Məhkəmə qərarları › İş №8-2(103)-19/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-19/2022

20.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-19/2022 20.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 15 iyul 2022-ci il tarixli 8-2(113)-53/2022 saylı qərardadından borclu "xxxx" MMC-nin şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İcra işi üzrə borclu "xxxx" MMC Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin 29 mart 2022-ci il tarixli qərarından Bakı Kommersiya Məhkəməsinə şikayət verərək məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş 489122,98 manat məbləğində borcun 7 faizini təşkil edən 34234 manat məbləğində icra ödənişinin alınması barədə icra məmurunun həmin qərarının ləğv olunmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2021ci il tarixli 2-2(113)-199/2021 saylı qətnaməsi ilə "xxxx" MMC-dən 05 sentyabr 2017-ci il tarixli “Texnikanın icarəsi və idarə olunması üzrə xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən 479092,98 manat məbləğində əsas borc, 10000 manat məbləğində cərimə və 30 manat dövlət rüsumu olmaqla cəmi 489122,98 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 23 avqust 2021-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icra olunması üçün Binəqədi rayon icra şöbəsinə göndərilmiş, bundan sonra tərəflər birgə razılığa gəlmiş, "xxxx" MMC-nin "xxxx" MMC-yə olan 54877,49 manat borcu "xxxx" MMC-nin "xxxx" MMC-yə olan borcundan çıxılaraq "xxxx" MMC-nin "xxxx" MMC-yə ümumi borcu ƏDV xaric 61422,97 manat təşkil etmişdir. Tərəflər arasında barışıq sazişi bağlandığından, tələbkar "xxxx" MMC Binəqədi rayon icra şöbəsinə müraciət edərək icra hərəkətlərinin davam etdirilməməsini və icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Buna baxmayaraq, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin 29 mart 2022-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin 489122,98 manat məbləğində bank hesablarına inkasso sərəncamları qoyulmuş və eyni zamanda həmin məbləğin 7 faizini təşkil edən 34234 manat məbləğində icra xərcinin ödənilməsi qərara alınmışdır. Halbuki, tərəflər arasında əldə edilmiş razılığa əsasən ümumi borc 61422,97 manat təşkil edir. Bakı Kommersiya Məhkəməsinin 15 iyul 2022-ci il tarixli 8-2(113)-53/2022 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Məhkəmə bu qənaətə gəlmişdir ki, "xxxx" MMC-nin icra sənədini könüllü olaraq icra etməməsi barədə səbəblər üzrlü hal hesab edilə bilməz. Buna görə də icra məmurunun 29 mart 2022-ci il tarixli qərarının ləğv edilməsinə əsas yoxdur. "xxxx" MMC həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilib şikayətin təmin edilməsini xahiş etmişdir. Qərardadan şikayət icra məmurunun qərarından verilmiş şikayətin dəlilləri ilə əsaslandırılmışdır. Bakı Kommersiya Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 8-2(113)-53/2022 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Tərəflər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. İş materiallarından görünür ki, şikayətə baxan hakim müvafiq icra işinin materiallarını tələb edib öyrənməmiş, şikayətdə qeyd olunan dəlilləri ümumiyyətlə araşdırmamış, son nəticədə təqdimatın (?) təmin edilməməsi qərarına gəlmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 15 iyul 2022-ci il tarixli 8-2(113)-53/2022 saylı qərardadı ləğv edilməli, icra məmurunun qərarından şikayətə yenidən baxılması üçün iş materialları Bakı Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 158-162, 398-401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu "xxxx" MMC-nin şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 15 iyul 2022-ci il tarixli 8-2(113)-53/2022 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmurunun 29 mart 2022-ci il tarixli qərarından "xxxx" MMC-nin şikayətinə yenidən baxılması üçün iş materialları Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar