Məhkəmə qərarları › İş №8-2(104)-2/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(104)-2/2025

06.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8-2(104)-2/2025 06.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakim Rzaquliyev Şamil Qəhrəman oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin 07 iyul 2025-ci il tarixli 8-2(115)-36/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Tələbkar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Borclu məxsus istixanada təbii qazdan istifadə nəticəsində yaranmış 99288,20 manat borcun və 387,86 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)- 1214/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Borclu istifadə olunmuş təbii qaza görə yaranmış 89288 manat 20 qəpik borc məbləği və 357 manat 86 qəpik dövlət rüsumu tutularaq Tələbkar hesabına köçürülməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamə xx.xx.2024-ci il tarixdə qüvvəyə minmiş, xx.xx.2024-ci il tarixdə icra vərəqi verilmiş və qətnamə icra edilməsi üçün Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra idarəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Borclu qətnamənin icrasına möhlət verilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1214/2024 nömrəli qətnaməsinin icrasına 2 il müddətinə möhlət verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, icra məmuru məhkəmə qətnaməsi ilə olan borcun birdəfəlik ödənilməsini tələb etsə də həmin məbləği bir dəfəyə ödəməyə onun imkanı yoxdur. O, borcun hissə-hissə ödənilməsini istəsə də, həm tələbkar, həm də icra məmuru bununla razı olmamışdır. Heç bir yerdə işləmir, heç bir təqaüd almır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün tərəfindən ciddi addımlar atılmışdır, bunun nəticəsini əldə edəcəkdir, amma hazırda maddi vəziyyəti həddən artıq pisdir. Gəncə Kommersiya Məhkəməsinin 07 iyul 2025-ci il tarixli 8-2(115)-36/2025 nömrəli qərardadı ilə (G.Quliyeva) ərizə qismən təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1214/2024 nömrəli qətnaməsinin icrasına 3 ay müddətinə, xx.xx.2025-ci il tarixədək möhlət verilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. Həmin qərardaddan Borclu tərəfindən şikayət verilmiş, qərardadın ləğv edilməsini, əks təqdirdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə möhlət verilməsi barədə ərizəni təmin edərkən işin bir sıra mühüm əhəmiyyətli halını kifayət qədər araşdırmamış və sonda ərizənin qismən təmin edilməsi barədə qərardad çıxarmışdır. Belə ki, məhkəmə tərəfindən verilən 3 aylıq möhlət istehsal etdiyi məhsulun ərsəyə gələnədək satışından pul əldə edilməsi üçün heç cür kifayət etmir. Belə ki, məhsulun yetişdirilərək satılması üçün ən azı 7-8 ay gərək olur ki, məhkəmənin verdiyi üç aylıq müddət çox azdır. Bundan başqa o heç yerdə işləmir və təqaüd hüququ da əldə etməmişdir. Buna baxmayaraq mütəmadi olaraq ödənişlər etmək üçün əlindən gələni edir. Gəncə Kommersiya Məhkəməsinin 14 iyul 2025-ci il tarixli 8-2(115)-36/2025 nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 07 iyul 2025-ci il tarixli 8-2(115)-36/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işin materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin 07 iyul 2025-ci il tarixli 8- 2(115)-36/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası MPM-in 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatlarıətraflı təsvir edən “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı işüzrə 19 mart 1997ci il tarixli Qərar, §40). Həmin məsələyə eyni mövqedən yanaşan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində göstərilir ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərlərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri tərəfindən bir ay müddətinədək uzadıla bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin tələbindən də göründüyü kimi icra sənədi alındığı vaxtdan iki ay müddətində icra məmuru icra sənədində göstərilən tələblərin icrasını təmin etməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Borclu Tələbkar hesabına 2000 manat məbləğində pul ödəmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borclu məhkəmə qətnaməsi ilə ondan tutulmalı olan borc məbləğinin 2000 manatını ödəmiş, qalan hissəsini də ödəmək niyyətindədir. Sahibkarlıq fəaliyyətini bərpa edib borcunu tam olaraq ödəmək istəyir. Məhkəmə qeyd edilən halları nəzərə alaraq Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1214/2024 nömrəli qətnaməsinin icrasına 3 ay müddətinə, xx.xx.2025-ci il tarixədək möhlət verilməsini məqsədəmüvafiq hesab edir. Borclu ərizəsində qətnamənin icrasına 2 il müddətinə möhlət verilməsini xahiş etsə də belə bir müddətə qətnamənin icrasına möhlət verilməsini məhkəmə qanuni və əsaslı hesab etmir. Bu qənaətə gələrkən tələbkarın da mənafeyini nəzərə alır. Məhkəmə kollegiyası icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizəni qismən təmin etmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, icra sənədinin icra müddətinin daha uzun müddətə müəyyən edilməsi tələbkarın mənafeyinə əhəmiyyətli zərər vura bilər. İşin hallarından göründüyü kimi Borclu həmin borcu təbii qazdan istifadəyə görə xx.xx.2021-ci il tarixə yaranmış və hazırkı vaxtadək ödənilməmiş borcudur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1214/2024 nömrəli qətnaməsi üzrə icra sənədinin icrası ilə bağlı Borclu tərəfindən verilmiş ərizəni təmin etməməkdə haqlı olmuşdur. Odur ki, şikayət təmin edilmədən Gəncə Kommersiya Məhkəməsinin 07 iyul 2025-ci il tarixli 8-2(115)-36/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 397-400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Borclu şikayəti təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin 07 iyul 2025-ci il tarixli 8-2(115)-36/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar