Məhkəmə qərarları › İş №8-2(103)-5/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-5/2021

04.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-5/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Tələbkar1 və borclunun nümayəndəsi Borclu3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 03.02.2021-ci il tarixli 8-2(113)-3/2021 saylı qərardadından Tələbkar1 və borclu “xxxx” MMC tərəfindən birdə verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 2-2(113)-247/2020 saylı icra sənədinə əsasən “xxxx” MMC-dən 84000 manat əsas borc, 40600 manat dəbbə pulu olmaqla ümumilikdə 124600 manat, həmçinin, dövlət rüsumu kimi ödənilmiş 29,66 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar1 ödənilməlidir. Tələbkar1 ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin icra üsulunun və qaydasının dəyişdirilərək tutulmalı olan məbləğin borclunun “xxxx” MMC-də olan 25% payı ilə tam əvəzləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, hal-hazıradək qətnamə icra edilməmişdir. Hazırda borclunun maliyyə təsərrüfat fəaliyyətində durğunluq olduğundan borcun pul ifadəsi ilə ödənilməsi mümkün deyildir və buna görə də, tərəflər arasında tutulmalı olan məbləğin borclunun “xxxx” MMC-də olan 25% payı ilə tam əvəzləşdirilməsi ilə bağlı razılığı mövcuddur. Bakı Kommersiya Məhkəməsinin 03.02.2021-ci il tarixli 8-2(113)-3/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Tələbkar1 və borclu “xxxx” MMC həmin qərardaddan birgə şikayət vermişlər, Bakı Kommersiya Məhkəməsinin 01.03.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Tələbkar1 və borclunun nümayəndəsi Borclu3 şikayəti müdafiə etdilər. Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qeyd olunan maddənin tələblərindən görünür ki, məhkəmə icra üsulu və qaydasının müəyyən edilməsi barədə deyil, onun dəyişdirilməsi barədə ərizəyə baxmaq səlahiyyətindədir. Lakin Bakı Kommersiya Məhkəməsinin 27 fevral 2020-ci il tarixli 2-2(113)-247/2020 saylı qətnaməsində icra qaydası və üsulu müəyyən edilməmişdir. Bu isə o anlama gəlir ki, həmin qətnamə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun icra olunmalıdır. Tələbkarın ərizəsində göstərilən hallar da qətnamənin icrası qaydasında icra məmuru tərəfindən həll olunmalı olan məsələlərə aiddir. Ona görə də, tələbkar tərəfindən verilmiş ərizə təmin edilə bilməz. Bu baxımdan kollegiya hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Tələbkar1 və borclu “xxxx” MMC tərəfindən birgə verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 03.02.2021-ci il tarixli 8-2(113)-3/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar