Məhkəmə qərarları › İş №8-2(103)-8/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-8/2024

23.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-8/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(113)-26/2024 saylı qərardadından borclu Nümayəndə1 MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Borclu Nümayəndə1 MMC Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin qərarının qanunsuz hesab olunmaqla Nümayəndə1 MMC-nin hesabına qoyulmuş inkasso sərəncamının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Daha sonra borclu şikayətini dəqiqləşdirərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nəsimi rayon İcra Şöbəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 70/2023 saylı və Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3713/2023 saylı icra sənədləri əsasında tərtib olunmuş Nümayəndə1 MMC-nin bank hesabının üzərinə qoyulmuş inkasso sərəncamının və borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərarın ləğv edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nəsimi rayon İcra Şöbəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-70/2023 saylı, xx.xx.2023-cü il tarixli və Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3713/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədləri və bu sənədlər əsasında inkasso sərəncam tərtib edilmişdir. Lakin, Nümayəndə1 tərəfindən "xxxx" ASC və "xxxx" ASC-də yerləşən bank hesabları vasitəsi ilə mütəmadi olaraq ödənişlər edilmiş, icra məmuru isə bu ödənişləri nəzərə almamış və iddiaçının bank hesabının üzərinə inkasso sərəncamın qoyulması qərara alınmışdır. Ödənişlərin edilməsinə baxmayaraq, iddiaçının bank hesabına inkasso sərəncamın qovulması əsassız və qanunsuzdur. Birinci instansiya məhkəməsində borclunun nümayəndəsi izahatında bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 yanvar tarixli, 2- 2(103)-70/2023 saylı qətnaməsi üzrə tutulmalı olan borc tərəflərindən ödənilmiş, digər icra sənədi üzrə isə əsas borc ödənilmiş, dəbbə pulu və vəkil xərci isə yaxında ödəniləcəkdir. Lakin icra vərəqəsi üzrə əsas borc ödənildiyi üçün onlardan icra ödənişi tələb edilə bilməz. Tələbkarın nümayəndəsi isə izahatında bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 yanvar tarixli, 2-2(103)-70/2023 saylı icra sənədi tələbkarın ərizəsi əsasında məhkəməyə geri qaytarılmış, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3713/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə yalnız əsas borc ödənilmiş, qalan borclar hələ də ödənilməmiş, icra sənədi tam şəkildə icra edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(113)-26/2024 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmurunun “bank hesabının üzərinə qoyulmuş inkasso sərəncamının ləğv edilməsi” və “icra ödənişinin tutulması” barədə qərarlarından borclu Nümayəndə1 MMC tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Borclu Nümayəndə1 MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 13 mart 2024-cü il tarixli məktubundan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3713/2023 saylı qətnaməsi üzrə 334.568,75 manat gecikdirilmiş borc məbləği tam olaraq ödənilmiş, yalnız 76.281,68 manat cərimə məbləği və 500 manat hüquqi yardım xərci ödənilməmişdir. Eyni zamanda Agentlik tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-70/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə icra sənədinin məhkəməyə geri qaytarılması barədə 02 noyabr 2023-cü il tarixli 3-22-2/2-2222/2023 saylı məktub ünvanlanmışdır. Həmin məktuba əsasən tələbkar borclu Nümayəndə1 MMC-yə qarşı olan Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-70/2023 nömrəli qətnaməsi üzrə icra sənədinin məhkəməyə geri qaytarılması xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 3713/2023 saylı icra sənədi üzrə borclu tərəfindən ödənilmiş məbləğləri və ödəniş tarixlərini nəzərə almamış, borclunun bank hesabına qoyulmuş inkasso sərəncamında hansı məbləğin göstərildiyini və bank hesabına hansı məbləğdə məhdudiyyətin qoyulduğunu araşdırmamış, bu baxımdan və ümumiyyətlə həmin icra sənədi üzrə inkasso sərəncamının qoyulmasının qanunauyğun olub-olmamasına lazımi qiymət verməmişdir. Habelə, tələbkar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-70/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə icra sənədinin geri qaytarılması barədə ərizə verilməsi nəzərə alınmamış, həmin ərizəyə əsasən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 23.1.1 və 23.7-ci maddələrinə əsasən icra sənədinin məhkəməyə qaytarılması barədə qərarın qəbul edilib-edilməməsi araşdırılmamış və tələbkarın belə ərizəsi olduğu halda icra hərəkətlərinin davam etdirilməsinin qanunsuz olmasına qiymət verilməmişdir. Qeyd olunan halları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və yuxarıda göstərilənlər nəzərə alınmaqla borclunun şikayətinə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu Nümayəndə1 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(113)-26/2024 saylı qərardadı ləğv edilsin. Borclu Nümayəndə1 MMC-nin Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin qərarından verilmiş şikayətə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar