Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-19/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4315/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə borclu “Technikon FZE” şirkətinin Azərbaycan Respublikasındakı Filialının rəhbəri Tekdemir Burhanın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə iş üzrə Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-84/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Tələbkar QSC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4315/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu “Technikon FZE” şirkətinin Azərbaycan Respublikasındakı Filialından 258611,71 manat məbləğində pulun və ödənilmiş 675 manat dövlət rüsumunun tutularaq Tələbkar QSC-yə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai İcra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək həmin icra sənədinin icrası ilə əlaqədar borclu “Technikon FZE” şirkətinin Azərbaycan Respublikasındakı Filialının rəhbəri Tekdemir Burhanın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-84/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə qanunvericilikdə qətnamənin icrası qaydasında borclu hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması, bu barədə icra məmuru tərəfindən təqdimat və ya tələbkar tərəfindən ərizə verilərək məhkəmədə baxılması nəzərdə tutulmadığından təqdimata baxılması üzrə icraata xitam verilmişdir. Tələbkar həmin qərardaddan şikayət verərək Bakı Kommesiya Məhkəməsinin 8- 2(113)-76/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini, Xətai İcra şöbəsinin icra məmuru X1 təqdimatının təmin edilərək, borclu “Technikon FZE” şirkətinin Azərbaycan Respublikasındakı Filialının rəhbəri Tekdemir Burhanın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinə əsasən icraatda tərəflər dedikdə tələbkar və borclu başa düşülür. Həmin maddənin 4-cü bəndində isə borclu dedikdə fiziki və hüquqi şəxslər nəzərdə tutulur. Eyni zamanda həmin qanunun tələbinə görə xarici hüquqi şəxslər də onlar barəsində qərarların icrası zamanı tərəf hesab olunurlar. MPM-nin 231.3-cü maddəsinə əsasən isə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2- ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Mülki Məcəllənin 49.1-ci maddəsinə görə hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Göründüyü kimi hüquqi şəxs rəhbəri (qanuni təmsilçisinin) vasitəsilə öz hüquq və vəzifələrini icra edir. Belə olduğu halda hüquqi şəxs barədə icra sənədinin icrası üçün də onun rəhbəri məsuliyyət daşıyır. Nəzərə alsaq ki, hüquqi şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulması mücərrəddir və faktiki olaraq mümkün deyil, bu səbəbdən də MPM-nin 231.3-cü maddəsinin icrası kimi borclu, yəni borclu hüquqi şəxs barədə tətbiq olunacaq ölkədən getmək hüququnun məhdudlaşdırılması elə birbaşa hüquqi şəxsin rəhbərinə tətbiq edilməlidir. Məhkəmə isə qeyd olunanlara baxmayaraq, qanunvericilikdə qətnamənin icrası qaydasında borclu hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması, bu barədə icra məmuru tərəfindən təqdimat və ya tələbkar tərəfindən ərizə verilərək məhkəmədə baxılmasının nəzərdə tutulmadığını, qanunvericilikdə hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının yeganə olaraq MPM-in 355-5.1-ci maddəsinə nəzərdə tutulduğunu əsaslandırmışdır. Məhkəmənin bu mövqeyinə münasibətdə isə bildirmək istəyirik ki, 231.3- cü maddədə konkret olaraq rəhbərin ölkədən çıxışının məhdudlaşdırılması halının qeyd olunmaması tələbin hüquqi şəxslərə aid edilməsini də istisna etmir. Yuxarıda sadalanan qanunvericiliyin müvafiq normalarından da göründüyü kimi 231.3-cü maddədə qeyd edilən borclu anlayışı həmdə hüquqi şəxsləri əhatə edir. Bundan başqa məhkəmə 231.3-cü maddəsində hüquqi şəxsin rəhbərinin nəzərdə tutulmadığını əsas gətirir. Buna münasibətdə isə MPM-in 13.4cümaddəsi tələbinə nəzər salınmalıdır ki, həmin bəndə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Göründüyü kimi MPM-in 231.3-cü maddəsində rəhbərin ölkədən çıxışına məhdudiyyət konkret olaraq göstərilməsə də MPM-nin 355-5.1-ci maddəsində bu aydın şəkildə qeyd olunub ki, borcların icrası məqsədilə hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Yəni ki, məhkəmə artıq uzun müddət ki, müvafiq məhkəmə və icra orqanın qərarlarının icra edilməməsini nəzərə alaraq, analoji hal kimi, yəni borclunun öz öhdəliklərini icra etməsi üçün hazırki iş üzrə borclunun rəhbərinin ölkədən çıxışa məhdudiyyət qoyulması barədə qərardad çıxarmalıdı idi. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8-2(113)-84/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsində borclu olan fiziki şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Əgər qeyd edilən normada borclu hüquqi şəxsin qanuni təmsilçisinin ölkədən getmək hüququnun məhdudlaşdırılması nəzərdə tutulsaydı bu MPM-nin 355-5-1-ci maddəsində olduğu kimi aydın şəkildə qeyd edilməli idi. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, qanunvericilikdə məhkəmə aktının icrasını təmin etməyən hüquqi şəxsin rəhbərinin məsuliyyətini müəyyən edən digər normalar nəzərdə tutulmuşdur, məsələn İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə vəzifəli şəxs kimi hüquqi şəxsin rəhbəri tənbeh edilə bilər. Nəzərə alınmalıdır ki, “İcra haqqında” Qanunun müəyyən normalarında “borclu” sözü yalnız fiziki şəxs olan borclularla bağlı qeyd edilmişdir, məsələn: 43.1.2-ci maddədə məcburi icra tədbiri kimi tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi nəzərdə tutulmuşdur. Məlumdur ki, əmək haqqı, pensiya, təqaüd yalnız fiziki şəxslərin əldə edə biləcəyi ödənişlər olduğundan bu normada hüquqi şəxsdən söhbət getmir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna əsasən (məsələn: Editorial Board of Pravoye Delo və Ştekel Ukraynaya qarşı iş üzrə xx.xx.2011-ci il tarixli qərarı) milli məhkəmələr tərəfindən hüquqa müdaxiləni nəzərdə tutan normanın genişləndirici təfsir edilməsi pozuntu kimi qiymətləndirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizənin təmin edilməməsi barədə məhkəmənin mövqeyi qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-84/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Tələbkar QSC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-84/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8-2(103)-19/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-19/2024
01.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver