Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(3-6)-2/2026 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar "xxxx" ASC tərəfindən verilmiş “icra məmurunun hərəkətsizliyinin qanunsuz hessab olunması” barədə ərizəsi üzrə (Açar sözlər: icra məmurunun hərəkətsizliyinin qanunsuz hessab olunması) X1 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmurunun hərəkətsizliyindən tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayətə dair iş üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli, 8-2(113)-175/2025 nömrəli qərardadından "xxxx" ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərara aldılar. MÜƏYYƏN ETDİ:
1. Tələbkar "xxxx" ASC icra məmurunun hərkətsizliyindən şikayətlə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1732/2024 saylı, xx.xx.2024-cü il tarixli və Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-1473/2024 saylı xx.xx.2024-cü il tarixli qətnamələrinin icrasını qəsdən təmin etməyən Nərimanov rayon İcra şöbəsinin icra məmuru X3 hərəkətsizliyinin qanunsuz hesab edilməsi və məhkəmə aktlarının yubadılmadan icrasının təmin olunması barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli, 8-2(113)-175/2025 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmurunun hərəkətsizliyindən tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayəti təmin edilməmişdir.
3. Qeyd edilən qərardaddan "xxxx" ASC-nin nümayəndəsi və vəkili tərəfindən tərəfindən şikayət verilmişdir.
4. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəməyə müraciət etdikdən sonra icra məmurunun qanunsuz hərəkətsizliyindən onun rəhbərliyinə də şikayətlər edib, məhz bu şikayətlərdən sonra Nərimanov rayon İcra Şöbəsinin rəsinin göstərişi ilə 24 sentyabr 2025- ci il tarixdə Borclu MMC tələbkarın ərazisindən çıxarılıb, lakin qətnamənin pul tələbi ilə bağlı hissəsi icra olunmayıb, borclunun məhkəmə qətnaməsindən sonra 7 ay ərzində tələbkarın sahəsini boşaltmadığına görə tələbkar 14000 manat gəlirdən məhrum olmuşdur. Bakı Kommersiya Məhkəməsində 8-2(113)-175/2025 saylı işin araşdırılması zamanı 4.11.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında icra məmuru Əlizadə Zaur hansı səbəbdən borclunun tələbkarın sahəsində olan onlarla soyuducuya və ŞOK aparatına həbs qoymaması barədə suala cavab olaraq bildirib ki, guya "xxxx" ASC borclunun çox sayda soyuducularının və 1 ədəd soyuducu (ŞOK) aparatının üzərinə həbs qoyulması barədə icra şöbəsinə müraciət etməyibdir. Lakin icra məmurunun məhkəmə iclasında dedikləri həqiqəti əks etdirməyib. Bu faktın təsdiqi üçün "xxxx" ASC borclunun çox sayda soyuducunun və 1 ədəd soyuducu (ŞOK) aparatının üzərinə həbs qoyulması barədə 5.08.2025-ci il tarixdə icra şöbəsinə yazılı ərizə verməsi, qeyd olunan soyuducuların və ŞOK aparatının şəkillərini ərizəyə əlavə etməsi, həmin ərizənin 5.08.2025-ci il tarixdə icra şöbəsinin dəftərxanasında ştamp vurulmaqla qəbul edilməsi barədə ərizənin əslini təqdim edib. Lakin məhkəmə həmin sübuta da düzgün hüquqi qiyməti verməyib və göstərib ki, guya icra məmuru tərəfindən icra sənədinin icrası istiqamətində icra tədbirləri həyata keçirilib, hərəkətsizlik olmayıb. “Soyuducuların üzərinə həbs qoyulmamasını isə həmin əmlakın borclu hüquqi şəxsə məxsus olmasının müəyyən olunmaması ilə əlaqələndirib”, 8-2(113)-175/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayəti əsassız və qanunsuz olaraq rədd edib. Lakin məhkəmə öz qərardadında icra məmurunun guya tələbkarın soyuducuların üzərinə həbs qoyulması barədə müraciət etməməsi mövqeyi ilə soyuducuların borcluya məxsus olmaması barədə gəldiyi nəticə arasında ziddiyyəti izah etməyib. Məhkəmə soyuducuların sənədlərini tələb etməyib, onlara baxış keçirməyib. Sonda da məhkəmə qətnaməsi icra olunmamış qalıb. Məhkəmə nəzərə almamışdır ki, onun özünün e-2-2(113)-1732/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi 1 il 9 aydır, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-1473/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi bir ilə yaxındır borclu tərəfindən icra olunmayır. İcra məmuru Zaur Əlizadə məhkəmə qətnamələrinin icrası üçün heç bir məcburi icra hərəkətləri həyata keçirməyib. Məhkəmə nəzərə almayıb ki, icra sənədi icraya yönəldikdən sonra borclu öz mənfəətindən 500000 manat civarında dövlətə vergi ödəyib. Bu fakt təsdiq edir ki, borclunun gəlirləri olub. 14 sentyabr 2025-ci il tarixdə borclunun əmlakı tələbkarın sahəsindən çıxarılarkən məlum olmuşdur ki, borclu hüquq şəxsin həmin sahədə onlarla işçisi çalışır. Məhkəmənin 500000 manat vergi ödəyən borclunun tələbkara olan borcu ödəməsi üçün 30000 manat civarında vəsaitinin olmaması nəticəsinə gəlməsi əsassız və qanunsuzdur. Məhkəmə nəzərə almamışdır ki, borclu könüllü icra barədə bildirişləri almasına, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1732/2024 saylı xx.xx.2024-cü il tarixli və Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-1473/2024 saylı xx.xx.2024-cü il tarixli qətnamələrinin qanuni qüvvəyə minməsindən uzun müddət vaxt keçməsinə baxmayaraq, qətnamələri könüllü icra etməyib, icra məmuru Zaur Əlizadə “İcra haqqında” Qanunda nəzərdə tutulmuş məcburi icra tədbirlərini görməyib, borclunu tələbkara məxsus qeyri-yaşayış sahəsindən vaxtında çıxarmayıb, borclunun rəhbərliyi barəsində inzibati protokol tərtib edərək, məhkəməyə göndərməyib, ölkədən çıxışına qadağa qoymayıb, daşınar və daşınmaz əmlaklarına həbs qoymayıb. Məhkəmə nəzərə almamışdır ki, icra məmuru qanunda nəzərdə tutulmuş icra tədbirlərini tam həyata keçirməsini sübut edə bilməyib, həqiqətdən yayınıb, məhkəməyə yalan məlumat verib.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-175/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya instansiya məhkəməsindəki icraat
6. Məhkəmənin xx.xx.2026-cı il tarixli, 8-2(3-6)-2/2026 nömrəli qərardadı ilə şikayət mümkün hesab edilmiş, yazılı icraat qaydasında işə baxılması xx.xx.2026-cı il tarixə təyin edilmişdir.
Tətbiq edilən hüquq
“İcra haqqında” Azərbaycan Respublikası Qanununun
7. 12.1 -ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir.
8. 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər.
9. 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir.
“İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun
10. 7-ci maddəsinə əsasən icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra xidmətinin icra məmurunun vəzifəsidir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
11. Məhkəmə şikayəti, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməlidir.
12. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
13. İş materiallarından müəyyən edilir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1732/2024 saylı qətnaməsi ilə ərizə təmin edilərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Borclu arasında mediasiya prosesi nəticəsində bağlanmış 19 yanvar 2024-cü il tarixli barışıq sazişi təsdiq edilmişdir.
14. İş materiallarından həmçinin müəyyən edilir ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)-1473/2024 saylı qətnaməsi ilə cavabdeh Borclu MMC iddiaçıya məxsus, Bakı şəhəri Dərnəgül qəsəbəsi İslam Abışov küçəsi 20/94-cü məhəllədə yerləşən 300 kv.m. sahəsi olan anbardan və 220 kv.m. boş istehsal sahəsindən çıxarılması, cavabdeh Borclu MMC-dən, iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən istifadə nəticəsində vurulmuş zərərin əvəzi olan 19116 manat pul və 155 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.
15. Eyni zamanda, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-1732/2024 saylı qətnaməsi üzrə icra sənədi tərtib edilərək icra edilməsi üçün Nərimanov rayon İcra şöbəsinə, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)-1473/2024 saylı qətnaməsi üzrə icra sənədi tərtib edilərək icra edilməsi üçün Balakən rayon İcra və probasiya şöbəsinə, daha sonra xx.xx.2025-ci il tarixli qərarla aidiyyəti üzrə Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir.
16. İşin faktiki hallarından görünür ki, icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarların surəti bildirişlə bərabər Borclunə göndərilmiş, lakin həmin müddətdə tələb Borclu tərəfindən icra edilməmişdir. İcra sənədinin icrası istiqamətində icra şöbəsi tərəfindən inkasso sərəncamları tərtib edilmiş, xx.xx.2025-ci il tarixli xarici valyutanın satışının və alışının banka həvalə edilməsi haqqında qərar qəbul edilmişdir. Borclunun nümayəndəsindən izahat alınmış, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-1473/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi cavabdehin Bakı şəhəri Dərnəgül qəsəbəsi İslam Abışov küçəsi 20/94-cü məhəllədə yerləşən 300 kv.m. sahəsi olan anbardan və 220 kv.m. boş istehsal sahəsindən çıxarılması hissəsində təmin edilmiş, qeyd edilən hal ilə əlaqədar xx.xx.2025-ci il tarixli akt tərtib edilmişdir. Bundan başqa, borclu barəsində MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, materiallar Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilmiş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(005)- 2758/2025 saylı qərarı ilə Borclu MMC-nin rəhbəri Nümayəndə2 AR İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir.
17. Həmçinin iş materiallarından müəyyən olunur ki, tələbkar tərəf ərizə ilə icra şöbəsinə müraciət edərək bildirmişdir ki, Borclu MMC-nin iddiaçı "xxxx" ASC-yə məxsus, Bakı şəhəri Dərnəgül qəsəbəsi, islam Abışov küçəsi, 20/94-cü məhəllədə yerləşən qeyriyaşayış sahəsində çox sayda soyuducuları, bir ədəd soyuducu (ŞOK) aparatı var. Cavabdehin həmin soyuducuları başqa saxlanc yerinə aparıb gizlətmək, bununla da qətnamələrin icrasına mane olmaq niyyəti vardır. Qətnamələrin icrasının təmin olunması üçün həmin soyuducuların və bir ədəd soyuducu (ŞOK) aparatın üzərinə həbs qoyulmalıdır.
18. Belə ki, icra işinin materiallarından və Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatlarından da göründüyü kimi, icra şöbəsi tərəfindən icra sənədinin icrası istiqamətində lazımi icra tədbirləri həyata keçirilmiş, borclunun hesablarına fevral ayında inkasso sərəncamı qoyulmuş və əldə olunmuş pul vəsaiti depozitə köçürülmüş, 2088 manat pul ödənilmişdir. Soyuducuların üzərinə həbs qoyulmaması həmin əmlakın borclu hüquqi şəxsə məxsus olmasının müəyyən olunmaması ilə əlaqələndirilmişdir.
19. Yuxarıda qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
20. Belə olan halda məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli, 8-2(113)-175/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
21. Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
22. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli, 8-2(113)- 175/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.