Məhkəmə qərarları › İş №8-2(104)-3/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(104)-3/2024

14.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8-2(104)-3/2024 14.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin 23 iyul 2024-cü il tarixli 8-2(115)-17/2024 nömrəli qərardadından X1 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Tələbkar cavabdeh X5 qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 85595,70 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq Tələbkar bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin iddiaçı X6 cavabdeh Tələbkarnə qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək qazdan istifadəyə görə quraşdırılmış qaz sağyacının yararsız vəziyyətə salınmasına görə hesablanmış 29185,40 manat borcun silinməsinə və dövlət rüsumu kimi ödənilmiş 30 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli e-2-2(115)-440/2020 saylı qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, cavabdeh X3 56410,30 manat borc tutularaq Tələbkar İB-nin bank hesabına ödənilməsi, qarşılıqlı iddianın təmin edilməsi, Tələbkar tərəfindən hesablanmış 29185,40 manat borcun X4 abonenet hesabından silinməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərə aid edilməsi qət edilmişdir. Qətnamə 30 avqust 2021-ci il tarixdə qüvvəyə minmiş, 07 sentyabr 2021-ci il tarixdə icra vərəqi verilmiş və qətnamə icra edilməsi üçün Şəmkir rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Şəmkir rayon İcra və probasiya şöbəsinin 13 sentyabr 2021-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Şəmkir rayon İcra və probasiya şöbəsinin 23 sentyabr 2021-ci il tarixli qərarı ilə Gəncə Kommersiya Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli e-2-2(115)-440/2020 nömrəli icra sənədi üzrə X1ndan 3948,72 manat məbləğində icra ödənişinin tutulması qərara alınmışdır. Həmin qərardan X1 şikayət verərək qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Şəmkir rayon İcra və probasiya şöbəsinin icra məmuru Gəncə Kommersiya Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli e-2-2(115)- 440/2020 nömrəli icra sənədi üzrə ödənişlərin alınması barədə məsələyə baxaraq başlanılmış icraat zamanı borclu tərəfindən icra sənədini könüllü icra üçün müəyyən olunmuş vaxtda üzürsüz səbəbdən icra olunmadığını əsas gətirərək “İcra haqqında” qanunun 78-ci maddəsinə əsasən ondan pul məbləğinin 7%-i həcmində icra ödənişinin alınmasına dair qərar qəbul etmişdir. Yaranmış borcu 2022-ci ilin mart ayının 20-dək 15000, 2022-ci ilin aprel ayının 20-dək 15000 manat, 2022-ci ilin may ayının 20-dək 30000 manat, 2022-ci ilin iyun ayının 20-dək 26977,30 manat Tələbkar İBnə ödəməyinə dair sonuncu ilə aralarında xx.xx.2022-ci il tarixli razılaşma protokolu imzalanmış və həmin razılaşma protokoluna uyğun olaraq bütün borcu ödəmişdir. Onun Tələbkar İB-nə olan borcu ilə bağlı heç bir icra hərəkəti aparılmamışdır. Barəsində şikayət olunan qərar formal olaraq qəbul edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 23 iyul 2024-cü il tarixli 8-2(115)-17/2024 nömrəli qərardadı ilə (hakim G.Quliyeva) Gəncə Kommersiya Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli e-2-2(115)-440/2020 nömrəli icra sənədinin icrası ilə əlaqədar Şəmkir rayon İcra və probasiya şöbəsinin icra ödənişinin alınması haqqında 23 sentyabr 2021-ci il tarixli qərarından X1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. X1 şikayət verərək, Gəncə Kommersiya Məhkəməsinin 23 iyul 2024-cü il tarixli 8- 2(115)-17/2024 nömrəli qərardadının ləğv edilməsini və ya baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ona icra bildirişi göndərildiyini qeyd edir. Amma sözügedən icra bildirişini o, ümumiyyətlə almamış və həmin icra bildirişinin ona rəsmi qaydada verilməsini sübut edən heç bir sənəd işdə yoxdur. Hətta icra məmurunun özü sözügedən bildirişi onun ünvanına sifarişsiz göndərdiyini və həmin bildirişinin ona çatıb-çatmamasından xəbərsiz olduğunu qeyd edir. Bundan əlavə Şəmkir İcra və Probasiya Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib olunmuş aktın onun yanında tərtib olunmadğını, icra hərəkəti edilməsi görüntüsünün yaradılması üçün tərtib edilyinə dair əsaslı şübhələr olduğu üçün adları aktda qeyd edilən şəxslərlə onun xx.xx.2021-ci il tarixə mobil telefonlarının anten əhatə dairəsinin müəyyən edilməsinə dair məhkəməyə vəsatət vermişdir. Amma həmin vəsatəti iş materiallarına əlavə edilməmiş və əhəmiyyət verilməmişdir. Halbuki, onun qeyd etdikləri öz təsdiqini tapacağı halda həmin şəxslər mütləq cinayət məsuliyyətinə cəlb olunmalı idilər. İcra işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ona məxsus “TOYOTA PRADO” markalı 99-EC- 838 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Akt isə xx.xx.2021-ci il tarixində tərtib olunmuşdur. Halbuki, icra məmuru qeyd edir ki, guya o avtomobilinin üzərinə qoyulmuş həbslə bağlı icra şöbəsinə gələn zaman sözügedən akt tərtib olunmuşdur. Belə olan halda onun avtomobilinin üzərinə həbs akt tərtib olunmamışdan əvvəl qoyulmalı idi. Bundan əlavə aktda onun icra şöbəsinə dəvət olunduğu qeyd olunub. Amma məhkəmədəki çıxışında isə icra məmuru onun avtomobilinin üzərinə qoyulmuş həbslə bağlı gəldiyini qeyd edir. Yəni o icra şöbəsinə dəvət olunmamışdır. Bundan əlavə icra məmurları qeyd edirlər ki, guya o sənədləri götürməmişdir və bununla bağlı akt tərtib olunmuşdur. Belə olan halda olanlar nəzarət kameralarının görüntülərini işə əlavə edə bilərdilər və ya qeyd olunanları texniki vasitələrdən istifadə edərək qeydə ala bilərdilər. Bundan əlavə aktın ümumiyyətlə harada tərtib olunduğu, həmin aktdan məlum deyildir. İcra məmurunun iddiasına görə guya onun otağında tərtib olunmuşdur. Bundan əlavə icra məmuru Zaur Aslanov deyir ki, icra məmuru X7 iştirakı ilə akt tərtib etmişdir. Amma aktdan da göründüyü kimi orada Bəxtiyar Əlizadənin də adı var. Bu onu sübut edir ki, sözügedən akt icra görüntüsü yaratmaq xatirinə vəzifədən sui-istifadə olunaraq tərtib olunmuşdur. Bundan əlavə məhkəmə icra və probasiya şöbəsinin işçilərinə kömək məqsədilə qeyd edir ki,... İcra işinin materiallarında isə həmin razılaşma protokolunun icra məmuruna ümumiyyətlə təqdim edilməsi görünmür.... Belə çıxır ki, icra işçiləri tələbkarı ümumiyyətlə heç vaxt dəvət etməmişlər. Gəncə Kommersiya Məhkəməsinin 29 iyul 2024-cü il tarixli 8-2(115)-17/2024 nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 23 iyul 2024-cü il tarixli 8-2(115)-17/2024 nömrəli qərardadından X1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işin materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri ilə əlaqəli şəkildə tam və obyektiv araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, tələbkar tərəfindən verilmiş şikayət təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin 23 iyul 2024-cü il tarixli 8-2(115)-17/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı 29 iyul 2024-cü il tarixli 8-2(115)-17/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra məmuru xx.xx.2021-ci il tarixli qərarla icraata başladığını, icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməli olmasını qeyd etmiş, həmin müddət ərzində tələb üzürsüz səbəbdən icra edilməzsə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin tutulacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Şəmkir rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X10, icra məmuru X12 və hal şahidi X8 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-440 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar həmin tarixdə, yəni xx.xx.2021-ci ildə X1 şöbəyə dəvət edilmişdir, ona icraata başlamaq haqqında qərar və bildiriş təqdim edilsə də sənədləri imzalamaqdan imtina etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak etmiş 12 noyabr 2021-ci il tarixli aktın tərtib edilməsində iştirak edən X8 göstərmişdir ki, həmin vaxt X2 kimi köməklik göstərirmiş, X6 qərarı və bildirişi qəbul etməkdən imtina etməsinə görə akt tərtib edilmişdi. O da həmin aktın tərtib edilməsində və imzalanmasında iştirak etmişdir. İş materiallarında olan Şəmkir rayon İcra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-440 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə X1nun adına “TOYOTA PRADO” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində sərəncam vermək hüququ qadağan edilmişdir. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X5 məxsus “TOYOTA PRADO” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə kompyuter bazasına əsasən həbs qoyulmuşdur. İş materiallarında olan Şəmkir rayon İcra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli təqdimatından görünür ki, X5 məxsus “TOYOTA PRADO” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması məhkəmədən xahiş edilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X5 məxsus “TOYOTA PRADO” markalı 99-EC838 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. İcra işinin materiallarında olan Tələbkar xx.xx.2022ci il tarixli və Şəmkir rayon İcra və probasiya şöbəsinə xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmçinin xx.xx.2023-cü il tarixli və Şəmkir rayon İcra və probasiya şöbəsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş məktublarından görünür ki, Gəncə Kommersiya Məhkəməsinin e-2- 2(115)-440 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə cavabdeh X6 tərəfindən Şəmkir RQİİ-nə ödəniləcək məbləğin ödənişi tam təmin edilmişdir. Belə ki, cavabdeh tərəfindən istehlak edilmiş təbii qaz sərfinə görə olan borcun 56410,30 manat vəsaitin son ödənişi xx.xx.2022-ci il tarixdə aparılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli debitor borcun ödənilməsi haqqında razılaşma protokolundan görünür ki, təbii qazdan istifadəyə görə Tələbkarnə yaranmış 92977,30 manat məbləğində borcun olmasını X6 qəbul etmiş, həmin borcdan 6000 manat ödənildiyi, qalan 86977,30 manat borcu təbii qazın sərfiyyatından əlavə olaraq 2022-ci ilin mart ayının 20-dək 15000 manat, 2022-ci ilin aprel ayının 20-dək 15000 manat, 2022-ci ilin may ayının 20-dək 30000 manat, 2022-ci ilin iyun ayının 20-dək 26977,30 manat ödəməyi öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi təqdimatla bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borclu icra məmuru tərəfindən qərarda müəyyən edilən müddətdə icra sənədini könüllü icra etmədiyi üçün məcburi icra tədbirlərini həyata keçirmişdir. Qeyd edilənlərə əsasən icra məmuru X3 3948,72 manat məbləğində icra ödənişinin tutulması barədə qərar qəbul etmişdir. Borclu məhkəməyə tələbkarla imzalanmış razılaşma protokolunu təqdim edərək borcun hissə-hissə ödənilməsi ilə bağlı razılaşdığını və borcu tamamilə 2022-ci ilin aprel ayınadək ödədiyini bildirmişdir. İcra işinin materiallarında isə həmin razılaşma protokolunun icra məmuruna ümumiyyətlə təqdim edilməsi görünmür. Borcun tamamilə ödənilməsi ilə bağlı tələbkarın məktubu isə 2022-ci ilin may ayında icra və probasiya şöbəsinə daxil olmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, tələbkarla borclu arasında borcun hissə-hissə ödənilməsi ilə bağlı razılaşma olması, həmin borcun icra məmuru tərəfindən könüllü ödənilməsi ilə bağlı müəyyən etdiyi vaxtdan sonra tamamilə ödənilməsi borcludan icra ödənişinin tutulmasını istisna edən hal kimi nəzərə alına bilməz. Məhz qanunvericilik icra məmuru tərəfindən müəyyən edilmiş müddət ərzində icra sənədinin borclu tərəfindən könüllü olaraq icra edildiyi təqdirdə borclunun icra ödənişindən azad edilməsini ehtiva edir. Məhkəmə hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli e2-2(115)-440/2020 nömrəli icra sənədi üzrə X1ndan 3948,72 manat məbləğində icra ödənişini tutulması haqqında Şəmkir rayon İcra və probasiya şöbəsinin 23 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi üçün işdə hər hansı əsas yoxdur. Ona görə də Gəncə Kommersiya Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli e-2- 2(115)-440/2020 nömrəli icra sənədinin icrası ilə əlaqədar Şəmkir rayon İcra və probasiya şöbəsinin icra ödənişinin alınması haqqında 23 sentybar 2021-ci il tarixli qərarından X1 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, iş materiallarından görünür ki, X1 Tələbkar İB-yə yaranmış borcunu könüllü olaraq ödəmədiyinə görə Tələbkar İB-yi iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, çıxarılmış məhkəmə qətnaməsi icra edilməsi üçün göndərilmiş, Şəmkir rayon İcra və probasiya şöbəsi tərəfindən 13 sentyabr 2021-ci il tarixli qərarında göstərilən tələbi 10 gün müddətində könüllü icra etmədiyindən icra məmuru tərəfindən icra ödənişinin alınması üçün Şəmkir rayon İcra və probasiya şöbəsinin 23 sentyabr 2021-ci il tarixli qərarını qəbul etməkdə, birinci instansiya məhkəməsi isə həmin qərarı ləğv etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin qanunun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Həmin qanunun 78.2-ci maddəsinə əsasən icra ödənişi icra sənədi ilk dəfə icraya yönəldilərkən alınır. Həmin icra sənədinin yenidən icraya yönəldilməsi zamanı icra ödənişi alınmır. Həmin qanunun 78.3-cü maddəsinə əsasən icra ödənişinin məbləğinin 25 faizi dövlət büdcəsinə, qalan hissəsi isə icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. Həmin qanunun 78.4-cü maddəsinə əsasən icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənəd ləğv edildikdə, icra ödənişi borcluya qaytarılır. Həmin qanunun 85.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. Göründüy kimi X1 icra hərəkətlərini göstərilən müddətdə könüllü yerinə yetirməmişdir. X1 şikayətində icra bildirişini ümumiyyətlə almadığını və həmin icra bildirişinin ona rəsmi qaydada verilməsini sübut edən heç bir sənədin işdə olmadığını qeyd edərək icra məmurunun yuxarıda qeyd olunan qərarının ləğv edilməsini xahiş etmişdir. Kollegiya borclunun həm birinci instansiya məhkəməsinə verdiyi şikayətini, həmçinin həmin şikayət üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardaddan verdiyi şikayəti əsassız sayaraq qeyd edir ki, işdən göründüyü kimi borclu tələbkara olan borcunu ödəmədiyinə görə tələbkar iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qəbul etdiyi qətnamə ilə razılaşmayan borclu – cavabdeh X6 birinci instansiya məhkəməsinin qətnaməsini də mübahisələndirmiş, lakin onun şikayəti təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra sənədi icra edilməsi üçün göndərilmişdir. İşdə olan Tələbkar İB-yi ilə X1 arasında bağlanmış debitor borcun ödənilməsinə dair razılaşma protokolundan da görünür ki, həmin razılaşma protokolu məhkəmə qətnaməsi icraya yönəldikdən sonra 10 yanvar 2022-ci il tarixdə tərtib edilmişdir. Yəni icra sənədi icraya yönəldikdən, icra məmuru tərəfindən müəyyən icra hərəkəti edildikdən (icra məmurunun xx.xx.2021-ci il tarixli qərarı ilə borcluya məxsus “TOYOTA PRADO” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində sərəncam vermək hüququ qadağan edilmişdir) sonra borclu icra sənədinin icra edilməsi istiqamətində hərəkət etmişdir. Bu isə icra sənədinin könüllü icra edildiyini təsdiq etmir. Odur ki, şikayət təmin edilmədən Gəncə Kommersiya Məhkəməsinin 23 iyul 2024-cü il tarixli 8-2(115)-17/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı 29 iyul 2024-cü il tarixli 8-2(115)-17/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 397-400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: X1 oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 23 iyul 2024-cü il tarixli 8-2(115)-17/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı 29 iyul 2024-cü il tarixli 8-2(115)-17/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar