Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-44/2025 21.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Babək Qarayev tərəfindən verilmiş e-2-2(113)-3702/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu MMC-nə məxsus əmlakın üzərinə həbs qoyulması barədə təqdimatına əsasən Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-215/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından Borclu MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Babək Qarayev təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə borclu “Nimex" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan FİAT DOBLO MİNİK markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, FİAT DOBLO YÜK markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı, MERCEDES BENZ VİTO YÜK markalı, **-JC-*** dövlot qeydiyyat nişanlı vo HYUNDAİ H100 YÜK markalı, **- JA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-215/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə təqdimat qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3702/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası məqsədi ilə borclu “Nimex" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan FİAT DOBLO MİNİK markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, FİAT DOBLO YÜK markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı, MERCEDES BENZ VİTO YÜK markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə icra vərəqəsi üzrə borc məbləği (12457,06 ABŞ dolları +1127 manat) həddində həbs qoyulmuşdur. Borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-215/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməsi, icra məmurunun təqdimatı əsassız hesab edilərək təmin edilməməsi, əgər məhkəmə təminat tədbiri zəruri hesab edərsə, o halda yalnız bir nəqliyyat vasitəsinin (məsələn, **-JL-***) üzərinə həbs qoyulmaqla borc məbləği həddində təminat tətbiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə icra məmuru Babək Qarayevin təqdimatı qismən təmin edilərək, Borclu MMC-yə məxsus **-PD-***, **-JL-*** və **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə 12457,06 ABŞ dolları və 1127 manat məbləğində borc həddində həbs qoyulması barədə qərar qəbul edilmişdir. Qərardad qanunsuz və əsassız qəbul olunmuşdur, çünki qərardad mütənasiblik prinsipinə ziddir. Hakim qərardadda Konstitusiyanın 60 və 71-ci maddələrinə, habelə Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli qərarına istinad etmiş, lakin onların mahiyyətini düzgün tətbiq etməmişdir. Mütənasiblik prinsipinə görə, icra tədbirləri yalnız borcun təmininə zəruri olan həcmdə tətbiq edilməlidir. Halbuki iş materiallarında göstərilən avtomobillərin real bazar dəyəri borc məbləğindən dəfələrlə yüksəkdir. Məsələn: Mercedes-Benz Vito (**-JC-***) avtomobilinin faktiki bazar qiyməti 32500 manatdır(turbo.az elanı ilə təsdiqlənir), Fiat Doblo (**-PD-***) – təxminən 18000 manat, Fiat Doblo (**-JL-***) – 9500 AZN. Beləliklə, cəmi üç avtomobilin dəyəri təxminən 60000 manat təşkil edir ki, bu da borc məbləğini (təxminən 22 000 manat) üç dəfədən çox üstələyir. Bu, “İcra haqqında” Qanunun 45.7-ci maddəsində nəzərdə tutulan tələbin — “Tələbin icrası üçün yalnız lazım olan miqdarda əmlaka yönəldilməsinə yol verilir” – pozulması deməkdir. Qərardad iqtisadi fəaliyyətin tam iflicinə səbəb olur Borclu MMC-nin əsas fəaliyyət sahəsi yükdaşıma və logistika xidmətləridir. Həbs qoyulan avtomobillər şirkətin gündəlik əməliyyatlarında istifadə olunan istehsal vasitələridir. Bu nəqliyyat vasitələrinin istifadədən çıxarılması şirkətin əməliyyat fəaliyyətini tam dayandırır, bu isə Konstitusiyanın 71-ci maddəsində təsbit edilmiş sahibkarlıq azadlığı prinsipi ilə ziddiyyət təşkil edir. Belə müdaxilə mütənasiblik tələbinə uyğun deyil və icra tədbirinin məqsədi ilə həddən artıq ağır nəticələr doğurur. Qərardad digər qüvvədə olan məhkəmə aktlarına ziddir. Eyni avtomobillər barəsində Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarları ilə 17 avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi tədbiri artıq qüvvədədir. Yəni həmin avtomobillər artıq hüquqi məhdudiyyət altındadır. Eyni əmlak üzərində əlavə həbs qoyulması paralel və ziddiyyətli icra tədbiri hesab olunur və bu, qanunvericilikdə nəzərdə tutulmamış ikili məhdudiyyət yaradır. “İcra haqqında” Qanunun 50.2-ci maddəsinin tətbiqi səhv olmuşdur. Həmin maddə yalnız “əsaslandırılmış təqdimat” olduqda məhkəməyə həbs tətbiq etmək səlahiyyəti verir. Lakin icra məmurunun təqdimatında əmlakın dəyəri, onun borc məbləği ilə müqayisəli əsaslandırılması və alternativ təminat imkanları göstərilməmişdir. Bu halda məhkəmə həmin təqdimatı əsassız hesab etməli idi, lakin bunu etməyib.. Avtomobillərin bazar dəyəri məhkəmə həmin nəqliyyat vasitələrinin real qiymətini müəyyən etmədən “borca mütənasib” hesab edib. Əvvəlki məhkəmə qərarları eyni avtomobillər üzərində artıq məhdudiyyət (xx.xx.2025 və xx.xx.2025 qərarları) qüvvədə olduğu halda, bu fakt araşdırılmayıb. İcra məmurunun təqdimatının əsaslandırılması — təqdimatda əmlakın dəyəri, alternativ təminat imkanı və ya borcun ödənməsi üçün daha yumşaq tədbirlərin olub-olmaması qiymətləndirilməyib. Borc məbləği ilə həbs qoyulan əmlakın dəyəri arasında nisbət – məhkəmə avtomobillərin real bazar qiymətini müəyyən etmədən “mütənasib” sayıb. Eyni əmlak üzərində əvvəlki məhkəmə məhdudiyyətləri – xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli qərarlarla həmin maşınlara artıq qadağa qoyulduğu sübutlarla təsdiqlənsə də, bu hallara qiymət verilməyib. Şirkətin iqtisadi fəaliyyəti – Borclu MMC-nin avtomobilləri istehsal vasitəsi kimi istifadə etməsi sübut olunmalı idi, lakin məhkəmə bunu yoxlamayıb. Əmlakın dəyəri barədə yanlış qənaət formalaşdırılıb — məhkəmə nəqliyyat vasitələrinin real bazar dəyərini araşdırmadan, onların “borca mütənasib” olduğunu qəbul edib. Halbuki təqdim olunan sübutlar (texniki pasportlar, bazar elanları) əksini göstərir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8-2(113)-215/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya Bakı Kommersiya Məhkəməsinin qərardadı ilə icra məmurunun təqdimatının qismən təmin edildiyini, həmin təqdimatdan borclunun şikayət verdiyini və şikayətin dəlillərinin qərardadın təqdimatın təmin edilmiş hissəsində ləğvinə yönəldilyini nəzərə alaraq hesab edir ki, qərardadın əsaslılığı yalnız təqdimatın təmin edilmiş hissəsində yoxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Faktlar: -xx.xx.2025-ci il tarixli icra vərəqəsi üzrə 12097,06 ABŞ dolları əsas borc, 360 manat ABŞ dolları cərimə olmaqla ümumilikdə 12457,06 ABŞ dolları (tutulduğu anda Azerbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) cavabdeh “Nimex" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı “Formag-Baku" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 127 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 1000 manat cavabdeh “Nimex" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı “Formag-Baku" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. - Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru İmran Cəfərquliyevin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(103)- 3702/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, həmin tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş ünvanlanaraq icra sənədinin 10 gün müddətində könüllü icra edilməsi təklif olunmuşdur. - Borclunun elektron informasiya sistemində olan məlumatlarından görünür ki, Borclu MMC-nin mülkiyyətində FİAT DOBLO MİNİK markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, FİAT DOBLO YÜK markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı, MERCEDES BENZ VİTO YÜK markalı, **-JC-*** dövlot qeydiyyat nişanlı vo HYUNDAİ H100 YÜK markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı və digər nəqliyyat vasitələri mövcuddur. Hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab olunur. 45.1-ci madəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsinin icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 50.1-ci maddəsinə görə icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası Borclu MMC-nin icra sənədini könüllü icra üçün müəyyən edilmiş müddət ərzində icra etmədiyini, e-2-2(113)-3702/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinin iki aya yaxın müddət ərzində icra edilməmiş qaldığını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi icra məmurunun təqdimatı əsasında borclu “Nimex" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan X7 markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, X8 markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı, X6 Yük markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə icra vərəqəsi üzrə borc məbləği (12457,06 ABŞ dolları +1127 manat) həddində üzərinə həbs qoymaqda haqlı olmuşdur. Apellyasiya şikayətinin arqumentləri: -Üç avtomobilin ümumi bazar dəyərinin təxminən 60000 manat olması barədə irəli sürülən dəlilə münasibətdə kollegiya qeyd edir ki, nəqliyyat vasitələrinin istismar və köhnəlmə nəticəsində dəyərinin müntəzəm surətdə azalması, həmçinin borcun xarici valyutada müəyyən edilməsindən yaranan valyuta riskləri nəzərə alınmaqla, hazırda göstərilən dəyərdə olan nəqliyyat vasitələri üzərinə həbs qoyulması mütənasiblik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. -Mübahisə predmeti olan nəqliyyat vasitələrinin üzərində digər icra sənədinin icrasını təmin etmək üçün qoyulmuş həbsin mövcud olması barədə dəlillərə gəldikdə isə kollegiya hesab edir ki, istinad edilən hal hazırkı icra sənədi üzrə həmin nəqliyyat vasitələrin üzərinə həbs qoyulması imkanını istisna etmir, əksinə nəqliyyat vasitələrinin satılaraq ilk növbədə başqa borcun ödənilməsinə yönəldilməsi riskini artırır. Digər tərəfdən, həmin əmlakların satışından əldə olunacaq vəsaitin hər iki borcun ödənilməsinə kifayət edəcəyi ehtimalı da istisna olunmur və bu məqam da təqdimatın təmin edilməsini zəruri edən faktorlardan biri kimi dəyərləndirilməlidir. Odur ki, kollegiya hesab edir ki, təqdimatın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Qərardaddan şikayət isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-215/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №8-2(103)-44/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-44/2025
21.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver