Məhkəmə qərarları › İş №8-2(104)-3/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(104)-3/2025

13.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8-2(104)-3/2025 13.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin 18 iyul 2024-cü il tarixli e-2-2(115)-1269/2024 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatının təmin edilməməsi barədə Gəncə Kommersiya Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 8-2(115)-38/2025 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin 18 iyul 2024-cü il tarixli e-2-2(115)- 1296/2024 saylı icra sənədinə əsasən Borclu 4622 manat məbləğində borc və 67 manat məbləğində dövlət rüsumu tutulub Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. Şəmkir rayon İcra və Probasiya Şöbəsi təqdimatla Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək Borclu icra sənədində göstərilən borcunu ödəmədiyini, hazırda da ödəməkdən yayındığını göstərib borclunun ölkədən getmək hüququnun borcunu tamamilə ödəyənədək müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2024-cü il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Borc cəmi 4349 manat təşkil edir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Gəncə Kommersiya Məhkəməsinin 15 iyul 2025-ci il tarixli 8-2(115)-38/2025 saylı qərardadı ilə (hakim R.Qələndərzadə) Gəncə Kommersiya Məhkəməsinin 18 iyul 2024-cü il tarixli e-2-2(115)- 1269/2024 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş təqdimatın rədd edilməsi qərara alınmışdır. Tələbkar həmin qərardaddan şikayət verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(115)-38/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8-2(115)-38/2025 saylı qərardadı ilə icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş təqdimatın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qərardadında qeyd olunmuşdur ki, borclu tərəfindən məhkəməyə təqdim edilmiş bank çıxarışlarından görünür ki, Borclu tərəfindən icra sənədi üzrə ümumilikdə 2550 manat ödəniş olunmuşdur. Məhz, bu əsasa görə məhkəmə Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş təqdimatın rədd edilməsi qəaətinə gəlmişdir. Halbuki, borclu şəxsin tələbkara olan borcunun tam şəkildə ödənilməməsi nəzərə alınmamışdır. Bundan başqa, qeyd etmək istəyirlər ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 18 iyul 2024-cü iltarixli e-2- 2(115)-1269/2024 saylı icra sənədinin icrasına başlanılmış və borcluya xx.xx.2024-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilməmişdir. Yalnız borclu məhkəmə qətnaməsi ilə tələbkara ödənilməsi nəzərdə tutulmuş vəsaiti öz təşəbbüsü ilə könüllü ödəməyə başlamışdır. Halbuki, “İcra Haqqında”Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. İş materiallarından isə görünür ki, borclu tələbin könüllü icrası üçün ona verilmiş 10 gün müddət keçməsinə baxmayaraq, tələbi tam təmin etməmişdir. Bununla, borclu onun barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsinə özü şərait yaratmışdır. Buna görə də hesab edirlər ki, icra məmuru məcburi icra tədbirlərindən biri olan ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatla məhkəmədə çıxış etməkdə haqlı olmuşdur. Həmin Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Göründüyü kimi, qanunun tələbinə görə icra məmurunun icraatında olan icra sənədinin vaxtında icra olunması üçün bütün növ zəruri icra hərəkətlərini yerinə yetirmək vəzifəsi vardır. Borclunun isə 2 ay müddətində məhkəmə qətnaməsini icra etmək öhdəliyi vardır. Buna görə də hesab edirlər ki, belə olan halda, icra məmuru hazırki təqdimatla məhkəməyə müraciət etməli idi. Həmin Qanunun 44.1.3-cü maddəsinə görə borcluya könüllü icra üçün icra məmuru tərəfindən verilmiş müddətin keçməsi məcburi icra tədbirərinin tətbiqi əsaslarından biri hesab olunur. Hazırki iş materiallarında olan sənədlərdən görünür ki, borclu ona verilmiş könüllü müddət ərzində tələbi təmin etməmiş, tələbkarın qanunla qorunan hüquqlarını pozmuşdur. Gəncə Kommersiya Məhkəməsinin 18 iyul 2025-ci il tarixli 8-2(115)-38/2025 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 8-2(115)-38/2025 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası verilmiş şikayət əsasında iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, şikayət təmin edilməli və birinci instansiya məhkəməsinin 15 iyul 2025-ci il tarixli 8-2(115)-38/2025 saylı qərardadı ləğv edilməli və təqdimatın təmin edilməsinə dair yeni qərardad çıxarılmalıdır. Belə ki, işdəki Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1269/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Borclu 4622 manat məbləğində borc və 67 manat məbləğində dövlət rüsumu tutulub Tələbkar MMCnin xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 18 iyul 2024-cü il tarixli e-2- 2(115)-1269/2024 saylı icra sənədinin icrasına başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu Gəncə Kommersiya Məhkəməsinin 18 iyul 2024-cü il tarixli e-2-2(115)-1269/2024 saylı icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir İş matriallarında olan borclu tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərdən görünür ki, borclu tərəfindən icra sənədi üzrə ümumilikdə 2550 manat ödəniş olunmuşdur. Azərbaycan Respublikasının MPM-in 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 44.1-ci maddəsinə görə bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması (maddə 44.1.1.); icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi (maddə 44.1.2.); könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi (maddə 44.1.3.) məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar, §40). “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. İşdən görünür ki, təqdimatın təmin edilməsindən imtina etmiş birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarını, yəni borclunun uzun müddətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında qaytarmalı olduğu 4622 manat borcdan yalnız 2550 manat hissəsini qaytardığını və qalan 1799 manat borcu ödəməkdən yayındığını nəzərə almamışdır. Ona görə də kollegiya hesab edir ki, şikayət təmin edilərək Gəncə Kommersiya Məhkəməsinin 15 iyul 2025-ci il tarixli 8-2(115)-38/2025 saylı qərardadından ləğv edilməli və təqdimat təmin edilərək xx.xx.1991-ci ildə Şəmkir rayonu Dəllər qəsəbəsində anadan olmuş, Şəmkir rayonu Dəllər qəsəbəsində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ borc ödənilənə qədər müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 397-400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Tələbkar şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 15 iyul 2025-ci il tarixli 8-2(115)-38/2025 saylı qərardadı ləğv edilsin və yeni qərardad çıxarılsın. Təqdimat təmin edilsin. xx.xx.1991-ci ildə Şəmkir rayonu Dəllər qəsəbəsində anadan olmuş, Şəmkir rayonu Dəllər qəsəbəsində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ Gəncə Kommersiya Məhkəməsinin 18 iyul 2024-cü il tarixli e-2-2(115)- 1296/2024 saylı icra sənədi üzrə borc ödənilənə qədər müvəqqəti məhdudlaşdırılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz. Sədrlik edən:/imza/ Hakimlər:/imzalar/ Əsli ilə düzdür: Hakim: Şamil Rzaquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar