Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-26/2022 27.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Borclu "xxxx" MMC-nin “qətnamənin hissə-hissə icra edilməsi” barədə ərizəsi ilə bağlı qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 8-2(113)- 78/2022 nömrəli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: Borclu "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, 11 avqust 2022- ci il tarixli e-2-2(113)-3617/2022 nömrəli qətnaməsinin hissə-hissə, yəni ayda 5000 manat olmaqla ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3617/2022 nömrəli, 11 avqust 2022-ci il tarixli qətnaməsi ilə Tələbkar ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli 143 nömrəli müqavilə ləğv edilməsi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ƏDV daxil 30487,31 manat əsas borc, 512,69 manat dəbbə pulu və 200 manat mediasiya xərci cəmi 31200 manat məbləğində pul tutularaq iddiaçı Tələbkarnə ödənilməsi qət olunmuşdur. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, hazırda cəmiyyət tərəfindən qət edilmiş məbləğin birdəfəlik ödənilməsi imkan xaricindədir. Belə ki, cəmiyyət öz fəaliyyət sahəsini genişləndirmək istiqaməti götürmüş, bunun üçün lazım olan 80-dən artıq əmək müqaviləsi üzrə işçilər cəlb edilmişdir. Qət edilmiş məbləğin birdəfəlik ödəniməsi həmin layihələrin icrasına çətinlik yaradacaqdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8-2(113)-78/2022 nömrəli qərardadı ilə ərizə təmin edilərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3617/2022 nömrəli, 11 avqust 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş borcun xx.xx.2022-ci il tarixdən başlayaraq borclu "xxxx" MMC tərəfindən hər ay 5000 manat məbləğində pul ödənilməklə hissə-hissə icra edilməsi qərara alınmışdır. Tələbkar MMC həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8-2(113)-78/2022 nömrəli qərardadının ləğv olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, borclu ərizəsində göstərir ki, cəmiyyət tərəfindən fəaliyyətini genişləndirmək məqsədilə layihələr götürülmüş və 80-dan artıq əmək müqaviləsi üzrə işçi götürülmüşdür. Lakin borclu bu faktı təsdiq edən sübut mahiyyətinə malik hər hansı sənədi ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 may 2015-ci il tarixli qərarı ilə formalaşdırılan hüquqi mövqeyə əsasən məhkəmə, qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Məhkəmə isə borclunun irəli sürdüyü əsasları təsdiq edən hər hansı sübut olmadan ərizəni təmin etmişdir. - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 may 2015-ci il tarixli qərarı ilə formalaşdırılan hüquqi mövqe ondan ibarətdir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsini uzatdığına görə belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, qətnamənin icrasına möhlət bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, möhlətin müddəti isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir. Konkret halda isə qətnamənin icrasına möhlət verilməli müstəsna hal müəyyən edilmir. Belə ki, ərizəçinin hər hansı layihə götürməsi və ya 80-dan artıq işçi ilə müqavilə bağlaması qanuni qüvvəyə minmiş qətnamənin icrasına möhlət verilməsinə səbəb ola biləcək hal deyildir. Digər tərəfdən Konstitusiya Məhkəməsinin mövqeyinə görə tələbkarın məhkəmə müdafiəsi hüququnun səmərəliliyinə xələl gəlməməlidir. Konkret halda isə borclu tələbkarla arasında olan yuxarıda qeyd edilən Müqavilə üzrə borcunu 2022-ci ilin yanvar ayında ödəməli olduğu halda ödəməkdən yayınmış, həmçinin keçirilmiş mediasiya prosesində də hissə-hissə ödəməklə bağlı hər hansı təklifi tələbkara verməmişdir. İş materiallarında da göründüyü tələbkarın məhkəməyə müraciət etməkdə məqsədi məhkəmə müdafiəsinin daha səmərəli olacağına inamı olmuşdur. Məhkəmənin isə 31200 manat borcun aylıq 5000 ödənilməklə icrası ilə bağlı qərardadı isə tələbkarın məhkəmə müdafiəsinin səmərəliliyini heçə endirmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8-2(113)-78/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8-2(113)-78/2022 saylı qərardadı ləğv edilməli, ərizə rədd edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Göründüyü kimi, qanunda qüvvəyə minmiş məhkəmə aktının icrasının təmin edilməsi üçün maksimum müddət 2 aylıq müddət nəzərdə tutulmuşdur. Hazırkı halda borclu ərizəsində Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3617/2022 nömrəli, 11 avqust 2022-ci il tarixli qətnaməsi ilə Tələbkar xeyrinə tutulmuş 31200 manat məbləği hər ay 5000 manat olmaqla 6-7 ay ərzində icra etmək niyyətində olduğunu göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qeyd edilən prosessual normanın tələbindən görünür ki, qətnamənin icrasına möhlət verilməsi barədə ərizə tərəflərin əmlak vəziyyəti və qətnamənin icrasının hal-hazırda həyata keçirilməsini mümkünsüz edən digər diqqətəlayiq hallar mövcud olduğu təqdirdə təmin edilə bilər. Məhkəmə qətnamələrinin icrasına əsaslı səbəblər olmadan məhkəmələr tərəfindən 2 aydan artıq müddətə möhlət verilməsi ədalət mühakiməsinin səmərəliliyi prinsipinə zidd olduğundan yolverilməzdir. Məhkəmə kollegiyası hesb edir ki, hazırkı halda borclunun ərizəsində qeyd etdiyi əsaslar-cəmiyyətin öz fəaliyyətini genişləndirmək üçün yeni işçilər cəlb etməsi, yeni layihələ qoşulması qətnamənin icrasına möhlət verməyə əsas verən hallar olmadığından tələbkarın şikayəti əsaslı hesab edilərək mübahisələndirilən qərardad ləğv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8-2(113)-78/2022 saylı qərardadı ləğv edilməli, ərizə rədd edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.3, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Tələbkar MMC-nin şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8-2(113)-78/2022 saylı qərardadı ləğv edilsin. Borclu "xxxx" MMC-nin ərizəsi rədd edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8-2(103)-26/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-26/2022
27.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver