Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-24/2025 27.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-126/2025 nömrəli qərardadından borclu "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1029/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 37.832,31 manat əsas, 1.900 manat cərimə, ümumilikdə 39.732,31 manat məbləğində pulun "xxxx" Məhdud Məsuiyyətli Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra onun əsasında xx.xx.2025-ci il tarixdə verilmiş icra sənədi icra olunması üçün Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərilmiş və şöbənin “İcraata başlamaq haqqında” xx.xx.2025-ci il tarixli qərarına əsasən icra sənədi üzrə icraata başlanılmışdır. Borclu "xxxx" MMC Bakı Kommersiya Məhkəməsinə şikayət verərək, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarnın ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-126/2025 nömrəli qərardadı ilə borclu "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Həmin qərardaddan borclu "xxxx" MMC şikayət verərək, qərardadın ləğv edilməsini və şikayətin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 8-2(113)- 126/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməlidir. Belə ki, “İcra haqqında” qanuna uyğun olaraq icra məmurunun qərarı mübahisələndirildiyi halda həmin qərar icra edilə bilməz. İcraata başlamaq haqqında qərarın özü də ondan şikayət vermək hüququnu nəzərdə tutur. Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun 17-ci maddəsinin tələblərini tam təmin etmədən icra məmuru icraata başlamaq haqqında qərar qəbul etmişdir. Belə vəziyyətdə icra məmuru icra vərəqəsini geri qaytarmalı idi. İcra sənədinin icraya yönəldilmə müddətinin müəyyən edilməsi məsələsinə icraata başlamaq haqqında qərarda Qanunun 17-ci maddəsinin tələblərinin ödənilməsi üçün formal yanaşıla bilməzdi. Lakin məhkəmə bu məsələyə formal yanaşaraq düzgün hüquqi qiymət verə bilməmişdir. Bununla da məhkəmə tərəfindən icraata başlanılması zamanı təməl prinsiplər pozulmuşdur. Belə olan halda, məhkəmə qanunvericiliyi düzgün tətbiq etməklə şikayəti tam, hərtərəfli və obyektiv araşdırmalıdır. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 1029/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 37.832,31 manat, cərimə borcu üzrə 1.900 manat olmaqla, ümumilikdə 39.732,31 manat məbləğində pulun "xxxx" Məhdud Məsuiyyətli Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh "xxxx" Məhdud Məsuiyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-487/2025 saylı, xx.xx.2025ci il tarixli qətnaməsinə əsasən təmin edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-1029/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1029/2025 nömrəli qətnaməsinin icrası Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinə həvalə olumuşdur. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” qərarına əsasən icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun 7 və 8-ci maddəsinə uyğun olaraq, Bakı Kommersiya Məhkəməsinə şikayət verilərək, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” qərarının ləğv edilməsi xahiş edilmişdir. Eyni zamanda, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə müraciət edilərək, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” qərarının ləğv edilməsi barədə şikayətin Bakı Kommersiya Məhkəməsinin icraata götürülməsi haqqında məlumat verilmiş, bu əsasla 2- 2(113)-1029/2025 saylı iş üzrə icra hərəkətlərinin dayandırılması xahiş edilmişdir. Lakin Nərimanov rayon İcra şöbəsinin icra məmuru müraciətə münasibət bildirməmiş və tərəflərindən verilmiş müraciət üzrə qanunla nəzərdə tutulmuş 3 gün müddətində hər hansı qərar qəbul olunmamışdır. Belə olan halda, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1029/2025 nömrəli qətnaməsinin icrası xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan verilmiş şikayətə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılmalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-126/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-126/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 7.1-ci və 7.1.7-ci maddəsinə əsasən icra sənədinin verildiyi vaxt və onun icraya yönəldilməsi müddəti icra sənədində göstərilməli olan məlumatlara aid edilmişdir; 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi “Elektron icra” informasiya sistemi ilə inteqrasiya olunmuş “Elektron məhkəmə”, “Elektron notariat” və digər dövlət orqanlarının (qurumlarının) müvafiq informasiya ehtiyatları və sistemləri vasitəsilə icraya yönəldilir. İnformasiya ehtiyatları və sistemləri mövcud olmayan dövlət orqanları (qurumları) və bələdiyyələr icra sənədlərini “Elektron icra” informasiya sistemində həmin dövlət orqanları (qurumları) və bələdiyyələr üçün yaradılmış elektron kabinetlərdə yerləşdirməklə icraya yönəldirlər. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan (qurumdan) “Elektron icra” informasiya sistemi vasitəsilə qəbul etməli və icraata başlamalıdır; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir; 9.1-ci maddəsinə əsasən icra məmuru bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmayan icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarır və bu barədə müvafiq qərar qəbul edir; 13.1.1-ci maddəsinə əsasən bu Qanunun 13.1.3-2-ci, 13.1.4-1-ci və 13.1.5-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, məhkəmələrin qərarları əsasında verilən icra vərəqələri və məhkəmə əmrləri - bir ay ərzində; 13.2.1-ci maddəsinə əsasən bu Qanunun 13.1.1-ci, 13.1.4-cü və 13.1.4-2ci maddələrində göstərilmiş icra sənədlərinin (məhkəmə əmrləri istisna olmaqla) icraya yönəldilməsi zamanı - məhkəmə qərarının qanuni qüvvəyə mindiyi yaxud onun icrasının təxirə salınması və ya icrasına möhlət verilməsi ilə bağlı müəyyən edilmiş müddətin başa çatdığı vaxtdan, məhkəmə qərarı dərhal icra edilməli olduqda - onun qəbul edildiyi günün ertəsi günündən hesablanır. Məhkəmə kollegiyası iş materiallarına istinadən qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1029/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi icra olunması üçün Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərildikdən sonra həmin şöbənin xx.xx.2025-ci il tarixli qərarı ilə bu icra sənədi üzrə icraata başlanılmışdır. Bu qərar, habelə tələbin könüllü icrası barədə bildiriş borclu tərəfindən xx.xx.2025-ci il tarixdə alınmışdır. Hazırda borclu Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1029/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsində onun icraya yönəldilmə müddətinin müəyyən edilmədiyini, bu baxımdan icra sənədinin “İcra Haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmadığını və bu əsasla məhkəməyə qaytarılmalı olduğu halda, qaytarılmadığını bildirir və şöbənin “İcraata başlamaq haqqında” qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, icra sənədində göstərilməli olan məlumatların qəti siyahısı “İcra Haqqında” Qanunun 7-ci maddəsində təsbit edilmiş və icra sənədinin verildiyi vaxt və onun icraya yönəldilməsi müddəti icra sənədində göstərilməli olan məlumatlara aid edilmişdir. Eyni zamanda, icra sənədlərinin icraya yönəldilməsi müddətləri ayrıca olaraq qanunun 13-cü maddəsində əks olunmuş və bu qəbildən olan icra sənədlərinin icraya yönəldilməsi müddətləri (1 ay) və həmin müddətin hesablanması qaydası (məhkəmə qərarının qanuni qüvvəyə mindiyi vaxtdan) müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1029/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi xx.xx.2025-ci il tarixdə qüvvə minmiş və onun əsasında xx.xx.2025-ci il tarixdə verilmiş (xx.xx.2025-ci il tarixdə imzalanmşdır) icra sənədi xx.xx.2025-ci il tarixdə icraya yönəldilmişdir. Qeyd edilən tarixlər həmin icra sənədində öz əksini tapmış və onları əsas götürməklə icra sənədinin icraya yönəldilmə müddətini müəyyən etmək hər hansı çətinlik törətmir və nəticə etibarı ilə icra sənədinin icraya yönəldilmə müddətinin pozulmadığı müəyyən edilir. Belə olan halda, hazırki icra sənədində onun icraya yönəldilməsi müddətinin göstərilməməsi icra sənədinə aid tələblərin pozulması kimi qiymətləndirilə bilməz, eyni zamanda mövcud vəziyyətdə borclunun hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Bundan başqa, qeyd edilən müddətin göstərilməməsi könüllü icra müddətinin nə axımını pozur, nə də ki, onun müddətini qısaldır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq şikayəti təmin etməmişdir. Şikayət əsassızdır və bu səbəbdən təmin olunmamalıdır. Birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-126/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8-2(103)-24/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-24/2025
27.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver