Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-31/2025 03.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, tələbkarın nümayəndəsi və vəkili Vəkil, borclunun nümayəndəsi Borclu2, Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Vüqar Dəmirçizadənin iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-180/2025 saylı qərardadından Borclu1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsi Azərbaycan Respublikasının Ali Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2-2(102)-94/2025 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu1 əmlakı üzərinə həbs qoyulması barədə təqdimat ilə məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə 467.0000 ABŞ dolları əsas borc, gecikdirilmiş 242 gün üçün 15.481 ABŞ dolları 5 faiz, cəmi 482.000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq) cavabdeh Borclu1nə aid edilərək ondan iddiaçı Tələbkar xeyrinə tutulmalıdır. İddiaçının çəkdiyi cəmi 2.223 manat məhkəmə xərcləri cavabdeh Borclu1nə aid edilərək ondan iddiaçı Tələbkar xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2-2(102)-94/2025 saylı icra sənədinin icrası ilə bağlı borcludan tutulmalı olan 482.000 ABŞ dolları məbləğinin və 2223 manat məhkəmə xərcinin borclu tərəfindən könüllü müddət ərzində ödənilmədiyi üçün icra ödənişinin alınması barədə icra məmurunun xx.xx.2025-ci il tarixli qərarı üzrə 57513 manat icra ödənişi alınmalıdır. İcra sənədinin icra edilməsi məqsədilə aşkar olunmuş bank hesablarına inkasso sərəncamı ilə həbs qoyulmuşdur. Lakin bank hesablarında pul vəsaiti olmadığı üçün bank tərəfindən inkasso sərəncamları icra edilmədən geri qaytarılmışdır. Azərbaycan Respublikasınını Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə sorğu edilmiş və uçot bazasında mövcud olan çıxarışa əsasən Borclu1nə məxsus “BMW XM HİBRİD” minik markalı, 10AX200 dövlət qeydiyyat nişanlı, “Kia Rio” minik markalı, 77PF166 dövlət qeydiyyat nişanlı, “Kamaz” markalı, 10JZ299 dövlət qeydiyyat nişanlı, “DONG FENG DFL5311GFLA4” yük markalı, 99JG424 dövlət qeydiyyat nişanlı, “JİUSHENG JS- HQCD25T056” xüsusi təyinatlı 77JN573 dövlət qeydiyyat nişanlı, “KİA Carnival” minik markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı, “KİA Rio” minik markalı, 90PZ880 dövlət qeydiyyat nişanlı, “X6 plug-İN” hibrid markalı, 10YA200 dövlət qeydiyyat nişanlı, “Lexus LX600” minik markalı 90AA212 dövlət qeydiyyat nişanlı, Toyota Hilux minik markalı, 77PZ447 dövlət qeydiyyat nişanlı, “X6 MY25 Plug-İN hibrid” minik markalı 10PO200 dövlət qeydiyyat nişanlı avtomobillər aşkar edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-180/2025 saylı qərardadı ilə təqdimat təmin edilərək, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2-2(102)- 94/2025 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu1nə məxsus olan “BMW XM HİBRİD” minik markalı, 10AX200 dövlət qeydiyyat nişanlı, “Kia Rio” minik markalı, 77PF166 dövlət qeydiyyat nişanlı, “Kamaz” markalı, 10JZ299 dövlət qeydiyyat nişanlı, “DONG FENG DFL5311GFLA4” yük markalı, 99JG424 dövlət qeydiyyat nişanlı, “JİUSHENG JSHQCD25T056” xüsusi təyinatlı 77JN573 dövlət qeydiyyat nişanlı, “KİA Carnival” minik markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı, “KİA Rio” minik markalı, 90PZ880 dövlət qeydiyyat nişanlı, “X6 plug-İN” hibrid markalı, 10YA200 dövlət qeydiyyat nişanlı, “Lexus LX600” minik markalı 90AA212 dövlət qeydiyyat nişanlı, Toyota Hilux minik markalı, 77PZ447 dövlət qeydiyyat nişanlı, “X6 MY25 Plug-İN hibrid” minik markalı 10PO200 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması qərara alınmışdır. Məhkəmə, icra məmurunun təqdimatını təmin edərkən “İcra haqqında” Qanunun 43.1.1, 44.1, 44.2, 45.1, 50.1 və 50.2-ci maddələrini əsas götürmüş və icra sənədinin təqdim olunması, icraata başlanılması və könüllü icra müddətinin keçməsi faktlarına, habelə borclunun adına qeydiyyatda olan nəqliyyat vasitələri və bank hesablarındakı vəsaitin məbləğinə dair sübutlara istinad edərək, əmlak üzərinə həbs qoyulmasını əsaslandırmışdır. Borclu1 adıçəkilən qərardaddan şikayət verib Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-180/2025 qərardadının ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki: -İcra məmuru tərəfindən verilən müvafiq təqdimat “İcra haqqında” AR Qanunun tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, icra sənədi üzrə borcun məbləği 482.000 ABŞ dolları olduğu halda, həmin nəqliyyat vasitələrinin ümumi dəyəri borcun məbləğindən dəfələrlə artıqdır. Halbuki, həmin nəqliyyat vasitələrinin dəyərinin ümumi borcun məbləğindən artıq olması heç bir xüsusi qiymətləndirmə olmadan da icra məmuru tərəfindən bilinən bir faktdır. Həmçinin, məhkəmə tərəfindən də qiymətləndirmə həyata keçirilməklə üzərinə həbs qoyulmuş nəqliyyat vasitələrinin sadəcə birinin qiymətinin belə ümumi borcun məbləğindən artıq olması müəyyənləşdirilə bilərdi. (“İcra haqqında” AR Qanunun 45.7) Təqdimatda göstərilən avtomobillərdən “BMW XMHibrid” markalı avtomobilin təxmini satış qiyməti 142,000 ABŞ dolları, təkcə “X6Plug-İn” hibrid minik markalı avtomobilin təxmini qiyməti 550.000 ABŞ dolları təşkil edir. Göründüyü kimi, təqdimatda üzərinə həbs qoyulması tələb edilən yalnız iki avtomobilin qiyməti belə borcun məbləğindən yüksəkdir. Bu da məhkəmə tərəfindən borcun məbləğindən artıq həcmdə borclunun mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulmasını əsassız və qanunsuz edir. Eyni zamanda, icra məmuru İ.Cəfərquliyev tərəfindən verilmiş təqdimatın tamamilə qanunsuz və əsassız olması barədə təqdimatdan etiraz verildiyi halda məhkəmə tərəfindən icra məmurunun qanunsuz və əsassız təqdimatı təmin edilmişdir. -İcra məmuru tərəfindən verilən təqdimatda qeyd edilmişdir ki, icra sənədinin icra edilməsi məqsədi ilə aşkar edilmiş Borclu1 MTK-ya məxsus bank hesablarına inkasso sərəncamı ilə həbs qoyulsa da, bank hesablarında pul vəsaiti olmadığı üçün bank tərəfindən inkasso sərəncamları icra edilmədən geri qaytarılmışdır. İcra məmurunun qeyd etdiyi bu fakta münasibətdə bildirmək istəyir ki, halhazırda Borclu1 MTK-nın X9 QSC-də olan hesablarına icra məmuru tərəfindən inkasso sərəncamı qoyulmuş və nəticədə Borclu1 MTK-nın hesabındaolan cəmi 47678,90 AZN və 4,69$ vəsaitdən istifadə hüququ məhdudlaşdırılmışdır. Lakin icra məmuru öz vəzifə öhdəliklərini düzgün şəkildə icra etməyərək Borclu1 MTK-nın hansı bank hesablarında olan, hansı məbləğdə pul vəsaitlərinə həbs qoyulması barədə müvafiq bankdan ətraflı və düzgün məlumat almadan icra sənədinin icra edilməsi üçün borclunun mülkiyyətində olan daşınar əmlaklar üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Bununla da, icra məmuru tərəfindən “İcra haqqında” AR Qanunun 45-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. (norma: “İcra haqqında” AR Qanununun 45.3-cü). “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə uyğun olaraq əldə edilir və onların (olduqda) üzərinə bu Qanunun 45.7-ci maddəsinə uyğun olaraq icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə həbs qoyulur. Lakin icra məmuru tərəfindən banka sorğu edilərək hansı məbləğdə pul vəsaitlərinin üzərinə həbs qoyulması, həmin pul vəsaitlərinin məbləğinin icra sənədi üzrə borcun məbləğinə uyğun olub-olmaması müəyyənləşdirilmədən borclunun digər əmlakları üzərinə həbsin qoyulması üçün yenidən qanunsuz olaraq təqdimatla müraciət edilmişdir. Halbuki, icra məmuru daha əvvəl də eyni təqdimatla Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsi tərəfindən təqdimata baxılaraq 8-2(113)-141/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadla təqdimat geri qaytarılmışdır. Qərardadda qeyd edilmişdir ki, İcra Şöbəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “icra ödənişinin alınması haqqında” qərar və inkasso sərəncamı icra olunması üçün banka göndərilmiş, lakin icra sənədinin icrasının nəticəsi barədə bank tərəfindən verilmiş məlumat iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda, icra məmuruna qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən də icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulması ardıcıllığı nəzərə alınmaqla, bank hesablarında olan hansı məbləğdə pul vəsaitlərinin üzərinə həbs qoyulması icra məmuru tərəfindən aydınlaşdırılmadığından məhkəmə təqdimatı təmin etmədən geri qaytarmışdır. -Qeyd edir ki, Borclu1 MTK tərəfindən nəinki icranın gecikdirilməsi, hətta icranın tezləşdirilməsi məqsədi ilə addımlar atılmışdır. Halbuki, müvafiq icra işi üzrə Borclu1 MTK tərəfindən borcluya məxsus texnikaların üzərinə həbs qoyulması ilə bağlı icra məmuruna müraciət olunmuş və onların sənədləri təqdim edilmiş, lakin icra məmuru tərəfindən həmin müraciət cavablandırılmamışdır. Həmin texnikaların mövcudluğu və borclu tərəfindən onların üzərinə həbs qoyulması ilə bağlı müraciət edildikdə, həmin müraciət yalnız icra sənədinin icrasına mane olduğu halda təmin edilməyə bilər. Müvafiq icra işi üzrə isə belə halın mövcudluğu müəyyən edilməmişdir. Buna baxmayaraq, icra məmuru yenidən təqdimatla müraciət edərək borcun məbləğindən dəfələrlə artıq qiymətə olan nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasını xahiş etmiş, məhkəmə isə borcun məbləği ilə üzərinə həbs qoyulan nəqliyyat vasitələrinin dəyərini müqayisə etmədən və işin hallarını düzgün qiymətləndirmədən təqdimatı təmin etmişdir. -Məhkəmə tərəfindən qiymətləndirmə rəyi alınaraq borcun ödənilməsi üçün lazım olan məbləğə uyğun qiyməti olan əmlaklar üzərinə həbs qoyulması təmin edilməli idi. Lakin məhkəmə tərəfindən işin halları tam, hərtərəfli və ədalətli şəkildə araşdırılmadan Borclu1 MTK-nın mülkiyyətində və aktiv istifadəsində olan nəqliyyat vasitələri üzərinə həbs qoyulmaqla, həm borclunun mülkiyyət hüquqları kobud şəkildə pozulmuş, həm də Borclu1 MTK-nın fəaliyyətinə ciddi maneə yaranmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8-2(113)-180/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 09 sentyabr 2025-ci il tarixli qərardadı ilə şikayət mümkün hesab edilmiş və xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətə xx.xx.2025-ci il tarixdə şifahi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında borclunun nümayəndəsi şikayəti müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi və vəkili şikayətə etiraz etdi. İzahatında qeyd etdi ki, əvvəla minik avtomobillər əldən çıxarılır, sonraki növbədə olan nəqliyyat vasitələrinə sıra gəlməyə də bilər. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Vüqar Dəmirçizadə izahatında bildirdi ki, nəqliyyat vasitələrinin texnikalarla müqayisədə satılaraq borcun ödənilməsi daha realdır. Bütün nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasının səbəbi isə heç bir avtomobilin təqdim edilməməsidir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və iş təqdimata yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki: -Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(102)- 94/2025 saylı icra vərəqəsinə əsasən 467.000 ABŞ dolları əsas borc, gecikdirilmiş 242 gün üçün 15.481 ABŞ dolları illik 5 %, cəmi 482.000 ABŞ dollar (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq) cavabdeh Borclu1ndən alınaraq iddiaçı Tələbkar ödənilməli, iddiaçının çəkdiyi cəmi 2.223 manat məhkəmə xərcləri cavabdeh Borclu1 MTK-ya aid edilərək iddiaçı Tələbkar tutulmalıdır. Sözügedən icra vərəqəsi xx.xx.2025-ci il tarixdə icra edilməsi üçün Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə yönəldilmişdir. - Həmin şöbənin icra məmuru Rafail Səfərovun xx.xx.2025-ci il tarixli qərarı ilə icra icraatına başlanılmış və Borclu1 MTK-ya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, lakin borc məbləği könüllü icra üçün müəyyən edilmiş müddətdə icra edilməmişdir. -Məcburi icra tədbiri olaraq cavabdehin bank hesablarındakı pul vəsaitlərinin üzərinə inkasso sərəncamı qoyulmuş və nəticədə Borclu1 MTK-ya məxsus X8 QSC-də olan hesablarında 47678,9 manat və 4,69 ABŞ dolları məbləğində pul vəsaitləri bloklanmışdır. -DİN Baş X7i İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə müəyyən edilir ki, təqdimatda qeyd olunan nəqliyyat vasitələri Borclu1 MTK-nın mülkiyyətindədir. - 22 may 2025-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, “Hazar Holding MMC tərəfindən X6 MY25 markalı 2025-ci buraxılış tarixli avtomobil 410.000 Avroya Borclu1 MTK-ya satılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab olunur. 45.1-ci madəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-cı maddəsinə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 50.1-ci maddəsinə görə icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Kollegiya qeyd edir ki, hazırkı halda birinci instansiya məhkəməsi təqdimata baxarkən üzərinə həbs qoyulması tələb edilən əmlakın dəyərinin icrası təmin edilməli tələbin həcminə mütənasib olub-olmadığını araşdırmamış, eləcə də icra vərəqəsinin icrasının təmin edilməsi məqsədilə iki avtomobilin icra məmuruna təqdim edilməsini (tərəflərin bildirdiyinə görə sözügedən iki avtomobilin dəyəri təxminən 50.000 manat təşkil edir) və borclunun bank hesablarında müəyyən məbləğdə vəsaitin (47678,9 manat) bloklandığını nəzərə almamışdır. Halbuki icra vərəqəsinin icrasını təmin etmək məqsədilə dəyəri tələbin həcmindən dəfələrlə yüksək olan əmlakın üzərinə həbs qoyulması borclunun hüquqlarının həddindən artıq məhdudlaşdırılmasına səbəb olmaqla icra icraatı tərəflərinin maraqları arasında ədalətli balansı pozur. Bundan əlavə icraat materiallarına əsasən o da müəyyən edilir ki, hazırkı icra işi çərçivəsində icra məmuru tərəfindən təqdimatda göstərilən avtomobillərin üzərinə həbs qoyulması barədə qərarlar qəbul etmiş, həmin qərarlar borclunun şikayətinə əsasən Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə qanunsuz hesab edilərək ləğv edilmiş, sözügedən qərardad Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 8(103)-504/2025 saylı qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsinin qərardadında vurğulanmışdır ki, icra məmuru borclunun əmlakının üzərinə həbs qoyulması haqqında qərar barədə 24 saat ərzində icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməməklə yanaşı, “İcra haqqında” AR Qanununun 50.2 və 45.6-cı maddələrinin tələblərini də pozmuşdur. Belə ki, borclu tərəfin, eləcə də icra məmurunun məhkəmə iclasında verdikləri izahatdan, eləcə də şikayətin məzmunundan da göründüyü kimi borclu tərəfindən ona məxsus xüsusi texnikanın üzərinə həbs qoyulması ilə bağlı icra məmuruna müraciət edilmiş, lakin icra məmuru həmin müraciəti cavablandırmamışdır. Halbuki həmin texnikaların mövcudluğu və borclu tərəfindən onların üzərinə həbs qoyulması ilə bağlı müraciət edildikdə, həmin müraciət yalnız icra sənədinin icrasına mane olduğu halda təmin edilməyə bilər. Həmin iş üzrə belə halın mövcudluğu isə müəyyən edilmir. İcra məmurunun hazırkı icraat üzrə məhkəmə iclasında verdiyi izahatdan aydın olmuşdur ki, avtomobillərin üzərinə həbs qoyulması barədə qərarların ləğv edilməsi barədə yuxarıda göstərilən qərardadlar qəbul ediləndən sonra da icra məmuru tərəfindən tələbin xüsusi texnikaya yönəldilməsi barədə borclunun müraciətinə baxılması istiqamətində hər hansı bir addım atılmamış, həmin texnikanın satışının həyata keçirilməsi imkanlarını dəyərləndirməmiş, yenidən məhz avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edilmişdir. Bununla bağlı kollegiya “İcra haqqında” AR Qanununun 58-ci maddəsinə əsasən minik nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması birinci növbədə həyata keçirilən əmlaklara aid edilməsi, bu baxımdan ilk növbədə texnikaların üzərinə həbs qoyulmasının həmin maddənin tələblərinə zidd olması barədə tələbkarın dəlillərinə münasibətdə kollegiya vurğulayır ki, sözügedən norma məhz borclu hüquqi şəxsin qanunla qorunan maraqlarının müdafiəsi, o cümlədən əsas fəaliyyətinə mümkün qədər az müdaxilə edilməsi məqsədilə birinci növbədə borclunun istehsalda bilavasitə istifadə edilməyən əmlakı üzərində həbs qoyulmasını nəzərdə tutur. Bu baxımdan göstərilən müddəa borclunun müraciətinə əsasən tələbin ilk növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququnu məhdudlaşdıran norma kimi qiymətləndirilə bilməz. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və yuxarıda qeyd olunanlar nəzərə alınaraq icra məmurunun təqdimatına yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu1 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-180/2025 saylı qərardadı ləğv edilsin. İş materialları icra məmurunun təqdimatına yenidən baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №8-2(103)-31/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-31/2025
03.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver