Məhkəmə qərarları › İş №8-2(103)-7/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-7/2024

04.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-7/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-393/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə borclu "xxxx" MMC tərəfindən verilmiş ərizə üzrə Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-7/2024 saylı, 19 fevral 2024-cü il tarixli qərardadından borclu "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" QSC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC müqavilə ödəliklərini lazımı qaydada icra etmədiyindən xx.xx.2020-ci il tarixli 1353 nömrəli alqı-satqı müqaviləsi üzrə 350.000 borcun, mediasiya üçün ödənilmiş 400 manat, iş üzrə dövlət rüsumu olaraq ödənilmiş 240 manat olmaqla, cəmi 350.640 manat pul vəsaitinin tutularaq "xxxx" QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-393/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh "xxxx" MMC-dən 350.000 manat məbləğində pul vəsaiti, eləcə də mediasiya xərclərinin əvəzi olaraq 400 və dövlət rüsumunun əvəzi olaraq 240 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. Borclu "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək qətnamə ilə ödənilməsi qət edilmiş məbləğin borclu "xxxx" MMC tərəfindən 1 (bir) il müddətində aylıq 29.186,66 manatdan az olmamaqla ödəniş edilməklə hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Daha sonra borclu "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin hissə-hissə hər ay 35000 manat məbləğindən az olmamaqla 10 (on) ay müddətində icra edilməsi barədə (möhlət verilməsi) qərardad çıxarılmasını xahiş etmişdir. Eyni zamanda tələbkar "xxxx" QSC ərizəyə qarşı sonuncu etirazla məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 39312023 saylı iş üzrə qətnaməsinin hər ay 50000 (əlli min) manatdan az olmayaraq hissə-hissə ödənilməsi barədə müvafiq məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-7/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə borclu "xxxx" MMC-nin ərizəsi qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-393/2023 saylı qətnaməsi (qətnamə üzrə ödənilməli olan 350.000 borcun, mediasiya üçün ödənilmiş 400 manat, iş üzrə dövlət rüsumu olaraq ödənilmiş 240 manat olmaqla, cəmi 350.640 manat pul vəsaiti) borclu "xxxx" MMC tərəfindən tələbkar "xxxx" QSC-yə hazırki qərardadın qəbul edildiyi tarixdən başlayaraq hər ay 50.091,43 manat ödənilməklə 7 ay ərzində hissə-hissə icra edilməsi qərara alınmışdır. Borclu "xxxx" MMC Bakı Kommersiya Məhkəməsinin 8-2(113)- 7/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8-2(113)-7/2024 saylı qərаrdаdının qismən ləğv еdilməsini və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-393/2023 saylı qətnaməsi üzrə cəmi 350.640 manat pul vəsaitinin borclu "xxxx" MMC tərəfindən tələbkar "xxxx" QSC-yə hazırki qərardad qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 35000 manatdan az olmamaqla 10 ay ərzində hissə-hissə icra edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflərin qətnamənin hissəhissə icra edilməsinə razı olduğunu nəzərə alsa da, borclunun mövqeyini nəzərə almamış, borc məbləğinin hər ay 50.091,43 manat ödənilməsi hissəsində məhkəmə qərardadı əsassız olmuşdur və bu səbəbdən qismən ləğv edilməlidir. Məhkəmə tərəfindən borclunun ictimai nəqliyyat sektorunda yaranmış böhran vəziyyətinə, ödəniş qabiliyyətinin aşağı olmasına, əmlak vəziyyətinə və digər hallara əsasən irəli sürdüyü dəlilləri əsaslı saymamışdır. Nəzərə alsalar ki, AR Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 135S saylı qərarı ilə təsdiq olunmuş tədbirlər planında pandemiyadan zərər çəkməsi müəyyən olunan iqtisadi fəaliyyət sahələrinin birinin “həyati vacib sərnişindaşıma sahəsi” olduğu müəyyən edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 04 mart 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, şikayətin dəlillərini və ərizənin qismən təmin olunduğunu, tələbkar tərəfindən şikayət verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qərardadın əsaslılığı ərizənin rədd edilmiş hissəsində yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı mübahisləndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinin tələblərinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətdə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunda məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Azərbaycan Respublikası Konstitusisya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, “qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, qətnamənin icrasına möhlət bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, möhlətin müddəti isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir. Bundan əlavə, məhkəmə, qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Bu zaman məhkəmə hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə ‘‘Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3-cü maddəsinin müddəalarından çıxış edərək, qanuni quvvəyyə minmiş məhkəmə qətnaməsinin daha səmərəli icrasına nail olmaq məqsədilə, konstitusiya mütənasiblik prinsipi əsasında tələbkarların və borcluların hüquqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməklə, onların konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci bəndindən görünür ki, qətnamənin icrasına möhlət verilməsi və ya hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələni həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 №-li Qərarının 6-cı bəndinə görə Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən, Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Sadalanan normaların tələbinə əsasən qətnamənin icrasına möhlət verilməsi, eləcə də hissə-hissə icra olunması üçün məhkəmələr tərəfindən ərizə təmin olunarkən hər iki tərəfin əmlak vəziyyəti nəzərə alınaraq ağlabatan müddət müəyyən olunmalı, bu zaman mütənasiblik prinsipi gözlənilməli, bütün tərəflərin-tələbkarın və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və həll edilməlidir. Məhkəmə qətnaməsinin hissə-hissə icrası mümkünlüyü ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının kontitusion hüquqlarını pozmamalıdır. Borclu "xxxx" MMC birinci dəfə ərizə ilə məhkəməyə müraciət edərək qətnamə ilə ödənilməsi qət edilmiş məbləğin borclu "xxxx" MMC tərəfindən 1 il müddətində aylıq 29.186,66 manatdan az olmamaqla ödəniş edilməklə hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etsə də, ərizəyə məhkəmədə baxılan müddətdə borclunun nümayəndəsi borcu hissə-hissə 7 ay ərzində ayda 50000 manat olmaqla ödəməyə hazır olduqlarını və buna imkanları çatdığını bildirmiş, lakin yekunda qətnamə ilə ödənilməsi qət edilmiş məbləğin hər ay 35000 manatdan az olmamaq şərtilə 10 ay ərzində ödəyə biləcəklərini bildirmişlər. Tələbkar "xxxx" QSC isə borclu "xxxx" MMC-nin qətnamə ilə ödənilməsi qət edilmiş məbləğin hər ay 35000 manatdan az olmamaq şərtilə 10 ay ərzində ödənilməsinə etiraz edərək, qətnamə ilə ödənilməsi qət edilmiş məbləğin xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 50000 manat olmaqla 7 ay ərzində borcun hissə-hissə ödənilməsinə razı olduqlarını bildirmişlər. Ərizənin tam təmin edilməsi tələbkar tərəfin hüquqlarının qeyri-mütənasib məhdudlaşdırılmasına səbəb ola bilər. Həmçinin, ərizə tam təmin olunduğu təqdirdə tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində göstərilən ağlabatan müddətlərin pozulmasına səbəb ola bilər. Birinci instansiya məhkəməsi qətnamə ilə ödənilməsi qət edilmiş borc məbləğin böyük olmasını, belə olan halda qətnamənin birdəfəlik icrasının borclu üçün çətinlik yaratdığını, eləcə də tələbkarın həmin borcun 7 ay ərzində hissə-hissə icrasına razılıq verdiyini nəzərə alaraq hesab etmişdir ki, hazırkı iş üzrə qətnamənin hissə-hissə icra edilməsinə dair borclu tərəfindən verilmiş ərizənin qismən təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur. Odur ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-393/2023 saylı qətnaməsi hissə-hissə icra edilərək qətnamə üzrə ödənilməli olan 350.000 borcun, mediasiya üçün ödənilmiş 400 manat, iş üzrə dövlət rüsumu olaraq ödənilmiş 240 manat olmaqla, cəmi 350.640 manat pul vəsaitinin hazırki qərardadın qəbul edildiyi tarixdən başlayaraq hissələrə bölünməklə borclu tərəfindən 7 ay ərzində hər ay 50.091,43 manat olmaqla tələbkara ödənilməlidir. Məhkəmə kollegiyası onu vurğulamağı zəruri hesab edir ki, məhkəmə qərarının hissə-hissə icra edilməsi kreditorun pozulmuş hüquqlarının real müdafiəsini uzaqlaşdırır və bunun üçün əsaslar müstəsna xarakter daşımalıdır, yəni hərəkətlərin həyata keçirilməsində ciddi maneələr olduqda yaranmalıdır. Bu mənada, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qərardadın hissə-hissə icra olunması barədə ərizənin qismən təmin olunması nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının (mübahisələndirilən hissədə) ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Borclu "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-7/2024 saylı, 19 fevral 2024-cü il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar