Məhkəmə qərarları › İş №8-2(103)-5/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-5/2023

17.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-5/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Borclu "xxxx" ASC-nin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-2(103)-730/2021 nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin 05 sentyabr 2022-ci il tarixli qərarlarının və bununla bağlı tərtib edilmiş 10 noyabr 2022-ci il tarixli inkasso sərəncamlarının ləğvinə dair şikayəti üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8-2(113)-25/2023 nömrəli qərardadından Bakı şəhəri Nərimanov rayon icra şöbəsi tərəfindən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: Borclu "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) şikayət ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Nərimanov rayon İcra şöbəsinin icra ödənişinin alınması və xarici valyutanın satışının və alışının banka həvalə edilməsi haqqında 05 sentyabr 2022-ci il tarixli qərarlarının və bununla bağlı tərtib edilmiş 10 noyabr 2022-ci il tarixli e193468/22-28 nömrəli və e193468/22-28-1 nömrəli inkasso sərəncamlarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2-2(103)- 730/2021-003 nömrəli icra vərəqəsinə əsasən "LAVERDA LVM 310 MCS” markalı, AZ 90 E 117 dövlət qeydiyyat nişan nömrəli kombaynın təmirinə çəkilmiş xərc kimi 16956 manat məbləğində pul borcu "xxxx" ASC-dən tutularaq "Astara Çay” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra Tələbkar MMC) xeyrinə ödənilməlidir. Eyni zamanda ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pulun 16,20 manatı “Aqroservis" ASC-dən, 83,80 manatı isə Tələbkar MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Nərimanov rayon icra şöbəsinin 05 sentyabr 2022-ci il tarixli icra ödənişinin alınması və xarici valyutanın satışının və alışının banka həvalə edilməsi haqqında qərarlarına əsasən icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən icra edilmədiyi əsas göstərilərək, "Aqroservis” ASC-nin hesabında olan xarici valyuta ilə pul vəsaitləri üzərinə həbs qoyulmuş və bununla bağlı tərtib edilmiş 10 noyabr 2022-ci il tarixli e193468/22-28 nömrəli və e 193468/22-28-1 nömrəli inkasso sərəncamları icra edilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin adıçəkilən icra vərəqəsi üzrə Nərimanov rayon icra şöbəsinin 05 sentyabr 2022-ci il tarixli qərarları və 10 noyabr 2022-ci il tarixli inkasso sərəncamları əsassızdır və ləğv edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(005)- 681/2022 nömrəli qərardadı ilə Nərimanov rayon icra şöbəsinin 05 sentyabr 2022-ci il tarixli qərarları və bununla bağlı tərtib edilmiş 10 noyabr 2022-ci il tarixli e193468/22-28 nömrəli və e193468/22-28-1 nömrəli inkasso sərəncamlarının ləğvinə dair "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Həmin qərardaddan borclu tərəfindən verilmiş şikayət Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(005)-681/2022 nömrəli qərardadı ilə təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 8(103)- 69/2023 nömrəli qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin adı çəkilən qərardadı ləğv edilmiş və şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8-2(113)-25/2023 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-2(103)-730/2021 nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin böyük icra məmuru Nümayəndə3 05 sentyabr 2022-ci il tarixli icra ödənişinin alınması və xarici valyutanın satışının və alışının banka həvalə edilməsi haqqında qərarları və bununla bağlı tərtib edilmiş 10 noyabr 2022ci il tarixli e193468/22-28 nömrəli və e193468/22-28-1 nömrəli inkasso sərəncamları ləğv edilmişdir. Həmin qərardaddan Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin böyük icra məmuru Nümayəndə3 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə şikayət ünvanlayaraq, Bakı Kommersiya Məhkəməsinin adıçəkilən qərardadının ləğv edilməsi və şikayətin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 730/2021-003 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" ASC-dən 16956 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 16,2 manat tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi göstərilmişdir. Həmin icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlanılmış, bu barədə müvafiq qərar ilə tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmiş və həmin bildirişdə 10 gün könüllü müddət ərzində məhkəmə qərarını icra edilmədiyi halda borcludan icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin tutulacağı bildirilmişdir. Borclu "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə Nərimanov rayon icra şöbəsinə ünvanlanmış məktubda qeyd olunur ki, "xxxx" ASC-nin hüquqi ünvanı ünvan 2dan icra sənədi ərazi aidiyyəti üzrə Sabunçu rayon icra şöbəsinə göndərilməlidir. Göründüyü kimi, borclu "xxxx" ASC tələbin könüllü icrası barədə qərar və bildirişi qəbul etmişdir. Daha sonra xx.xx.2022ci il tarixdə borclunun nümayəndəsi Tale Kazımov ilə əlaqə saxlanılaraq icra sənədinin icrası ilə bağlı tədbirlərin borclunun faktiki fəaliyyətdə olduğu ünvan üzrə aparıldığını, məhkəmə qərarının könüllü müddət, yəni 10 gün ərzində təmin etmələri, əks halda məcburi icra hərəkətlərinə başlanılacağı və tələb olunan məbləğin 7%-i həcmində icra ödənişi tutulacağı tərəfimizdən bildirilmişdir. Qarşı tərəf öz növbəsində qərar və bilirişdən xəbərsiz olduqlarını, icra sənədinin icrası ilə bağlı rəsmi məktub gəldikdən sonra icra sənədini təmin edəcəklərini bildirmişdir. Lakin poçt məktubunun surətindən göründüyü kimi iş üzrə borclu "xxxx" ASC qərar ilə tələbin könüllü icrası haqqında bildirişi xx.xx.2022-ci il tarixdə qəbul etmiş və bununla bağlı xx.xx.2022-ci il tarixdə Nərimanov rayon icra şöbəsinə cavab məktub yollamışdır. İş üzrə borclu tərəf xx.xx.2022-ci il tarixdə qərar və bildirişi almış, həmin bildirişdə onlara könüllü icra müddəti ərzində icra sənədini təmin etmədikləri halda borc məbləğinin 7%-i tələbi həcmində icra ödənişi tutulacağı barədə məlumatlandırılmışdırlar. Borclu tərəfindən tələbkarın hesabına xx.xx.2022-ci il tarixdə 16956 manat məbləğində pul vəsaiti ödənilmiş, lakin 16,20 manat mələğində ekspertiza xərci ödənilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq icra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə məcburi icra ödənişinin tutulmasına dair qərar qəbul edilmiş, lakin icra sənədi üzrə 7 faiz məbləğində icra ödənişi həmin tarixdə deyil, borclu "xxxx" ASC-nin icraata başlamaq haqqında qərar və bildirişi aldığı (xx.xx.2022-ci) tarixdən 34 gün sonra həmin məbləğin tutulması məqsədilə bank hesablarına xx.xx.2022-ci il tarixdə icra sənədinin 7 faizi tələbi həcmində inkasso sərəncamları göndərilmişdir. Borclu "xxxx" ASC icraata başlamaq haqqında qərar və bildirişi xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə almasına baxmayaraq 10 gün könüllü icra müddəti ərzində xx.xx.2022-ci il tarixədək icra etməmiş, 34 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə borc məbləğini tələbkarın hesabına ödəmişdir. Bundan sonra borclunun nümayəndəsi icra şöbəsinə xx.xx.2022-ci tarixdə gələrək icra işi ilə (7 faiz icra ödənişi ilə bağlı inkasso sərəncamı) tanış olmuş, borclu barəsində məcburi icra hərəkətlərinin başlanması ona izah olunmuş və bununla da o, bank hesablarında inkasso sərəncamlarının olduğunu bilmişdir. Borclunun nümayəndəsi icra ödənişindən yayınmaq məqsədilə 7 faiz məbləğində icra ödənişinin tutulmamasını xahiş etmişdir. Borclunun nümyəndəsindən qərar və bildirişi xx.xx.2022-ci il tarixdə qəbul etmələrinə baxmayaraq ödənişin xx.xx.2022-ci il tarixdə ödənilməsinin səbəbi soruşulmuş, o öz növbəsində xx.xx.2022-ci il tarixli icra ödənişi qərarından və ona əsasən tərtib edilmiş xarici valyuta ilə pul vəsaitinin üzərinə həbs qoyulması qərarı barədə şikayət verəcəklərini bildirmişdir. Lakin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli məcburi icra ödənişi haqqında qərarından şikayətin icra sənədi üzrə icraatına dayandırılmasına əsas olmadığı tərəfə bildirilmişdir. Müvafiq inkasso sərəncamı üzrə xx.xx.2022-ci il tarixdə icra ödənişi kimi 1188,05 manat məbləğində pul vəsaiti borclunun bank hesabından silinərək icra qurumunun depozit hesabına köçürülmüşdür. İnkasso sərəncamına əsasən borclunun bank hesabından tutulmuş cəmi 16,2 manat məbləğində pul vəsaiti və "xxxx" ASC tərfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından göründüyü kimi 16956 manat məbləğində pul vəsaiti tələbkarın hesabına köçürülmüş və bununla da icra sənədi mahiyyəti üzrə tam icra edilmişdir. Tələbkar "xxxx" ASC şirkətinin xx.xx.2022-ci il tarixli ərizəsinə, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən icra sənədi icra olunduğu üçün “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə uyğun olaraq xx.xx.2022-ci il tarixli qərarla icraata xitam verilmişdir. Beləliklə, icra sənədi üzrə borcluya icra qurumu tərəfindən icraata başlamaq və tələbin könüllü icrası barədə bildiriş poçt vasitəsilə göndərilsə də, borclu Firma qanuni qüvvəyə minmiş məhkəmə qərarını könüllü icra müddəti ərzində icra etməmiş, icraata başlamaq haqqında qərar və bildirişi aldıqları (xx.xx.2022-ci) tarixdən 34 gün sonra borc məbləğini ödəmişlər, daha sonra isə icra şöbəsi tərəfindən icra ödənişi inkasso sərəncamları vasitəsilə borcludan tutulmuş və icra sənədi üzrə icraata xitam verilmişdir. Lakin Bakı Kommersiya Məhkəməsi bu hallara düzgün qiymət verməmiş, iş üzrə 8-2(113)-25/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadında şikayətin təmin edilməli olması nəticəsinə gələrkən qeyd etmişdir ki, hətta icra ödənişinin alınması barədə qərar vaxtında, yəni xx.xx.2022-ci ildən hesablanmaqla 10 gün sonra qəbul edilsə idi belə, həmin vəsatətə müvafiq cavab verilənədək ötən müddətin könüllü icra müddətində icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməsi sözügedən qərarda əsaslandırılaraq aparılmalı idi ki, belə bir əsaslandırılma da həmin qərarda yoxdur. Borclu "xxxx" ASC xx.xx.2022-ci il tarixdə Nərimanov rayon icra şöbəsinə ünvanladığı məktuba cavab olaraq xx.xx.2022-ci il tarixdə borclunun nümayəndəsi Tale Kazımov ilə əlaqə saxlanılaraq icra sənədinin icrası ilə bağlı tədbirlərin borclunun faktiki fəaliyyətdə olduğu ünvan üzrə aparıldığı bildirilmişdir. Bundan başqa, icra qurumu tərəfindən borclunun nümayəndəsinə icra işi barədə ətraflı məlumat verilmiş və xəbərdarlıq edilmişdir ki, o da öz növbəsində təmsil etdiyi borclu təşkilatın hüquqlarını keyfiyyətlə qoruya bilsin, həmçinin, borclu gələcəkdə onun hüquqlarının icra qurumu tərəfindən pozulması barədə (qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını ləngitmək və süründürmək baxımından) hər hansı əsaslı tələb irəli sürə bilməsin. İşə birinci instaniya məhkəməsində baxılan zaman şikayətə qarşı təqdim etdiyimiz etirazda bu xüsusatlara toxunulmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8-2(113)-25/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8-2(113)-25/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şikayətə əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2-2(103)- 730/2021-003 nömrəli icra vərəqəsinə əsasən Nərimanov rayon icra şöbəsi borclu "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixdə tələbin 10 gün müddətində könüllü icrası barədə bildiriş göndərmiş, 05 sentyabr 2022-ci il tarixdə isə tələbin könüllü icra edilməməsi əsası ilə icra ödənişinin alınması və xarici valyutanın satışının və alışının banka həvalə edilməsi haqqında qərarlar qəbul etməklə "Aqroservis” ASC-nin hesabında olan xarici valyuta ilə pul vəsaitləri üzərinə həbs qoyulmuşdur. Bununla bağlı tərtib edilmiş 10 noyabr 2022-ci il tarixli e193468/22-28 nömrəli və e 193468/22-28-1 nömrəli inkasso sərəncamları icra edilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinə göndərilmişdir. İcra sənədinin icrası borclu tərəfindən 11-14 oktyabr 2022-ci il tarixdə təmin edilmişdir. “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qanunun tələblərindən göründüyü kimi, icra ödənişinin alınması barədə qərar icra sənədi borcluya təqdim edildiyi gündən icra məmuru tərəfindən könüllü icra üçün müəyyən olunmuş müddət ərzində üzürlü səbəblər olmadığı halda icra edilməmiş olsun. Məhkəmə müəyyən etmişdir ki, iş üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş xx.xx.2022-ci il tarixdə elektron qaydada imzalanmaqla borcluya göndərilsə də, icra ödənişinin alınması barədə qərar xx.xx.2022-ci il tarixdə qəbul olunmuşdur ki, həmin tarixdə nəinki 10 günlük müddət başa çatmamışdır, hətta qərar və bildiriş borcluya çatmamışdır. Eyni zamanda, tələbin könüllü icrası üçün müəyyən edilmiş müddətdə icra sənədinin hansı səbəbdən icra edilməməsi icra məmuru tərəfindən aydınlaşdırılmamışdır. İşdən görünür ki, borclu icra sənədinin borclunun hüquqi ünvanı üzrə Sabunçu rayon İcra Şöbəsinə göndərilməsi barədə Nərimanov rayon icra şöbəsinə müraciət etmiş, bu müraciətin cavablandırılmasını gözləmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, Nərimanov rayon icra şöbəsi mübahisələndirilən icra ödənişinin alınması barədə xx.xx.2022-ci il tarixli qərarı və onun əsasında qəbul edilmiş sərəncamlar “İcra haqqında” Qanunun tələblərinin pozulması ilə qəbul edildiyindən borclunun həmin qərar və sərəncamların ləğv edilməsi barədə şikayəti əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8-2(113)-25/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8-2(113)-25/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar