Məhkəmə qərarları › İş №8-2(3-6)-3/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(3-6)-3/2026

27.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(3-6)-3/2026 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), X2 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə Borclu2 rəhbəri Nümayəndə2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin təqdimatı üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli qərardadından Nümayəndə2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru təqdimatla Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, məhkəmənin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə "X5” MMC-dən 91 632,31 manat məbləğində borc, 4581,61 manat məbləğində faiz olmaqla cəmi 96 213,92 manat məbləğində pul vəsaitinin, eləcə də mediasiya xərclərinin əvəzi olaraq 400 manatın tutularaq “X3” MMC-yə ödənilməli olduğunu, icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə tələbkara və məhkəməyə göndərildiyini, tələbi təmin etmək məqsədilə borclu "X5” MMC-nin bank hesablarına inkasso sərəncamları tətbiq edilmiş, bank hesablarında vəsait olmadığından sərəncamların geri qaytarıldığını, “Elektron icra” informasiya sistemindən əldə olunmuş məlumata əsasən borclu hüquqi şəxsin mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlak aşkar edilmədiyini, icra məmurunun qanuni tələblərinə əməl etməyən borclu hüquqi şəxsin rəhbəri Nümayəndə2 barəsində xx.xx.2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərildiyini, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə onun 1200 manat inzibati qaydada cərimə olunduğunu, hazırkı vaxta kimi icra sənədinin icrasının tam şəkildə təmin edilmədiyini bildirmiş, buna görə də Borclu2 rəhbəri Nümayəndə2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Borclunun nümayəndəsi (vəkili) tərəfindən təqdimata etiraz daxil olmuş, etiraz onunla əsaslandırılmışdır ki, icra şöbəsi tərəfindən təqdimat verilərkən işin halları tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmamış, həmçinin "İcra haqqında” Qanunun 84-1-ci maddəsinin tələbləri düzgün tətbiq edilməmişdir. Belə ki, Nümayəndə2 borclu hüquqi şəxslə əmək münasibətlərinə xitam verildiyi üçün o, artıq icra subyekti kimi çıxış edə bilməz: Hazırkı etiraza əlavə edilmiş "Əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş”dən göründüyü kimi, Nümayəndə2 ilə borclu "X5” MMC arasında bağlanmış əmək müqaviləsinə qanunla müəyyən edilmiş qaydada xitam verilmişdir. Bu hal AR Əmək Məcəlləsinin müvafiq tələblərinə əsasən tərəflər arasında əmək münasibətlərinin tam dayandırıldığını təsdiqləyir. Belə olan halda, Nümayəndə2 həmin hüquqi şəxsin nə rəhbəri, nə də səlahiyyətli nümayəndəsi statusuna malik deyil. Buna görə də onun barəsində borclunun icra orqanının rəhbəri qismində hər hansı məhdudlaşdırıcı tədbirin, o cümlədən ölkədən getmək hüququnun məhdudlaşdırılmasının tətbiqi hüquqi baxımdan əsassızdır. Çünki o, artıq borclu hüquqi şəxsin idarəetmə səlahiyyətlərinə malik deyil və məhkəmə qərarının icrasına faktiki təsir göstərmək imkanı yoxdur. Belə olan halda, bu şəxsə qarşı inzibati və ya məhdudiyyət xarakterli tədbirlərin tətbiqi məqsədəuyğun hesab edilə bilməz. Çünki "İcra haqqında” Qanunun 84-1-ci əsasən bu cür tədbir yalnız "borclu olan hüquqi şəxsin icra orqanının rəhbəri” barəsində tətbiq edilə bilər. Əmək münasibətlərinə xitam verilmiş şəxs isə bu statusu artıq daşımır. Borclu hüquqi şəxsin fəaliyyətinin dayandırılması icranı faktiki və hüquqi baxımdan mümkünsüz edir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aidiyyəti qurumu tərəfindən verilmiş rəsmi arayışa əsasən "X5” MMC-nin fəaliyyəti dayandırılmışdır. Hüquqi şəxsin fəaliyyətinin dayandırılması onun iqtisadi dövriyyədə iştirakını, bank hesablarından istifadəni və məhkəmə qərarlarının icrasını hüquqi baxımdan mümkünsüz edir. Belə şəraitdə hüquqi şəxsin rəhbəri olmuş şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması məqsədəuyğun deyil, çünki bu məhdudiyyətin icranın təmininə heç bir real təsiri yoxdur. Yuxarıda göstərilən bütün hüquqi və faktiki əsasları ümumiləşdirərək belə qənaətə gəlmək olar ki, Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin Nümayəndə2 barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat aidiyyəti qanunvericilik normaları düzgün şərh və tətbiq edilmədən təqdim edilmişdir. Bu səbəbdən də qeyd edilən təqdimat əsassız hesab edilməli və təmin olunmamalıdır. Məhkəmənin 19 noyabr 2025-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, həmin qərardaddan Nümayəndə2 verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət aşağıda göstərildiyi kimi əsaslandırılmışdır: “Mübahisələndirilən qərardad üzrə məhkəmə yekun nəticəyə gələrkən yalnız bir əsas arqumentə istinad etmişdir ki, “Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrinə daxil edilən məlumatlarındakı dəyişikliklərin tarixçəsindən müəyyən olunur ki, Nümayəndə2 xx.xx.2022-ci il tarixdən indiyədək "AzGlobal Engineering” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir”. Hesab edilir ki, məhkəmənin bu hüquqi qiymətləndirməsi və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. 1. İlk növbədə qeyd edilir ki, iş materiallarında olan "Əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş”dən də göründüyü kimi, Nümayəndə2 ilə borclu "X5” MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilmişdir. 2. Bildiyimiz kimi, müəssisənin rəhbəri işçi statusuna malik olmaqla, onunla müəssisə arasında yaranan əmək münasibətləri, həmin münasibətlərin dəyişdirilməsi və xitamı yalnız əmək qanunvericiliyi ilə tənzimlənir (AR Əmək Məcəlləsinin 83.1-ci maddəsi). Bu baxımdan, Nümayəndə2 tutduğu vəzifədən azad olunması əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada rəsmiləşdirildiyi üçün onun əvvəllər rəhbəri olduğu hüquqi şəxsin təsis sənədlərində edilmiş dəyişikliklərin vergi orqanına vaxtında təqdim edilməməsi Nümayəndə2 artıq hüquqi şəxsin icra orqanının rəhbəri olmaması faktını dəyişmir. 3. Eyni zamanda, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” aR Qanununun 9-cu maddəsinin hüquqi təbiətinə görə təsis sənədlərində edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınması və bununla bağlı müraciət etmək vəzifəsi birbaşa hüquqi şəxsin öz üzərinə düşür. Yəni, Nümayəndə2 vergi orqanının reyestr məlumatlarında hər hansı düzəlişin aparılması üçün prosessual imkan və səlahiyyəti mövcud olmamış, eyni zamanda onun bu istiqamətdə hər hansı bir öhdəliyi də yoxdur. 4. Bununla yanaşı, Nümayəndə2 artıq MMC-nin işçisi, qanuni təmsilçisi və faktiki rəhbəri olmamasına baxmayaraq, yalnız dövlət reyestrində müvafiq dəyişikliklərin aparılmaması səbəbindən cəmiyyətin borcuna görə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra işi üzrə icra hərəkətlərinin səmərəliliyinin azalmasına, MMC-nin borc öhdəliklərindən yayınmasına gətirib çıxarır. Bu isə birmənalı olaraq "İcra haqqında” Qanunun 84- 1-ci maddəsinin məqsədlərinə ziddir. Çünki ödənilməmiş borc əsasında fərdin ölkədən getmək hüququnun məhdudlaşdırılması yalnız borcun qaytarılmasına xidmət etdikdə əsaslandırıla bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Reiner Bolqarıstana qarşı (Riener v. Bulgaria), № 46343/99, 2006-cı il 23 may tarixli qərarı, § 122). Hazırkı məqamda isə hüquqi şəxsə aidiyyəti olmayan Z. Şirməmmədova qarşı belə bir icra hərəkətinin həyata keçirilməsi tamamilə mənasız və əsassızdır. 5. İşə baxılarkən nəzərə alınması zəruri digər mühüm məqam Azərbaycan RespublikasıAli Məhkəməsinin oxşar məsələlərə dair işlər üzrə formalaşmış məhkəmə təcrübəsidir. Odur ki, Nümayəndə2 ilə "X5” MMC arasında əmək münasibətlərinə qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verildiyi halda, yalnız formal reyestr məlumatlarına əsaslanmaqla onun hələ də hüquqi şəxsin rəhbəri kimi qiymətləndirilməsi əsassızdır. Bu şəraitdə MMC-yə məxsus borc öhdəliyinə görə Z. Şirməmmədovun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması nə icra sənədinin məqsədinə xidmət edir, nə də qanuni əsaslara söykənir. Əksinə, belə məhdudiyyət AR Konstitusiyasının 28-ci maddəsi ilə təmin edilmiş sərbəst hərəkət etmək hüququnun pozulması ilə nəticələnmişdir və mübahisələndirilən qərardadın ləğvini zəruri edir”. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmayaraq birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də özünün bir çox qərarlarında məhkəmənin yekun qərarlarının icrasının ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi olduğunu və Konvensiyanın 6-cı maddəsi ilə təminat altına alındığını vurğulamışdır. “Cəfərov Azərbaycana qarşı” iş üzrə 11 fevral 2010-cu il tarixli və “Cəfərli və digərləri Azərbaycana qarşı” 29 iyul 2010-cu il tarixli qərarlarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir; bu mənada, o, «məhkəmə hüququnu» ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Bu ağlasığmaz olar, əgər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi tərəflərə verilən prosessual təminatları təfsilatı ilə izah etsin - ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları - lakin məhkəmə qərarlarının icrası qorunmasın; Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn X1 ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxarmaq kimi olar. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması «araşdırmanın» ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir. Beləliklə, qanunvericiliyin sadalanmış müddəalarının mənasına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Məhkəmə tərəfindən çıxarılmış yekun və məcburi qərarın icra olunmaması pozulmuş hüquqların səmərəli şəkildə bərpa olunmasına xidmət etməli olan ədalət mühakiməsinin mahiyyətinə xələl gətirmiş olur. Nəzərə almaq lazımdır ki, qanunverici qüvvəyə minmiş məhkəmə aktlarının icrası müddətlərini və bununla bağlı edilməli hərəkətlərin ardıcıllığını, icra etməməyə görə məsuliyyət məsələsini, eləcə də icra sənədinin icrasının mümkün olmaması zamanı qəbul edilməli qərarlarla bağlı məsələləri hərtərəfli tənzimləyir. Bu mənada, icra tədbirləri təsirli və qanunvericilikdəki ardıcıllığa uyğun olmalıdır. Hər bir halda, qətnamə xeyrinə çıxarılmış tərəf onun icrası ilə bağlı ağlabatan müddətləri keçəcək həddə qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır. Belə hallar ümumən ədalət mühakiməsinə inamı sarsıda bilər. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə görə isə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Kollegiya qeyd edir ki, “İcra haqqında” qanun, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasını icra sənədinin onun tərəfindən üzrsüz səbəbdən könüllü icra üçün müəyyənləşdirilmiş vaxt ərzində icra edilməməsi ilə şərtləndirmişdir, bu isə o deməkdir ki, icra sənədi haqqında borclunun məlumatı olmalı, ona könüllü icra üçün vaxt verilməli və bu müddət ərzində o, heç bir üzrlü səbəb göstərmədən icranı həyata keçirməməlidir. Şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, işin hallarından hazırda qiymət verilən təqdimatın xx.xx.2025-ci il tarixdə elektron qaydada imzalandığı və xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olduğu, həmin tarixdə borclunun vergi orqanına müraciət edərək, fəaliyyətinin xx.xx.2025 tarixdən xx.xx.2090-cı il tarixinədək dayandırılmasını xahiş etdiyi, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən ərizənin təmin olunduğu, xx.xx.2025-ci il tarixdə Nümayəndə2 əmək müqaviləsinə xitam verilməsi barədə əmri imzalayıb möhürləyərək, özünü işdən azad etdiyi məlum olur; müvafiq hərəkətlərin təqdimat verilməsindən sonra həyata keçirilməsi isə, onların qətnamənin icrasından yayınmaq niyyəti ilə edildiyi qənaətinə gəlməyə əsas verir. Həmçinin nəzərə alınmalıdır ki, Nümayəndə2 xx.xx.2022-ci il tarixdən hazırkı vaxtadək Borclu2 qanuni təmsilçisidir. Qeyd olunanlara əsasən kollegiya, məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-287/2025 saylı iş üzrə 19 noyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Tural Qocayev Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar