Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-36/2025 22.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ borclu "xxxx" MMC tərəfindən verilmiş “qətnamənin hissə-hissə icra edilməsi barədə” ərizəsi üzrə (Açar sözlər: qətnamənin hissə-hissə icra edilməsi) X1 (sədrlik edən və məruzəçi), X5 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-211/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından borclu "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərara aldılar. MÜƏYYƏN ETDİ:
1. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə yaranmış ƏDV xaric olmaqla 4000 ABŞ dolları məbləğində əsas borc və dövlət rüsumu kimi ödənilmiş 88 manat məbləğin cavabdeh "xxxx" MMC-dən tutularaq onun bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəmədinin e-2-2(113)-2828/2024 saylı, xx.xx.2024-cü il qətnaməsi ilə iddia tələbi təmin edilmiş cavabdeh “X2 and ” MMC-dən müqavilə üzrə ödənilməmiş 4000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaiti, habelə ödənilmiş 88 (səksən səkkiz) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xeyrinə ödənilməsi qət edilmişdir.
3. Hazırda borclu "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2828/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəssisəmizdən tutulan məbləğ üzrə hər ay 1000 (min) ABŞ dolları ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-211/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə borclu "xxxx" MMC tərəfindən verilmiş ərizə təmin edilməmişdir.
5. Borclu "xxxx" MMC həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-211/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilərək ərizənin təmin edilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir.
6. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə yaranmış ƏDV xaric olmaqla 4000 ABŞ dolları məbləğində əsas borc və dövlət rüsumu kimi ödənilmiş 88 manat məbləğin cavabdeh "xxxx" MMC-dən tutularaq onun bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2828/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, -dən müqavilə üzrə ödənilməmiş 4000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaiti, habelə ödənilmiş 88 (səksən səkkiz) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xeyrinə ödənilməsi nəzərdə tutulmuşdur. Bundan sonra ərizə ilə cavabdeh məhkəməyə müraciət edərək, şirkətin maliyyə vəziyyətində olan sıxıntıları və birdəfəlik ödəniş qabiliyyətinin mümkün olmamasını nəzərə alaraq Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2828/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəssisədən tutulan məbləğ üzrə hər ay 1000 (ABŞ) dolları ödədiyi barədə məhkəmə aktı çıxarılması barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)- 211/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə qanunsuz və əsassız olaraq təmin edilməmişdir. Göstərilən hallara əsasən məhkəmənin qəbul etdiyi qərar qərəzli olmuş, müəssisənin hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, müəssisənin hüquqa, qanuna və dövlətə sadiq bir müəssisə olaraq borcun ödənilməsindən imtina etmək niyyətində deyildir. Müəssisə məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsinə hörmətlə yanaşır. Lakin 2024-cü il tarixdən etibarən müəssisə mühüm maliyyə itkisinə məruz qalmışdır. Belə ki, yeni layihələr baş tutmamış, işlər dayanmışdır. Bunun nəticəsidir ki, işçilərin əksər hissəsi işdən azad edilmişdir. Şirkət ciddi maliyyə sıxıntı çəkir. Həmçinin Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatında olan Azərbaycan Beynəlxalq Bankı da müəssisəyə qarşı iddia ərizəsi ilə müraciət edərək müəssisədən kifayət qədər böyük bir məbləğdə ödəniş tələb etməkdədir. Müəssisə olaraq qətnamənin icrası üçün hər ay olaraq 1000 (ABŞ dolları) məbləğində ödəniş edə bilər. Şirkətin maliyyə vəziyyəti 2024-cü il tarixdən çox pisləşmişdir və qətnamənin birdəfəlik icrası üçün ödəniş qabiliyyəti mövcud deyildir. Həmçinin icra orqanı tərəfindən ödəniş sənədi də şirkətə təqdim edilməmişdir. Ödəniş sənədinin şirkətə təqdim edilməməsinə görə indiyədək ödənişin ödənilməsi mümkün olmamışdır. Nəzərdə tutulmuş ödənişinin ödənilməsinə də hər hansı etiraz edilməmişdir. Şirkətin birdəfəlik ödəmə imkanı olmadığına görə borcu hissə-hissə ödəyə bilər.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-211/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya instansiya məhkəməsindəki icraat
8. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 8-2(103)-36/2025 nömrəli qərardadı ilə şikayət mümkün hesab edilmiş, yazılı icraat qaydasında işə baxılması xx.xx.2025-ci il tarixə təyin edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin
9. Maddə 231.1.İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
“İcra haqqında” Azərbaycan Respublikası Qanununun
10. Maddə 15. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissəhissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
11. Qətnamənin qəbulundan uzun müddət ötdüyünü və ümumiyyətlə borclunun əmlak vəziyyətinin qətnamənin icrasına maneə törədəcək şəkildə aşağı olmasını təsdiq edəcək hər hansı sübut da məhkəməyə təqdim olunmadığını nəzərə almaqla kollegiya hesab edir ki, məhkəmə ərizəni təmin etməməkdə haqlı olmuşdur.
12. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir.
13. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
14. Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
15. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:
Borclu "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin 8-2(113)-211/2025 saylı xx.xx.2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.