Məhkəmə qərarları › İş №8-2(103)-25/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-25/2024

09.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-25/2024 09.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından borclu "xxxx" QSC tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, Müəyyən etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1896/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Tələbkar MMC ilə maraqlı şəxs "xxxx" QSC arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə bağlanılmış MŞB/9/2023-02000 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilmişdir. 1. İkinci tərəf xx.xx.2022-ci il tarixli VS-28/2022 nömrəli alqı-satqı müqaviləsinin 03 saylı razılaşma protokolu üzrə yaranmış (ƏDV daxil) 18068,16 (on səkkiz min altmış səkkiz, on altı) AZN borcunu 6 (altı) iş günü ərzində tam şəkildə birinci tərəfə ödəməyi öhdəsinə götürür; 2. birinci tərəf xx.xx.2022-ci il tarixli VS-28/2022 nömrəli alqı-satqı müqaviləsinin 04 saylı Razılaşma Protokolu üzrə nəzərdə tutulmuş (ƏDV daxil) 31.860 (otuz bir min səkkiz yüz altmış) AZN dəyərində ikinci tərəfə təhvil verir, ikinci tərəf 30 (otuz) gün ərzində həmin malların pulunu birinci tərəfə ödəməyi öhdəsinə götürür; 3. ikinci Tərəf xx.xx.2023-cü il tarixli VS-10/2023 nömrəli müqavilənin 01 saylı Razılaşma Protokolu üzrə yaranmış 3000 (üç min) AZN borcu 6 (altı) ay ərzində ödəyəcəyini öhdəsinə götürür; 4. İkinci Tərəf əvvəlki (1,2,3-cü) bəndlərin müddəalarını pozarsa (ödənişi gecikdirərsə) birinci tərəfə 10000 (on min) AZN kompensasiya ödəyəcəyini öhdəsinə götürür. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyev təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə borclu bağlı borclu "xxxx" QSC-nin (VÖEN: **********) adına olan “Ford Connect” minik markalı, 77 YX-658 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, ərizəçi Tələbkar MMC ilə maraqlı şəxs “Vostok-Servis Bakı QSC-nin (VÖEN: **********) adına olan “Ford Connect” minik markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması tələbi ilə əsaslandırır. Hesab edir ki, icra sənəndinin icrasını təmin etmək məqsədi ilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-98/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyevin təqdimatı təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1896/2024-008 nömrəli, xx.xx.2024- cü il tarixli icra sənədinin icrası ilə bağlı borclu "xxxx" QSC-nin (VÖEN: **********) adına olan “Ford Connect” minik markalı, 77 YX-658 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Həmin qərardaddan "xxxx" QSC şikayət verərək, qərаrdаdın ləğv еdilməsi və icra məmuru tərəfindən verilmiş təqdimatın təmin edilməməsi barədə qərardad qəbul edilməsini, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən verilmiş təqdimat əsassız olduğundan təmin edilməməli idi. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-98/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı əsassızdır. Belə ki, İcra Haqqında Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Qeyd olunan qanunun normasından məlum olduğu kimi, icra məmuru tərəfindən ilk növbədə borclu şəxsin hesabları barədə icra tədbirləri yekunlaşdırılmalı, əldə olunmuş vəsait borcun ödənilməsinə yetərli olmadıqdan sonra məhkəməyə təqdimatla məhkəməyə müraciət edilməlidir. Təqdimata əlavə olunmuş materillarda borclunun hesabları barəsində tərtib olunmuş inkasso sərəncamının nəticəsi barədə məlumatlar əlavə edilməmişdir. Buna səbəb isə inkasso sərəncamlarının icra müddətinin başa çatmamasıdır. Borcluya icraata başlamaq haqqında qərar və tələbin könülllü icrası barədə bildiriş çatdırılmamışdır. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-98/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət qərardadın ləğvinə yönəldiyindən qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və aşağıda göstərilənlərə əsasən Bakı Kommersiya Məhkəməsinin e-2-2( 113)-1896/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı borclu "xxxx" QSC-nin (VÖEN: **********) adına olan “Ford Connect” minik markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru tərəfindən verilmiş təqdimata yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin e-2-2( 113)- 1896/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Tələbkar MMC ilə maraqlı şəxs "xxxx" QSC arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə bağlanılmış MŞB/9/2023-02000 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilmişdir. 1. İkinci Tərəf xx.xx.2022-ci il tarixli VS-28/2022 nömrəli alqı-satqı müqaviləsinin 03 saylı Razılaşma Protokolu üzrə yaranmış (ƏDV daxil) 18068,16 (on səkkiz min altmış səkkiz, on altı) AZN borcunu 6 (altı) iş günü ərzində tam şəkildə Birinci Tərəfə ödəməyi öhdəsinə götürür; 2. Birinci Tərəf xx.xx.2022-ci il tarixli VS-28/2022 nömrəli Alqı-satqı Müqaviləsinin 04 saylı Razılaşma Protokolu üzrə nəzərdə tutulmuş (ƏDV daxil) 31.860 (otuz bir min səkkiz yüz altmış) AZN dəyərində İkinci Tərəfə təhvil verir, İkinci Tərəf 30 (otuz) gün ərzində həmin malların pulunu Birinci Tərəfə ödəməyi öhdəsinə götürür; 3. İkinci Tərəf xx.xx.2023-cü il tarixli VS-10/2023 nömrəli Müqavilənin 01 saylı Razılaşma Protokolu üzrə yaranmış 3000 (üç min) AZN borcu 6 (altı) ay ərzində ödəyəcəyini öhdəsinə götürür;4. İkinci Tərəf əvvəlki (1,2,3-cü) bəndlərin müddəalarını pozarsa (ödənişi gecikdirərsə) Birinci Tərəfə 10000 (on min) AZN kompensasiya ödəyəcəyini öhdəsinə götürür. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin 17 aprel 2024-cü il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, qeyd olunan icra sənədi üzrə icraata başlanılmış və bu barədə İcra Şöbəsi tərəfindən borclu "xxxx" QSC-yə tələbin könüllü icrası haqqında bildiriş və icra icraatına başlanılma haqqında qərar göndərilmişdir. Həmçinin elektron icra informasiya sisteminin çıxarışından görünür ki, borclu "xxxx" QSC-nin (VÖEN: **********) adına olan “Ford Connect” minik markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Hazırda icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2( 113)-1896/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı borclu "xxxx" QSC-nin (VÖEN: **********) adına olan “Ford Connect” minik markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənəndinin icrasını təmin etmək məqsədi ilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, ilk növbədə birinci instansiya məhkəməsi icra məmuru borcluya icraata başlama haqqında qərarın və tələbin könüllü icrası barədə bildirişin çatdırılıb-çatdırılmasını araşdırmamışdır. İş materiallarında belə bir bildirişin çatdırılması müəyyən edilmir və kollegiyanın qənaətinə görə borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edilməsi onun həm borclu kimi hüquqlarını, həm də mülkiyyətçi kimi əmlak hüquqlarını pozmuşdur. Daha sonra “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab olunur. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.2-ci madəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 50.1-ci maddəsinə görə icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qeyd olunan normaların tələblərindən göründüyü kimi icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda isə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. İş materiallarından görünür ki, hazırki iş üzrə borclunun bank hesabları barədə çıxarış əldə edilsə də, icra sənədi üzrə tələbin ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi müəyyən edilməmişdir. Halbuki, icra məmuru tərəfindən ilk növbədə borclu şəxsin hesabları barədə icra tədbirləri yekunlaşdırılmalı, əldə olunmuş vəsait borcun ödənilməsinə yetərli olmadıqdan sonra tələb borcluya məxsus olan digər əmlaka yönəldilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi icra materiallarını tələb etməmiş, ümumiyyətlə icra sənədi üzrə hansı icra hərəkətlərinin həyata keçirilməsini aydınlaşdırmamışdır. İcra məmuru da daşınar əmlakın üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etsə də təqdimata hansı icra hərəkətlərinin aparılması barədə mötəbər sübutlar təqdim etməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, təqdimata baxılması zamanı borclu tərəfindən təqdim edilmiş etirazında təqdimata əlavə olunmuş materiallarda borclunun hesabları barəsində tərtib olunmuş inkasso sərəncamının nəticəsi barədə məlumatların əlavə edilməməsini və ilk növbədə borclu şəxsin hesabları barədə icra tədbirləri yekunlaşdırıldıqdan sonra əldə olunmuş vəsait borcun ödənilməsinə yetərli olmadıqdan sonra məhkəməyə təqdimatla müraciət edilməli olmasını bildirilməsinə baxmayaraq birinci instansiya məhkəməsi bu hallara qiymət verməmiş və həmin dəlillər üzrə araşdırma aparmamışdır. Digər tərəfdən təqdimatın təmin edilməsi barədə qərardaddan şikayət verilən zaman da borclu şikayətində həmin halları qeyd etmiş, bu dəfə də birinci instansiya məhkəməsi həmin dəlillərə münasibət bildirməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun əmlakın üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edənə qədər yuxarıda qeyd edilən bütün tədbirləri həyata keçirməsi müəyyən edilmədiyindən eləcə də birinci instansiya məhkəməsi tərəfindən hansı icra hərəkətlərinin həyata keçirilməsi aydınlaşdırılmadığından şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və qeyd olunan göstərişlərə əməl edilməklə təqdimata yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-98/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2( 113)-1896/2024-008 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədinin icrası ilə bağlı borclu "xxxx" QSC-nin (VÖEN: **********) adına olan “Ford Connect” minik markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyev tərəfindən verilmiş təqdimata yenidən baxılması üçün iş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilsin Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar