Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-9/2023 17.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Elşən Cələddin oğlu Kazımov ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 12 may 2023-cü il tarixli 8-2(113)-33/2023 saylı qərardadından borclu "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Tələbkar "xxxx" MMC şikayətlə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1743/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən başlanmış icra işi üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə Nərimanov rayon icra şöbəsi tərəfindən qəbul edilmiş icra sənədinin ərazi aidiyyatı üzrə göndərilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının ləğv edilərək, icra vərəqinin icra tədbirlərinin davam etdirilməsi, üzərinə həbs qoyulmuş nəqliyyat vasitələrinin tapılaraq, hərraca çıxarılması, eləcə də məhkəmə qərarının icrasına mane olan, icra məmurunun qanuni tələblərini yerinə yetirməyən vəzifəli şəxsin məsuliyyətə cəlb edilməsi üçün qanuni tədbirlər görülməsi üçün icra vərəqinin Nərimanov rayon icra şöbəsinin icraatına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-33/2023 saylı 12 may 2023 tarixli qərardadı ilə Nərimanov rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinin aidiyyəti üzrə göndərilməsi barədə qərarından tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Həmin qərardaddan tələbkar şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8-2(113)-33/2023 nömrəli qərardadının ləğv edilməsini, icra vərəqinin Nərimanov rayon icra şöbəsinin icraatına qaytarılmasını əks təqdirdə şikayətin baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “İcra haqqında” Qanunun 24-cü maddəsində “icra sənədinin aidiyyəti üzrə göndərilməsi“ qərarından şikayətin verilməsini nəzərdə tutan hər hansı bənd təsbit olunmasa da, həmin adı çəkilən qanunda “icra sənədinin aidiyyəti üzrə göndərilməsi“ qərarından şikayətin verilməsini məhdudlaşdıran, bunu qadağan edən hər hansı müddəa da öz əksini tapmamışdır. Belə olduğu təqdirdə məhkəmənin mülahizəsi əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsində təsbit edilmişdir ki, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İcra haqqında” Qanunun 85.1-ci maddəsinə əsasən İcra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. 85.2. Qərarda aşağıdakılar göstərilir: 85.2.1. qərarın qəbul edildiyi tarix və yer; 85.2.2. qərarı qəbul etmiş icra məmurunun vəzifəsi, soyadı, adı və atasının adı; 85.2.3. qərarın hansı icraat üzrə qəbul edilməsi; 85.2.4. baxılan məsələ; 85.2.5. qərarın qəbul edilməsi üçün əsas olmuş və icra məmurunun istinad etdiyi qanunlar və digər normativ hüquqi aktlar; 85.2.6. baxılan məsələ üzrə çıxarılmış nəticə; 85.2.7. qərardan şikayət verilməsi qaydası və müddəti. Buna müvafiq olaraq, Nərimanov rayon icra şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş icra sənədinin ərazi aidiyyatı üzrə göndərilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarında adı çəkilən qərarın alındığı gündən 10 gün müddətində həmin qərardan məhkəmə qaydasında şikayət verilməsi əks olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Bu səbəbdən Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-33/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, şikayət təmin edilməlidir. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 268, 269, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 24, 85-ci maddələrini rəhbər tutaraq, Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-33/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi və Nərimanov rayon İcra Şöbəsi tərəfindən qəbul edilmiş “icra sənədinin ərazi aidiyyatı üzrə göndərilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv olunması və icra vərəqinin Nərimanov rayon icra şöbəsinin icraatına qaytarılması barədə qərar qəbul edilməsi, əks təqdirdə şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinin təmin edilməsi xahiş edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 30 may 2023-cü il tarixli 8-2(113)-33/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8- 2(113)-33/2023 saylı qərardadı ləğv edilməli, iş Nərimanov rayon İcra şöbəsi tərəfindən qəbul edilmiş “İcra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2023-c il tarixli qərarının ləğv edilməsi və icra vərəqəsinin Nərimanov rayon İcra şöbəsinin icraatına qaytarılması barədə şikayətə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi şikayəti geri qaytararkən mövqeyini belə əsaslandırmışdır ki, “İcra haqqında” Qanunda şikayətin verilməsi nəzərdə tutulan qərarların dairəsi müəyyən edilmiş, yəni icra işi üzrə icraata xitam verilməsi barədə, icraatın dayandırılması barədə, icra məmurunun hərəkətsizliyi barədə və digər qərarlardan şikayətin verilməsi nəzərdə tutulsa da, “icra sənədinin aidiyyəti üzrə göndərilməsi“ni tənzimləyən həmin qanunun 24-cü maddəsində isə aidiyyəti üzrə göndərilməsi ilə bağlı çıxarılan qərardan şikayətin verilməsi nəzərdə tutulmamışdır. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin qanunun 85.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. Həmin qanunun 85.2-ci maddəsinə əsasən qərarda aşağıdakılar göstərilir: 85.2.1. qərarın qəbul edildiyi tarix və yer; 85.2.2. qərarı qəbul etmiş icra məmurunun vəzifəsi, soyadı, adı və atasının adı; 85.2.3. qərarın hansı icraat üzrə qəbul edilməsi; 85.2.4. baxılan məsələ; 85.2.5. qərarın qəbul edilməsi üçün əsas olmuş və icra məmurunun istinad etdiyi qanunlar və digər normativ hüquqi aktlar; 85.2.6. baxılan məsələ üzrə çıxarılmış nəticə; 85.2.7. qərardan şikayət verilməsi qaydası və müddəti. Qeyd edilənlərdən də göründüyü kimi icra haqqında qanunvericilik icra hərəkətlərinin həyata keçirilməsi barədə qəbul edilmiş istənilən qərardan şikayət verilməsini nəzərdə tutmuşdur ki, hazırda mübahisələndirilən Bakı şəhəri Nəqimanov rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “İcra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında” qərarda da onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət verilə biləcəyi göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və yuxarıda qeyd olunan əsaslara görə ərizəyə yenidən baxılması üçün iş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-33/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. Tələbkar "xxxx" MMC-nin Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin “İcra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında” qərarından tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Elşən Kazımov
Məhkəmə qərarları › İş №8-2(103)-9/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-9/2023
17.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver