Məhkəmə qərarları › İş №8-2(103)-18/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-18/2025

29.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-18/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Borclu tərəfindən verilmiş ərizə üzrə (Açar sözlər: əmlak üzərindən həbsin götürülməsi, tələbin girov qoyulmuş əmlaka yönəldilməsi ) X1 (sədrlik edən və məruzəçi), X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-145/2025 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərara aldılar. Məhkəmə icraatı və qəbul olunmuş məhkəmə akt(lar)ı

1. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Məmmədov Xatir məhkəməyə təqdimatla müraciət edərək, məhkəmədən Borclu məxsus “BMW” 328İ minik markalı, 77XE096 dövlət qeydiyyat nişanlı avtomobilin və “FORD Transit” yük markalı 77GM389 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8-2(113)-145/2024 saylı qərardadına əsasən Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədov tərəfindən verilmiş təqdimat təmin edilmiş və Bakı Kommersiya Məhkəməsinin e-2-2(82)- 3180/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan “BMW” 328İ minik markalı, ** XE *** dövlət qeydiyyat nişanlı avtomobilin və “FORD Transit” yük markalı ** GM *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alımışdır.

3. 18.06.2025-ci il tarixində Borclu məhkəməyə ərizə ilə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-145/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən “BMW”328İ minik markalı, ** XE *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi xahiş olunmuş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-145/2025 saylı qərardadı ilə ərizə rədd olunmuşdur.

4. Hazırda Borclu adıçəkilən qərardaddan şikayət verib Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-145/2025 qərardadının ləğv olunmasını xahiş edir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadı obyektiv və ədadlətli çıxarılmamışdır. Belə ki, “BMW” 328İ minik markalı, 77XE096 dövlət qeydiyyat nişanlı avtomobilin və “FORD Transit” yük markalı 77GM389 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri "xxxx" ASC-də girovdadırlar. Belə olan halda o, əmlakların pul tam ödənilmədiyi üçün girov saxlayan kimi "xxxx" ASC-nin hüquqularının pozulmasına gətirib çıxardır. Bundan əlavə olaraq Tələbkar Fərdi Firmasının həbsin götürülməsinə etirazı yoxdur. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-145/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizəm təmin edilməmiş, avtomobillərin üzərinə qoyulmuş həbs götürülməmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-145/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya instansiya məhkəməsindəki icraat

7. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 8-2(103)-18/2025 nömrəli qərardadı ilə şikayət mümkün hesab edilmiş, yazılı icraat qaydasında işə baxılması xx.xx.2025-ci il tarixə təyin edilmişdir.

Apellyasiya şikayətinə etiraz

8. Şikayətə yazılı etiraz təqdim edilməmişdir. Tələbkar Fərdi Firmasının direktoru ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Borclu mülkiyyətində olan "BMW” 328İ minik markalı ** XE *** dövlət qeydiyyat nişanlı avtomobilin və "Ford Transit” yük markalı ** GM *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə etirazı yoxdur. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası “İcra haqqında” Qanunu

9. Maddə 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir.

10. Maddə 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

11. Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir.

12. Maddə 48.1. Tələbin tam təmin edilməsi üçün borclunun başqa əmlakı kifayət etmədikdə, tələb girov qoyulmuş əmlaka yönəldilə bilər. Bu zaman girovsaxlayanın Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarına, habelə bu Qanunun 5-ci fəslində müəyyən edilmiş qaydalara əməl olunmalıdır.

Azərbaycan Respublikası “İcra məmurları haqqında” Qanunu

13. Maddə 7. İcraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra xidmətinin icra məmurunun vəzifəsidir.

Azərbaycan Respublikası “İpoteka haqqında” Qanunu

14. Maddə 7.3. İpoteka qoyanın üçüncü şəxslər qarşısında öhdəliklərinin icrası üçün başqa əmlakı kifayət etmədikdə, ipoteka predmetinə üçüncü tərəfin tələbi bu Qanunla müəyyən edilmiş qaydada ipoteka saxlayanın tələbləri ödənildikdən sonra yönəldilə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

15. Məhkəmə şikayəti, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməlidir.

16. Belə ki, qanunvericilik məcburi icra tədbiri kimi borclunun əmlakı üzərinə həbs qoyulması və tələbin əmlaka yönəldilməsi institutunu nəzərdə tutsa da, kollegiyanın qənaətinə görə, məhkəmə təqdimata baxarkən həm müvafiq nəticəyə gəlmək üçün zəruri olan maddi hüquqi əsasların olub-olmadığını lazımi qaydada araşdırmamış, həm də prosessual qanunvericiliyin tələblərini pozmuşdur.

17. Belə ki, iş materiallarından Borclu mülkiyyətindəki “BMW” 328İ minik markalı, 77XE096 dövlət qeydiyyat nişanlı avtomobilin və “FORD Transit” yük markalı 77GM389 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri "xxxx" ASC-də girovda olduğu müəyyən olunur; “İcra haqqında” Qanunun 48.1-ci maddəsinə görə isə, tələbin tam təmin edilməsi üçün borclunun başqa əmlakı kifayət etmədikdə, tələb girov qoyulmuş əmlaka yönəldilə bilər. Bu zaman girovsaxlayanın Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarına, habelə bu Qanunun 5-ci fəslində müəyyən edilmiş qaydalara əməl olunmalıdır.

18. Qanunun mənasına görə, tələbin girov qoyulmuş əmlaka yönəldilməsi, tələbin tam təmin edilməsi üçün borclunun başqa əmlakının kifayət etmədiyinin müəyyən olunmasından asılıdır. Hazırki halda isə Borclu başqa əmlaklarının olub-olmadığı barədə ümumiyyətlə nə icra məmuru, nə də tələbkarın özü tərəfindən məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanunun 7.3-cü maddəsinə əsasən, ipoteka qoyanın üçüncü şəxslər qarşısında öhdəliklərinin icrası üçün başqa əmlakı kifayət etmədikdə, ipoteka predmetinə üçüncü tərəfin tələbi bu Qanunla müəyyən edilmiş qaydada ipoteka saxlayanın tələbləri ödənildikdən sonra yönəldilə bilər.

19. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-145/2025 saylı qərardadı ləğv edilərək qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməli, işə yenidən baxarkən məhkəmə, icra icraatının tərəflərinin, habelə ipoteka saxlayanın iştirakını təmin etməklə, həmçinin borclunun ipoteka predmeti olmayan başqa əmlakının olub-olmadığını aydınlaşdırmaqla təqdimata qiymət verməlidir.

20. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir.

21. Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

22. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)- 145/2025 saylı qərardadı ləğv edilərək iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar