Məhkəmə qərarları › İş №8-2(107)-1/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(107)-1/2021

26.10.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8-2(107)-1/2021 26.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, Tələbkar "xxxx" MMC Nümayəndə2 iştirakı ilə, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15.03.2016-cı il tarixli, 2-2(84)-130/2016 nömrəli, 11.01.2017-ci il tarixli, 2-2(84)-8/2017 nömrəli və 01.02.2017-ci il tarixli, 2-2(84)-7/2017 nömrəli icra sənədləri üzrə borclunun əmlakı üzərinə həbs qoyulması barədə İsmayıllı rayon İcra və Probasiya şöbəsinin təqdimatının təmin edilməməsi barədə kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 8-2(117)-16/2021 saylı qərardadından tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15.03.2016-cı il tarixli 2-2(84)-130/2016 nömrəli qərardadı ilə “Nikitin” adına kolxozla "xxxx" MMC arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş, kolxoz ödənilməmiş qalmış 134051,99 (bir yüz otuz dörd min əlli bir manat doxsan doqquz qəpik) manat əsas borc məbləğini 01.08.2016-cı il tarixindən başlayaraq 25.09.2016-cı il tarixinədək tam şəkildə ödənilməsini təmin etməyi, borcun 01.08.2016-cı il tarixdən başlayaraq 25.09.2016-cı il tarixədək tam şəkildə ödənilməsini təmin etmədikdə, o zaman "xxxx" MMC-yə borclu olduğu 134051,99 manat əsas borcla yanaşı 175295,33 manat cərimə məbləğini, ümumilikdə isə 309347,32 (üç yüz doqquz min üç yüz qırx yeddi manat otuz iki qəpik) manat pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 11.01.2017-ci il tarixli 2-2(84)-8/2017 nömrəli qətnaməsi ilə “Nikitin” adına kolxozdan 36300 manat borc, 10100 manat dəbbə pulu olmaqla cəmi 46400 manat pulun tutularaq Tələbkar1 ASC-yə ödənilməsi qət edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 01.02.2017-ci il tarixli 2-2(84)-7/2017 nömrəli qətnaməsi ilə “Nikitin” adına kolxozdan 16904,40 manat əsas borc, 4765,80 manat dəbbə pulu və 20 ödənilmiş dövlət rüsumu olmaqla cəmi 21690,20 manat pulun tutularaq Tələbkar2 MMC-yə ödənilməsi qət edilmişdir. Qərardad və qətnamələr qanuni qüvvəsini aldıqdan sonra müvafiq məhkəmə aktları əsasında verilmiş icra vərəqələri icra edilməsi üçün İsmayıllı rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, sonuncu tərəfindən icra sənədləri üzrə icraata başlanılmış, 27.03.2017-ci il tarixli qərarla icra sənədləri ümumi icraatda birləşdirilmiş, tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilmiş, lakin borc məbləğləri hazırki vaxtadək ödənilməmişdir. İsmayıllı rayon İcra və Probasiya şöbəsi tərəfindən aparılmış icra tədbirləri nəticəsində “Nikitin” adına kolxozun İsmayıllı rayonu İvanovka kəndi ərazisində yerləşən taxıl anbarlarına baxış keçirilmiş, açıq şəkildə və 148 ədəd kisədə ümumilikdə 150 ton buğda olması müəyyən edilərək 24.08.2021-ci il tarixdə akt tərtib edilmişdir. İsmayıllı rayon İcra və Probasiya şöbəsi “Nikitin” adına kolxozun icra sənədləri üzrə borcunun ödənilməsinin təmin edilməsi üçün kolxoza məxsus buğdanın üzərinə həbs qoyulması barədə təqdimatla birinci instansiya məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclasında təqdimat verən şəxsin nümayəndəsi X1 təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən borclu N.V.Nikitin adına kolxozun nümayəndəsi və vəkili Nümayəndə1 Novruz oğlu bildirmişdir ki, siyahıya alınmış 150 ton və 148 kisə buğda N.V.Nikitin adına kolxoza məxsus deyildir. Həmin məhsul borcluya məxsus anbarda olsa da, qeyd edilən məhsul kolxozun üzvləri və pensiyaçılar arasında bölgü planına uyğun olaraq bölüşdürülmüş, saxlama yeri olmadığından həmin anbarda saxlanılması təmin edilən buğda məhsulu ayrı-ayrı şəxslərə məxsusdur. Qeyd edilən bölgü ilə bağlı müvafiq olaraq kolxozun şurasının və yığıncağın qərarlarından bu aydın görünür. Ona görə də təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Nümayəndə2 göstərmişdir ki, qeyd edilən məhsul üzərinə həbs qoyulması prosesində iştirak etmiş, anbara baxış keçirilmiş, həmin məhsulun ayrı-ayrı şəxslərə deyil, borcluya məxsusdur. Anbardar həmin məhsulun ayrı-ayrı vətəndaşlara məxsus olması ilə bağlı hər hansı bir fikir bildirməmişdir. Borclu qeyd edilən borcların ödənilməsindən hər bir üsulla yayınır, hazırkı vəziyyətdə irəli sürülən arqument də qeyd edilən borcun ödənilməməsinə yönəlib. Qeyd edilən məhsulun borcluya məxsus olmamamsını istisna edən hal mövcud deyildir, təqdim edilən sənədlər isə borclunun özü tərəfindən təqdim edilən sənədlərdir. Həmin sənədlərin doğruluğunu sübut etmək də mümkün deyildir. Təqdimatın təmin edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 20 sentyabr 2021-ci il tarixli, 8-2(117)-16/2021 saylı qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15.03.2016-cı il tarixli 2-2(84)-130/2016 nömrəli, 11.01.2017-ci il tarixli 2-2(84)-8/2017 nömrəli və 01.02.2017-ci il tarixli, 2-2(84)-7/2017 nömrəli icra sənədləri üzrə borclunun əmlakı üzərinə həbs qoyulması barədə İsmayıllı rayon İcra və Probasiya şöbəsinin təqdimatı rədd edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 8-2(117)-16/2021 saylı qərardadından tələbkar "xxxx" MMC tərəfindən şikayət verilmişdir. Tələbkar "xxxx" MMC apellyasiya şikayəti belə əsaslandırmışdır ki, məhkəmə təqdimatı əsassız olaraq təmin etməmiş və qeyd etmişdir ki, həmin məhsul kolxoza deyil, kolxozun üzvlərinə məxsusdur. Bununla da borclunun xeyrinə qərəzli olaraq qərar qəbul etmiş və ona məhsulun başqa şəxslərə məxsus olmasını təsdiqləmək üçün əlavə vaxt imkanı tanımışdır. Həmçinin, məhkəmə qərardadında istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.06.2002-ci il tarixli 89 nömrəli qərarı fiziki şəxslərə aiddir, borclu isə hüquqi şəxsdir. Borcluya borcunun ödənilməsi üçün kifayət qədər vaxt verilmiş, lakin o, cəmi 75162,03 manat ödəniş həyata keçirmişdir. Borclu könüllü şəkildə öhdəliyini icra etmək fikrində deyildir. Məhkəmə isə hər dəfə icra şöbəsinin təqdimatlarını müxtəlif bəhanələrlə geri qaytarır. Ona görə də, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15.03.2016-cı il tarixli, 2-2(84)-130/2016 nömrəli, 11.01.2017-ci il tarixli, 2-2(84)-8/2017 nömrəli və 01.02.2017-ci il tarixli, 2-2(84)-7/2017 nömrəli icra sənədləri üzrə borclu “Nikitin” adına kolxozun əmlakı üzərinə həbs qoyulması barədə İsmayıllı rayon İcra və Probasiya şöbəsinin təqdimatı ilə bağlı Şəki Kommersiya Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 8-2(117)-16/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 8-2(117)-16/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün kommersiya mübahisəsi ilə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən tələbkar "xxxx" MMC Nümayəndə2 şikayətin məzmununa uyğun olaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmişiş üzrə digər iddiaçılar Tələbkar1 ASC, Tələbkar2 MMC və cavabdeh “Nikitin” adına kolxozun nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə iş üzrə digər iddiaçılar və cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 8-2(117)-16/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, borclu N.V.Nikitin adına kolxozun Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15.03.2016-cı il tarixli 2-2(84)-130/2016 nömrəli icra sənədi üzrə 134051,99 manat əsas borc və 175295,33 manat cərimə olmaqla ümumilikdə 309347,32 manat, 11.01.2017-ci il tarixli 22(84)-8/2017 nömrəli icra sənədi üzrə 36300 manat borc, 10100 manat dəbbə pulu olmaqla cəmi 46400 manat və 01.02.2017-ci il tarixli 2-2(84)-7/2017 nömrəli icra sənədi üzrə 16904,40 manat əsas borc, 4765,80 manat dəbbə pulu və 20 ödənilmiş dövlət rüsumu olmaqla cəmi 21690,20 manat ödənilməmiş borcu qalmışdır. İsmayıllı rayon İcra və Probasiya şöbəsi borclunun İsmayıllı rayonu İvanovka kəndində yerləşən anbarına baxış keçirməklə anbarda saxlanılan buğdanın üzərinə həbs qoyulması barədə təqimatla məhkəməyə müraciət edərək əmlakın üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Hazırkı təqdimatın məhkəmə araşdırması zamanı borclu “Nikitin” adına kolxoz arayış və ödəniş cədvəlləri ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Kolxozun müşahidə və İcra Şurasının 24.07.2021-ci il tarixli 8 nömrəli qərarı ilə 2021-ci ilin 1-ci yarım illiyi üçün məhsulun paylanması qərara alınmış, mübahisə predmeti olan və üzərinə həbs qoyulması tələb edilən buğda kolxoza məxsus deyil, kolxozun kolxozçularına və pensiyaya çıxmış kənd sakinlərinə məxsusdur. Anbarda saxlanılan taxıl məhsulu kolxozçulara əmək haqqının 1 manatına görə 2 kq buğda və 1,5 kq arpa, həmçinin pensiyaçılara buğdanın 1 kq 0,25 qəpikdən hesablanmaqla hər birinə 100 kq buğda və 50 kq arpa, həmçinin 50 kq arpa əlavə kolxozda işləyərək pensiyaya çıxmış kənd sakinlərinə paylanmışdır. Təqdim edilən səndlərdən və o cümlədən araşdırma zamanı İsmayıllı Rayon İcra Hakimiyyətinin veb səhifəsindən əldə edilən sübutlardan müəyyən edilir ki, İsmayıllı rayonunun İvanovka kənd saknlərinin sayı 3000 nəfərədəkdir. Eyni zamanda İsmayıllı rayon İvanovka kənd sakinləri X6, X2, X5, X9 və X4 teleqramlarla birinci instansiya məhkəməyə müraciət edərək kolxozun anbarında saxlanılan taxıl məhsulunun onlara məxsus olduğunu bildirmiş və bu səbəbdən təqdimatın rədd edilməsini məhkəmədən xahiş etmişlər. Təqdimata əlavə edilmiş sənədlərdən göründüyü kimi, üzərinə həbs qoyulması tələb olunan taxıl məhsulu kolxozun əmlakı olmamaqla kolxozçulara əmək haqqı şəklində və pensiyaya çıxmış kənd sakinlərinə məxsus olması ilə bağlı sübutlar mövcuddur, qeyd edilən məhsulun bölgüsü ilə bağlı qərarlar müvafiq kolxozun idarəetmə orqanları tərəfindən qəbul edilmişdir. Təqdimatın rədd edilməsi barədə nəticəyə gələn birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Eyni zamanda, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi olması, həmçinin Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalması vəzifələri nəzərə alınarsa, belə vəziyyətdə məhkəmə vətəndaşın sosial müdafiəsini məhkəmə qərarının icrası ilə bağlı müvafiq tədbirin görülməsindən daha üstün tutur. Ona görə də hazırkı qərarda qeyd edilən nəticəyə gəlmişdir. Buna görə də, birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericlikdə borcluya məxsus əmlaka həbs qoyulması nəzərdə tutulduğundan, hazırki təqdimatın predmeti olan taxıl məhsulunun borclunun əmlakı olması, habelə həmin taxıl məhsulu ilə kolxozun qazanc əldə edəcəyi barədə iş materiallarında sübut olmadığından təqdimat rədd edilməlidir. Bundan başqa qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin 20.09.2021-ci il tarixli qərardadında kifayət qədər ətraflı şəkildə təqdimatın təmin edilməməsi səbəblərini göstərmişdir. Həmin halları ümumiləşdirərək qeyd edir ki, iş üzrə borclu “Nikitin” adına kolxozdur. Qeyd edilən məhsulun isə həmin borclu hüquqi şəxsə məxsusluğu sübut olunmadığı üçün həmin məhsulun kolxoza məxsus olub olmaması məhkəmə üçün qeyrimüəyyəndir. Əksinə kolxozun üzvlərinə məxsusluğunu təsdiq edən sənədlər daha ağlabatan qəbul edilir. Məhkəmənin qərarı hər hansı konkret fakt və sübutlara əsaslanmalı, şübhəli və yarımçı sübutlara əsaslana bilməz. X8 məhkəmə kollegiyasına teleqram ünvanlayaraq göstərmişdir ki, kolxozçulara və pensiyaçılara məxsus anbarda saxlanılan taxıl paylanılmış, hazırda N.V.Nikitin adına kolxozun taxıl anbarında heç bir məhsul yoxdur. Nəzərə alınmasını xahiş edir. Həmçinin, şikayətdə qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.06.2002-ci il tarixli 89 nömrəli qərarının fiziki şəxslərə aid olması və borclunun hüquqi şəxs olmasına münasibətdə məhkəmə bildirir ki, borclu hüquqi şəxs olsa da, məhkəmənin bu qərara istinad etməsində məqsəd fiziki şəxslərlə bağlı icranın həyata keçirilməsində güzəştlərin nəzərdə tutulmasını diqqətə çatdırmaqdır. Yəni, hazırda üzərinə həbs qoyulması tələb edilən məhsul onların dolanışıq vasitəsi olduğundan hətta fiziki şəxs birbaşa borclu olsa belə tələbin həmin əmlaka yönəldilməsi qanunvericiliklə istisna edilir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Şəki Kommersiya Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 8-2(117)-16/2021 saylı qərardadını dəyişdirilmədən saxlamağı, həmin qərardaddan cavabdeh tərəfindən verilmiş şikayəti isə təmin etməməyi məqbul və düzgün hüquqi mövqe hesab edir. MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, apellyasiya məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157-164, 395-400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 8-2(117)- 16/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar