Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(3-6)-13/2026 03.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, hakimlər ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-31/2023 saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizələrə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8-2(113)-342/2025 saylı qərardadından borclular X6, X9 və X5 tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-31/2023 saylı qətnaməsinə əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli kredit müqavilələri üzrə üçüncü şəxs Maraqlı şəxs MMC-nin iddiaçı qarşısındakı öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə ipoteka predmeti olan və cavabdehlər X6, X9 və X2 məxsus olan daşınmaz əmlakların ilkin satış qiymətləri müəyyən edilməklə açıq hərracdan satılması qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(103)-401/2024 saylı qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC-nin apellyasiya şikayətləri, xx.xx.2025-ci il tarixli, 2-2(103)-673/2025 saylı qətnaməsinə əsasən isə cavabdeh X3 apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 31/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Borclu X6 qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən ipoteka predmetinin yenidən qiymətləndirilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə mənzilin ilkin satış qiyməti 140 000 manat müəyyən edilmişdir. Lakin xx.xx.2025-ci il tarixli qiymətləndirmə aktına əsasən mənzilin cari bazar dəyərinin 200 000 manat olması müəyyən edilmişdir. Belə olan halda əvvəlki qiymət onun hüquqlarının pozulmasına səbəb olur.
4. Borclu X9 da qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizə verərək, İsmayıllı rayonu Tircan kəndində yerləşən qeyri-yaşayış sahələri, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 117b, mənzil 58, həmçinin Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,60 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin yenidən qiymətləndirilməsini xahiş etmişdir. O bildirmişdir ki, ilkin satış qiymətləri müəyyən edildiyi vaxt bazar dəyərinə uyğun olsa da, hazırda əmlakların dəyəri artmış və xx.xx.2025-ci il tarixli qiymətləndirmə aktı ilə bu artım təsdiq olunmuşdur.
5. Borclu X5 isə qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin yenidən qiymətləndirilməsini xahiş etmiş, məhkəmə qətnaməsi ilə 75 000 manat müəyyən edilmiş ilkin satış qiymətinin xx.xx.2025-ci il tarixli qiymətləndirməyə əsasən 160 000 manat bazar dəyərinə uyğun olmadığını göstərmişdir.
6. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadları ilə həmin ərizələr üzrə işlər bir icraatda birləşdirilmişdir.
7. Məhkəmənin xx.xx.2026-cı il tarixli, 8-2(113)-342/2025 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə borclular X6, X9 və X5 tərəfindən təqdim edilmiş ərizələr təmin edilməmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi yalnız onun icra olunmasınadək mümkündür. Hazırkı işdə isə X4 məxsus əmlakın ipoteka saxlayan "xxxx" ASC tərəfindən qəbul edilməsi xx.xx.2025-ci il tarixli, X8 məxsus əmlakın qəbul edilməsi xx.xx.2025-ci il tarixli, X2 məxsus əmlakın qəbul edilməsi isə xx.xx.2025-ci il tarixli protokollarla təsdiq edilmişdir. Bu səbəbdən qətnamə artıq icra olunmuş və əmlaklara tutma yönəldilmişdir. Eyni zamanda, ipoteka saxlayan "xxxx" ASC-nin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsinə razılığı yoxdur. Həmçinin, qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi məhkəmə qətnaməsi ilə müəyyən olunmuş əmlakın yenidən qiymətləndirilməsi formasında həyata keçirilə bilməz.
9. Borclular X6, X9 və X5 həmin qərardaddan ayrı-ayrılıqda şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8-2(113)-342/2025 saylı qərardadının ləğv edilməsini və ərizələrin təmin edilməsini xahiş etmişlər.
10. Hər üç şikayətin dəlilləri mahiyyəti etibarilə ondan ibarətdir ki, qanunvericilikdə icra üsulu və qaydasının dəyişdirilməsinin onun icra olunmasınadək mümkün olduğuna dair hər hansı göstəriş yoxdur, əmlakın tələbkara təklif edilməsi və qəbul edilməsi barədə protokolun mövcudluğu icra icraatının yekunlaşması demək deyildir. İpoteka saxlayanın razılığı şərti qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi üçün deyil, icrasına möhlət verilməsi və hissə-hissə icra edilməsi üçün nəzərdə tutulmuşdur. İpoteka predmetinə tutma yönəldilməsi zamanı məqsəd əmlakın ən yüksək qiymətə satılmasıdır.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8-2(113)-342/2025 saylı qərardadı ilə şikayətlər təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
12. Məhkəmə kollegiyası hər üç şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 15 yanvar 2026-cı il tarixli, 8-2(113)-342/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 231. Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması ... 231.5. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir.
14. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması ... 39.5. Bu Qanunun 39.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi üzrə icraatın dayandırılması “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarı: Məhkəmə qətnaməsinin icra qaydası müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. Qətnamənin icra qaydasının dəyişdirilməsi məhkəmə tərəfindən icra hərəkətlərinin yerinə yetirilməsi ardıcıllığının (növbəliliyinin), yaxud göstərilən hərəkətlərin məzmununun (həyata keçirilməsi şərtlərinin) dəyişdirilməsində ifadə olunur. Bu məsələnin həlli qətnamənin mahiyyətinə aid deyil və yalnız həmin qətnamənin çıxarılmasından sonra yaranmış icra məsələlərini tənzimləyir.
16. Məhkəmə kollegiyası istinad olunan normalara əsasən qeyd edir ki, ilkin satış qiyməti məhkəmə qətnaməsinin maddi-hüquqi nəticəsini deyil, ipoteka predmetinin realizə edilməsinin icra mexanizmini müəyyən edən elementdir. Buna görə həmin qiymətə yenidən baxılması qətnamənin icra qaydasının dəyişdirilməsi kimi nəzərdən keçirilməlidir.
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı ərizələrin rədd edilməsi ilə bağlı mövqeyi ilə razılaşır.
18. Kollegiya əlavə olaraq qeyd edir ki, şikayətdə ipoteka saxlayanın razılığına dair tələbin qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsinə aid olmaması göstərilsə də MPM-in 231.5-ci və “İpoteka haqqında” Qanunun 39.5-ci maddələrindən aydın görünür ki, bu tələb qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsinə də aiddir. Şikayətin həmin dəlili açıq-aşkar əsassızdır.
19. Şikayətin digər dəlili qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsinin yalnız qətnamə icra olunana qədər mümkün olmasına dair qanunvericilikdə birbaşa göstərişin olmaması ilə bağlıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinin məzmunundan aydın görünür ki, qətnamənin icrasına möhlət verilməsi, onun hissə-hissə icra edilməsi, habelə icra üsulunun və qaydasının dəyişdirilməsi məhz qətnamənin icrası ilə bağlı ortaya çıxan məsələlərin həllinə yönəlmiş prosessual vasitələrdir və onların tətbiqi yalnız icra mərhələsində mümkündür. Bu tədbirlərin mahiyyəti qətnamənin icrasının gedişində yaranan çətinliklərin aradan qaldırılması və ya icranın daha səmərəli təmin edilməsindən ibarətdir.
20. Belə olan halda icrası artıq başa çatmış məhkəmə qətnaməsi ilə bağlı icra üsulunun və qaydasının dəyişdirilməsi məsələsinin qaldırılması hüquqi məntiq baxımından da mümkün hesab edilə bilməz. Əks yanaşma icrası tamamlanmış məhkəmə aktlarının icra mexanizminin istənilən vaxt yenidən mübahisələndirilməsi imkanını yaradaraq, məhkəmə qərarlarının sabitliyi və hüquqi müəyyənlik prinsipləri ilə uzlaşmaz. Buna görə də qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi yalnız icra icraatı davam etdiyi müddətdə mümkün hesab oluna bilər.
21. Qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, şikayətlərin dəlilləri Bakı Kommersiya Məhkəməsinin 15 yanvar 2026-cı il tarixli, 8-2(113)- 342/2025 saylı qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.
22. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclular X6, X9 və X5 tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlər təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-31/2023 saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizələrin təmin edilməməsinə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8-2(113)- 342/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.