Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-30/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-117/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadından tələbkar “X5” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar “X5” MMC (Borclu MMC) “icra məmurunun hərəkətsizliyi” barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs icraatında olan Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-2793/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsəsən məcburi icra tədbirləri görülməklə Borclu MMC-nin rəhbərinin Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmaması və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunmaması üzrə hərəkətsizliyinin qanunsuz hesab edilməsi, müvafiq tədbirlərin görülməsinin Maraqlı şəxsndən tələb olunması və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2793/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasız vəziyyətdə qalmasına yol vermiş icra məmurlarının da intizam məsuliyyətinə cəlb olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 8-2(113)-117/2024 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Hazırda tələbkar “X5” MMC Kommersiya Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 8-2(113)- 117/2024 saylı qərardadından şikayət verib qərardadın ləğv edilməsini, şikayətin təmin edilməsini xahiş edir. Şikayətçi şikayətini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs icraatında Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-2793/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Borclu MMC-dən ümumilikdə 77.598,06 (yetmiş yeddi min beş yüz doxsan səkkiz manat, altı qəpik) manat məbləğində borcun “X5” MMC-nin xeyrinə tutulmasına dair icra sənədi vardır. Həmin qətnamə üzrə icra vərəqəsi 2023-cü ildən Maraqlı şəxs icraatında olsa da, lakin icra məmurları həmin icra vərəqəsinin icra olunması üzrə qanunla üzərilərinə qoyulmuş vəzifələrin icrasını təmin etməmişlər. Bundan istifadə edən borclular isə icra sənədləri üzrə borclarını ödəməkdən yaymırlar. Təcrübə göstərir ki, borcluların qanuni qüvvəsində olan məhkəmə icra sənədlərinin icra olunmaması üzrə davranışları və onlarda borclarını ödəməməkdə özlərinə güvənc hissinin yaranması artıq, onlarla bu icra sənədlərinin icrasını təmin etmək vəzifəsini daşıyan icra məmurları arşında korrupsiyalaşmış münasibətlərin olmasından xəbər verir. Məhz belə münasibətlərin olması bütün digər sahələrdə olduğu kimi qanuni qüvvəsində olan məhkəmə icra sənədlərinin icra olunması işinin də pozulmasına və nəticədə icra sənədləırinin icrasız qalmasına gətirib çıxarır. İcra işinin hazırkı vəziyyəti bunları deməyə tam əsas verir. Göründüyü kimi, yuxarıda göstərilən Borclu MMC qanuni qüvvəsində olan məhkəmə qətnaməsi ilə müəyyən olunmuş borcun ödənilməsindən qəsdən yayınır. Buna görə də borclulara qarşı qanunun nəzərdə tutuduğu daha sərt icra məsuliyyət tədbirləri tətbiq olunmalıdır. Həmçinin, Borclu MMC-nin təsisçilərinin və rəhbərinin ailə üzvlərinin və yaxın qohumlarının dairəsi müəyyən olunaraq, borclunun onlarda olan əmlakına həbs qoyulmaqla, tələbin həmin pul vəsaitlərinə və digər əmlaka yönəldilməsi üçün də zəruri tədbirlər görülməlidir. Lakin Maraqlı şəxs icra məmurları qanunla onlara verilmiş səlahiyyətlərin həyata keçirilməsi və “X5” MMCnin xeyrinə pul tutulmasına dair məhkəmə icra sənədlərinin icrası üzrə üzərilərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində zəruri tədbirlərin görülməsini təmin etməmişlər. Hətta dəfələrlə yazılı və şifahi müraciətlərimizə baxmayaraq, icra məmurları görülmüş işlər barəsində bizə zəruri məlumatları və əldə olunmuş sənəd və qərarların surətlərini də təqdim etməmişlər. Maraqlı şəxs icra məmurlarının öz vəzifə borclarını düzgün icra etməmələri səbəbindən və “X5” MMC-nin hesabına qayıtmalı olan ümumilikdə 77.598,06 (yetmiş yeddi min beş yüz doxsan səkkiz manat, altı qəpik) manat pul vəsaitinin qaytarılmasının təmin olunmaması üzündən, nəticədə şirkətin mənafeyinə hazırda ciddi ziyan dəyir Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, həmin qərardaddan ərizəçinin verdiyi şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra xidmətinin icra məmurunun vəzifəsidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2793/2023 saylı icra sənədi üzrə Bakı şəhər Nizami Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlanılmış, icra sənədi üzrə Borclu MMC-yə xx.xx.2023-ci il tarixdə xəbərdarlıq göndərilmiş və icra edilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyəti daşıması barədə xəbərdarlıq elan edilmiş, icra sənədinin 10 gün müddətində könüllü şəkildə icra edilməsi tələb edilmiş, daha sonra xx.xx.2023-cü il tarixli, 17/71-17- 229298/23187 məktub ilə icra sənədi ilə bağlı tərtib edilmiş inkasso sərəncamları icra edilməsi müvafiq banklara göndərilmiş, inkasso sərəncamları bank hesablarında vəsait olmadığı üçün icrasız geri qaytarılmış, habelə borclunun qanuni təmsilçisi inzibati məsuliyyətə cəlb edilərək 2500 manat məbləğdə inzibati qaydada cərimə edilmiş, habelə barəsində xx.xx.2024-cü il tarixdə axtarış işi açılaraq axtarışda olan şəxsin qısa müddət ərzində müəyyən edilməsi üçün tədbirlər görülməkdədir. Belə olan halda məhkəmə hesab etmişdir ki, Maraqlı şəxs icraatında olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2793/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsəsən məcburi icra tədbirləri görülməklə Borclu MMC-nin rəhbərinin Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmaması və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunmaması üzrə hərəkətsizliyinin qanunsuz hesab edilməsi, müvafiq tədbirlərin görülməsinin Maraqlı şəxsndən tələb olunması və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2793/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasız vəziyyətdə qalmasına yol vermiş icra məmurlarının intizam məsuliyyətinə cəlb olunması barədə verilmiş şikayət əsaslı hesab edilə və təmin edilə bilməz. Tələbkarın apellyasiya şikayətində qeyd etdiyi dəlillərə məhkəmə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-117/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8-2(103)-30/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-30/2024
17.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver