Məhkəmə qərarları › İş №8-2(103)-24/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-24/2024

03.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-24/2024 03.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-76/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından Borclu MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi (icra məmuru Zamiq Kazımov) təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclunə məxsus olan “SHAQMAN F2000 yük” markalı, **-JF-***, **-JF-***, dövlət qeydiyyat nişanlı, “İVECO ASTRA HD 8 64.45 yük” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı və “İVECO ASTRA HD8 84.45 yük” markalı, **- JR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 293/2017 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Tələbkar ASC ilə borclu "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilmiş, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-2(82)-1401/2016 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Barışıq sazişinə əsasən, borclu ilə "xxxx" ASC arasında bağlanmış 25 aprel 2012-ci il tarixli, 23 yanvar 2014-cü il tarixli və 30 iyul 2014-cü il kredit müqavilələi üzrə yaranmış ******* manat məbləğində əsas borc, 633142,79 manat məbləğində faiz borcu və 80995,21 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə ******* manat məbləğində borcu qəbul edir, tələbkar isə borclunun ******* manat məbləğində yaranmış əsas borcunun (bundan sonra "Qalıq borc məbləği") illik 18% borc məbləğinin qaytarılması gecikdirildiyi halda illik 36% cərimə hesablanmaqla 07 dekabr 2019-cu il tarixinə kimi qaytarılmasına möhlət verir; Borcalan qalıq borc məbləğini bu Barışıq Sazişinə əlavə edilmiş və razılaşdırılmış yeni ödəniş qrafikinə uyğun olaraq geri qaytarılmasını öz öhdəsinə götürür; Restrukturizasiya edilmiş kredit üzrə bu Saziş qüvvəyə minənədək hesablanmış və bu Barışıq sazişinin 1-ci bəndində razılaşdırılmış cəmi 714138 manat məbləğində faiz və cərimə borcları (bundan sonra "dondurulmuş borc") ayrıca hesabda dondurulur; Borclu hazırki Barışıq sazişi üzrə Qalıq Məbləğini hazırki razılaşmaya əlavə edilmiş qrafikə əsasən 07 dekabr 2019-cu il tarixədək ödəməlidir; Borclu tərəfindən öhdəliyi bu Sazişə əlavə edilmiş qrafiki üzrə vaxtında və ya lazımınca icra edildikdə və 1 təqvim ili ərzində ümumi gecikmə günlərinin sayı 30 gündən çox olmadığı təqdirdə, tələbkar müddətin sonunda bu Barışıq Sazişinin 4-cü bəndində müəyyən edilmiş dondurulmuş faiz və cərimə borc məbləğini güzəşt edir; borclu tərəfindən hazırki Barışıq Sazişi üzrə öhdəliyin icrasında 1 təqvim ili ərzində ümumi gecikmə günlərinin sayı 30 gündən çox olduğu təqdirdə, müvafiq müddət (30 gün) borcalan tərəfindən ötürüldüyü tarixdən, tələbkarın Barışıq Sazişinin 4-cü bəndində razılaşdırılmış məbləği, həmin bu Barışıq Sazişinə əlavə olunmuş qrafik üzrə edilən ödənişlər çıxılmaqla həmin qrafik üzrə edilən ödənişlər çıxılmaqla həmin qrafik üzrə qalan borc məbləğini borcludan tələb etmək, o cümlədən bildiriş vermədən dərhal hazırki Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq məhkəməyə və icra orqanlarına müraciət etmək hüququ yaranır. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borcluya məxsus olan “SHAQMAN F2000 yük” markalı, **-JF-***, **-JF-***, dövlət qeydiyyat nişanlı, “İVECO ASTRA HD 8 64.45 yük” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı və “İVECO ASTRA HD8 84.45 yük” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin olması müəyyən olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun həmin əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-76/2024 saylı xx.xx.2024- cü il tarixli qərardadı ilə (hakim Kənan Hüseynov) təqdimat təmin olunmuşdur. Borclu həmin qərardaddan şikayət vermiş, şikayət onunla əsaslandırılmışdır ki, hazırkı təqdimatda üzərinə həbs qoyulması göstərilən nəqliyyat vasitələrinin üzərində daha əvvəl digər məhkəmə qərarı ilə həbs qoyulmuş, hazırda həmin əmlakların qiymətləndirilərək açıq hərrac vasitəsilə satışının həyata keçirilməsi və əldə olunmuş vəsaitin icra sənədi üzrə borca yönəldilməsi prosesi davam edir. Birinci instansiya məhkəməsində göstərilən hallar məhkəməyə bildirilmiş, bu səbəbdən də icra işinin icra məmurundan alınması, eləcə də icra məmurunun dinlənilməsi üçün məhkəmə iclası bir neçə dəfə təxirə salınmış, buna baxmayaraq Binəqədi rayon İcra şöbəsi nə icra işini məhkəməyə təqdim etməmiş, nə də izahat vermək üçün məhkəmə iclasında iştirak etməmişdir. Bakı Kommersiya Məhkəməsi də öz növbəsində Borclu MMC-nin etirazının əsaslarını sübut edə bilməməsini əsas gətirərək, təqdimatı təmin etmişdir. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-76/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün iş materialları ilə birgə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, qərardad ləğv olunmalı, iş ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İlkin olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi borclunun dəlillərinə, yəni təqdimatda göstərilən nəqliyyat vasitələrinin üzərinə daha əvvəl digər məhkəmə aktı ilə (Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-430/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı) həbs qoyulması, həmin əmlakların qiymətləndiilərək hərraca çıxarılması, həmin əmlakların üzərinə təkrarən həbs qoyulmasına zərurətin olmaması və s. bu kimi etirazına əhəmiyyət verməmiş, bu istiqamətdə hər hansı araşdırma aparmamış, icra işini tələb edərək ona baxış keçirməmişdir. Məhkəmə qərardadda borclunun istinad etdiyi əvvəlki məhkəmə aktının digər icra işi ilə bağlı olmasını göstərsə də, işdə bununla bağlı hər hansı sübut mövcud deyildir. Yəni, birinci instansiya məhkəməsi tərəfindən borclunun istinad etdiyi məhkəmə aktının (habelə, onun aid olduğu müvafiq məhkəmə işinin) tələb olunaraq, ona baxış keçirilmədən belə bir qərarın mövcudluğu və xüsusilə də başqa icra işinə aid olması barədə mövqe anlaşılmaz olmaqla, əsaslandırılmamışdır. Əgər həqiqətən hazırki icra sənədi üzrə borclunun təqdimatda göstərilən əmlaklarının üzərinə qüvvədə olan digər məhkəmə aktı ilə həbs qoyulmuşdursa, o zaman yenidən analoji təqdimatın verilməsinin hansı zərurətdən irəli gəlməsinə aydınlıq gətirilməlidir. İşdən görünür ki, məhkəmə iclası Binəqədi rayon İcra şöbəsinin icra məmurunun iştirakının təmin olunması məqsədilə bir neçə dəfə təxirə salınmış, lakin son nəticədə icra məmurunun iştirakı təmin olunmadan və borclunun dəlilləri lazımi qaydada, çəkişmə prinsipinin təmin olunması şəraitində araşdırılmadan rədd edilmişdir. Halbuki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (MPM-in 9-cu maddəsi). “Wagner və J.M.W.L. Lüksenburqa qarşı” işdə (para. 96) Avropa Məhkəməsi qeyd etmişdir ki, ... baxmayaraq ki, məhkəmələrdən tərəfin hər bir rədd edilən arqumentinin səbəblərinin açıqlanması tələb oluna bilməz ... buna baxmayaraq onlar bu tərəfin irəli sürdüyü əsas arqumentləri zəruri qaydada təhlil etmək və onlara cavab vermək öhdəliyindən azad edilməmişdir. Bundan əlavə belə müraciətlər Konvensiya və onun Protokolları ilə təmin olunan hüquq və azadlıqlara aiddirsə, yerli məhkəmələr onları xüsusi diqqət və qayğı ilə nəzərdən keçirməlidirlər” “Saliba Maltaya qarşı” işdə (para. 64) Avropa Məhkəməsi qeyd etmişdir ki, yerli məhkəmə orqanlarının sübutların qiymətləndirilməsi və onlardan hansının uyğun və qəbuledilən olmasına qərar verilməsi səlahiyyətinin olduğu qədul edilsə də, Məhkəmə bir daha vurğulayır ki, 6-cı Maddə məhkəmənin tərəflərin təqdim etdiyi təqdimatları, arqumentləri və sübutları lazımi qaydada qiymətləndirmək vəzifəsini müəyyən edir” Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında da qeyd etmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Xüsusilə qeyd edilməlidir ki, borclu eyni dəlilləri qərardaddan verdiyi şikayətdə də irəli sürmüş, lakin birinci instansiya məhkəməsi yenə də həmin dəlillərə lazımi qaydada hüquqi qiymət vermədən, əvvəlki qərardadının dəyişdirilmədən saxlanılması nəticəsinə gəlmişdir. Halbuki, MPM-in 269.1 və 269.2-ci maddələrinin tələblərinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Göründüyü kimi, qanunverici məhkəmənin qərardadlardan verilmiş şikayətlərin dəlilllərinin əsaslılığını araşdırmaq vəzifəsini müəyyən etmişdir. Həmçinin qeyd edilməlidir ki, məhkəmə qərarının icrasına nəzarət daima məhkəmənin diqqət mərkəzində olmalı, bu sahədə ona edilən müraciətlər üzrə tam və hərtərəfli araşdırma aparılmalı, əsaslandırılmış qərarlar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-76/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, iş təqdimata yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən yuxarıda göstərilən bu və digər hallar işdə iştirak edən şəxslərin və icra məmurunun iştirakı ilə (icra işinə baxış keçirilməklə, tərəflərin bildirdikləri, eləcə də təqdim olunmuş sübutlara hüquqi qiymət verilməklə) tam, hərtərəfli və obyektiv araşdırılmalı, nəticəyə uyğun olaraq əsaslandırılmış qərardad qəbul edilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Borclu MMC tərəfindən verilmiş şikayət qismən təmin olunsun. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-76/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin, iş təqdimata yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar