Məhkəmə qərarları › İş №8-2(103)-18/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-18/2024

26.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-18/2024 26.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3147/2023 saylı icra sənədi üzrə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Nümayəndə1 Borclu rəhbəri Nümayəndə2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatı üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(113)- 54/2024 nömrəli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Nümayəndə1 təqdimat ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023- cü il tarixli e- 2-2(113)-3147/2023 saylı icra sənədi üzrə Borclu rəhbəri Nümayəndə2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(113)-54/2024 nömrəli qərardadı ilə təqdimat təmin edilməmişdir. Həmin qərardaddan tələbkarın nümayəndəsi və vəkili Nümayəndə3 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə şikayət ünvanlayaraq, Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-54/2024 nömrəli 23 may 2024-cü il tarixli qərardadının ləğv edilməsi və Borclu rəhbəri X5 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh Borclu tərəfindən verilmiş əsassız apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 11 yanvar 2024-cü il tarixli 2-2(103)-82/2024 nömrəli qətnaməsi ilə təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin müvafiq qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qətnaməsindən kassasiya şikayətinin verilməsinin mümkünsüzlüyü baxımdan Bakı Kommersiya Məhkəməsinin müvafiq icra vərəqəsi 22 yanvar 2024-cü il tarixdə aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə icraya yönəldilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Nümayəndə1 tərəfindən 30 yanvar 2024-cü il tarixli qərarla icraata başlanılan müvafiq icra sənədi üzrə icraata başlamaq haqqında qərarın surəti bildirişlə borclu cəmiyyətə göndərmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Həmin müddət ərzində, yəni cəmi 6 gün sonra cavabdeh şəxsin qanuni təmsilçisi dəyişdirilmiş, əvvəlki qanuni təmsilçi olan X1 Nuray Cəfər qızı ilə əvəz edilmişdir. Bu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışda öz əksini tapmışdır. Göründüyü kimi, müvafiq mübahisə üzrə qanuni qüvvəsini almış icra vərəqəsi icraya yönəldildiyi tarixdən cəmi bir neçə gün sonra cavabdeh şəxsin qanuni təmsilçisi dəyişdirilmiş və bu da borclu şəxsin müvafiq icra vərəqəsini icra etməməsində qərəzliliyini nümayiş etdirir. – Yarım ilə yaxın müddətdir ki, borclu şəxs nə könüllü, nə də sonrakı müddət ərzində müvafiq icra vərəqəsi üzrə tələb edilən borc məbləğinin icrası istiqamətində heç bir addım atmamışdır. Bu da özlüyündə borclu şəxsin müvafiq icra vərəqəsini icra etməməsində qərəzliliyini nümayiş etdirir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2 və 2.4-cü bəndinə uyğun olaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl müvafiq icra hərəkətlərini görmüş, lakin müvafiq hərəkətlər hər hansı bir müsbət nəticəyə səbəb olmamışdır. Müvafiq hərəkətlərin həyata keçirilməsinin hüquqi təsdiqi icra işinin materiallarında öz əksini tapmışdır. – Məhkəmə müvafiq icra vərəqəsi üzrə mövcud icra işini tələb etməmiş, həmin icra işi ilə bağlı qeyd edilən icra məmurunun yarım ilə yaxın müddət ərzində gördüyü bütün zəruri icra həkətlərinin aparılıbaparılmaması ilə tanış olmamış, yalnız təqdimatın məzmunu əsasında müvafiq qərardadı çıxarmaqla kifayətlənmişdir. Məhkəmənin gəldiyi qənaətə görə, borclu qismində hüquqi şəxs çıxış etdikdə onun icra orqanının rəhbərinin və ya digər səlahiyyətli nümayəndəsinin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının əsası qanunda təsbit olunmadığından belə bir tədbirin görülməsi şəxsin konstitusion hüququnun qanuni əsas olmadan əsassız məhdudlaşdırılması ilə nəticələnər. Məhkəmənin qeyd edilən normanı bu qaydada təfsir etməsinin heç bir hüquqi əsası yoxdur. Ona görə ki, qeyd edilən normada birmənalı şəkildə borclu şəxs qeyd edilmiş və istisna olaraq onun fiziki və ya hüquqi şəxs (onun icra orqanının rəhbəri və və ya digər səlahiyyətli nümayəndəsi) qeyd edilməmişdir, başqa sözlə desək, borclu şəxs hər iki anlamda işlədilmişdir. İkincisi, hüququn təfsiri - hüquq normalarının gerçək mahiyyətinin aşkar edilməsinə, normanın izah edilməsinə yönəlmiş əqli fəaliyyətdir. Təfsir hüquq normalarının tətbiqinin ən vacib elementlərindən biridir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” 24 dekabr 2002-ci il tarixli Azərbaycan Respublikasının Konstitusiya Qanununun insan hüquq və azadlıqlarının həyata keçirilməsinin əsas şərtləri adlanan 1-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və bu Konstitusiya Qanunununheç bir müddəası dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə və ya AzərbaycanRespublikası Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılmasına yönəlmiş fəaliyyət və ya hərəkətlər üçün hüquqi əsas yaradan müddəa kimi şərh edilə və ya başa düşülə bilməz. Eyni zamanda “İnsan Hüquqları və X6 haqqında” Konvensiyanın 13-cü maddəsində qeyd edilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Hornsbi Yunanıstana qarşı (19 mart 1997-ci il) məhkəmə işində Avropa Məhkəməsi belə qənaətə gəlmişdir ki, razılığa gələn dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versə idi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Qeyd edilən səbəblərdən, Borclu rəhbəri X5 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Nümayəndə1 təqdimatı təmin edilməlidir. – Məhkəmə tərəflərin (xüsusilə tələbkarın və ya onun nümayəndəsi və vəkilinin) iştirakları olmadan təqdimata baxmış və müvafiq əsassız qərardadı çıxarmışdır. Müvafiq qərardad 23 may 2024-cü il tarixdə çıxarılmasına baxmayaraq, tələbkar həmin qərardaddan icra şöbəsində 05 iyul 2024-cü il tarixdə xəbər tutaraq, onun surətini əldə etmişdir. Şikayətdə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” 24 dekabr 2002-ci il tarixli Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1-ci maddəsinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2, 231.3-cü maddələrinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2 və 2.4-cü bəndlərinə və s. istinad edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8-2(113)-54/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərəfindən şikayətin dəlillərinə münasibətdə qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 84-1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən, icra sənədinə əsasən müəyyən hərəkətləri etməli (icra sənədində göstərilmiş pul vəsaitini və başqa əmlakı verməli, digər vəzifələri yerinə yetirməli və ya qadağalara əməl etməli) olan və yaxud müəyyən hərəkətləri etməkdən çəkinməli olan fiziki və ya hüquqi şəxs borclu sayılır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Həmin Təlimatın 2.4-cü bəndinə əsasən, təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Göstərilənlərə əsasən məhkəmə qeyd etmişdir ki, şəxsin ölkədən getmək hüququna edilən istənilən müdaxilə qanunçuluğun tələblərinə cavab verməli, hüquqi əsası müəyyənlik tələb edən qanun normasına əsaslanmalıdır. Bu mənada icra haqqında qanunvericilikdə borclu icra sənədinə əsasən müəyyən hərəkətləri etməli (icra sənədində göstərilmiş pul vəsaitini və başqa əmlakı verməli, digər vəzifələri yerinə yetirməli və ya qadağalara əməl etməli) olan və yaxud müəyyən hərəkətləri etməkdən çəkinməli olan fiziki və ya hüquqi şəxs kimi nəzərdə tutulmuş, həmin qanunvericilik yalnız borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını tənzimləyir. Təsadüfi deyildir ki, “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.4-cü bəndində də təqdimata borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı barədə məlumatın əlavə olunması tələbi göstərilmişdir. Həmçinin şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının qanuni əsasını təşkil edən “İcra haqqında” Qanunun 84-1-ci maddəsində borclunun icra orqanının rəhbərinin yox, məhz borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması nəzərdə tutulduğundan bu normalar hüquqa müdaxilə ilə bağlı olduğu üçün genişləndirici təfsir oluna bilməz. Borclu qismində hüquqi şəxs çıxış etdikdə onun icra orqanının rəhbərinin və ya digər səlahiyyətli nümayəndəsinin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının əsası qanunda təsbit olunmadığından, belə bir tədbirin görülməsi şəxsin konstitusion hüququnun qanuni əsas olmadan əsassız məhdudlaşdırılması ilə nəticələnər. Məhkəmə şikayətin icra işinin tələb edilməməsi hissəsinə münasibətdə isə göstərir ki, bu dəlil qərardadın ləğvi üçün yalnız o halda əsas ola bilərdi ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasından legitim məqsəd güdməmə və ya mütənasib olmama səbəbindən imtina edilmiş olsun. Hazırda isə imtinanın əsası qanunçuluq prinsipinin təmin olunması ilə əlaqədar olmuşdur. Digər tərəfdən, məhkəmə tələbkarın diqqətinə çatdırır ki, “İcra haqqında” Qanunda icra sənədinin icrasının təmin edilməsinin yeganə əsası kimi borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması nəzərdə tutulmamışdır. Bu səbəbdən belə bir məhdudiyyətin tətbiqindən imtina digər tədbirlərin görülməsinə hər hansı maneə təşkil etmir. Tələbkar apellyasiya şikayətində qeyd etdiyi dəlillərə məhkəmə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(113)-54/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar