Məhkəmə qərarları › İş №8-2(103)-21/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-21/2022

23.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-21/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-8-2(113)-77/2022 nömrəli qərardadından tərəfindən verilmiş şikayət üzrə MÜƏYYƏN ETDİ: "xxxx" QSC xx.xx.2022-ci il tarixdə məhkəməyə şikayət ünvanlayaraq, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin “İcra sənədi üzrə icraatın dayandırılması barədə” xx.xx.2022-ci il tarixli qərarının qanunsuz hesab edilməsi və həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Borclu MMC “Elektron məhkəmə” informasiya sisteminə ərizə ünvanlayaraq, tələbkar "xxxx" QSC tərəfindən verilmiş şikayətə üzrə məhkəmənin icraatında olan 8-2(113)-77/2022 nömrəli işin aidiyyatı üzrə icra məmurunun yerləşdiyi yer üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli qərardadına əsasən Borclu MMC tərəfindən verilmiş vəsatət rədd edilmişdir. Borclu MMC həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və "xxxx" QSC-nin Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin “İcra sənədi üzrə icraatın dayandırılması barədə” Qərardan verilmiş şikayətə baxılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 8-2(103)-21/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayətə apellyasiya qaydasında baxılması mümkün sayılmışdır. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını bir daha nəzərdən keçirərək müəyyən etmişdir ki, Borclu MMC-nin Bakı Kommersiya Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli qərardadından verdiyi şikayətə apellyasiya qaydasında baxıla bilməz. Məhkəmə ilk öncə qeyd edir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində ifadə edilmiş hüquqi mövqeyə görə, ədalətli məhkəmə araşdırması hüququ yalnız pozulmuş hüququn məhkəmə tərəfindən müdafiəsini deyil, eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə aktının icra edilməsini də ehtiva edir. Məhkəmə aktının icrası mərhələsində verilən ərizə və şikayətlərin məhkəmə aidiyyəti bağlı mübahisələrin həll edilməsi üçün Mülki Prosessual Məcəllədə ayrıca normalar olmadığından məhkəmə hesab edir ki, məhkəmə aktının icrası mərhələsində daxil olmuş ərizə və şikayətlərin məhkəmə aidiyyəti ilə bağlı qəbul edilmiş qərardadlardan verilən şikayətlər də qanunun analogiyası qaydasında MPM-nin 402, 403-cü maddələrində nəzərdə tutulmuş qaydada həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.3-cü maddəsinə əsasən birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. 403-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. 403-1.6-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Qeyd edilən normaların tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Borclu MMC-nin Bakı Kommersiya Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli qərardadından verdiyi şikayətə kassasiya instansiyası məhkəməsi tərəfindən baxılmalı olduğundan şikayətə apellyasiya qaydasında baxılması mümkün sayılmamalıdır. Hazırkı halda Borclu MMC-nin şikayəti MPM-nin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun tərtib edilmədiyindən və Azərbaycan Respublikası Ali Məhkəməsinə ünvanlanmadığından birinci instansiya məhkəməsi tərəfindən qaytarılmalı idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6.-cı maddəyə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apelyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının iddiaçının apellyasiya şikayətinin mümkün sayılması barədə e-2-2(103)-1489/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilməli, şikayət mümkün sayılmamalı, iş apelyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının şikayətin mümkün sayılması barədə 8-2(103)-21/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. Borclu MMC-nin Bakı Kommersiya Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli qərardadından verdiyi şikayətə apellyasiya qaydasında baxılması mümkün sayılmasın 8-2(103)-21/2022 saylı iş apelyasiya baxışından çıxarılaraq müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan elektron kabinetə yerləşdirildiyi vaxtdan 10 gün ərzində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar