Məhkəmə qərarları › İş №8-2(104)-1/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(104)-1/2024

15.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8-2(104)-1/2024 15.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və X1 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-2(83)-1300/2016 nömrəli icra sənədi üzrə Şəmkir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinin geri qaytarılması haqqında qərarından Tələbkar tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il tarixli GM 03836 nömrəli, xx.xx.2015-ci il tarixli GM 03961, GM 03962, GM 03963, GM 03964, GM 03965, GM 03966, GM 03967, GM 03968, GM 03969 və GM 03970 nömrəli təmir aktları üzrə 4680,18 manat təmir xidmətinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 4710,18 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-2(83)-1300/2016 saylı qətnaməsi ilə cavabdeh "xxxx" MMC-dən 4680 manat 18 qəpik məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamə xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş, xx.xx.2017-ci il tarixdə icra vərəqi verilmiş və qətnamə icra edilməsi üçün Şəmkir rayon İcra şöbəsinə göndərilmişdir. Şəmkir rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli 445-30517/17-35-2 saylı qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Şəmkir rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılmasına dair” qərar qəbul edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-2(83)-1300 saylı icra vərəqəsi məhkəməyə geri qaytarılmışdır. İş üzə Tələbkar MMC (köhnə adı ilə "xxxx" MMC) ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Şəmkir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinin geri qaytarılmasına dair qərarının ləğv edilməsini və icra şöbəsinə geri qaytarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 10 may 2023-cü il tarixli e-8-2(115)-5/2023 saylı qərardadı ilə Tələbkar (köhnə adı ilə "xxxx" MMC) Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-2(83)-1300/2016 nömrəli qətnaməsinin icrası ilə əlaqədar Şəmkir rayon İcra və Probasiya şöbəsinin “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılmasına dair” xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, məhkəmənin qərardadı icra hərəkətlərinin davam etdirilməsi üçün Şəmkir rayon İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. Şəmkir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2017-ci il tarixli 2-2(83)-1300/2016 saylı icra sənədinə əsasən icraata başlanmışdır. Şəmkir rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılmasına dair” qərar qəbul edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-2(83)-1300 saylı icra vərəqəsi məhkəməyə geri qaytarılmışdır. Tələbkar MMC məhkəməyə müraciət edərək, Şəmkir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 272491-16/19 nömrəli icra sənədinin geri qaytarılmasına dair qərarının ləğv edilməsi və icra şöbəsinə geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra məmurunun xx.xx.2023-cü il tarixli 272491- 16/19 nömrəli qərar ilə razı deyillər. Belə ki, elektron icra sistemindən çıxarışa baxdıqda borclunun “Bank hesabları haqqında informasiya” bölməsində "xxxx" ASC, “Kapital Bank” SB, "xxxx" ASC kimi banklarda hesabları aşkar edilmişdir. Lakin icra məmuru tərəfindən bu hesablara həbs qoyulmasına dair heç bir məlumat müəssisəyə təqdim edilməmişdir. Bununla yanaşı Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli “306.1-ci maddənin şərh edilməsinə dair” qərarına görə “məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.” Lakin icra məmuru borclu hüquqi şəxsin rəhbəri, yəni direktoru barəsində heç bir qanuni tədbir, yəni axtarış, inzibati qaydada cərimə və ya borclunun ölkədən çıxışına məhdudiyyət tətbiq etməmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(104)-9/2024 saylı qərardadı ilə (hakim G.Quliyeva) Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-2(83)-1300/2016 nömrəli icra sənədi üzrə Şəmkir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinin geri qaytarılması haqqında qərarından Tələbkar tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. İş üzrə Tələbkar qərardaddan şikayət verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8-2(115)-9/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra məmuru tərəfindən bir sıra tədbirlər görülməmişdir. Belə ki, elektron icra sistemindən çıxarışa baxdıqda borclunun “Bank hesabları haqqında informasiya” bölməsində "xxxx" ASC, “Kapital Bank” SB, "xxxx" ASC kimi banklarda hesabları aşkar edilmişdir. Lakin icra məmuru tərəfindən bu hesablara həbs qoyulmasına dair heç bir məlumat müəssisələrinə təqdim edilməmişdir. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli “306.1-ci maddənin şərh edilməsinə dair” Qərarına görə, “məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.” Lakin icra məmuru borclu hüquqi şəxsin rəhbəri, yəni direktoru barəsində heç bir qanuni tədbir, yəni axtarış, inzibati qaydada cərimə və ya borclunun ölkədən çıxışına məhdudiyyət tətbiq etməmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(104)-9/2024 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 15 aprel 2024-cü il tarixli 8-2(115)-9/2024 nömrəli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işin materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi dinləyib hesab edir ki, şikayət qismən təmin edilərək Gəncə Kommersiya Məhkəməsinin 8-2(115)-9/2024 saylı 15 aprel 2024-cü il tarixli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilərək tələbkarın icra məmurunun qərarından vermiş olduğu şikayət yenidən araşdırılması üçün işlə birlikdə həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədləri hesab edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Həmin Qanunun 23.1.2-ci maddəsinə əsasən borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; - həmin Qanunun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu habelə qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). Digər bir qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi icra məmuru tərəfindən bütün zəruri icra tədbirlərinin keçirilib-keçirilməsini yoxlamadan Şəmkir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinin geri qaytarılması haqqında qərarından verilmiş şikayəti təmin etməmişdir. Belə ki, iş materiallarının 88-ci vərəqində olan Şəmkir rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş aktdan görünür ki, o, ümumiyyətlə "xxxx" MMC-nin yerləşdiyi yeri müəyyənləşdirə bilməmişdir. Borclunun yerləşdiyi yeri müəyyənləşdirə bilmədiyi halda təbii ki, tələb yönəldilə bilən əmlakının da olub-olmadığını müəyyənləşdirə bilməz. Belə olan halda ən azından həmin hüquqi şəxsin rəhbərini müəyyənləşdirib, icra sənədinin icra edilməsini onunla müzakirə etməli, barəsində qanunvericiliklə yol verilən tədbirlər görməli idi. İcra məmuru isə həmin tədbirlərin heç birini görmədən icra sənədini geri qaytarmış, icra məmurunun qərarı ilə razılaşan məhkmə isə həmin halları nəzərə almamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin 8-2(115)-9/2024 saylı 15 aprel 2024-cü il tarixli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilərək, Şəmkir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinin geri qaytarılması haqqında qərarının əsaslılığı araşdırılması üçün iş materialları ilə həmin məhkəməyə qaytarılmalıdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 264, 396, 398.0.3, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Tələbkar tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 8-2(115)-9/2024 saylı 15 aprel 2024-cü il tarixli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-2(83)-1300/2016 nömrəli icra sənədi üzrə Şəmkir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinin geri qaytarılması haqqında qərarından Tələbkar tərəfindən verilmiş şikayətə baxılması üçün iş materialları həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar