Məhkəmə qərarları › İş №8-2(103)-19/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-19/2025

28.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-19/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən verilmiş “borclunun əmlakının üzərinə həbs qoyulması” barədə təqdimat üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-102/2025 saylı qərardadından Borclu1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Emin Abiyev Bakı şəhəri, İddiaçı Tələbkar MMC (bundan sonra – iddiaçı) cavabdeh Borclu2 MMC və Borclu1 (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Borclu1 arasında bağlanmış xx.xx.2021 tarixli A452 saylı X3 (Əlavə Razılaşma) əsasən hesablanmış 6906 ABŞ dolları gecikmə, 4301 ABŞ dolları cərimə, ümumilikdə 11207 ABŞ dolları, həmçinin 200 manat mediasiya xərcinin müştərək qaydada Borclu1 və Borclu2 MMCdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-425/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Borclu2 MMC və Borclu1 müştərək qaydada 6412,40 ABŞ dolları əsas borc, 300 ABŞ dolları cərimə, ümumilikdə 6712,40 (altı min yeddi yüz on iki dollar qırx sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul və ödənilmiş 200 (iki yüz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar MMC-yə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-425/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icra olunması üçün Binəqədi rayon İcra şöbəsinə göndərilmiş, sonuncu tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə borclulara bildiriş göndərilmişdir. Binəqədi rayon İcra şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Borclu1 məxsus “Lexus LX 450” minik markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-102/2025 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-425/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu1 məxsus “Lexus LX 450” minik markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. xx.xx.2025-ci il tarixində Borclu1 məhkəməyə şikayət ünvanlayaraq, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-102/2025 saylı qərardadının ləğv olunmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8- 2(113)-102/2025 saylı qərardadı ilə Borclu1 tərəfindən tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Daha sonra Borclu1 xx.xx.2025-ci il tarixdə adıçəkilən qərardaddan şikayət və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-102/2025 saylı qərardadı ilə Borclu1 tərəfindən verilmiş ərizə (vəsatət) təmin edilməmişdir. Hazırda borclu Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)- 102/2025 saylı qərardadından şikayət verib Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, 8-2(113)-102/2025 saylı qərardadının ləğv edilməsi, şikayətin verilməsi üçün nəzərdə tutulan prosessual müddətin üzrlü hesab edilərək, şikayətin icraata qəbul edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Mülki Prosessual Məcəllənin 266.1-ci maddəsinin tələbinə görə məhkəmənin ayrıca akt şəklində çıxardığı müvəqqəti təminat tədbirinin tətbiqi və ya ləğvi barədə qərardadı həmin gündən gec olmayaraq, digər qərardadları isə qərardad çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə, aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verməlidir. Məhkəmənin şikayət verilən qərardadı mənə təqdim edilməmişdir. Yalnız məhkəmənin dəftərxanasına müraciət etdikdən sonra həmin qərardad ona rəsmi qaydada verilmişdir. Məhkəmə istinad edir ki, qərardad onun elektron kabinetimə vaxtında yerləşdirilmişdir. Bu fikirlə razılaşmır, ona görə ki, - Birincisi, qərardadın elektron kabinetə yerləşdirilməsi məhkəməni qəbul etdiyi qərardadı işdə iştirak edən şəxsin poçt ünvanına rəsmi qaydada, yəni poçtla göndərmək vəzifəsindən azad etmir. - İkincisi, onun 60 yaşı var, elektron kabinet nədi bilmir, elektron kabinetlə nəsə göndərmək zamanı tanış vəkillərə müraciət edirəm ki, ona kömək etsinlər. O elektron kabinetə nə vaxtsa sənəd göndərilməsindən xəbərdar olmamış, çünki, ona bu barədə xəbərdarlıq da gəlməmişdir. Əlavə olaraq MPM-in 133.1-ci maddəsinin tələbinə əsasən qanunun bu maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İndiki halda rəsmi qaydada mənə verilməyən qərardadı onun ərizəsi əsasında dəftərxanaya müraciətim əsasında ona rəsmi qaydada verilməsindən dərhal sonra şikayəti verməyi sübut edir ki, o prossesual qaydalara riayət etməyi vacib sayır. Əgər həmin qərardad ona rəsmi qaydada verilmiş olsaydı, l nəzərdə tutulmuş prossesual müddət daxilində şikayəti məhkəməyə göndərərdil. Məhkəmə bu məqama, yəni qərardadın ona rəsmi qaydada verilməsindən dərhal sonra şikayəti verməyilə prossesual müddəti buraxmamağına qiymət verməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə hesab etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-102/2025 saylı qərardadı Borclu1 elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Həmçinin vəsatətdə müddətin buraxılmasının üzrlü səbəbi kimi elektron kabinetdən məlumatlı deyil ,elektron kabinetlə nəsə göndərmək zamanı tanış vəkillərə müraciət edir, məhkəmənin dəftərxanasına müraciət etdikdən əldə etdiyini qeyd edilmişdir. Belə ki, materiallardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-102/2025 saylı qərardadı Borclu1 məxsus elektron kabinetə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Şikayət Borclu1 tərəfindən xx.xx.2025-ci il tarixdə (şikayət verilmə müddəti bitdikdən 4 gün sonra) verilmiş, borclu tərəfindən məhkəməyə şikayət verilməsi müddətinin üzrlü səbəbdən ötürülməsi, habelə şikayətin vaxtında verilməsinin onun iradəsi xaricində olmasını təsdiq edən hər hansı sübut təqdim edilməmiş, vəsatət ümumi sözlərlə əsaslandırılmışdır. Onun ümumiyyətlə kabinetdən istifadə bacarığı və imkanlarının olmaması üzrlü səbəb kimi qiymətləndirilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsində təsbit olunmuşdur ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən, şikayətin məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Sözügedən norma kommersiya mübahisələri üzrə iddia ərizəsinin (ərizənin), şikayətin və ona əlavə edilmiş sənədlərin məhkəməyə göndərilməsinin başqa qaydasını nəzərdə tutmur. Məhkəmə buraxılmış müddəti yalnız buraxılmanın səbəblərini üzürlü hesab etdikdə bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzürlü hesab etməsinin əsasları göstərilməlidir. Üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzürlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Məhkəmə kollegiya qeyd edilənləri əsaslı sayaraq hesab edir ki, prosessual müddətin bərpa edilməsi barədə vəsatət haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-102/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar