Məhkəmə qərarları › İş №8-2(103)-21/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-21/2024

20.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-21/2024 20.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: borcun hissə-hissə ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X9 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-81/2024 saylı, 21 iyun 2024-cü il tarixli qərardadından ərizəçi-X2 tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – iddiaçı) cavabdeh X5 (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən GS -17/20 saylı, 12 aprel 2020-ci il tarixli alqı-satqı müqaviləsinə, xx.xx.2021- ci ildən xx.xx.2022-ci il tarixinədək göndərilən qaimələrə əsasən çatdırılan malların dəyəri olan 385.475,91 manat, bu ödənişlərə əlavə olaraq mediasiya sessiyasında iştirak etməmələri səbəbindən iddiaçının ödədiyi 400,00 manat mediasiya xərci, ümumilikdə 385.875,91 manat, buna əlavə olaraq işin məhkəmədə baxılmasına dair ödənilən dövlət rüsumunun və proses zamanı yaranacaq digər xərclərin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin e-2-2(103)-4315/2022 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)- 712/2022 saylı 20 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən X3 xx.xx.2016-cı il tarxli, 302-LD/16 nömrəli və xx.xx.2017-ci il tarixli, 119-LD/17 nömrəli müqavilələr üzrə xx.xx.2021-ci il tarixinə 21.020,61 manat əsas borcun, 1.000 manat cərimə borcunun, hüquqi yardımla bağlanmış 350 manatın tutulaaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında Aqrar Kredit və İnkişaf Agentliyinin hesabına ödənilməsi qət edilmişdir.

4. X2 “qətnamənin hissə-hissə icra olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)- 712/2022 saylı 20 sentyabr 2022-ci il tarixli İcra sənədinə əsasən X3 xx.xx.2016-cı il tarxli, 302-LD/16 nömrəli və 16.05.2-17-ci il tarixli, 119-LD/17 nömrəli müqavilələr üzrə xx.xx.2021-ci il tarixinə 21.020,61 (iyirmi bir min iyirmi manat altmış qəpik) manat əsas borcun, 1.000 (bir min) manat cərimə borcunun, hüquqi yardımla bağlanmış 350 (üç yüz əlli) manatın tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında Aqrar Kredit və İnkişaf Agentliyinin hesabına ödənilməsi barədə qəbul olunmuş qərarın tərəfimdən hissəhissə icra edilməsinəyəni, hər ay 300 manat həddində ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin X10 N 2- 2(103)- 712/2022 saylı 20 sentyabr 2022-ci il tarixli icra sənədinə əsasən X3 xx.xx.2016-cı il tarxli, 302-LD/16 nömrəli və 16.05.2-17-ci il tarixli, 119-LD/17 nömrəli müqavilələr üzrə xx.xx.2021-ci il tarixinə 21,020,61 manat əsas borcun, 1000 manat cərimə borcunun, hüquqi yardımla bağlanmış 350 manatın tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında Aqrar Kredit və İnkişaf Agentliyinin hesabına ödənilməsi barədə qərar qəbul olunmuşdur. Lakin onun maddi və əmlak vəziyyətinin o dərəcədə ağır olması, heç bir yerdə işləməsi, himayəsində 90 yaşlı qoca anasının, 2 azyaşlı övladının olduğuna görə borc məbləğini birdəfəlik ödəmək iqtidarında deyil. Mübahisələndirdiyi qərarı hissə-hissə icra edə yəni, hər ay 300 manat civarında ödənilməsini təmin edə bilər.

6. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-81/2024 saylı, 21 iyun 2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)- 712/2022 saylı 20 sentyabr 2022-ci il tarixli icra sənədi üzrə borcun hissə-hissə icra edilməsi barədə ərizəçi-X2 tərəfindən verilmiş ərizə təmin edilməmişdir.

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin hissə-hissə icra olunmasının mümkünlüyünü müəyyən etməklə yanaşı bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Bu zaman məhkəmə ilk növbədə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı, bu zaman həm də tələbkarın əmlak mənafelərini də nəzərdən qaçırmamalıdır.

8. Bundan başqa məhkəmə qeyd etmişdir ki, hazırkı icraat materiallarından görünür ki, borclunun məhkəməyə hazırkı iş üzrə qətnamənin hissə-hissə icra edilməsinə əsas verən müstəsna halların mövcud olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, hazırkı ərizənin təmin edilməsi tələbkarın mənafeyinə ciddi xələl gətirməklə, məhkəmə aktlarının vaxtında icra edilməməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin də bir çox qərarlarında dəfələrlə vurğuladığı kimi ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi prinsipini pozur.

9. Birinci instansiyası məhkəməsi qərardadını Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 231.1-ci maddəsnə; “İcra haqqında” AR Qanununun 15-ci maddəsinə; Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndinə istinadla əsaslandırmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

10. Ərizəçi (borclu) X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-81/2024 saylı, 21 iyun 2024-cü il tarixli qərardadı ləğv edilərək, ərizənin təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

11. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-712/2022 saylı 20 sentyabr 2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2016-cı il tarxli, 302-LD/16 nömrəli və xx.xx.2017-ci il tarixli, 119- LD/17 nömrəli müqavilələr üzrə xx.xx.2021-ci il tarixinə 21.020,61 manat əsas borcun, 1.000 manat cərimə borcunun, hüquqi yardımla bağlanmış 350 manatın tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında Aqrar Kredit və İnkişaf Agentliyinin hesabına ödənilməsi barədə qərar qəbul olunsa da, həmin məbləğləri maddi və əmlak vəziyyətinin çox ağır olması, heç bir yerdən gəlirinin olmaması, himayəsində 90 yaşlı qoca anasının, 2 azyaşlı övladının olmasına görə borc məbləğini birdəfəlik ödəmək iqtidarında olmadığından məhkəmə qətnaməsinin hissə-hissə ayda 300 manat olmaqla icra edə bilər. Lakin məhkəmə ailə vəziyyətini və ağır maddi durumunu nəzərə almayaraq 8-2(113)- 81/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizəsi təmin edilməmişdir.

12. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

13. Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında Aqrar Kredit və İnkişaf Agentliyi şikayətə etiraz edərək bildirir ki, Agentlik və X7 arasında bağlanılmış lizinq müqaviləsi özlüyündə məbləğin hissə-hissə ödənilməsini nəzərdə tuturdu. Cavabdeh öhdəliklərini vaxtlı-vaxtında icra etmədiyinə görə Agentlik tərəfindən məhkəməyə müraciət edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 1.2- ci bəndinə əsasən Agentliyin vəsaiti həmin Qaydanın 2-ci hissəsində müəyyən edilən aqrar bölmənin inkişafı layihələrinin və kənd təsərrüfatı istehsal vasitələrinə verilən güzəştlərin maliyyələşdirilməsinə yönəldilir. Digər tərəfdən, borclu hazırkı iş üzrə qətnamənin hissə-hissə icra edilməsinə əsas verən müstəsna halların mövcud olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir.

Tətbiq edilən hüquq normaları:

14. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan verirsə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar (“Hornsbi Yunanıstana qarşı”, 19 mart 1997-ci il). “Tələb” onun hüquqi cəhətdən reallaşdırılması kifayət qədər müəyyənləşdirilmişdirsə və o, hüquqi cəhətdən reallaşdırıla bilərsə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “əmlak” kimi başa düşülür (“Stren” X15 Zavodu və X6rşı”, 09 dekabr 1994-cü il)”.

16. Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq” qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002).

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

17. 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

18. 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər.

19. 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

20. 267-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.

21. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.

22. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 12-ci və 13-cü bəndlərində göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qətnamənin icrasına möhlət verilməsinin və ya onun hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi bir dəfəyə könüllü və ya məcburi qaydada tam icra edə bilmir.

23. Həmin Qərara əsasən borclunun əmlak vəziyyətini nəzərə almaqla qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yalnız o halda mümkün sayıla bilər ki, məhkəməyə möhlət müddətinin sonunda və ya qətnamənin hissəhissə icrası zamanı icra edilməli hissələrin icra müddəti çatdıqda borclunun qətnaməni icra etmək üçün kifayət qədər əmlaka malik olacağı barədə sübut təqdim edilmiş olsun.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

25. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. «İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.

26. Beləliklə qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutsa da, həmin institutları tənzimləyən MPM-in 231.1-ci maddəsinin məzmununa əsasən bu imkanlar, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmiş, eləcə də məhkəmə aktının ağlabatan müddət ərzində icra edilməsinin təmin edilməsinə yönəlmişdir.

27. Başqa sözlə desək, məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır.

28. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz.

29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir.

30. Kollegiya borclu tərəfindən hissə-hissə ödəmə aparılmaqla məhkəmə qətnaməsinin icrasının uzun müddət davam edəcəyini, bununla da tələbkarın dövlət tərəfindən təminat verilən «ədalətli məhkəmə baxışına olan hüququ»nun pozulacağını nəzərə alaraq hesab edir ki, borclunun təklif etdiyi icra qaydası göstərilən meyarlara cavab vermir.

31. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-81/2024 saylı 21 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar