Məhkəmə qərarları › İş №8-2(103)-26/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-26/2025

26.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-26/2025 26.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı şəhəri Xətai İcra şöbəsinin böyük icra məmuru Mehdi Zeynalovun Bakı Kommersiya Məhkəməsinin “e-2-2(113)-4413/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə Tələbkar MMC-nin ərizəsi üzrə icraat Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası, X1 (sədrlik edən və məruzəçi), qızından ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-142/2025 nömrəli qərardadından tələbkar tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Tələbkar MMC ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4413/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Xətai İcra şöbəsinin böyük icra məmuru Mehdi Zeynalovun icra sənədinin qaytarılması barədə xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini, işin yenidən icraya göndərilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1, 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır.Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2-23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir.İcra məmuru qərarını onunla əsaslandırıb ki, aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmçinin borclunun ünvanında baxış keçirilmiş, lakin həmin ünvanda fəaliyyət göstərmədiyi müəyyən edilərək akt tərtib olunmuşdur. Bununla bağlı ilk olaraq bildiririk ki, borclunun ünvanında həqiqətən fəaliyyət göstərmədyi barədə tərtib edilmiş akt barədə tələbkara hər hansı məlumat verilməmişdir. Bundan başqa, Qanunun 23.1.3-cü madəsinin tələblərinə əsasən icra məmuru tərəfindən borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlər görülməmiş, lakin qərarda görülmüş tədbirlərin nəticə verilmədiyi qeyd olunmuşdur. Halbuki qanunvericiliyə görə, icra sənədi yalnız borclunun tələbin yönəldib biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlər nəticə vermədikdə icra sənədi geri qaytarıla bilər. Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Şöbənin icra məmuru tərəfindən qəbul edilmiş icra sənədinin qaytarılması haqqında qərardan görünür ki, həmin qərarın Şöbənin rəisi tərəfindən yoxlanılaraq təsdiq edilməsi müəyyən edilmir. Göründüyü kimi icra məmuru tərəfindən icra sənədinin qaytarılması haqqında qərarın qəbulunda müvafiq hüquq normalarının tələblərinə riayət edilməmişdir. Ümumilikdə isə demək olar ki, icra məmurunun fəaliyyəti yalnız müəyyən sorğuların göndərilməsindən ibarət olmuşdur.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-142/2025 nömrəli qərardadı ilə icra məmurunun qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardan şikayət qanunda nəzərə tutulmuş prosessual müddət keçdikdən sonra verildiyinə görə tələbkarın şikayət ərizəsi geri qaytarılmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

4. Qərardaddan narazı qalan tələbkar şikayət verərək qərardadın ləğv edilməsini, “icra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardadn qəbul edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-4413/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (bundan sonra “Borclu”) 34261,26 manat borcun, müqavilə üzrə hesablanmış 1713,06 manat cərimənin və ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 200 manat xərcin, cəmi 36174,32 manatın tutularaq Tələbkarnə (bundan sonra “Tələbkar”) ödənilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Müvafiq icra sənədi Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icraatına daxil olmuş və Şöbənin icra məmuru Mehdi Zeynalov “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələblərini rəhbər tutaraq “icra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. İcra məmuru qərarını onunla əsaslandırıb ki, aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmçinin borclunun ünvanında baxış keçirilmiş, lakin həmin ünvanda fəaliyyət göstərmədiyi müəyyən edilərək akt tərtib olunmuşdur. Bununla bağlı ilk olaraq borclunun ünvanında həqiqətən fəaliyyət göstərmədyi barədə tərtib edilmiş akt barədə tələbkara hər hansı məlumat verilməmişdir. Bundan başqa, “İcra haqqında” Qanunun 23.1.3-cü madəsinin tələblərinə əsasən icra məmuru tərəfindən borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlər görülməmiş, lakin qərarda görülmüş tədbirlərin nəticə verilmədiyi qeyd olunmuşdur. Halbuki, qanunvericiliyə görə, icra sənədi yalnız borclunun tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlər nəticə vermədikdə icra sənədi geri qaytarıla bilər. Şöbənin icra məmuru tərəfindən qəbul edilmiş icra sənədinin qaytarılması haqqında qərardan görünür ki, həmin qərarın Şöbənin rəisi tərəfindən yoxlanılaraq təsdiq edilməsi müəyyən edilmir. Göründüyü kimi, icra məmuru tərəfindən icra sənədinin qaytarılması haqqında qərarın qəbulunda müvafiq hüquq normalarının tələblərinə riayət edilməmişdir. Ümumilikdə isə demək olar ki, icra məmurunun fəaliyyəti yalnız müəyyən sorğuların göndərilməsindən ibarət olmuşdur. Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Mehdi Zeynalovun “e-2-2(113)-4413/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edilsə də, məhkəmənin qərardadı ilə şikayət geri qaytarılmışdır. Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Mehdi Zeynalovun “e-2-2(113)-4413/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarı barədə Tələbkarın məlumatı olmamış və qərarın surəti Tələbkara təqdim olunmamışdır. Həmin qərarın surəti yalnız xx.xx.2025-ci il tarixdə Tələbkarın nümayəndəsinə təqdim edilmişdir. Məhkəmə belə hesab etmişdir ki, Tələbkarın elektron kabineti var və xx.xx.2024-cü il tarixli icra məmurunun qərarı onun elektron kabinetinə yerləşdirilmişdir. Tələbkarın həmin qərarın ləğvi barədə ərizəsi isə xx.xx.2025-ci il tarixində, yəni qanunvericilikdə nəzərdə tutulmuş 30 gün müddət ötürülməklə verilmişdir. Qeyd edilir ki, 1) qanunvericiliyə görə, həmin qərarın surətini icra məmuru özü rəsmi qaydada Tələbkara verməlidir/göndərməlidir; 2) İcra məmurunun qərarının elektron kabinetə nə zaman yerləşdirilməsi barədə elektron məhkəmə sisteminin “Bildirişlər” bölməsindən Tələbkara hər hansı məlumat/bildiriş göndərilməmişdir. Bu mənada Tələbkarın həmin qərar barədə məlumatı olmamış, yalnız tələbkarın nümayəndəsinin icra şöbəsində olarkən icra sənədinin geri qaytarıldığına dair məlumat əldə etmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən halları nəzərə almamış və iş üzrə tətbiq etməli oldğu maddi hüquq normasını tətbiq etməyərək, hüquq normasının pozuntusuna yol vermişdir.

6. Bakı Kommersiya Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

10. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə. Maddə 23.3. İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Maddə 23.7. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

12. İşdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4413/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Xətai İcra şöbəsinin böyük icra məmuru Mehdi Zeynalovun icra sənədinin qaytarılması barədə xx.xx.2024-cü il tarixli qərarı xx.xx.2024-cü il tarixində elektron qaydada imzalanaraq Tələbkar MMC-yə rəsmi qaydada çatdırılmışdır.

13. Qanunvericiliyin tələbinə görə icra sənədinin məhkəməyə qaytarılması barədə qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.

14. Lakin tələbkar tərəfindən həmin qərardan xx.xx.2025-ci il tarixdə, yəni qanunvericilikdə nəzərdə tutulmuş 30 gün müddət ötürülməklə şikayət verilmiş, buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət də verilməmişdir.

15. O da qeyd edilməlidir ki, icra qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən icra sənədinin məhkəməyə qaytarılması üçün əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər.

16. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-142/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar