Məhkəmə qərarları › İş №8-2(103)-20/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-20/2024

01.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-20/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-82/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Maraqlı şəxs MMC-yə məxsus bank hesablarının və mülkiyyətində olan avtomobillərin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin təqdimatına dair icraat üzrə (Açar sözlər: apellyasiya şikayəti geri qaytarılmışdır) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-82/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Maraqlı şəxs MMC-yə məxsus bank hesablarının və mülkiyyətində olan avtomobillərin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin təqdimatına dair mülki iş üzrə Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-65/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından tələbkar ”Gulfstream Distribution” MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-65/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-82/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Maraqlı şəxs MMC-yə məxsus bank hesablarının və mülkiyyətində olan avtomobillərin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyev tərəfindən verilmiş təqdimat təmin edilməmişdir.

2. Qətnamədən Tələbkar MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-65/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-82/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Maraqlı şəxs MMC-yə məxsus bank hesablarının və mülkiyyətində olan avtomobillərin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyev tərəfindən verilmiş təqdimatın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq normaları:

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

4. Həmin Məcəllənin 363.1.5-ci maddəsində qeyd edilir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

5. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

6. Həmin Məcələnin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

7. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.5-ci maddəsində müəyyənləşdirilmiş qaydaya uyğun verilmədiyindən, işə apellyasiya qaydasında baxılması qeyri-mümkündür.

8. Belə ki, AZEMİS-Məhkəmə işlərinin elektron idarəetmə sisteminə baxış zamanı müəyyən edilmişdir ki, Tələbkar MMC tərəfindən apellyasiya şikayəti elektron qaydada imzalanmamışdır.

9. Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Apellyasiya şikayətinin forması isə “Mülki Prosessual Məcəlləyə əlavə 2”-də göstərilmişdir.

10. Lakin iş üzrə Tələbkar MMC tərəfindən imzalanmış apellyasiya şikayətindən görünür ki, şikayət elektron imzalanmamış, “Mülki Prosessual Məcəlləyə əlavə 2”-də müəyyən edilən formaya uyğun tərtib edilməmişdir.

11. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, verilmiş apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Bakı Kommersiya Məhkəməsinə qaytarılmalıdır.

12. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:

Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-65/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Tələbkar MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar