Məhkəmə qərarları › İş №8-2(104)-1/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(104)-1/2023

02.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8-2(104)-1/2023 02.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı X3 cavabdeh Borclu MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə çıxarılmış qətnaməyə əsasən tutulmalı olan pul məbləğinin indeksasiya edilməsi barədə X1 nümayəndəsi Vəkil1 ərizəsinə dair Gəncə Kommersiya Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 8-2(115)-7/2023 saylı qərardadından və həmin qərardadla bağlı 07 iyul 2023-cü il tarixli 8-2(115)-7/2023 saylı qərardadından Borclu MMC tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(115)-429/2020 saylı qətnaməsi ilə iddiaçı X3 cavabdeh Borclu MMC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-2(104)-36/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(115)-429/2020 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilmiş, cavabdeh Borclu MMC-dən 65420 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı X4 ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021ci il tarixli 2-2(102)-440/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 30 aprel 2021-ci il tarixli 2-2(104)- 36/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X2 qətnamənin icrası qaydasında tutulmalı olan pul məbləğlərinin indeksasiyası barədə məhkəməyə ərizə verərək, borcludan tutulmalı olan 65450 manatın indeksasiyasını həyata keçirməklə, borcludan 79653 manat pulun tutulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qərarının xx.xx.2021-ci il tarixdən qanuni qüvvəyə minməsinə və icraya yönəldilməsinə baxmayaraq, cavabdeh tərəfindən qətnamə hələ də icra edilməmişdir. Qeyd edilən fakt Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsinin 02 fevral 2023-cü il tarixli, İ/Q-23812/22 saylı məktubu ilə də təsdiq edilir. Həmin məktubda bildirilir ki, “Borclu MMC tərəfindən icra sənədi könüllü icra edilmədiyindən tələb borcluya məxsus ünvan 1 ünvanında 0.1120 ha torpaq sahəsinin, ünvan 2da 0.0730 ha torpaq sahəsinin və Borclu MMC-yə məxsus “VAZ 21214” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı və “CHEVROLET NİVA” minik markalı **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasına dair məhkəməyə təqdimat verilmişdir. Hazırda icra tədbirləri davam etdirilir. ”Dövlət Statistika Komitəsinin” rəsmi internet səhifəsində https://www.azstat.org/pr03101011/ olan məlumatlardan görünür ki, 2023-cü ildə yanvar ayında 2021-ci ilin oktyabr ayına nisbətən istehlak qiymətləri indeksi 121.7 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 21.7 faiz artmışdır. Belə olan halda, həmin dövr üçün indeksasiya 21.7% üzərindən hesablanmaqla, 14 203 (on dörd min iki yüz üç) manat təşkil edir. (65450/100 x21.7=14203) İstehlak qiymətlərinin artması indeksi nəzərə alınmaqla 2021-ci ilin oktyabr ayındakı 65450 manatın hazırkı dəyəri 79 653 (yetmiş doqquz min altı yüz əlli üç) manat təşkil edir. Gəncə Kommersiya Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 8-2(115)-7/2023 saylı qərardadı ilə iddiaçı X3 cavabdeh Borclu MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə çıxarılmış qətnaməyə əsasən tutulmalı olan borc məbləğinin indeksasiya edilməsi barədə X1 nümayəndəsi Vəkil1 ərizəsi qismən təmin edilmmiş, Borclu MMC-dən X1 xeyrinə tutulmalı olan 65450 manat məbləğində borc indeksasiya edilməklə, 74351 manat 20 qəpik müəyyən edilməsi, Borclu MMC-dən 100 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, ərizənin qalan hissəsi təmin edilməməsi qərara alınmışdır. X1 nümayəndəsi Vəkil1 həmin qərardaddan şikayət verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8-2(115)-7/2023 saylı qərardadının ərizənin təmin edilməmiş hissəsində ləğv edilməsi və “qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin indeksasiyası barədə” ərizənin tam təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə icra vərəqəsinin verildiyi tarixi indeksasiyanın hesablanmasının başlanğıc tarixi kimi qəbul etmiş və bununla da ərizənin qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə nəzərə almamışdır ki, tərəflər arasında olmuş kommersiya işi üzrə qəbul edilmiş yekun məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 2(102)-440/2021 saylı qərarıdır və həmin qərar da qəbul edildiyi andan, yəni xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir. Belə ki, həmin yekun qərarla tələbkara pul vəsaitlərinin ödənilməsini qət etmiş Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 30 aprel 2021-ci il tarixli 2-2(104)-36/2021 saylı qətnaməsi qüvvədə saxlanılmışdır. Göründüyü kimi, tələbkarın məhkəmə qərarı əsasında həmin pul vəsaitlərini borcludan tələb etmək hüququ xx.xx.2021-ci il tarixdən yaranmışdır. Başqa sözlə desək, həmin tələb Avropa İnsan Hüquqları Məhkəməsinin də bir sıra Qərarlarında istinad edilən “hüquqi cəhətdən realizə edilə bilən tələb” kimi icra vərəqəsinin verildiyi tarixdən deyil, yekun məhkəmə qərarının qəbul edildiyi tarixdən yaranmışdır. Bu səbəbdən məhkəmə tərəfindən indeksasiyanın hesablanmasının başlanğıc tarixi icra vərəqəsinin verildiyi tarixdən deyil, iş üzrə yekun məhkəmə qərarının qəbul edildiyi xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə elə bu yanaşmadan çıxış edərək məhkəmə-mühasibatlıq ekspertizası qarşısında “2022-ci ildən tutulmalı olan 65420 manat pul məbləğinin inflyasiya göstəriciləri nəzərə alınıb indeksasiya edilməklə hazırda Borclu MMC-nin tələbkar X5 borcu nə qədər təşkil edir? sualını qoymuş və həmin sual əsasında verilmiş rəyi mötəbər hesab edərək hazırda şikayət verilən qərardadı qəbul etmişdir. Halbuki həmin iş üzrə ekspertiza təyin edilməsinə heç bir zərurət yox idi. Belə ki, həmin məlumat dövlət orqanının rəsmi internet səhifəsində əldə edilə bilən məlumatdır. Tərəflərindən məhkəmə təcrübəsi kimi təqdim edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərardadlarından da görünür ki, həmin işlərdə də məhkəmə hər hansı ekspertiza təyin etmədən və ya mütəxəssis cəlb etmədən, dövlət orqanın rəsmi məlumatına istinad etməklə, tutulmalı olan məbləğin indeksasiyası barədə qərardad qəbul etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi rəydən görünür ki, ekspert indeksasiyanı 1 yanvar 2022-ci ildən 1 yanvar 2023-cü il tarixə kimi olan dövr üzrə hesablamış və həmin dövr üzrə qiymət artımının 13.6 faiz artmasına istinad edərək, indeksasiya məbləğinin 8901.2 manat olmasını bildirmişdir. Göründüyü kimi, ekspert də indeksasiyanın müəyyən edilməsi üçün eyni mənbəyə istinad etsə də, hesablama dövrünü işin hallarına uyğun göstərmədiyi üçün, yəni yalnız 1 illik müddət (xx.xx.2022- xx.xx.2023) üzrə hesablama apardığı üçün ərizədə göstərilən qiymətlərin səviyyəsindən (21.7 faiz artımı) aşağı, yəni 13.6 faiz olması nəticəsinə gəlmişdir. Halbuki, məhkəmənin özü də Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsindəki https://www.azstat.org/pr03101011/ səhifəyə daxil olmaqla və həmin pəncərədə “Baza dövrü” qrafasında “2021-ci oktyabr”, “Seçilən dövr” qrafasında “2023-cü il may” seçməklə qiymətlərin səviyyəsinin 21.6 faiz artması barədə məlumatın düzgün olduğuna əmin ola bilərdi. Göründüyü kimi şikayət verilən qərardad ərizənin təmin edilməmiş hissəsində qanuni və əsaslı deyil və bununla da ərizə tam təmin edilməlidir. Məhkəmə nəzərə almamışdır ki, tələbkarın pul vəsaitlərinin ödənilməsini məhkəmə qərarı əsasında tələb etmək hüququ iş üzrə icra vərəqəsinin verildiyi tarixdən deyil, iş üzrə yekun olan və qəbul edildiyi andan qüvvəyə minən Ali Məhkəmənin Qərarının qəbul edildiyi tarixdən yaranmışdır. Bu səbəbdən tələbkarın xeyrinə tutulmuş pul məbləğinin indeksasiyasının hesablanmasının başlanğıc tarixi məhz yekun məhkəmə qərarının qəbul edildiyi tarixdən, yəni xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Gəncə Kommersiya Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 8-2(115)-7/2023 saylı qərardadı ilə şikayətin qismən təmin edilməsi, Gəncə Kommersiya Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 8-2(115)-7/2023 saylı qərardadının tələbkara münasibətdə dəyişdirilməsi, iddiaçı X3 cavabdeh Borclu MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə çıxarılmış qətnaməyə əsasən tutulmalı olan borc məbləğinin indeksasiya edilməsi barədə X1 nümayəndəsi Vəkil1 ərizəsinin qismən təmin edilməsi, Borclu MMC-dən X1 xeyrinə tutulmalı olan 65450 manat məbləğində borc indeksasiya edilməklə, 75922 manat müəyyən edilməsi qərara alınmışdır. Borclu MMC-nin nümayəndəsi və vəkili Vəkil2 Gəncə Kommersiya Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 8-2(115)-7/2023 saylı qərardadından və həmin qərardadla bağlı 07 iyul 2023-cü il tarixli 8-2(115)-7/2023 saylı qərardadından şikayət verərək, qərardadların ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Kommersiya Məhkəməsinin qeyd olunan qərardadı ilə razılaşmayaraq hesab edirlər ki, ərizə təmin edilməməli idi. Belə ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru İlkin Qədimovun 27 yanvar 2022-ci il tarixli İ/Q23812/22 nömrəli icraata başlamaq haqqında qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sözügedən icra sənədi üzrə icraat 27 yanvar 2022- ci il tarixdə başlanılmışdır. İcra sənədi üzrə tədbirlər görülməyə başlandığı vaxtda tələbkarın ərizəsi əsasında iş üzrə icra dayandırılmışdır. 2023-cü ildə tələbkar təkrar İcra İdarəsinə ərizə ilə müraciət edərək icra işinin davam etdirilməsini xahiş etmişdir. İcra məmuru tərəfindən iş icraya yönəldilərək Borclu MMCnin Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən torpaq sahəsində inşa edilmiş əmlak kompleksi hərraca çıxarılmışdır. Göründüyü kimi qətnamənin icrası həvalə edilmiş icra qurumu müvafiq addımlar atmış və qısa müddətdə əmlakın qiymətləndirilməsi barədə rəy alaraq hərraca çıxarılmışdır. Qeyd olunan addımlar təşkilatın maliyyə imkanlarının olmamasından irəli gəlmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təşkilatın hesablarında vəsait olduğu inkasso sərəncamı qoyulmaqla borcun ödənilməsinə yönəldilməli idi. Göründüyü kimi tələbkara olan borc onlardan asılı olmayan, yəni maliyyə imkanlarının olmaması səbəblərindən ödənilməmişdir. Yuxarıda sadalananlardan göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən, iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcüd olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinəmüvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması təsbit edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(115)-429/2020 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilmiş, cavabdeh Borclu MMC-dən 65420 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı X4 ödənilməsi qət olunmuşdur. Şikayət verilən qərardadla ilkin məhkəmə qətnaməsinə müdaxilə edilmişdir. Bu səbəbdən qərardad ləğv ediləməlidir. Məhkəmə iş üzrə araşdırma aparmadığından ərizəni təmin etmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun ödənilməsi cəmiyyətdən asılı olmayan səbəblərdən baş verməsi nəzərə alınmamışdır. Bunun üçün ica işi ilə tanış olmaq, 2022-ci ildə icraata başlanmış qətnamənin iddiaçının ərizəsi əsasında dayandırılması kimi hala qiymət verilməmişdir. Gəncə Kommersiya Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 8-2(115)-7/2023 saylı qərardadı ilə (hakim R.Məmmədov) Gəncə Kommersiya Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 8-2(115)-7/2023 saylı qərardadından və həmin qərardadla bağlı 07 iyul 2023-cü il tarixli 8-2(115)-7/2023 saylı qərardadından Borclu MMC-nin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətlərin təmin edilməməsi, şikayətlərin işlə birlikdə baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi dinləyib hesab edir ki, şikayət qismən təmin edilərək, Gəncə Kommersiya Məhkəməsinin 07 iyul 2023-cü il tarixli 8-2(115)-7/2023 saylı qərardadı ləğv edilməli, Gəncə Kommersiya Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 8-2(115)-7/2023 saylı qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materillarında olan Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 30 aprel 2021-ci il tarixli 2-2(104)-36/2021 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsindən görünür ki, icra vərəqəsi 18 yanvar 2022-ci il tarixində verilmişdir. İş materiallarında olan Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru İlkin Qədimovun 27 yanvar 2022-ci il tarixli İ/Q-23812/22 nömrəli icraata başlamaq haqqında qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sözügedən icra sənədi üzrə icraat 27 yanvar 2022-ci il tarixdə başlanılmışdır. İş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin 8-2(115)-7/2023 nömrəli 01 may 2023-cü il tarixli qərardadına əsasən təyin edilərək alınmış Azərbaycan Respublikası Ədliyyə Nazilrliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 05 iyun 2023-cü il tarixli 9/3811 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsindən göstərilənlərə əsasən Azərbaycan Respublikası Dövlət Statiska Komitəsinin (stat.gov.az rəsmi internet səhifəsindən alınan məlumatlara əsasən) müəyyənləşdirdiyi istehlak qiymətləri indeksinə əsasən 65450 manat pul məbləğinin 01 yanvar 2022-ci il tarixindən 01 yanvar 2023-cü il tarixinədək 13.6 faiz infilyasiya faiz dərəcəsi nəzərə alınmaqla qeyd edilən 65450 manatın indeksasiya məbləği 8901 manat 20 qəpik məbləğində müəyyən edilir. Tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Birinci instansiya məhkəməsi 04 iyul 2023-cü il tarixli 8-2(115)-7/2023 saylı qərardadı ilə tutulmalı olan pul məbləğinin indeksasiyası barədə ekspertiza rəyini əsas götürərək Borclu MMC-dən X1 xeyrinə tutulmalı olan 65450 manat məbləğində borc hesablama dövrünü 2022-ci ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək indeksasiya edilməklə, 74351 manat 20 qəpik müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru İlkin Qədimovun icraata başlamaq haqqında qərarı 27 yanvar 2022-ci il tarixdə qəbul etdiyindən instansiya məhkəməsi indeksasiyanın hesablama dövrünü 2022-ci ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək götürməkdə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası Gəncə Kommersiya Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 8- 2(115)-7/2023 saylı qərardadı ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: İş materiallarında olan X1 qətnamənin icrası qaydasında tutulmalı olan pul məbləğlərinin indeksasiyası barədə məhkəməyə ərizəsindən görünür ki, tələbkar borcun 2022-ci ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək indeksləşdirilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi isə tələbdən kənara çıxaraq hesablama dövrünü 2022-ci ilin yanvar ayından 2023-cü ilin may ayınadək aparmışdır. Kollegiya Borclu MMC-nin şikyətinin icranın iddiaçının iddiaçının ərizəsi əsasında dayandırılmasına dair dəlili ilə bağlı qeyd edir ki, borclunun həmin dəlili iş materialları, həmçinin borclunun şikayətinə əlavə etmiş olduğu sənədlərlə təsdiq olunmur. Ona görə də şikayətin həmin dəlilini əsassız sayır. Şikayətin digər dəlili icra sənədinin özündən asılı olmayan səbəblərdən icra edə bilməməsidir ki, kollegiya şikayətin həmin dəlilini də əsassız sayır. Çünki tələbkarın tələb etdiyi məbləğ borclu tərəfindən müqavilə öhdəliyinin pozulmasından əmələ gələn tələbdir. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Gəncə Kommersiya Məhkəməsinin 07 iyul 2023-cü il tarixli 8-2(115)-7/2023 saylı qərardadı ləğv edilməli, Gəncə Kommersiya Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 8-2(115)-7/2023 saylı qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 363, 364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Borclu MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 07 iyul 2023-cü il tarixli 8-2(115)-7/2023 saylı qərardadı ləğv edilsin. Gəncə Kommersiya Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 8-2(115)-7/2023 saylı qərardadı isə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar