Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-28/2025 10.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Cəfərovun sədrliyi və məruzəsi ilə, Xumar Afət qızı Mərdanova və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Tələbkarın nümayəndəsi vəkili Nümayəndə, Borclunun nümayəndəsi vəkili X2 iştirakları ilə, İcra sənədi üzrə tələbkar "xxxx" ASC tərəfindən verilmiş 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2001-ci il tarixli 649/05-18 saylı qətnaməsi ilə qət edilmiş məbləğin ödənilmədiyi müddətlər üçün indeksasiya edilməklə tutulmasına dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-167/2025 saylı qərardadından Borclu ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2001-ci il tarixli 649/05-18 saylı qətnaməsi ilə "xxxx" X6 Cəmiyyətindən 2.060.156.607 (iki milyard altmış milyon yüz əlli altı min altı yüz yeddi) manat məbləğində əsas borc və 100.000 (yüz min) manat məbləğində dövlət rüsumu "xxxx" X6 Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Qətnamə əsasında xx.xx.2003-cü il tarixdə icra vərəqəsi verilmişdir. İcra sənədi üzrə tələbkar (ərizəçi) "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən tutulmalı olan 412.031 manatın indeksasiyasını həyata keçirməklə, cavabdehdən 1.895.342,60 (bir milyon səkkiz yüz doxsan beş min üç yüz qırx iki manat altmış qəpik) tutulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-167/2025 saylı qərardadı ilə ərizə təmin edilmiş, 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2001-ci il tarixli 649/05-18 saylı qətnaməsi ilə tutulmalı olan 412.031 manat məbləğində pulun indeksasiyası həyata keçirilməklə, 1.895.342 (bir milyon səkkiz yüz doxsan beş min üç yüz qırx iki) manat, 60 (altmış) qəpik məbləğində pul Borclu ASC-dən tutularaq "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. Hazırda Borclu ASC xx.xx.2025-ci il tarixində həmin qərardaddan şikayət verib, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-167/2025 saylı qərardadının ləğv olunmasını xahiş edir. Şikayət onunla əsaslandırılmışdır ki, 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2001ci il tarixli 649/05-18 saylı qətnaməsi ilə "xxxx" X6 Cəmiyyətindən 2.060.156.607 (iki milyard altmış milyon yüz əlli altı min altı yüz yeddi) manat məbləğində əsas borc və 100.000 (yüz min) manat məbləğində dövlət rüsumu "xxxx" X6 Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Tələbkar (ərizəçi) "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən tutulmalı olan 412.031 manatın indeksasiyasını həyata keçirməklə, cavabdehdən 1.895.342,60 (bir milyon səkkiz yüz doxsan beş min üç yüz qırx iki manat altmış qəpik) tutulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 08 avqust 2025-ci il tarixli qərardadı ilə 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2001-ci il tarixli 649/05-18 saylı qətnaməsi ilə tutulmalı olan 412.031 manat məbləğində pulun indeksasiyası həyata keçirilməklə, 1.895.342 (bir milyon səkkiz yüz doxsan beş min üç yüz qırx iki) manat, 60 (altmış) qəpik məbləğində pul Borclu ASC-dən tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Məhkəmənin qəradadı tamamilə qanunsuz və əsassızdır. Məhkəmə düzgün olmayaraq hesab etmişdir ki, 412.031 manat məbləğ indeksasiya edilməli və 1.895.342,60 (412.031x4,6) manat məbləğində pul Borclu ASCdən tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Belə ki, məhkəmə öz qərardadını belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində olan istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyatorunda hesablama aparıldıqda görünür ki, 2025-ci ilin iyul ayında, 2001-ci ilin iyul ayına nisbətən istehlak qiymətləri indeksi 463,5 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 4,6 dəfə artmışdır. Qeyd etmək lazımdır ki, şikayətə əlavə olunan Xəzər rayon icra şöbəsinin icra məmuru H.Ə.İsrafilovun xx.xx.2018-ci il tarixli icra edilməyən icra sənədinin geri qaytarılması barədə qərarından görünür ki, borcluya məxsus 813475 manat dəyərində üzərinə həbs qoyulmuş əmlaklar tələbkara təklif edilmişdir. Tələbkar əmlakı qəbul edib-etməməsi barədə təklifə cavab verməmişdir. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 649\5-128\3 saylı xx.xx.2002-ci il tarixli icra vərəqəsi geri qaytarılmışdır. Belə olan halda məhkəmənin İcra haqqında qanunun 23.7 və 53.3-cü maddələrinə əsasən icra olunmadan geri qaytarılmış icra sənədi üzrə qanunsuz və əsassız olaraq indeksasiya aparmışdır. Burdan aydın olur ki, ərizəçi özü də həmin icra sənədinin geri qaytarılması barədə qərardad ola-ola həmin qərardadan şikayət verməmiş, həmin qərar qüvvədə ola-ola indeksasiya barədə yenidən müraciət edib məhkəməni aldatmışdır. Məhkəmə isə icra işini tələb edərək ətraflı öyrənməmiş, icra vərəqəsinin icraatda olub-olmadığını araşdırmamış, tələbkarın ərizəsinə və statistika komitəsinin internet məlumatına istinad etmiş, icra məmurunun iştirakını təmin etməmiş, icra icraatında olmayan icra sənədi üzrə indeksasiya apararaq mülki prosessual qanunvericiliyin və icra haqqında qanunun tələblərini kobud şəkildə pozmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Borclunun nümayəndəsi vəkili X3 şikayəti müdafiə edərək bildirmişdir ki, ki, Bakı Kommersiya Məhkəməsinin qeyd olunan qərardadı tamamilə qanunsuz və əsassızdır. Bildirmək istərdim ki, 2024-cü il iyun ayında 2003 saylı icra vərəqəsi verilmişdir. Həmin icra vərəqəsinin verilməsi üçün əsas "xxxx" ASC-nin 8 avqust 2002-ci il tarixdə məhkəməyə müraciət etmişdir və daha sonra isə qətnamənin icra üsulunun dəyişdirilməsini xahiş etmişdir. Qətnamənin icra üsulunun dəyişdirilməsi üsulu ilə bağlı vəsatət təmin edilmiş və icra vərəqəsində qeyd olunmuşdur ki, "xxxx" ASC-nin balansının mövcud əmlakının üzərinə həbs qoyulsun və həbs qoyulmuş əmlak hesabına həmin borc ödənilsin. Sistemə yüklənən köhnə icra işlərindən də görünür ki, 2003-cü ildə verilmiş icra 2013-cü ilə qədər icra olunmayıb. Lakin icra işi ilə bağlı materiallar bizdə və eyni zamanda icra məmurunda da olmadığından 2003-cü ildən 2013-cü ilə qədər icranın həyata keçirilməməsinin səbəblərini izah edə bilmirik. 2013-cü ildə Bakı Kommersiya Məhkəməsi tərəfindən təkrarən icra vərəqəsi verilir və 2013-cü ildən 2018-ci ilə qədər icra hərəkətləri davam etdirilir. Həmin müddətdə borcluya məxsus əmlaklar müəyyən olunur. Məhkəmə qərarı ilə və icra məmuru tərəfindən ASC-yə məxsus 20 ton istehsal gücünə malik makaron istehsal dəzgahı 23 iyul 2018-ci ildə "xxxx" MMC tərəfindən 800.000 manat dəyərində qiymətləndirilir. 2018-ci ildə həmin əmlak 800.000 manat dəyərində və digər bir əmlak 4000 manat dəyərində qiymətləndirilir və hərraca çıxarılır. Hərracda həmin əmlaklar satılmadığından tələbkara təklif olunur və tələbkar həmin əmlakları qəbul etmədiyindən 2018-ci il 13 noyabr tarixində icra məmuru “İcra hqqında” qanunun 53.3-cü və 23.7-ci maddələrinə əsasən tələbkar həmin əmlakları qəbul etmədiyinə və icra sənədi icra olunmadığına görə geri qaytarır. 2018-ci idən 2025-ci ilə qədər iş icra məmurunun icraatında olmayıb. 2025-ci ilin fevral ayında tələbkarın Bakı Kommersiya Məhkəməsinə müraciəti nəticəsində Bakı Kommersiya Məhkəməsinin sədri İlham Əhmədov tərəfindən təsdiqlənərək iş yenidən icraya yönəldilir. Üzərinə həbs qoyulduğundan 800.000 manat dəyərində olan həmin əmlak hələ də yerindədir. Bildirmək istərdim ki, qarşı tərəf Bakı Kommersiya Məhkəməsinə müraciət edərək 2003-cü ildən 2025-ci ilə qədər olan müddətdə onun indeksasiyasını tələb edir. İlk öncə onu qeyd etmək istərdim ki, qətnamənin icrası üsulu dəyişdirilmişdir. Əmlakı və borcun əmlak hesabına ödənilməsini tələbkar öz ərizəsi ilə istəmişdir. Borclu ASC-nin 2004-2005-ci illərdən etibarən heç bir fəaliyyəti yoxdur. Tələbkar tərəf əmlak kompleksinin üzərinə həbs qoyulmasını tələb edir, lakin həmin tələb Kommersiya Məhkəməsinin hakimi tərəfindən geri qaytarılır. 8 avqust 2002-ci il tarixli qərardad qüvvədə olduğundan və qətnamənin icrası üsulu dəyişdiyindən, yəni borc həbs qoyulmuş əmlak hesabına ödənilməli olduğundan tələbkarın tələbi geri qaytarılmışdır. İndeksasiya ilə bağlı Konstitusiya Məhkəməsinin qərarına istinad edilmişdir. Həmin qərarda qeyd olunur ki, vətəndaşların gəlirlərinin indeksləşdirilməsi haqqında qanuna görə tətbiq olunmalıdır. Vətəndaşların gəlirləri dedikdə, aliment, əmək haqqı və s. nəzərdə tutula bilər. Konstitusiya Məhkəməsi qeyd edir ki, məhkəmə qətnaməsinin olduğu göstərilmir, lakin Konstitusiya Məhkəməsi analogiya üzrə ondan istifadə edir. Tətbiq olunan maddə Mülki Prosessual Məcəllənin 232-ci maddəsidir və həmin maddədə isə qeyd olunur ki, məhkəmə indeksləşdirə bilər, yəni həmin maddədə “indeksləşdirməlidir” ifadəsi göstərilmir. Tələbkarın nümayəndəsi vəkili Nümayəndə şikayətə etiraz edərək bildirmişdir ki, İcra işinin geri qaytarılması icraya xitam verilməsi demək deyildir. Bəli qanunla müəyyən edilmiş qaydada icra məmuru icra vərəqəsini geri qaytara bilər. Bununla bağlı “İcra haqqında” qanunun 23.3-cü maddəsində müddəa qeyd olunmuşdur. Biz əmlakı qəbul etmiriksə, icra vərəqəsi geri qaytarılır, lakin daha sonra ərizə ilə mürcaiət edərək icra işini təkrarən başlatmaq mümkündür. Qarşı tərəf icra işinin indekasiya ərizəsi ilə şərtləndirildiyinə dair məhkəmədə görüntü yaratmağa çalışır, lakin bu belə deyildir. Konstitusiya Məhkəməsi bununla bağlı konkret mövqe bildirmişdir. Konstitusiya Məhkəməsi qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğu ilə şərtləndirilir. İcra mərhələsi qətnamədə vətəndaşa nəzərdə tutulmuş məbləğin indeksasiyası üçün manəe törədə bilməz. Tutulmanın indeksasiya məbləğinə gəldikdə isə bu dəbbə pulu, cərimə, faiz və s. deyil. Bu pul həmin dövrdə həmin pulun dəyəridir, yəni 400.000 manatın 2003-cü ildəki dövrlə hal-hazırda olan mövcud dəyəri arasındakı fərqin nədən ibarət olduğunu göstərir. Qanunvericilik indeksasiyasının mahiyyətini onunla şərtləndirir ki, istehlak dərəcəsi, yəni istehlak artımı hansı həddə qalxmışdır. Biz bu gün 2003-cü il tarixdə olan pulun dəyəri nədirsə, onu tələb edirik. Əmlaklar üçün iki dəfə hərrac keçirilmişdir, əgər həmin əmlaklar öz dəyərini həqiqətən əks etdirmiş olsaydı, həmin hərracda satılardı. Bir halda satılmayıbsa, bu o deməkdir ki, həmin əmlaklara real dəyər qoyulmayıb. Qarşı tərəfin mövqeyindən belə çıxır ki. Biz həmin əlakı qəbul etməli idik. Qəbul etdikdə də isə biz qarşı tərəfə 400.000 manat ödəməli idik ki, onlar bizə köhnə əmlaklarını versinlər. Əmlakları qəbul etməmək bizim hüququmuzdur, vəzifəmiz deyildir. Hörmətli məhkəmə! “İcra haqqında” qanunda bir qayda olaraq icra işinə xitam verilməsinin əsasları göstərilmişdir. “İcra haqqında” qanunun 20.1-ci maddəsində bu əsaslar göstərilmişdir. Qarşı tərəfin mövqeyi o halda əsaslı olardı ki, icra işinə xitam verilmiş olsun. Qarşı tərəf əmlaka yönəldilmə məsələsini qeyd edir və eyni zamanda əmlakının olmadığını da bildirir. Mənim tərəfimdən vəkil sorğusu əsasında sorğu verilmişdir. Həmin sorğuya cavab olaraq gəlmişdir ki, yerləşən əmlak kompleksi kimi müəssisə qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətindədir. Əgər qarşı tərəfin əmlakı varsa, mən nəyə görə onun əşyalarını götürməliyəm?! Həmin əşyaları qəbul etmək hüququmuz olmuşdur və biz isə öz növbəmizdə həmin hüquqdan istifadə etməmişik. Qarşı tərəf borcunun ödənilməsi üçün hər hansı bir addım atmamışdır yaxud hər hansı bir əmlakla əvəzləşdirilməsi təklif olunmamışdır. Mənim sizə təqdim etdiyim əmlakı qarşı tərəf hal-hazırda on altı milyona satışa qoymuşdur. Biz qarşı tərəfin nəzərdə tutduğu dəzgahı qəbul etmirik. Borclu tərəf heç bir borcunun olmadığını qeyd etmişdir, halbuki qarşı tərəfin 1999-cu ildə Baş nazir Artur Rasizadəyə yazdığı məktub vardır və həmin məktubda qeyd olunur ki, "xxxx" Kombinatının on gün müddətində İqtisad Məhkəməsinə müraciət etməməsi barədə tədbirlər görəsiniz. Qarşı tərəfin Müdafiə Nazirliyindən alacağı olduğundan və ala bilmədiklərindən Baş nazirə həmin vəsaitin alınması üçün köməklik göstərilməsini xahiş etmişdir. Həmin vəsaiti qarşı tərəf alaraq "xxxx" kombinatına ödəməyi planlaşdırıb. İcra işi hələ də qüvvədədir və icra işi dəfələrlə geri qaytarıla bilər, bu icra işinə xitam verilməsi mənasına gəlmir. İş materiallarına əlavə olunmuş Dövlət Vergi Xidmətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, "xxxx" ATSC-nin adı dəyişdirilərək, Borclu Açıq Səhmdar Cəmiyyəti olmuşdur. İş materiallarına əlavə olunmuş Xəzər Rayon İcra Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə hər hansı bir ödəniş həyata keçirilməmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində olan istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyatorunda hesablama aparıldıqda görünür ki, 2025-ci ilin iyul ayında, 2001-ci ilin iyul ayına nisbətən istehlak qiymətləri indeksi 463,5 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 4,6 dəfə artmışdır. 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2001-ci il tarixli 649/05-18 saylı qətnaməsi ilə tutulması qət edilən məbləğ isə yeni valyuta ilə 412.031 (2.060.156.607/5000) manat təşkil edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin tələbindən görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bütün fiziki şəxslər üçün məcburidir və 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. AR Mülki Prosessual Məcəllləsinin 232-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də göstərmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli Qərar). Məhkəmə qərarlarının məcburi icrası qaydalarını və şərtlərini “İcra haqqında” Qanun müəyyən edir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən İcra haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanunundan, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən, habelə digər qanunvericilik aktlarından ibarətdir. Eləcə də icra qanunvericiliyinin qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanması da bilavasitə həmin Qanunda əks olunmuşdur (1-1-ci maddə). Belə olan halda, “İcra haqqında” Qanunun bütün müddəaları hüquq tətbiqetmə prosesində məhz yuxarıda qeyd olunan prinsiplər rəhbər tutulmaqla tətbiq edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən verilmiş icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə, bütövlükdə məhkəmə qərarlarının icrası üzrə icraata nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair qərarına əsasən, indeksasiyanın iqtisadi meyarı və hesablanma qaydasına münasibətdə qeyd etmişdir ki, indeksasiyanın məqsədinin məhz məhkəmə aktının icra olunduğu gün üçün tutulmalı olan pul məbləğinin dəyərinin həmin aktın qanuni qüvvəyə mindiyi gün mövcud olmuş dəyərə münasibətdə bərabərləşdirilməsini təmin etmək olduğu, məhkəmə aktının borclu tərəfindən icra olunacağı günün isə əvvəlcədən məhkəməyə bəlli olmasının mümkünsüzlüyü nəzərə alınarsa, indeksasiyanın qərarın icra gününə uyğun iqtisadi göstəricilərə əsasən aparılmasında qeyri-müəyyənlik yaranmış olur. Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində bu qaydalar nəzərdə tutulmadığı halda, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunla bu tənzimetmə qaydaları müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, qeyd edilən qanunvericilik aktları üzrə indeksləşdirmənin obyektləri fərqli (Qanunun 3-cü maddəsində indeksləşdirmənin obyektləri sırasında vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlər, qətnamənin icrası zamanı tutulmalı pul məbləğləri nəzərdə tutulmamışdır) olsa da, hər iki halda bu təsisat inflyasiya nəticəsində pulun alıcılıq qabiliyyətinin qorunması məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş mexanizm kimi çıxış edir. məhkəmə qətnamələri üzrə tutulmalı olan pul məbləğlərinin qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunda müəyyən olunan meyarlara və hesablanma qaydalarına əsasən həyata keçirilməlidir. Belə ki, iş materillarından da göründüyü kimi, 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2001-ci il tarixli 649/05-18 saylı qətnaməsi ilə "xxxx" X6 Cəmiyyətindən 2.060.156.607 (iki milyard altmış milyon yüz əlli altı min altı yüz yeddi) manat məbləğində əsas borc və 100.000 (yüz min) manat məbləğində dövlət rüsumu "xxxx" X6 Cəmiyyətinin xeyrinə tutulması qət edilmiş, 2003-cü il tarixdə icra vərəqəsi verilsədə icra olunmamışdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq 412.031 manat məbləğin indeksasiya edilməsi və 1.895.342,60 (412.031x4,6) manat məbləğində pul Borclu ASC-dən tutularaq "xxxx" ASC-yə ödənilməsi qənaətinə gəlmişdir. Borclu " Azmak” ASC-nin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə məhkəmə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-167/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8-2(103)-28/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-28/2025
10.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver