Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-4/2024 21.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin hərəkətlərindən verilmiş şikayətə dair iş üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 8-2(113)-78/2023 nömrəli qərardadından "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: "xxxx" X2 şikayətlə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı hərəkətlərinin və ipoteka predmeti olan əmlakın hərracda satılmasına dair xx.xx.2023-cü il tarixli sifariş məktubunun etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 8-2(113)-78/2023 saylı qərardadı ilə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin hərəkətlərindən verilmiş şikayətə dair iş üzrə icraata xitam verilmişdir. Qeyd edilən qərardaddan "xxxx" MMC tərəfindən tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 10 oktyabr tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyini düzgün tətbiq etməmişdir. Plenumun qərarına görə "“İcra haqqında” Qanunun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər." Hazırkı iş üzrə icra sənədi məhz 2009-cu il tarixdə iqtisad məhkəməsi (hazırda kommersiya məhkəməsi) tərəfindən verilmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin mövqeyi əsassız və qanunsuzdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8-2(113)-78/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 8-2(113)-78/2023 nömrəli qərardadı ləğv edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6.-cı maddəyə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apelyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda "xxxx" X1 icra məmurunun hərəkətlərindən şikayətə inzibati icraat qaydasında baxılması barədə mövqeyi düzgün deyil. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Qanunvericiliyə görə icra sənədlərinin icra edilməsinə nəzarəti icra qurumunun rəhbəri ilə yanaşı həmin icra sənədini verən məhkəmə həyata keçirir. Məhkəmə dedikdə konkret instansiya deyil, mübahisəyə məhkəmə aidiyyəti üzrə baxmış məhkəmə nəzərdə tutulur. Konkret halda hərəkətləri mübahisələndirilən Xətai rayon İcra Şöbəsinin icraatında olan icra sənədi Azərbaycan Respublikası 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinin iqtisadi mübahisə üzrə qəbul etdiyi qətnamə əsasında verilmiş icra sənədi olduğundan bu məhkəmə ləğv edildiyi üçün 2(81)-149/2009 saylı icra sənədinin icrasına nəzarəti Bakı Kommersiya Məhkəməsi həyata keçirməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında isə göstərilmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. Qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə İnzibati Prosessual Məcəlləyə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarına əsasən inzibati-iqtisadi məhkəmələr icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə o halda baxa bilərlər ki, mübahisə publik hüquq sahəsinə aid olsun, yəni məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurları öz üzərlərinə düşən vəzifələri düzgün icra etmədiklərinə görə icraatda tərəf olmayan 3-cü şəxslərin hüquq və mənafelərinə ziyan dəymiş olsun. Məsələn: məhkəmə qətnaməsi ilə cavabdehə aid fərdi yaşayış evinin sökülməsi qət edildiyi halda, icra məmuru səhvən cavabdehin deyil, başqa bir şəxsin evinin sökülməsi ilə bağlı göstəriş verir, nəticədə həmin şəxsə ziyan dəymiş olur. Belə olan halda artıq bu mübahisəyə icraya nəzarət edən məhkəmə tərəfindən baxıla bilməz. Ziyan vurmuş orqan dövlət hakimiyyət səlahiyyətlərini həyata keçirən inzibati orqan olduğuna görə qanuna əsasən inzibati orqanın vurduğu ziyanla bağlı kompensasiya tələbinə inzibati icraat qaydasında baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə iddiaçının şikayəti ilə razılaşır ki, birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə qərardadı qanunvericiliyin tələbinə və məhkəmə praktikasına uyğun deyil. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 8-2(113)-78/2023 nömrəli qərardadı ləğv edilməli, iş baxılması üçün birinci ərizəyə baxılması üçün instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.3, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: "xxxx" MMC-nin şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 8-2(113)-78/2023 nömrəli qərardadı ləğv edilsin. İş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №8-2(103)-4/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-4/2024
21.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver