Məhkəmə qərarları › İş №8-2(103)-23/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-23/2025

15.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-23/2025 15.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Fuad Abdıyevdən ibarət tərkibdə, icra sənədi üzrə tələbkar “X1” MMC-nin Yasamal Rayon İcra Şöbəsinin icra məmurunun hərəkətsizliyindən şikayətinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8-2(113)-123/2025 nömrəli qərardadından “X2” MMC-nin şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları 1.Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(113)-335/2025 nömrəli qətnaməsinə görə, borclu “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-dən tələbkar “X1” MMC-nin xeyrinə 209.303,05 manat, habelə dəbbə pulu kimi 10.000 manat, dövlət rüsumunun əvəzi kimi 509 manat pul tutulmalıdır. Qətnaməyə əsasən icra vərəqəsi verilib və icra edilməsi üçün Yasamal Rayon İcra Şöbəsinə göndərilib. Birinci instansiya məhkəməsində icraat 2.Tələbkar “X1” MMC xx.xx.2025-ci ildə icra məmurunun hərkətsizliyindən Bakı Kommersiya Məhkəməsinə şikayət edərək tələb edib ki, həmin icra sənədinin icrası istiqamətində hüquqi tədbirlərin görülməsi təmin edilsin. Şikayət onunla əsaslandırılıb ki, könüllü icra üçün müəyyən edilmiş 10 günlük müddətin, habelə zəruri icra hərəkətlərinin həyata keçirilməsi üçün müəyyən edilmiş 2 aylıq müddətin bitməsinə baxmayaraq borclunun bank hesabına dair inkasso sərəncamı verilməyib, icra sənədinin icrası təmin edilməyib. 3.Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə qərara alınıb ki, tələbkarın şikayəti qismən təmin olunsun, icra məmurunun həmin icra sənədinin icrası üzrə hərəkətsizliyi qanunsuz hesab edilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. 4.Tələbkar bu qərardaddan şikayət verərək tələb edib ki, qərardad dəyişdirilsin, icra məmurunun hərəkətsizliyindən verilmiş şikayət tam təmin olunsun, icra məmuruna borclunun bank hesabına dair inkasso sərəncamı verilməsi, borclunun əmlakı üzərinə həbs qoyulması və digər məcburi icra tədbirlərinin tətbiq edilməsi barədə konkret göstərişlər verilməsinə dair qərardad qəbul olunsun. 5.Bakı Kommersiya Məhkəməsi şikayətə baxaraq onu təmin etməyib və şikayəti işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərib. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 6.“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə, bu Qanunun 8.2-ci maddəsinin üçüncü və beşinci abzaslarında nəzərdə tutulmuş hallar istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Müəyyən olunur ki, həmin müddətin keçməsinə baxmayaraq icra sənədinin icrası təmin olunmayıb. Ona görə də birinci instansiya məhkəməsi icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edib. Belə bir qərardadın qəbul edilməsi onu təsdiq edir ki, icra məmuru icra sənədinin icrasının təmin edilməsi üçün zəruri olan tədbirləri görməyə borcludur, çünki məhkəmə icra məmurunun hərəkətsizliyini qanunsuz hesab etməklə onun üzərinə icra həkəkətlərini davam etdirmək vəzifəsi qoyub. Bu qərardadın qəbul edilməsindən sonra icra məmuru zəruri tədbirləri görməzsə, onun özü məhkəmə qərarının icra edilməməsinə görə məsuliyyət daşıyacaq. Hazırkı vəziyyətdə icra məmurunun üzərinə konkret olaraq bu və ya digər icra hərəkətinin həyata keçirilməsi barədə vəzifə qoyulmasına zərurət yoxdur. 7.Beləliklə, qərardad dəyişdirilmədən saxlanılmalıdır. 8.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8-2(113)-123/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar