Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-43/2025 18.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlu (sədrlik edən və məruzəçi), X6 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-204/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından tələbkar LPO Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: Birinci instansiya məhkəməsindəki icraat
1. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, xx.xx.2014-cü il tarixli 0/4 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borc, 458608,90 manat faiz, illik 5 faizlə hesablanmış 709023,24 manat vo 32367,86 manat cərimə ümumilikdə ******* manat və dövlət rüsumu kimi ödənilmiş 28.18 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi, tutma "xxxx" MMC-nin xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli nizamnaməsində göstərilən iştirakçılarının nizamnamə kapitalındakı aşağıdakı kimi müəyyən edilmiş X3 məxsus 1 pay-50% və X2 məxsus 1 pay- 50% paylarına yönəldilməsi, iddia qalan hissədə rədd edilməsi, məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı olan 145 manat məbləğində xərcin 8,78 manatı iddiaçı LPO "xxxx" ASC-dən 136,21 manatı isə cavabdeh "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir. Qətnamənin icra edilməsi üçün icra vərəqəsi Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir.
2. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Sahib Allahverdiyev icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə qaytarılması barədə xx.xx.2023-cü il tarixli qərar qəbul etmişdir.
3. Qeyd edilən qətnamədən cavabdeh Borclu MMC tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-19/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-4/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
4. Həmin qətnamədən cavabdeh Borclu MMC tərəfindən xx.xx.2025-ci il tarixində kassasiya şikayəti verilmişdir.
5. Tələbkar LPOTələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu şikayət ərizəsi ilə “icra sənədinin qaytarılması haqqında” Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsinə və icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-4/2022 saylı icra sənədinin yenidən icraya yönəldilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-204/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir.
7. Tələbkar LPO Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-204/2025 saylı qərardadının ləğv edilməsi və “İcra sənədinin qaytarılması haqqında” Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarından verilmiş şikayətin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyev xx.xx.2023-cü il tarixində Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-4/2022 saylı icra sənədi üzrə “icra sənədinin qaytarılması haqqında” qərar qəbul etmişdir. LPO Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu olaraq tərəfimizdən sözügedən icra sənədi üzrə “icra sənədinin qaytarılması haqqında” qərarın ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi üçün icra sənədinin yenidən icraya yönəldilməsinə dair şikayət verilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-204/2025 saylı qərardadı ilə verilmiş şikayət təmin edilməmişdir. Hakim Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 2(113)-4/2022 saylı qətnaməsinin qanuni qüvvəyə minmədiyi faktını əsas gətirərək hazırda Borclu MMC tərəfindən verilmiş apellyasiya və kassasiya qaydasında məhkəmə mübahisəsinin davam etdiyini bildirmiş və bu səbəbdən qanuni qüvvəsini almamış məhkəmə qətnaməsinin yenidən icraya yönəldilməsinin yolverilməz olduğunu qeyd etmişdir. Aşağıda göstərilənlərə əsasən, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8-2(113)-204/2025 saylı qərardadı LPO Tələbkar ASC-nin hüquq və qanuni mənafeyinə zidd olduğuna, qeyri-qanuni və əsassız olduğuna görə ləğv edilməlidir. İlk növbədə bildirilir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)- 4/2022 saylı icra sənədinə əsasən cavabdeh Borclu MMC-dən 6.200000 manat və 28,18 manat dövlət rüsumunun tutularaq LPO Tələbkar ASC-nin xeyrinə ödənilməsi, tutmanın Borclu MMC-nin xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli nizamnaməsində göstərilən iştirakçılarının nizamnamə kapitalındakı aşağıdakı kimi müəyyən edilmiş X3 1 pay-50% və X1 məxsus 1 pay-50% paylarına yönəldilməsi qərara alınmışdır. Belə ki, sözügedən icra sənədi xx.xx.2022-ci il tarixdə verilən zaman məhkəmə qətnaməsi mübahisələndirilməmişdir. Qətnamənin mübahisələndirilməsi icraat dövründə aparılmış və bu barədə icra məmurundə heç bir məlumat olmamışdır. Eyni zamanda bildiririk ki, “İcra haqqında” AR Qanunun 17.1.7. İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Göründüyü kimi əgər iş üzrə icra sənədi verilmişdirsə və məhkəmə mübahisəsi icraat dövründə aparılırsa icra məmuru həmin maddənin tələbinə əsasən dərhal məhkəmə mübahisəsi yekunlaşanadək icraatın dayandırılmasına dair qərar qəbul edir. Sonradan yekun məhkəmə aktının nəticəsinə uyğun olaraq icra addımları atır. Göründüyü kimi icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsinin mübahisələndirdiyi hallarında icra qanunvericiliyi icra məmurunun davranış qaydalarını aşkar qaydada müəyyən edir. Tələbkar olaraq icra məmurunun qərarından şikayət verməkdə məqsəd qanuni qüvvəsini almamış məhkəmə qətnaməsi üzrə icra hərəkətlərinin davam etdirilməsi deyil, sadəcə olaraq icra məmurunun qərarında nəzərdə tutulmuş prosessual müddətin buraxılmamasıdır. İcra sənədi icraya yönəldildikdən sonra icraatın dayandırılmalı və ya davam etdirilməli olduğunu icra məmuru icra qanunvericiliyinə əsaslanaraq müəyyən edəcəkdir. Bundan əlavə icra məmurunun sözügedən qərarına münasibətdə bildirilir ki, icra məmuru icraat çərçivəsində sədəcə olaraq elektron sistem üzərindən borclu şəxsin əmlak vəziyyətinin yoxlanılması ilə kifayətlənmiş və icra qanunvericiliyinin müəyyən etdiyi digər zəruri məcburi icra tədbirlərinin görülməsi istiqamətində icra addımları atmamışdır. Belə ki, icra sənədinin mahiyyətindən göründüyü kimi məhkəmə qərarına əsasən icra edilməli tələblər iki hissədən ibarətdir: 1. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)- 4/2022 saylı icra vərəqəsi ilə cavabdeh Borclu MMC tərəfindən kredit müqaviləsi üzrə yaranmış borcun tələbkar LPO Tələbkar ASC-nin xeyrinə tutulması; 2. Tutmanın Borclu MMC-nin xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli nizamnaməsində göstərilən iştirakçılarının nizamnamə kapitalındakı aşağıdakı kimi müəyyən edilmiş X3 1 pay-50% və X1 məxsus 1 pay-50% paylarına yönəldilməsi; Qeyd olunanlardan göründüyü kimi icra sənədinin icra edilməsi yalnız “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsində təmin edilməsi mümkün olmamış və borcun tutulması hissəsində zəruri icra addımları atılmamışdır. Qətnamənin qət etdi hissəsinin 1-ci abzası ilə borcun cavabdehdən tutulması aydın şəkildə göstərilməklə icra sənədinin icrası üsulu və qaydası müəyyən edilmişdir. Həmçinin icraat dövründə borclu şəxsin rəhbərindən icra sənədinin icrasına münasibətin öyrənilməsi məqsədi ilə izahat alınmamış, icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yetirməyən borclu şəxsin rəhbərinin vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində müvafiq protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim edilməmiş, eyni zamanda borclu şəxsin rəhbərinin gələcəkdə ölkə hüdudlarını tərk etməsi məhkəmə qərarının icrasının mümkünsüzlüyü ilə nəticələnəciyini nəzərə alaraq ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət olunmamışdır. Eyni zamanda bildirilir ki, icra sənədi ilə borcludan tutulmalı olan borc məbləğinin ipoteka predmetinə yönəldilməsi icra sənədinin icra üsulu kimi qiymətləndirilə bilməz. Tutmanın yönəldildiyi nizamnamə kapitalındakı pay kreditin təminatı kimi çıxış etdiyindən və tutmanın həmin paylara yönəldilməsi qanunla müəyyən edildiyindən, tələbin ipoteka predmetinə yönəldilməsi qətnamədə icra üsulunun müəyyən edilməsi kimi hesab edilə bilməz. Belə ki, yuxarıda göstərildiyi kimi icra sənədində ilk növbədə borcludan pul məbləğinin tutulması qeyd edilmiş və paylar əsas öhdəliyin təminatı kimi çıxış etdiyindən həmin tutulmalı olan pul məbləğinin qanunun tələblərinə əsasən paylara yönəldilməsi nəzərdə tutulmuşdur. Yəni borcludan tutulmalı olan pul məbləğinin ipoteka predmetinə yönəldilməsi barədə icra sənədi üzrə icra hərəkətləri həyata keçirilərkən ipoteka predmeti olan əmlakın olması, yaxud hər hansı səbəbdən mövcud olunmaması və bununla da tutmanın həmin əmlaka yönəldilməsinin mümkün olmaması, borcludan pulun tutulması ilə bağlı icra hərəkətlərinin dayandırılmasına əsas ola bilməz. Belə ki, icra məmuru icra sənədində qeyd edilən pulun borcludan tutulması ilə bağlı “İcra haqqında” AR Qanunda müəyyən edilən bütün prosedur qaydalara (başqa əmlakların axtarılması və s.) riayət etməlidir. Göründüyü kimi Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyev “İcra haqqında” AR Qanununun 23.1.3-cü maddəsinə istinad edərək icra sənədinin qaytarılması haqqında qərar qəbul edərkən səhv qənaətə gəlmişdir. Sadəcə olaraq icra məmuru sözügedən qərarı qəbul etməklə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasını mümkünsüz etmişdir. Qeyd olunanlara əsasən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-204/2025 saylı qərardadı ləğv edilməlidir.
9. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-204/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə tələbkar LPO Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya baxışı
10. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
11. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun:
- 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. - 17.1.7-ci maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. - 19.1.3-cü maddəsinə əsasən icra hərəkətləri, habelə icra sənədi və yaxud icra sənədinin verilməsi üçün əsas olmuş tələb, məhkəmə və ya digər orqanın qərarı barəsində mübahisə qaldırıldığı halda - mübahisəyə mahiyyəti üzrə baxılanadək dayanadırılır. 19.1.6-cı maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti ilə əlaqədar həmin məhkəmələrin qərarları qanuni qüvvəyə minənədək dayandırılır. - 19.2-ci maddəsinə əsasən icraatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra icra məmuru və ya icra qurumunun rəhbəri tələbkarın ərizəsi, yaxud öz təşəbbüsü ilə icra sənədi üzrə icraatı təzələyir. - 23.1-ci maddəsinə görə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını qəbul etməkdən və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. - 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
12. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Sahib Allahverdiyev tərəfindən qəbul edilmiş “icra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-4/2022 saylı icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə göndərilməlidir.
13. Belə ki, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Sahib Allahverdiyev tərəfindən qəbul edilmiş “icra sənədinin qaytarılması haqqında” xx.xx.2023cü il tarixli qərarından görünür ki, Yasamal rayon İcra Şöbəsində başlanılmış icraat zamanı tələb borclu tərəfindən könüllü icra müddəti ərzində təmin edilməmişdir. İcraat zamanı "xxxx" MMC-nin qiymətləndirilməsi ilə bağlı "Qiymətləndirmə Xidməti Mərkəzi”-nə müraciət edilmiş və MMC-nin xx.xx.2023-cü il tarixli məktubunda qiymətləndirmənin aparılmasının mümkün olmadığı bildirilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun icra sənədində qeyd olunan ünvanına baxış keçirilmiş, orada "City Plaza” MMC-yə məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlakın olmadığı müəyyən edilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Həmçinin “Elektron İcra” İnformasiya sistemindən məlum olmuşdur ki, borcluya məxsus hər hansı əmlak və gəlir növləri mövcud deyil.
14. “İcra haqqında” Qanun tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin məhkəməyə qaytarılması imkanını təsbit etmiş, borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etməyin və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etməyin mümkün olmamasını (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) bu hallardan biri kimi müəyyənləşdirmişdir.
15. Qanunun göstərilən müddəasının mənasından göründüyü kimi, icra məmuru həmin əsasla icra sənədini o halda məhkəməyə geri qaytara bilər ki, borclunun yaşayış yerini, əmlakının olduğu yeri müəyyən etmək, yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumatı əldə etmək mümkün olmasın.
16. Məhkəmə kollegiyası qeyd edir ki, icra məmuru icraat zamanı sadəcə olaraq elektron sistem üzərindən borclu şəxsin əmlak vəziyyətinin yoxlanılması ilə kifayətlənmiş və icra qanunvericiliyinin müəyyən etdiyi digər zəruri məcburi icra tədbirlərinin görülməsi istiqamətində heç bir addım atmamışdır. Belə ki, icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yetirməyən borclu şəxsin rəhbərinin izahatı alınmamış, onun vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində müvafiq protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim edilməmiş, eyni zamanda borclu şəxsin rəhbərinin gələcəkdə ölkə hüdudlarını tərk etməsi məhkəmə qərarının icrasının mümkünsüzlüyü ilə nəticələnəcəyini nəzərə alaraq ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət olunmamışdır.
17. Bununla yanaşı, icra sənədinin icra edilməsi yalnız “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsində təmin edilməsi mümkün olmamış, digər hissədə, yəni “borcun tutulması” hissəsində isə heç bir tədbir görülməmişdir. Belə ki, ipoteka predmeti olan əmlakın olmaması və bununla da tutmanın həmin əmlaka yönəldilməsinin mümkün olmaması, borcludan pulun tutulması ilə bağlı icra hərəkətlərinin edilməsindən imtina üçün əsas ola bilməz. Belə ki, icra məmuru icra sənədində qeyd edilən pulun borcludan tutulması ilə bağlı qanunla nəzərdə tutulan məcburi icra tədbirləri görə bilərdi.
18. Göründüyü kimi, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyev “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə istinad edərək icra sənədinin qaytarılması haqqında qərar qəbul edərkən yanlış nəticəyə gəlmişdir.
19. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları nəzərə almayaraq, icra sənədinin qaytarılmasının qanunauyğun olub-olmamasına lazımi qiymət verməmişdir.
20. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir.
21. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Sahib Allahverdiyev tərəfindən qəbul edilmiş “icra sənədinin qaytarılması haqqında” xx.xx.2023cü il tarixli qərarı ləğv edilməli və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 2(113)-4/2022 saylı icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə göndərilməlidir.
22. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
23. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 231, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Tələbkar LPO Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Sahib Allahverdiyev tərəfindən qəbul edilmiş “icra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-4/2022 saylı icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.