Məhkəmə qərarları › İş №8-2(103)-9/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-9/2022

10.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-9/2022 10.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, borclu "xxxx" MMC-nin “Bakı şəhəri Nizami rayonu İcra Şöbəsinin icra məmurunun qərarının ləğv edilməsi” barədə ərizəsinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 06.05.2022-ci il tarixli, 8-2(113)-32/2022 saylı qərardadından borclu tərəfindən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 24.09.2021-ci il tarixə olan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 16721,23 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 92786,85 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5721/2021 saylı, 24.12.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-nin 24.09.2021-ci il tarixə olan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 15679 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 92786,85 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən borc və 100 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi, satışdan artıq qalan məbləğin cavabdeh "xxxx" MMC-yə qaytarılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5721/2021 saylı, 24.12.2021-ci il tarixli icra sənədi əsasında Maraqlı şəxs tərəfindən 2022-ci ilin aprel ayında icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası barədə borclu "xxxx" MMC-yə bildiriş göndərilmişdir. Borclu "xxxx" MMC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5721/2021 saylı 24.12.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsinin təmin olunması, Maraqlı şəxs icra ödənişinin alınması haqqında 13.04.2022-ci il tarixli qərarın ləğv edilməsini, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 5721/2021 saylı 24.12.2021-ci il tarixli icra sənədi üzrə tutulmuş məbləğlərin "xxxx" MMCnin hesabına geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamə icraya yönəldilməmişdən əvvəl borc məbləği tərəflərindən tam olaraq ödənilmiş, bu barədə ödəniş sənədləri və şəxsi hesab vərəqəsinin məlumatları könüllü icra müddəti ərzində icra şöbəsinə təqdim edilmiş, lakin onlardan əlavə olaraq vergi orqanının borcun olmaması barədə rəsmi sənədinin təqdim edilməsi tələb edilmişdir. Borcun vaxtında və tam şəkildə ödənilməsinə baxmayaraq əsassız olaraq onlardan icra sənədi üzrə ödənişin 7 faizi həddində pul tutulmuş, bu barədə bank hesablarına inkasso sərəncamları göndərilmiş, bununla da MMC-yə ziyan vurulmuşdur. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-32/2022 saylı, 06 may 2022-ci il tarixli qərardadı ilə şikayət ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan borclu şikayət verib, Bakı Kommersiya Məhkəməsinin 06.05.2022-ci il tarixli, 8-2(113)-32/2022 saylı qərardadının ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilir ki, "xxxx" MMC Nizami rayon İcra Şöbəsinə ərizə ilə müraciət etmiş, ərizəyə Lokal Gəlirlər Baş İdarəsinin 24.02.2022-ci il tarixli ödənilmiş vergilər haqqında rəsmi arayışı və əlavələr təqdim olunmuşdur. Həmin arayışda "xxxx" MMC-nin 24.09.2021-ci il tarixdən 15.02.2022-ci il tarixədək 56134,99 manat İcbari tibbi sığorta haqları dövlət büdcəsinə ödənilmişdir. Bu isə o deməkdir ki, qətnamə ilə tutulmuş 44100 manat icbari tibbi sığorta haqqı dövlət büdcəsinə ödənilmişdir. Bakı Kommersiya Məhkəməsinin 19.05.2022-ci il tarixli, 8-2(113)-32/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 06.05.2022-ci il tarixli, 8-2(113)-32/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 24.12.2021-ci il tarixli e-2-2(113)-5721/2021 saylı qətnaməsi əsasında Bakı Kommersiya Məhkəməsi tərəfindən 31 yanvar 2022-ci il tarixli icra vərəqəsi verilmişdir. Bakı şəhər Nizami rayon İcra Şöbəsinin 2022-ci il aprel tarixli icra ödənişinin alınması haqqında qərarından görünür ki, borclu "xxxx" MMC-dən 1098 manat icra ödənişinin alınması, icra ödənişinin icra məmurlarının xüsusi fonduna köçürülməsi qərara alınmışdır. 13 aprel 2022-ci il tarixli inkasso sərəncamına əsasən Bakı Kommersiya Məhkəməsinin e-2-2(1130-5721/2021 nömrəli 24.12.2021-ci il tarixli icra sənədi üzrə "xxxx" MMC-nin "xxxx" ASC-dəki hesabına 1098 manat məbləğində həbs qoyulmuşdur. Borclu "xxxx" MMC tərəfindən Maraqlı şəxsnə 02.03.2022-ci il tarixli 24 nömrəli ərizə ünvanlayaraq ünvan 2 icra sənədinin icra edilmiş hesab edilməsi və hazırki iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Nizami rayon İcra və Probasiya Şöbəsinin inkasso sərəncamlarına əsasən "xxxx" MMC-nin bank hesablarından 28.02.2022-22.04.22-ci il tarixlərdə cəmi 5968,10 manat pul vəsaiti tutularaq Nizami rayon İcra və Probasiya Şöbəsinə köçürülmüşdür. "xxxx" MMC-nin (VÖEN: **********) icbari tibbi sığorta daxilolmaları haqqında məlumatdan görünür ki, 24.09.2021-15.02.2022-ci il tarix aralığında ümumilikdə icbari tibbi sığorta üzrə 56134,99 manat ödəniş olunmuşdur. “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Qanunun istinad edilən normalarının tələblərindən göründüyü kimi, icra sənədi üzrə icraata xitam verilməsi icra məmurunun səlahiyyətinə aid edildiyindən icra sənədinin icra olunduğu mötəbər sübutlarla təsdiq edildiyi təqdirdə icraya nəzarət edən məhkəmə borclunun ərizəsi əsasında bu barədə müvafiq qərarın qəbul edilməsinin icra orqanına həvalə edilməsi barədə qərardad qəbul edə bilər. "xxxx" MMC-nin nümayəndəsi qətnamə üzrə tutulmuş məbləğin tam ödənildiyini iddia edərək bu halın araşdırılması üçün iş üzrə ekspertiza təyin edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinə vəsatət ünvanlamışdır. Məhkəmə qeyd edilən vəsatətlə bağlı qeyd edir ki, borclu tərəfindən həyata keçirilmiş ödənişlərin hansı təyinat üzrə silindiyini təqdim edilmiş sübutlar əsasında araşdırmaq və silinmənin qanunda nəzərdə tutulmuş ardıcıllıqla həyata keçirilib-keçirilmədiyinə hüquqi qiymət vermək ekspertin deyil, məhkəmənin səlahiyyətinə aid olduğundan şikayətin dəlillərinə hüquqi qiymət verilməsi üçün ekspertiza təyin edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 88.3-cü maddəsinə əsasən cari rüb üzrə borc ödənildikdən sonra sığortaedənin artıq vəsaiti qaldığı təqdirdə, həmin vəsait bu Məcəllənin 88.2.2 – 88.2.4-cü maddələrində göstərilən qaydada əvvəlki borcların ödənilməsinə aid edilir. Həmin Məcəllənin 1.4-ci maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Vergi Məcəlləsində İcbari Tibbi Sığorta Fonduna ödənişlərin hansı ardıcıllıqla silinməli olduğunu tənzimləyən digər norma olmadığından bu ödənişlərin silinmə ardıcıllığı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 88.3-cü maddəsinin tələblərinə uyğun olaraq həyata keçirilir. İşdəki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş 01.04.2022-ci il tarixli **********181700 nömrəli məktubdan görünür ki, "xxxx" MMC-nin Bakı Kommersiya Məhkəməsinin e-2-2(1130-5721/2021 nömrəli 24.12.2021-ci il tarixli icra sənədi üzrə dövlət büdcəsinə ödənilməli 15678,32 manat borcu mövcuddur. "xxxx" MMC-nin işdəki şəxsi vərəqəsindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5721/2021 saylı, 24.12.2021-ci il tarixli qətnaməsi qəbul edilənədək və qəbul edildikdən sonra MMC-nin İcbari Tibbi Sığorta Fonduna borcları yaranmış, 20.12.2021-ci il tarixə borc üzrə qalıq 12778,02 manat, faiz üzrə qalıq 16264,73 manat olmuşdur. Qətnamə qəbul edildikdən sonra tibbi sığorta üzrə borclu tərəfindən 30.12.2021-ci il tarixdə 11804,54 manat, 06.01.2022-ci il tarixdə 115 manat, 07.01.2022-ci il tarixdə 115 manat olmaqla cəmi 12034,54 manat ödəniş edilmiş, 15679 manat borc tam ödənilməmişdir. 21.02.2022-ci il tarixdən sonra MMC-yə yeni borclar hesablandığından borclunun həmin tarixdən sonra həyata keçirdiyi ödənişlər cari borclara silindiyindən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(1130- 5721/2021 nömrəli 24.12.2021-ci il tarixli icra sənədi üzrə borcun tam ödənişi "xxxx" MMC təmin edilməmişdir. Belə olan halda borclunun ərizəsinin məhkəmə tərəfindən təmin edilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir. "xxxx" MMC-nin mübahisələndirilən qərardad qəbul edildikdən sonra həyata keçirdiyi icbari tibbi sığorta ödənişləri ilə bağlı (01.06.2022-ci il tarixdə 8000 manat, 10.05.2022-ci il tarixdə 5750 manat və 250 manat) məhkəmə kollegiyası qeyd edir ki, həmin ödənişlər ərizəyə baxılarkən birinci instansiya məhkəməsinə təqdim edilmədiyindən və ödənişlərin cari borclar üzrə və ya qətnamə üzrə silindiyi məlum olmadığından qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə izah edir ki, 2022-ci ilin may və iyun ayında həyata keçirilmiş ödənişlərin qətnamə üzrə tutulmuş borc üzrə silindiyi və həmin borcun tam ödənildiyi sübu edildiyi təqdirdə (bu hal şəxsi vərəqədən çıxarış və ya vergi orqanının müvafiq arayışı ilə təsdiq edilə bilər) borclu Maraqlı şəxsnə yenidən ərizə ilə müraciət edərək icra üzrə icraata xitam verilməsini tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 06.05.2022-ci il tarixli, 8-2(113)-32/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Borclu "xxxx" MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 06.05.2022-ci il tarixli, 8-2(113)-32/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar