Məhkəmə qərarları › İş №8-2(103)-32/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-32/2024

27.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-32/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X4 və İbrahimov Zamin Vəliyəddin oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(113)-127/2024 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat

1. Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsi Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)- 2470/2023 saylı, 21 sentyabr.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə, Borclunə məxsus olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsi, ev 5 və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsi, 3Q saylı sahə üzərinə həbs qoyulması barədə təqdimat ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, 8-2(1113)-127/2024 saylı qərardadı ilə təqdimat təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2470/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclunə məxsus olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsi, ev 5 və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsi, 3Q saylı sahənin üzərinə həbs qoyulması qərara alınmışdır.

3. Borclu xx.xx.2024-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinin 18 oktyabr 2024cü il tarixli, 8-2(1113)-127/2024 saylı qərardadından şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, 8-2(1113)- 127/2024 saylı qərardadının ləğv edilməsi və təqdimatın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Şikayət onunla əsaslandırılmışdır ki, hakim tələbinin həcmindən kənara çıxmışdır. AR Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən əmlak üzərinə həbs iddia tələbi çərçivəsində olmalıdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2470/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli icra sənədindən görünür ki, Borclu MTK-dan 220.000 manat məbləğində pul vəsaitinin və 483,1 manat dövlət rüsumunun tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Tələbin ümumilikdə, 220483,1 manat olduğu halda, ümumilikdə qiyməti qat-qat yüksək olan sahənin üzərinə həbs qoyulması qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, mülkiyyətçinin hüquqlarının kobud şəkildə pozulması deməkdir. Həmçinin, həbs qoyulmuş sahənin dəyəri müəyyən olunmamışdır. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinə əsasən borclunun əmlakının öncə qiymətləndirilməsi həyata keçirilməli, daha sonra borc tələbi həcmində tədbir görülməlidir. Əmlak üzərinə həbs qoyulması geniş anlayış olmaqla, özündə əmlak üzərində olan sahiblik, istifadə və sərəncam vermə hüquqlarının məhdudlaşdırılmasını ehtiva edir. Odur ki, mübahisəli əmlakın üzərinə həbs qoyulması mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxara bilər. Bundan başqa, məhkəmə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinə əsasən birinci növbədə borclunun bank hesabları araşdırılmalı və onlar üzərinə həbs qoyulması ilə bağlı icra məmuru təqdimatla müraciət etməlidir. Qanunda həbslə bağlı icra tədbirlərinin ardıcıllığı aydın əks olunmuşdur.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(113)-127/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

6. “İcra haqqında” Qanunun:

43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi məcburi icra tədbiridir. 44.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri yalnız 3 əsasın eyni zamanda olduğu halda tətbiq edilə bilər – 1) bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 2) icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 3) könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2-ci maddəsinə əsasən, bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Həmin qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.2-ci bəndinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. 45.5-ci bəndinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. 45.6-cı bəndinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 45.7-ci bəndinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur.

Məhkəmənin mövqeyi

7. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir.

8. Belə ki, işdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2470/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Borclundən 220.000 manat məbləğində pul vəsaiti və 483.1 manat dövlət rüsumunun tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2470/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş, həmin qətnamə əsasında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə icra vərəqəsi verilmişdir.

10. Suraxanı rayon İcra Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə “İcraata başlamaq” haqqında qərar qəbul edilmiş, borcluya xx.xx.2024-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmişdir.

11. İş materiallarına əlavə olunmuş və birinci instansiya məhkəməsində tədqiq edilmiş icra işi materiallarından görünür ki, icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixli məktubla "xxxx" ASC-yə, "xxxx" ASC-yə və "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixli inkasso sərəncamları və icra ödənişinin alınması haqqında qərar icra olunması üçün göndərilmiş, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubu ilə Borclu MənzilTikinti Kooperativinin bankda açılmış hesabları bağlı olduğu üçün icra vərəqəsinin icrası ilə əlaqədar tərtib edilmiş inkasso sərəncamı icra olunmadan geri qaytarılmışdır.

12. Bundan başqa, iş materiallarına “Elektron icra” informasiya sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Borclu mülkiyyətində hər hansı daşınar əmlak (nəqliyyat vasitəsi) yoxdur.

13. Məhkəmə qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemində əmlak məlumatlarını sorğu etdikdə görünür ki, Borclunə məxsus olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsi, ev 5 və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsi, 3Q saylı sahə müəyyən edilmişdir. İcra işinin materiallarından da görünür ki, icra məmuru tərəfindən, borclunun bank hesablarında pulunun olub-olmaması ilə bağlı hərəkətlər edilmiş və hesablarında hər hansı bir pul vəsaiti olmadığından qətnamənin icrası mümkünsüz olmuşdur. Bundan sonra da borclunun adına daşınar əşyanın olubolmaması üçün tədbirlər görülmüş və sonuncunun adına hər hansı bir daşınar əşya olmadığından qətnamənin icrası mümkünsüz olmuşdur. Həmçinin birinci instansiya məhkəməsində borcludan, bank hesablarında pulun olub-olmaması soruşulmuş, sonuncu tərəfindən hər hansı bir pulun olmadığı bildirilmişdir.

14. Belə olan halda, məhkəmə qeyd edir ki, hazırda məcburi icra tədbirlərinin tətbiq edilməsi üçün yuxarıda qeyd edilən əsaslar mövcuddur. Belə ki, icra sənədi icra məmuruna təqdim olunmuş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarı qəbul edilmiş, lakin borclu icra məmurunun müvafiq tələbini könüllü icra üçün verilmiş müddətdə icra etməmişdir.

15. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz.

16. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir.

17. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.

18. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

19. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(113)-127/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar