Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-41/2025 13.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ borclunun təsis payının üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatı üzrə (Açar söz: şikayətdən imtina, apellyasiya icraatına xitam) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), X6 və X5 ibarət tərkibdə “İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun təsis payının üzərinə həbs qoyulmasına dair” Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmurunun təqdimatı üzrə Bakı Kommersiya Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli qərardadından Borclu nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. X1 İlqar Əliağa oğluna qarşı “öhdəliyin icra edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 270 000 ABŞ dolları məbləğində borcun, həmin borcun 132 gün üçün illik 5 faizi olan 4993 ABŞ dollarının, 749 manat dövlət rüsumunun və 400 manat mediasiya xərcinin, cəmi 274 993 ABŞ dollarının və 1149 manatın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Borclu 270 000 ABŞ dolları məbləğində borc, həmin borcun 132 gün üçün illik 5 faizi olan 4882 ABŞ dolları, 749 manat dövlət rüsumu və 400 manat mediasiya xərci, ümumilikdə 274 882 ABŞ dollarının ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə və 1149 manatın alınaraq X2 ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Borclu apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Qətnamə qanuni qüvvəyə mindikdən sonra Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli icra sənədi xx.xx.2025-ci il tarixdə icra olunması üçün Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə göndərilmiş, sonuncu tərəfindən xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə borcluya bildiriş ünvanlanmışdır.
5. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli “Borclunun axtarışı haqqında” qərarına əsasən borclu, xx.xx.1963-cü il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu barəsində axtarış elan edilmiş, qərar icra olunması üçün Xətai Rayon Polis İdarəsinə göndərilmişdir.
6. "xxxx" MMC tərəfindən Bakı şəhəri Xətai rayon İcra şöbəsinə təqdim olunması üçün verilmiş arayışa əsasən, Borclu həqiqətən də Bakı şəhəri, Nəriman ünvan 3 ünvanında qeydiyyatsız yaşayır.
7. Borclu tərəfindən Bakı şəhəri Xətai rayon İcra şöbəsinə verilmiş ərizəyə əsasən borclu, Xətai rayon İcra şöbəsinin icraatında olan icra işini aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.2-ci maddəsinə əsasən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli sənədi icra olunması üçün Nərimanov Rayon İcra şöbəsinə göndərilmişdir.
9. Borclu tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədə borclu, "xxxx" MMC-də ona məxsus 50% nizamnamə kapitalına və mövcud olan qiymətli daşınar əmlakların üzərinə həbs qoyulması, aidiyyəti icra tədbirləri görülərək borcun ödənilməsinə yönləndirilməsini xahiş etmişdir.
10. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli sənədi icra sənədinin icrası ilə bağlı Borclu və X7 məxsus əmlakın olubolmaması, olduğu təqdirdə həmin əmlakın hansı tarixdən, hansı hüquqi əsaslarla borclunun mülkiyyətinə keçməsi barədə rəsmi məlumat verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Reyestri Xidmətinə xx.xx.2025-ci il tarixli məktubla sorğu verilmişdir.
11. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli “Borclunun əmlakının üzərinə həbs qoyulması” haqqında qərarı ilə borcluya aid olan pay hissəsində Bakı şəhəri, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 1.07 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuş və qərar icra olunması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə göndərilmişdir.
12. Borclu Bakı şəhəri Nərimanov rayon İcra şöbəsində verildiyi xx.xx.2025-ci il tarixli izahatında icra sənədi barədə xəbərdar olduğunu, hazırda imkanı olmadığını, lakin icra orqanına istehsal avadanlıqları təqdim etdiyini, həmin avadanlıqların dəyərinin borcu bağlamağa yetərli olduğunu, icra sənədi üzrə ödəniş etmədiyini, hazırda adına rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlak olmadığını, sadəcə dövlətdən icarə hüququ əsasında torpaq və üzərində tikili mövcud olduğunu, aidiyyəti təşkilatlarda qiymətli kağızlarının və ya əmanətinin olmadığını göstərmişdir.
Birinci instansiya məhkəməsindəki icraat və qəbul olunmuş məhkəmə aktı
13. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru təqdimatla Bakı Kommersiya Məhkəməsinə (məhkəmə) müraciət edərək, məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu "xxxx" MMC-də olan 50% təsis payının üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
14. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə Borclu ümumilikdə 274 882 ABŞ dollarının ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə və 1149 manat alınaraq X2 ödənilməlidir. İcraat zamanı məlum olmuşdur ki, Borclu "xxxx" MMC-nin (VÖEN :**********) nizamnamə kapitalında 50% təsis payı vardır, borclu şəxsin mülkiyyətində tələbin yönəldilə biləcəyi başqa əmlak yoxdur. Eyni zamanda borclu təsis payının üzərinə həbs qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 94.1-ci maddəsinə əsasən iştirakçının şəxsi borcları üzrə tutmanın onun məhdud məsuliyyətli cəmiyyətin əmlakındakı payına yönəldilməsinə yalnız onun başqa əmlakının borclarını ödəməyə kifayət etmədiyi halda yol verilir. Cəmiyyətin əmlakının ayrılmalı hissəsi və ya onun dəyəri kreditorların tələb irəli sürdükləri məqamda tərtib edilmiş balans üzrə müəyyənləşdirilir.
15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə təqdimatın təmin olunması qərara alınmışdır.
16. Məhkəmə, gəldiyi nəticəni “İcra haqqında” Qanunun 43.1.1-ci, 44.1.3-cü, 45.1-ci, 45.6-cı və 50.2-ci maddələrinə istinadla belə əsaslandırmışdır ki, icra sənədinin icrasının təmin edilməsi məqsədilə "xxxx" MMC-nin nizamnamə kapitalında olan borcluya məxsus 50 (əlli) faiz payının üzərinə həbs qoyulmalıdır.
17. Həmin qərardaddan Borclu tərəfindən verilmiş şikayət məhkəmənin 22 oktyabr 2025-ci tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
18. Şikayət belə əsaslandırılmışdır ki, Borclu tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə "könüllü icra barədə" ərizə ilə müraciət olunaraq, Borclu məxsus "xxxx" MMC-də nizamnamə kapitalının və mövcud qiymətli daşınar əmlakların üzərinə həbs qoyulması və aidiyyəti icra tədbirləri görülərək, borcun ödənilməsinə yönləndirilməsi xahiş edirilmişdir. Bu minvalla icra məmuru Bakı Kommersiya Məhkəməsinə təqdimatla müraciət etmişdir. Lakin həmin təqdimat natamam və prossesual qaydalar pozulmaqla məhkəməyə tədim edilmiş və nəticə də əsasız qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 94.1-ci maddəsinə əsasən iştirakçının şəxsi borcları üzrə tutmanın onun məhdud məsuliyyətli cəmiyyətin əmlakındakı payına yönəldilməsinə yalnız onun başqa əmlakının borclarını ödəməyə kifayət etmədiyi halda yol verilir. Həmin iştirakçının kreditorları məhdud məsuliyyətli cəmiyyətdən tutmanın yönəldilməsi məqsədilə cəmiyyətin əmlakının borclunun nizamnamə kapitalındakı payına uyğun hissəsinin dəyərini ödəməyi və ya bu əmlak hissəsini ayırmağı tələb edə bilərlər. Cəmiyyətin əmlakının ayrılmalı hissəsi və ya onun dəyəri kreditorların tələb irəli sürdükləri məqamda tərtib edilmiş balans üzrə müəyyənləşdirilir. Borclu tərəf olaraq nizamnamə kapitalına həbs qoyulması barədə xahişləri mövcud olsa da, sonradan məlum olmuşdur ki, bu tələbin özü əsaslı deyil, ona görə ki, yuxarıda göstərilən qanunvericilik normasının təhlili onu deməyə əsas verir ki, icra məmuru məhkəməyə təqdimat verərkən, borclunun "xxxx" MMC-də mövcud olan əmlaklarını payına mütənasib olaraq siyahıya almalı və həmin siyahı üzrə qeyd edilmiş əmlaklara həbs qoyulması barədə məhkəməyə təqdim etməli idi. Belə ki, həmin əmlakların dəyəri borclunun icra sənədi üzrə icra etməli olduğu pul vəsaitindən çoxdur. Bu halda nizamnamə kapitalına həbs qoyulması sadəcə formal xarakter daşımaqla, borclunun cəmiyyətlə bağlı hüquqlarını məhdudlaşdırmağa xidmət etmişdir. Bundan əlavə xx.xx.2025-ci il tarixdə qəbul edilmiş qərardad qanuni qüvvəsini almadan xx.xx.2025-ci il tarixdə icra edilməsi üçün Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir.
Apellyasiya baxışı
19. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılması qərara alınmışdır.
20. Bununla belə, 29 oktyabr 2025-ci il tarixində Borclu nümayəndəsi Nümayəndə3 elektron sistemə ərizə daxil edərək Bakı Kommersiya Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli qərardadından vermiş olduqları şikayətin geri qaytarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.
22. Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.
23. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, Borclu nümayəndəsinin şikayətindən imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və şikayətçiyə münasibətdə apellyasiya icraatına xitam verilməlidir.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Bakı Kommersiya Məhkəməsinin e-8-2(113)-244/2025 saylı iş üzrə 10 oktyabr 2025-ci il tarixli qərardadından Borclu nümayəndəsi tərəfindən verilmiş şikayətdən onun imtinası qəbul edilsin və Borclu münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Hakimlər: Elnur Həsənov
Tural Qocayev
Leyla Əliyeva