd edir ki, icra sənədinin təxmini 5 ay ərzində icra edilməməsi, “məhkəməyə müraciət hüququ”nun ayrılmaz hissəsi olan qərarların icrasına dair hüququn pozulması deməkdir. Buna görə də icra məmuru tərəfindən verilən təqdimatın təmin edilməsi leqitim məqsədlərə cavab verir. Odur ki, kollegiya hesab edir ki, təqdimatın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Qərardaddan şikayət isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-99/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar