Məhkəmə qərarları › İş №8-2(103)-34/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-34/2025

15.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-34/2025 15.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5857/2024 saylı qətnaməsinin icrasına möhlət verilməsinə (hissə-hissə icra edilməsi) dair iş üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, 8-2(113)-181/2025 saylı qərardadından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsini rəhbər tutaraq qətnamənin hissə-hissə 1 (bir) il ərzində icra edilməsi barədə (möhlət verilməsi) qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, 8-2(113)-181/2025 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Qeyd edilən qərardaddan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hesab edilir ki, məhkəmə qərardadı əsassız olmuşdur və bu səbəbdən də ləğv edilməlidir. Belə ki, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli hüquqi qiymət verilməmişdir. Məhkəmə tərəfindən borclunun ictimai nəqliyyat sektorunda yaranmış böhran vəziyyətinə, ödəniş qabiliyyətinin aşağı olmasına, əmlak vəziyyətinə və digər hallara əsasən irəli sürdüyü dəlilləri əsaslı saymamışdır. AR Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 135S saylı qərarı ilə təsdiq olunmuş tədbirlər planında pandemiyadan zərər çəkməsi müəyyən olunan iqtisadi fəaliyyət sahələrinin birinin “həyati vacib sərnişindaşıma sahəsi” olduğu müəyyən edilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-cü il tarixli Qərarının 12-ci bəndinə görə məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hisə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Şikayətə əsas verən hallardan biri də ondan ibarətdir ki, məhkəmə işin mahiyyəti üzrə qərar qəbul edərkən, "xxxx" MMC tərəfindən təqdim edilmiş analoji hüquqi münasibətlər üzrə əvvəl çıxarılmış məhkəmə aktlarını və formalaşmış məhkəmə təcrübəsini nəzərə almamışdır. Halbuki, qanunvericilikdə birbaşa qeyd olunmasa da, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri baxımından məhkəmə təcrübəsi eyni hüquqi münasibətlər üzrə formalaşmış yanaşmaların nəzərə alınmasını zəruri edir. Məhkəməyə təqdim olunmuş əvvəlki oxşar məhkəmə aktları, iş üzrə hüquqi münasibətlərin oxşar xarakter daşıdığını və buna uyğun vahid yanaşma tətbiq olunmalı olduğunu göstərməkdədir. Lakin birinci instansiya məhkəməsi bu aktları müzakirə etməmiş, qərar əsaslandırılarkən həmin sənədlərə istinad olunmamışdır. Analoji hüquqi münasibətlər üzrə əvvəl çıxarılmış məhkəmə aktları bunlardır: 1) xx.xx.2022-ci il tarixli, 8- 2(103)-18/2022 saylı borclu "xxxx" MMC-nin qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2755/2021 saylı iş üzrə qətnaməsi borclu "xxxx" MMC tərəfindən 1 (bir) il müddətində aylıq 17470,58 manatdan az olmamaqla ödəniş edilməklə hissə-hissə icra edilməsi qət edilmişdir. 2) xx.xx.2024-cü il tarixli, № 8-2(113)-7/2024 saylı Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2-2(113)-393/2023 saylı qətnaməsi (qətnamə üzrə ödənilməli olan 350.000 borcun, mediasiya üçün ödənilmiş 400 manat, iş üzrə dövlət rüsumu olaraq ödənilmiş 240 manat olmaqla, cəmi 350.640 manat pul vəsaiti) borclu "xxxx" MMC tərəfindən tələbkar "xxxx" QSC-yə hazırkı qərardadın qəbul edildiyi tarixdən başlayaraq hər ay 50091,43 manat ödənilməklə 7 ay ərzində hissəhissə icra edilməsi qət edilmişdir. Qeyd olunanlar nəzərə alınmaqla, hesab edilir ki, məhkəmə tərəfindən iş üzrə qərardadın qəbul olunmasında müvafiq analoji məhkəmə təcrübəsinin nəzərə alınmaması, habelə həmin təcrübənin qətnamədə ümumiyyətlə qeyd olunmaması tərəflər arasında hüquqi vəziyyətin obyektiv araşdırılmadığını, habelə məsələyə qərəzli yanaşdığına dair əsaslı şübhələr yaradır. Analoji işlərə baxılması təcrübəsi göstərir ki, məhkəmələr sözügedən iddia tələblərinə bir qayda olaraq mahiyyəti üzrə baxmış, Ali Məhkəmənin kommersiya və mülki kollegiyaları apellyasiya instansiyası məhkəmələrinin belə qəbildən olan qətnamələrini dəyişdirmədən saxlamışdır. Digər hüquqi mövqe isə ondan ibarətdir ki, həmçinin məhkəmə təcrübəsi hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-181/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. ` Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanunvericilik məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər hallarını nəzərə alaraq məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin hissə-hissə icra olunmasının mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətə layiq hallarından asılı etmişdir. Məhkəmə ilk növbədə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı, bu zaman həm də tələbkarın əmlak mənafelərini də nəzərdən qaçırmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 12-ci bəndinə əsasən qətnamənin icrasına möhlət verilməsi, və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlannın və əsas azadlıqların müdafıəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə “ağlabatan müddət” konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Qeyd edilməlidir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Məhkəmə nəzərə almışdır ki, borclu qətnamənin hissə-hissə icrasına dair ərizə ilə müraciət edərkən bunun səbəbi kimi ödəmə imkanının olmadığını, qətnamə üzrə məbləğin hesabdan birdəfəlik silinməsinin şirkətin gündəlik fəaliyyətində ciddi problemlər yaradacağını, o cümlədən gündəlik reysə çıxan avtobuslar üçün yanacaq alınmasının qeyri-mümkün olacağını, yanacaq alınmadığı təqdirdə, 14 müntəzəm marşrut üzrə 300-ə yaxın avtobusun reysdən qalacağını, bu halın da Bakı şəhəri üzrə yüz minlərlə sərnişinin ictimai nəqliyyatdan istifadəsinin məhdudlaşdırılmasına səbəb olacağını bildirsə də, əmlak vəziyyətinin ağırlığını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamənin icrasını mümkünsüz edə bilən, borclunun əmlak vəziyyətinin ağırlığı ilə bağlı hallar sübuta yetirilmədiyinə görə, həmçinin tələbkarın da mənafeyini nəzərə alınmaqla ərizə təmin oluna bilməz. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar qətnamənin hissə-hissə icra olunmasını təmin etmək həm də o zaman mümkündür ki, borclu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Eyni zamanda qeyd olunduğu kimi, məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Göründüyü kimi məhkəmə ərizəni rədd edərkən haqlı olaraq tələbkarın mənafeyini, ərizəyə etirazını nəzərə almış və əsas götürmüşdür. Məhkəmə kollegiyası şikayətə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqdim olunan, şikayətdə qeyd olunan məhkəmə qərarlarına gəlincə, hesab olunur ki, həmin qərarlar hazırkı iş üzrə fərqli nəticəyə gəlmək üçün əsas ola bilməz. Belə ki, tələbkarları QSC və MMC olmuş, 2 ilə yaxın, 3 il bundan qabaq qəbul olunan həmin qərardadların biri (xx.xx.2022-ci il tarixli, 8-2(103)-18/2022 saylı qərardad) məhz pandemiya ilə əlaqədar vəziyyət, "xxxx" MMC-nin fəaliyyət göstərdiyi müntəzəm marşrutlar üzrə sərnişin daşıma sahəsinin Koronavirus (COVİD-19) pandemiyasından zərərçəkən fəaliyyət sahəsinə aid olması nəzərə alınaraq qəbul olunumuş (halbuki həmin vəziyyət artıq çoxdandır ki, mövcud deyil), digər qərardad isə (xx.xx.2024-cü il tarixli, № 8- 2(113)- 7/2024 saylı qərardad) məhz tələbkarın mövqeyi də nəzərə alınaraq, həmin mövqeyə uyğun olaraq qəbul olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göründüyü kimi, qanunverici, qətnamənin icrasına möhlət verməyi və ya onun hissəhissə icra etdirməsini, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirərək, hansı halların “digər hallara” aid edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə kollegiyası vurğulayır ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi mahiyyət etibarı ilə məhkəmə qərarının icrasının məcburiliyini nəzərdə tutan konstitusion prinsipi məhdudlaşdırdığına, eləcə də tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə ərizələrin təmini müstəsna xarakter daşımalı və işdə iştirak edən şəxslərin hüquqlarının pozulmasına yönəlməməlidir. Hazırkı işdə borclu icra sənədinin icrasının hazırda mümkün olmamasının səbəbi kimi göstərdiyi halları təsdiqləyən sübutları (əmlak və maliyyə vəziyyəti (aktiv, passiv), qazancı və ya borcu barədə sənədlər və s.) məhkəməyə təqdim etməmişdir. Belə olan halda, ərizənin təmin edilməsi məhkəmə qərarının məcburi icrası prinsipinin əsassız məhdudlaşdırılmasına səbəb olardı. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə qeyd etmişdir ki, “Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı.” Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır. MPM-in 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə kollegiya qeyd edilən əsasları nəzərdən keçirərək hesab edir ki, qətnamənin hissə-hissə icrası (icrasına möhlət) barədə ərizə əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-181/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar