Məhkəmə qərarları › İş №8-2(103)-22/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-22/2024

21.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-22/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, İddiaçı Tələbkar cavabdeh “X5” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 03 may 2024-cü il tarixli, e-2-2(113)- 2264/2024 nömrəli qətnaməsinin icrasına möhlət verilməsi barədə borclu “X5” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən ərizəyə dair Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-97/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından “X5” ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Tələbkar cavabdeh “X5” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “X5” ASC tərəfindən xx.xx.2022-ci il tarixli AŞ/AZ-22/12 saylı, xx.xx.2022-ci il tarixli AŞ/AZ-22/18 saylı, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli müqavilələr üzrə ƏDV daxil olmaqla 624.721,37 manat məbləğində borcun və ödənilmiş 920 məbləğində dövlət rüsumunun Tələbkar MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 03 may 2024-cü il tarixli, e-2-2(113)-2264/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən ƏDV daxil 624.721, 37 manat məbləğində pul, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 914,72 manat məbləğində pulun “X5” Açıq Səhmdar Cəmiyyətindən tutularaq Tələbkarnə ödənilməsi qət edilmişdir. “X5” Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 03 may 2024-cü il tarixli, e-2-2(113)-2264/2024 nömrəli qətnaməsinin icrasına 1 il müddətinə möhlət verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki səhmləri 100 faiz dövlətə məxsus olan cavabdeh “X5” Açıq Səhmdar Cəmiyyətinin (istehsal fəaliyyətində istifadə olunan sobanın, maşın və mexanizmlərin texniki vəziyyəti və istifadəsinin ciddi təhlükə yaratması, habelə zərərlə fəaliyyət göstərməsi və maliyyə vəziyyətinin ağır olması səbəbindən) fəaliyyəti Azəbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin razılığı əsasında Cəmiyyət üzrə verilmiş 29 may 2024-cü il tarixli əmrlə 03 iyun 2024-cü il tarixindən dayandırılmışdır. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-97/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan borclu “X5” ASC şikayət verərək qərardadın ləğv olunmasını, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə AR MPM-nin 231.1-ci maddəsini işin faktiki hallarına uyğun qaydada düzgün tətbiq etməmiş, işə əlavə etdiyi sənədləri nəzərə almamışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. İş üzrə Tələbkar elektron qaydada etirazı daxil olaraq şikayətin təmin edilməməsi və mübahisələndirilən qərardadın dəyişdirilmədən saxlanılması məhkəmədən xahiş olunmuşdur. Etirazın dəlilləri bundan ibarət olmuşdur ki, MPM-nin 231-ci maddəsində nəzərdə tutulan məhkəmə aktının icrasına möhlət verilməsi icra hərəkətlərinin daha gec bir vaxta keçirilməsini nəzərdə tutur. Borclu "X5"ASC-nin ərizəsində qeyd etdiyi müraciətin əsaslarına nəzər yetirdikdə məsələnin məhz məhkəmə qərarının icrasından yayınmaq, hər bir mümkün vasitə ilə məhkəmə qərarının icrası ilə bağlı süründürməçiliyə nail olmağa çalışıldığı aydın şəkildə görünür. Məhkəmənin diqqətinə xüsusi olaraq çatdırırıq ki, borclu hüquqi şəxs "xxxx" MMC ilə mübahisəli borcun yarandığı dövrdə bizə borcunu ödəməməsinə və uzunmüddətli əməkdaşlığımıza baxmayaraq müqavilə predmetini təşkil edən malları bizdən deyil, başqa bir tədarükçü şirkətdən ("xxxx" MMC) almış və həmin malların ödənişini də mütəmadi olaraq təmin etmişdir.Halbuki həmin dövrdə borclu ilə aramızda qüvvədə olan alqı-satqı müqaviləsi mövcud olmuş, həmin şirkətdən alınan eyni malları bizim tədarük etməyimizə baxmayaraq borcu ödəməməsi azmış kimi adını yuxarıda qeyd etdiyimiz şirkətlə əməkdaşlıq edərək ödənişləri vaxtı vaxtında həyata keçirmişdir. "X5" ASC hazırda nə fəaliyyət göstərir, nə də gələcəkdə fəaliyyəti nəzərdə tutulmamışdır. Məhkəmə qərarının icrasına borclu o halda möhlət istəyə bilər ki, onun ən azından müəyyən müddətdən sonra gəlir əldə edərək və ya digər bir formada məhkəmə qərarını icra edə biləcəyinə yüksək ehtimal yaradan sübutları məhkəməyə təqdim edə bilsin. Bugün hüquqi şəxs balansında olan yüksək məbləğ dəyərində avadanlıqları, texnikaları və digər əmlakları özgəninkiləşdirməyə çalışmaqla məhkəmə qərarını icra etməməyə çalışır. Belə ki, "xxxx" MMC bu mövqeyini onunla əsaslandırır ki, nümayəndəmiz icra məmurunun iştirakı ilə xx.xx.2024-cü il tarixdə borclu hüquqi şəxsin ərazisində olan zaman Cəmiyyətin sədri İsgəndər Əliyev tərəfindən icra məmuruna əmlakların siyahıya alınmasına, o cümlədən anbarlara baxış keçirilməsinə icazə verilməmiş, bundan başqa hüquqi şəxsin balansında olan daşınar və daşınmaz əmlaklaravadanlıq, texnika və ya mal qalıqları (istehsal etdikləri boş şüşə taralar) barədə rəsmi məlumatların təqdim edilməsindən müxtəlif bəhanələrlə imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" 22 may 2015ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, qətnamənin icrasına möhlət bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, möhlətin müddəti isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir. Bundan əlavə, məhkəmə, qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Məhkəmə, qətnamənin icrasını müəyyən hadisənin gələcəkdə baş verməsi ilə əlaqələndirib, möhlət verərək qətnamənin müvafiq icra qaydasını müəyyən etmiş olur. Məhkəmənin qətnamənin icrasını müəyyən hadisənin gələcəkdə baş verməsi ilə əlaqələndirib ona möhlət verməsi üçün hazırki gündə real əsaslara söykənən, borclu tərəfindən gələcəkdə belə bir hadisənin baş verəcəyini təsdiq edə bilən və məhkəmədə buna inam yaradan sübutlar təqdim edilməlidir. Nəzərə almaq lazımdır ki, məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə müdafiəsi hüququnun təsiri altına düşür. Belə olan halda icra hərəkətlərinin bu və ya digər səbəbdən uzun müddət başlanmaması məhkəmə müdafiəsinin ağlabatan müddətdə həyata keçirilməməsinə, pozulmuş hüquqların bərpa olunmamasına, nəticə etibarilə məhkəmə müdafiəsi hüququnun səmərəliliyinin azalmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 08-2024 nömrəli əmrdən görünür ki, “X5” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti 03 iyun 2024-cü il tarixindən dayandırılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. MPM-in 231-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır (maddə 231.1). Azərbayçan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin içrasına möhlət verilməsi və ya onun hissə-hissə içra edilməsi, qətnamənin içra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin içrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Göründüyü kimi qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı olaraq qətnamənin icrasına möhlət verməyin mümkünlüyünü müəyyən etmiş, lakin bu kimi ərizələrə hüquqi qiymət verilərkən borclu ilə yanaşı, tələbkarın da maraqlarının diqqətə alınmasını mütləq şərt kimi təsbit etmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyul 2014-cü il tarixli Plenumunun Qərarına əsasən ........Məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə məsələyə baxarkən hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsi, 71-ci maddəsinin İİ hissəsi, 127-ci maddəsinin İV hissəsi və ədalət prinsipindən irəli gələrək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mütənasiblik prinsipi əsasında, bütün tələbkarların və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və həll etməlidir. Məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır. Eyni zamanda, məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Baxılan iş üzrə borclu qətnamənin icrasına möhlət verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etsə də, kollegiya Tələbkar MMC–nin ərizəyə qarşı etirazında irəli sürdüyü dəlillərlə razılaşaraq hesab edir ki, borclunun möhlət üçün təyin etdiyi 1 il müddətdən sonra borcu ödəmək qadirdə olacağını tələbkarı və məhkəməni əmin edən sübutlar təqdim edilmədiyindən, ərizə təmin edilə bilməz. Əks halda, yalnız borclunun istəyi əsasında onun mülahizələrinə əsaslanaraq Bakı Kommersiya Məhkəməsinin 03 may 2024-cü il tarixli, e-2-2(113)-2264/2024 nömrəli qətnaməsinin icrasına möhlət verilməsi tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola bilər. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-97/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar