Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8-2(106)-1/2024 05.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin X1 Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, Ərizəçi (borclu) Borclu Şirvan Kommersiya Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2-2(121)-1566/2022 saylı qətnaməsinin icrasına 6 ay möhlət verilməsi və həmin vaxtdan sonra hissə-hissə ödəniş qismində hər ay 500 manat ödəniş edilməsinə dair ərizəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 8-2(121)-18/2023 saylı qərardadından Tələbkar MMC tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Şirvan Kommersiya Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli e-2-2(121)- 1566/2022 saylı qətnaməsi ilə iddiaçı Tələbkar iddiası təmin edilərək cavabdeh Borclu 49277,6 manat borc alınaraq iddiaçı Tələbkarnə ödənilməsi qət edilmişdir. Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, e-2-2(121)-1566/2022 saylı qətnaməsinin icrasına 6 ay möhlət verilməsi və həmin vaxtda sonra hissə-hissə ödəniş qismində hər ay 500 manat ödəniş edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(l21)- 1566/2022 saylı qətnaməsi ilə iddiaçı Tələbkar MMC-nin ona qarşı iddiası təmin edilərək ondan 49277,6 manat məbləğdə pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi müəyyənləşdirilmiş və sözügedən məhkəmə aktı qüvvəyə mindikdən sonra 14 sentyabr 2022-ci il tarixli icra vərəqəsi verilmiş və hazırda icra işi Abşeron Rayon İcra və Probasiya İdarəsindədir. Məhkəmə prosesləri zamanı hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlayaraq bildirmişdir ki, iddia edilən məbləğ mübahisələndirilməli, iş üzrə zəruri ekspertizalar keçirilməlidir. Hər dəfə işi ilə maraqlanan zaman vəkili “narahat olma hər şey nəzarətim altındadır” dediyi üçün, eləcə də qohum olduğundan ona inanmış və işin gedişatından xəbəri olmamışdır. Hüquqi savadı olmadığından prosedurun düzgün getdiyini düşünsə də, iş artıq icraya gəldikdən sonra bilmişdir ki, araşdırma düzgün getmədən iddiaçı tərəfindən iddia edilən məbləğ olduğu kimi də təmin edilmişdir. Cari ilin oktyabr ayında icra məmurunun çağırışı ilə idarəyə gedərək bildiriş və qərarla tanış olmuş, eləcə də işin əsl hallarını əks etdirən izahatını verərək bildirmişdir ki, onun icra yönəldilmiş pulu tam şəkildə birdəfəyə ödəmək imkanı yoxdur. Tələbkar israr etdiyindən məcbur qalıb borc alaraq xx.xx.2023-cü il tarixində ilkin olaraq 1000 manat məbləğdə pulu icranın depozitinə ödəmiş və həmin məbləğin az olduğunu dediklərindən, hətta hissə-hissə ödənişlə bağlı məhkəməyə müraciət üçün ilkin olaraq əlavə pulun da ödənilməsi deyildiyindən yenə də qohum-tanışdan borc edərək əlavə olaraq xx.xx.2023-cü il tarixində 1000 manat məbləğdə pul ödəmişdir. Onun adına "xxxx" ASC-dən xx.xx.2021-ci ildə götürülmüş 200000 manat məbləğdə kredit üzrə hazırkı tarixə 116514.5 manat məbləğində borc öhdəliyi qalmışdır. Onun iki azyaşlı övladı var, özü və arvadı işləmir. İş üçün hər yerə müraciət etmiş, amma hələ də heç bir iş tapa bilməmişdir. O, atasıgillə birlikdə qalır, anası, qardaşı İİ dərəcə əlildir, ailəsinin maddi ehtiyaclarını ödəmək çox çətindir. Belə ki, maddi imkan olmadığından ailə ehtiyacları üçün atasının adına “TuranBank" ASC-dən xx.xx.2023-cü ildə kredit də götürmüş və indi də həmin banka krediti ödəməyə çalışır. Tələbkar tərəfindən iddia edilən pulu heç cürə ödəyə bilmir, tələbkar onu sıxır ki, “pulu tam ödə yoxsa tutduracağam”. Hazırkı vəziyyət onun bütün həyatını alt-üst edib, uşaqları körpədir, maddi imkanı, daşınar, daşınmaz əmlakı yoxdur, adına rəsmiləşdirilmiş, lakin bir manatı da ona çatmayan yuxarıda qeyd edilən külli miqdar banka olan borc da ödənilməyib, öhdəlik onun üstündə qalıb, ailəsi, eləcə də dolanışıq üçün aldıqları borcları ödəməyə çalışırlar və çıxılmaz vəziyyətdədir. Heç bir manatı belə ona çatmayan pullar üzrə öhdəlik daşımaq və hazırda da tələbkarın ondan pulu tam şəkildə istəməsi, əks halda tutduracağını bildirməsi, imkansızlığı, yuxarıda qeyd edilən halların ona heç bir aidiyyətinin olmadığını deməsi onu pis vəziyyətə salmışdır. Tələbkarın onu tutdurmasından qorxduğu üçün məcbur qalıb borc alaraq 2000 manat məbləği ödəsə də, hazırda əlavə ödəniş edə bilmir. Nəzərə alınsa ki, 2000 manat pulu aldığı şəxslərə də borclanmış, bu da onun vəziyyətini daha da ağırlaşdırır. O, borclu olsa da, əslində o həmin müqavilə üzrə formal şəxs olmuş, qohumunun xahişləri səbəbindən sənədlərin onun adına rəsmiləşdirilməsinə razı olsa da, indi həmin pullar ondan tələb olunur, lakin kimsə də kömək etmir. Qətnamə üzrə müəyyənləşdirilmiş məbləği heç cür tam ödəyə bilməyəcəyini, iki azyaşlı övladının, anasını, qardaşının İİ dərəcə əlil olmasını, ailəsində işləyən fərdin olamamasını, iş axtarsa da, tapa bilməməyini, aktiv borclarının olmasını və digər zəruri halları qeyd edərək bildirir ki, ödəniş etmək üçün ona zamanın verilməsi, eləcə də ödənişlərin aylar üzrə bölünürək hissə-hissə icra edilməsinə şərait yaradılması zəruridir. Əks halda, yəni diqqətəlayiq hallarının nəzərə alınmaması onun ailəsinin daha da pis vəziyyətə düşməsinə səbəb olacaqdır. Şirvan Kommersiya Məhkəməsinin 8-2(121)-18/2023 saylı 20 dekabr 2023-cü il tarixli qərardadı ilə ərizənin qismən təmin edilməsi, Şirvan Kommersiya Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli e-2-2(121)-1566/2022 saylı qətnaməsinin icrasına 6 (altı) ay möhlət verilməsi və ərizənin qalan hissədə rədd edilməsi qərara alınmışdır. Tələbkar məhkəməyə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 8-2(121)-18/2023 saylı qərardadının qismən ləğv edilərək, ərizənin qətnaməni icrasına möhlət veriməsi hissəsində də rədd edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 8-2(121)-18/2023 saylı 07 yanvar 2024-cü il tarixli qərardadı ilə Tələbkar Şirvan Kommersiya Məhkəməsinin 8-2(121)-18/2023 saylı 20 dekabr 2023-cü il tarixli qərardadından verdiyi şikayətin geri qaytarılması qərara alınmışdır. Hazırda Tələbkar şikayətlə məhkəməyə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli e-2-2(121)-18/2023 saylı qərardadının qismən ləğv edilərək, ərizənin qətnamənin icrasına möhlət verilməsi hissəsində rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 8-2(121)-18/2023 saylı qərardadı ilə razı deyildir. Belə ki, aşağıda qeyd edilən hallara əsasən Şirvan Kommersiya Məhkəməsinin qərardadı qismən ləğv edilməli, ərizə tam rədd edilməlidir. Qətnamənin icrasına möhlət verilməsi o zaman əsaslı hesab edilə bilər ki, borclu hər hansı bir müddətdən sonra onun qətnaməni icra edilməsi üçün maddi durumunun düzələcəyini göstərsin və ya bunun üçün inandırıcı əsas olsun. Lakin işin halından da görünür ki, borclu qətnamənin icra edə bilməməsinin əsası kimi yalnız maddi imkanının olmamasını göstərmişdir. Halbuki, borclu sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsdir və sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmış borcunu ödəmək imkanın olmaması onun müflis olması deməkdir ki, bu hal yalnız məhkəmə qərarı ilə elan edilə bilər. Nə qədər ki, borclunun müflis elan edilməsi barədə hər hansı bir məhkəmə qərarı yoxdur, ona maddi imkanın olmaması kimi istinad edilə bilməz və nə qədər ki, borclu məhkəmə qətnaməsinin icra edilməsi üçün 6 aydan sonra maddi durumunun yaxşı olacağını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməyib, bu halda məhkəmə qətnaməsinin icra edilməsi üçün ona möhlət verilməsi əsassız hesab edilməlidir. Beləliklə, məhkəmə tərəfindən ərizəni qətnamənin icrasına möhlət verilməsi hissəsində təmin edilərkən əsasən borclunun 6 aydan sonra qətnaməni icra etmək niyyətində və durumunda olubolmayacağına diqqət yetirilməlidir. Şirvan Kommersiya Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 8-2(121)-18/2023 saylı qərardadı ilə Tələbkar şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 8-2(121)-18/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmış və həmin qərardaddan verilmiş şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ərizəçi Borclu nümayəndəsi Vəkil1 məhkəməyə etiraz təqdim edərək "xxxx" MMC şikayət müddətini ötürməklə şikayətini verdiyindən şikayət mümkün sayılmayaraq icraata götürülməməlidir. Belə ki, Şirvan Kommersiya Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli qərardadından tərəf şikayət verərkən ilkin şikayətində qərardadı 25 dekabr 2023 cü il tarixində aldığını qeyd etmişdir. Məhkəmə isə vəkil tərəfindən order düzgün verilmədiyi əsası ilə şikayətin geri qaytarılması barədə 07 yanvar 2024-cü il tarixli qərardad qəbul etmişdir. Tərəf bundan sonra yenidən şikayət vermiş və hazırda baxılması üçün apellyasiya Məhkəməsinə göndərilmiş şikayətdə qərardadı 29 dekabr 2023-cü il tarixində aldığını qeyd etmişdir. Sözügedən şikayət müddət keçməsinə baxmayaraq məhkəmə tərəfindən mümkün sayılsa da, şikayət əsassız olduğundan təmin edilməməsi barədə 12 yanvar 2024 cü il tarixli qərardad qəbul edərək baxılması üçün apellyasiya instansiyasına göndərmişdir. Şikayət tam əsassız olmaqla yanaşı, prosessual normanın müddətlə bağlı imperativ normasının tələbini pozmuşdur. Tərəf iki şikayətində fərqli tarixləri qeyd etsə də, nəzərə alınmalıdır ki, məhkəmənin 20 dekabr 2023 cü il tarixli 8-2(121)-18/2023 saylı qərardadı elektron məhkəmə sisteminə, tərəfin kabinetinə məhz 25 dekabr 2023 cü il tarixində yüklənmişdir. Bu mötəbər hal da təsdiq edir ki, tərəf ikinci şikayətində formal olaraq 29 dekabr 2023 cü il tarixində əldə etdiyini qeyd etsə də, Məcəllədə əks edilmiş 10 günlük müddət pozmuş və müddətin bərpası ilə bağlı hər hansı ərizə də verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Göründüyü kimi, Tələbkar şikayət verərək Şirvan Kommersiya Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli e-2-2(121)-18/2023 saylı qərardadının borclunun ərizəsinin təmin edildiyi - qətnamənin icrasına möhlət verilməsi hissəsində rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Beləliklə, Şirvan Kommersiya Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli e-2-2(121)-18/2023 saylı qərardadı ərizənin rədd edilməsi hissəsində mübahisələndirilməmişdir. Bu baxımdan, kollegiya diqqətə çatdırır ki, Dispozitivlik prinsipinə görə müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işin müəyyən edilmiş hallarına prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, Tələbkar MMC tərəfindən verilmiş şikayət təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2-2(121)-1566/2022 saylı qətnaməsinin icrasına 6 ay möhlət verilməsinin təmin edilməsi hissəsində Şirvan Kommersiya Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 8-2(121)-18/2023 saylı qərardadı ləğv edilməli və Borclu ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarına əsasən Şirvan Kommersiya Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli e-2-2(121)-1566/2022 saylı qətnaməsi qanuni qüvvəyə mindikdən sonra tərtib edilmiş icra vərəqəsi icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, 03 aprel 2023-cü il tarixdə İcraata başlamaq haqqında qərar qəbul edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin 15 avqust 2023-cü il tarixli qərarı ilə ünvan 1 ünvanında yaşayan Borclu məcburi gətirilməsi üçün təqdimat verilmiş və Abşeron Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Bundan əlavə, Borclu Şirvan Kommersiya Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli e-2-2(121)- 1566/2022 saylı qətnaməsinin icrası üçün xx.xx.2023-cü il tarixində 1000 manat, xx.xx.2023-cü il tarixində 1000 manat və xx.xx.2023-cü il tarixində 500 manat olmaqla, ödənişlər etmişdir. Məhkəmə kollegiyası, iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi icra sənədinin icrasına möhlət verilməsi barədə qənaətə gələrkən həmin müddətdən sonra qətnamənin icrasının mümkünlüyünü ümumiyyətlə əsaslandırmamışdır. Məhkəmə ərizəni həmin hissədə təmin edən zaman maddi imkanının olmaması səbəbindən borclu tərəfindən icra sənədinin icra edilə bilməməsini yeganə əsas kimi göstərmişdir. Habelə, qeyd edilməlidir ki, borclu 6 aydan sonra icra sənədinin icrası üçün möhlət verilməsindən asılı olaraq maddi durumunun yaxşı olacağını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 231.1-ci maddəsinin tələbinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Kollegiya diqqətə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, qətnamənin icrasına möhlət bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, möhlətin müddəti isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bu baxımdan, qeyd edilməlidir ki, “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi göstərmişdir ki, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, məhkəmə tərəfindən çıxarılmış hər hansı qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir. Nəzərə almaq lazımdır ki, məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə müdafiəsi hüququnun təsiri altına düşür. Belə olan halda, icra hərəkətlərinin bu və ya digər səbəbdən uzun müddət başlanmaması məhkəmə müdafiəsinin ağlabatan müddətdə həyata keçirilməməsinə, pozulmuş hüquqların bərpa olunmamasına, nəticə etibarilə məhkəmə müdafiəsi hüququnun səmərəliliyinin azalmasına gətirib çıxara bilər. MPM-in 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Həmin Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 130, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Tələbkar MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2-2(121)-1566/2022 saylı qətnaməsinin icrasına 6 ay möhlət verilməsinin təmin edilməsi hissəsində Şirvan Kommersiya Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 8-2(121)-18/2023 saylı qərardadı ləğv edilsin və Borclu ərizəsi rədd edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8-2(106)-1/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(106)-1/2024
05.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver