Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-18/2022 01.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-2755/2021 saylı iş üzrə qətnaməsinin hissə-hissə icra olunmasına dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 22 iyul 2022-ci il tarixli 8-2(113)-63/2022 saylı qərardadından borclu "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: "xxxx" MMC ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, qətnamənin hissə-hissə 1 (bir) il ərzində icra edilməsi barədə (möhlət verilməsi) qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2755/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddiası təmin edilmiş, əsas borc üzrə 209.647,05 manat, 5.000 manat cərimə borcu olmaqla, cəmi 214.647,05 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-(103)-1267/2021 saylı qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - 5.000 manat cərimə borcunun tutulması hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və eyni hissədə iddia təmin olunmamış və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(102)-302/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-2(103)-1267/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "xxxx" MMC ilə xx.xx.2016-cı il tarixli, 0032XF-GM/16 saylı “Ehtiyat hissələrinin Satışı müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən “Satıcı” (iddiaçı) Müqavilədə və onun ayrılmaz tərkib hissəsi olan əlavələrində göstərilmiş malları alıcıya (cavabdeh) satmağı və “Alıcı” isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.5.-ci maddəsinə əsasən “alıcı” əlavədə göstərilmiş malların dəyərinin 50% hissəsini əvvəlcədən, digər 50% hissəsini isə malların təhvilindən sonra nağd və ya köçürmə yolu ilə 30 (otuz) iş günü ərzində ödəməlidir. Bu müqavilə şərtlərinə əsasən öhdəliklər vaxtında icra olunmuşdur. Lakin 2020-ci ildə baş vermiş pandemiya qarşısı alınmaz hallara səbəb olunduğu üçün bəzi öhdəliklərin icrası mümkün olmamışdır. Belə ki, “Koronavirus (COVİD-19) pandemiyasının qlobal hal alması nəticəsində dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmalar Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə və ölkədə sahibkarlıq subyektlərinə çox ciddi mənfi təsir göstərmişdir. Pandemiya şəraitində karantin rejiminin tətbiqi ilə ictimai nəqliyyata görə ciddi məhdudiyyətlər tətbiq olunmuşdur. Nəticədə şirkətin iqtisadi fəaliyyəti ciddi mənfi təsirlərə məruz qalaraq, böyük məbləğdə maddi zərərlə üzləşilmişdir. Digər bir mühüm hal qətnamənin icrası ilə bağlıdır. Belə ki, "xxxx" MMC-nin tək fəaliyyəti müntəzəm marşrutlar üzrə sərnişin daşımadan ibarətdir. Hazırki, iş üzrə qətnamə icraya yönəldilərkən tələb ilk növbədə hesabda olan nağd pul vəsaitinə yönələcəkdir. Qətnamə üzrə məbləğin hesabdan birdəfəlik silinməsi şirkətin gündəlik fəaliyyətində ciddi problemlər yaradacaq, o cümlədən gündəlik reysə çıxan avtobuslar üçün yanacaq alınması qeyri mümkün olacaqdır. Yanacaq alınmadığı təqdirdə, 14 müntəzəm marşrut üzrə 300-ə yaxın avtobus reysdən qalacaqdır. Bu hal da Bakı şəhəri üzrə yüz minlərlə sərnişinin ictimai nəqliyyatdan istifadəsinin məhdudlasdırılmasına səbəb olacaqdır. Bu hallar nəzərə alaraq, qətnaməyə əsasən tutulacaq pul tələbini birdəfəlik ödəməyə maliyyə imkanları yol vermir. Tələb olunan məbləği hissə-hissə ayda 17.470,58 (on yeddi min dörd yüz yetmiş 58 qəpik) manatdan az olmamaqla 1 (bir) il ərzində ödəyə bilərlər. Bakı Kommersiya Məhkəməsinin 22 iyul 2022-ci il tarixli 8-2(113)-63/2022 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2755/2021 saylı iş üzrə qətnaməsinin hissə-hissə icra olumasına dair borclu "xxxx" MMC-nin təqdimatı təmin edilməmişdir. Həmin qərardaddan borclunun verdiyi şikayət məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Borclu "xxxx" MMC şikayətində qeyd etmişdir ki, məhkəmə ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli hüquqi qiymət verilməmişdir. Məhkəmə tərəfindən qərardadda borclunun əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya hissə-hissə icra etdirməyə baxdığından tərəfin gətirdiyi dəlilləri əsaslı saymamış, borclu şəxs təqdimatı böyük məbləğdə maddi zərərlə üzləşməsi, bank hesabları üzərinə həbs qoyulduğu halda hesablarında olan bütün vəsaitlərin silinməsi ilə əsaslandırsa da, qeyd olunan halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edilmədiyini, bununlada məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə tərəfindən hansı sübutların tələb olunduğu göstərilməmişdir. Nəzərə alaq ki, AR Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 135S saylı qərarı ilə təsdiq olunmuş tədbirlər planında pandemiyadan zərər çəkməsi müəyyən olunan iqtisadi fəaliyyət sahələrinin birinin “həyati vacib sərnişindaşıma sahəsi” olduğu müəyyən edilmişdir. Digər tərəfdən məhkəmə tərəfindən prosessual hüquq normalan pozularaq məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmamşlar və buna görə məhkəmə iclasında iştirak etməmişlər. Bunun nəticəsində öz hüquq və qanuni mənafelərinin müdafiəsini təmin etmək hüququndan məhrum olmuşlar. Belə ki xx.xx.2022-ci il tarixə, saat 09:30 təyin edilmiş məhkəmə bildirişi poçt vasitəsi ilə xx.xx.2022-ci il tarixdə çatmışdır. Buna baxmayaraq işə baxan məhkəmə yuxanda qeyd olunan xüsusatları nəzərə almadan ərizənin təmin edilməməsinə dair qanunsuz və əsassız qərardad qəbul etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və qətnamənin hissə-hissə icra edilməsi barədə ərizə təmin edilməlidir. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya hissə-hissə icra etdirməyə baxdığından tərəfin gətirdiyi dəlilləri əsaslı saymır. Belə ki, borclu şəxs təqdimatı böyük məbləğdə maddi zərərlə üzləşməsi, bank hesabları üzərinə həbs qoyulduğu halda hesablarında olan bütün vəsaitlərin silinməsi ilə əsaslandırsa da, qeyd olunan halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Bununla bağlı olaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra - qərarlar) çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “İcra haqqında” Qanun) 2 və 3-cü maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunvericilikdə məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarın 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişidirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunun mənasına görə qətnamənin hissə-hissə icra edilməsinə o hallarda yol verilir ki, belə icra mümkün olur, borcluya məxsus əmlak mövcud olmur və məhkəmə, qətnamənin digər formada icra olunmasının qeyri-mümkün olduğu qənaətinə gəlir. İşin hallarından göründüyü kimi, qətnamənin digər formada icrası hazırkı vəziyyətdə qeyri-mümkündür və bu baxımdan borcun hissə-hissə ödənilməsi tərəflərin mənafeyinə uyğundur. Belə ki, “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamına əsasən 2002-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaları (bundan sonra pandemiya) Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1,0 (bir) milyard manat ayrılmış, pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi Qrupu yaradılmış, İşçi Qrupuna 15 gün müddətində pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin və bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin (bundan sonra – fiziki şəxslər) siyahısını müəyyən etmək üçün müvafiq meyarları təsdiq etmək tapşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 aprel 2020-ci il tarixli sərəncamı ilə “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı” təsdiq edilmişdir. X1 iqtisadi fəallığın qorunmasına vergi stimullarının verilməsi istiqamətində Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) aşağıdakı vergi güzəştlərinin və tətillərinin verilməsi: vergi ödəyicilərinə mənfəət (gəlir) vergisi və sadələşdirilmiş vergi üzrə müddətli güzəştlərin verilməsi müəyyən edilmişdir. İş materiallarından müəyyən olunur ki, borclu Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkməyi ilə əlaqədar maliyyə dəstəyi almaq barədəki müraciət ərizəsinə baxılmış və müəssisəsinin fəaliyyəti pandemiyada zərər çəkmiş fəaliyyət növləri siyahısında mövcud olduğundan ərizəsi təmin edilmiş və müəssisəsi Koronavirus (COVİD- 19) pandemiyasından zərərçəkmiş şəxs kimi tanınaraq maliyyə yardımı edilmişdir. Göründüyü kimi "xxxx" MMC-nin fəaliyyət göstərdiyi müntəzəm marşrutlar üzrə sərnişin daşıma sahəsi Koronavirus (COVİD-19) pandemiyasından zərərçəkən fəaliyyət sahəsinə aiddir. Məhkəmə kollegiyası qeyd edir ki, icra mərhələsində hesabdan tələb olunan məbləğin birdəfəlik silinməsi şirkətin fəaliyyətini tamamilə iflic edə bilər və sərnişinin ictimai nəqliyyatdan istifadəsinin məhdudlaşdırılmasına səbəb olacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 may 2015-ci il tarixli qərarında qeyd olunur ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 13 dekabr 2010-cu il tarixli Qərarı). Buna görə də məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə mənfi təsir göstərə bilər. Məhkəmə kollegiyası qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına mütənasiblik prinsipi əsasında, yəni tələbkarın və borclunun hüquq və qanuni maraqlarının balansını təmin etməklə nail olmağın mümkünlüyünü nəzərə alaraq hesab edir ki, qətnamə ilə tutulmalı borc məbləği kifayət qədər yüksək olduğundan, həmin borcun birdəfəyə ödənilməsi, cavabdehin öz fəaliyyətinin tənzimlənməsində maliyyə cətinlikləri yaratmaqla, onun dövlət, eyni zamanda həm iddiaçının, həm də digər hüquqi və fiziki şəxslər qarşısında öhdəliklərinin icrasına mane ola bilər. Lakin, 1 (bir) il müddətində hər ay 17.470,58 (on yeddi min dörd yüz yetmiş manat, 58 qəpik) manat məbləğində ödəniş edilməklə yuxarıda qeyd edilən qətnamənin hissə-hissə icra edilməsi həm tələbkarın, eyni zamanda borclunun mənafeyinə uyğundur Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Borclu "xxxx" MMC-nin qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2755/2021 saylı iş üzrə qətnaməsi borclu "xxxx" MMC tərəfindən 1 (bir) il müddətində aylıq 17.470,58 (on yeddi min dörd yüz yetmiş manat, 58 qəpik) manatdan az olmamaqla ödəniş edilməklə hissə-hissə icra edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8-2(103)-18/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-18/2022
01.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver