Məhkəmə qərarları › İş №8-2(103)-37/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-37/2025

23.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-37/2025 23.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-8-2(113)-206/2025 saylı qərardadından Borclu2 MMC-nin rəhbəri Borclu1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Samirə Mahmudova, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-977/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı borclu hüquqi şəxs Borclu2 MMC-nin rəhbəri Borclu1 (xx.xx.1986-cı il tarixdə Göyçay rayonunda anadan olmuş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-8-2(113)-206/2025 saylı qərardadı ilə təqdimat təmin edilmiş, borclu hüquqi şəxs Borclu2 MMC-nin rəhbəri Borclu1 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. xx.xx.2025-ci il tarixdə borclu hüquqi şəxs Borclu2 MMC-nin rəhbəri Borclu1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə şikayət təqdim edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-8-2(113)-206/2025 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir.. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd edilən icra sənədi üzrə borclu hüquqi şəxsin etməli olduğu hərəkətləri şərti olaraq 3 hissəyə ayırmaq olar: 1) platformalar vasitəsilə təkzib vermək 2) müvafiq paylaşımları silmək 3) AzEstetik MMC-yə 451 AZN məbləğində çəkilmiş xərclərin əvəzini ödəmək. Borclu hüquqi şəxs qətnamə icraya yönləndirdikdən qısa müddət sonra icra sənədinin bir hissəsini, yəni müvafiq paylaşımların silinməsini tam icra etmişdir. Eyni zamanda, borclu hüquqi şəxs icra məmuru tərəfindən ona ödəniş rekvizitləri təqdim edilməməsi səbəbindən uzun müddət ərzində 451 AZN məbləğindəki ödənişi də həyata keçirə bilməmişdir. Bununla bağlı bir neçə dəfə icra məmuruna müraciət edilmişdir. İcra məmurunun ödəniş rekvizitlərini çox gec təqdim etməsi səbəbindən tərəfimizdən müvafiq ödəniş qərardad qəbul edildikdən sonra həyata keçirilə bilmişdir. İcra məmurunun ödəniş rekvizitlərini təqdim etməməsi isə əsassız deyil və əksinə qərəzli şəkildə olmuşdur. Bu isə icra sənədinin İİİ hissəsinin, yəni təkzib məzmunlu paylaşım edilməsinin indiyə qədər icra edilməməsinin səbəbi kimi çıxış edir. Belə ki, təqdimatı məhkəməyə göndərmiş icra məmuru, Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Samirə Mahmudova icra sənədinin icrası zamanı borclu hüquqi şəxsə qarşı yalnız qərəzli münasibət göstərmişdir. Bütün hərəkət və qərarlarında borclu hüquqi şəxsin qanuni maraqlarını məsuliyyətsizcəsinə tapdalamışdır və tapdalamaqda davam edir. Bunun əyani sübutu kimi isə onları qeyd edirik ki, Samirə Mahmudovanın bu icra işi üzrə AzCosmetics MMC barəsində könüllü icra müddətinin ötürlməsi ilə bağlı əlavə 500 AZN-in ödənilməsi ilə bağlı qəbul etdiyi əsassız qərar Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-201/2025 nömrəli qərarı ilə ləğv edilmiş, eləcə də həmin icra məmuru tərəfindən AzCosmetics MMC-nin AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi ilə bağlı göndərdiyi təqdimat üzrə də Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 3(004)-5094/2025 nömrəli qərarı qəbul edilmiş və inzibati xəta tərkibi olmadığı üçün icraata xitam verilmişdir. Bütün bunlar icra məmurunun qərəzli olmasını və bu qərəzdən dolayı qanunvericiliyin tələblərini gözləməyərək hərəkətlər etməsini mötəbər şəkildə sübut edir. Bütün bunları ilk gündən müşayiət etdikdən və bu şübhəmizin özünü doğrultduğunu anladıqdan sonra icra məmurunun dəyişdirilməsi ilə bağlı tərəfimizdən qanunvericiliyə uyğun olaraq Yasamal rayon İcra şöbəsinə və Ədliyyə Nazirliyinin Apellyasiya Şurasına rəsmi müraciət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-8-2(113)-206/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, icraat materiallarına əsasən müəyyən edilir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-977/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinə göndərilmiş və şöbənin icra məmuru Samirə Mahmudovanın xx.xx.2025-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. İcra Şöbəsi tərəfindən borcluya tələbin könüllü icrası haqqında bildiriş və icraata başlamaq haqqında qərar xx.xx.2025-ci il tarixdə təqdim edilmiş, lakin icra sənədiüzrə tələb könüllü icra üçün müəyyən edilmiş müddətdə icra edilməmişdir. Məhkəmə tərəfindən şikayətin dəlillərinə münasibətdə qeyd edilmişdir ki, borclunun ölkədən getməsi ilə icra sənədinin icrasına maneələr yarana bilər, bu isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər ki, bu da Avropa Konvensiyasının məhkəmə aktlarının ağlabatan müddətdə icra olunması tələbinə ziddir. “İcra haqqında” Qanunun 84-1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən, icra sənədinə əsasən müəyyən hərəkətləri etməli (icra sənədində göstərilmiş pul vəsaitini və başqa əmlakı verməli, digər vəzifələri yerinə yetirməli və ya qadağalara əməl etməli) olan və yaxud müəyyən hərəkətləri etməkdən çəkinməli olan fiziki və ya hüquqi şəxs borclu sayılır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, borclu şikayətində icra sənədi üzrə borclu hüquqi şəxsin etməli olduğu hərəkətləri şərti olaraq 3 hissəyə ayırmış, platformalar vasitəsilə təkzib verməyi, müvafiq paylaşımları silməyi, AzEstetik MMC-yə 451 AZN məbləğində çəkilmiş xərclərin əvəzini ödəməyi qeyd etmiş, lakin tələbin yalnız ödənilməli olan məbləğ hissəsini uzun müddətdən sonra icra edə bildiyini bildirmiş, icra sənədi üzrə tələblərin digər hissələrini icra etməsinə dair hər hansı sübutu əlavə etməmiş, dolayısı ilə uzun müddət keçməsinə baxmayaraq icra vərəqəsinin tam icra etmədiyini qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində məhkəmə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu2 MMC-nin rəhbəri Borclu1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-8-2(113)-206/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar