Məhkəmə qərarları › İş №8-2(3-6)-37/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(3-6)-37/2026

02.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8-2(3-6)-37/2026 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə Borclu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin təqdimatı üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru təqdimatla Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, məhkəmənin ##.##.2024-cü il tarixli icra sənədi üzrə “xxxx" MMC-dən ##.##.2022- ci il tarixli ** saylı xidmət müqaviləsi üzrə 25 500 manat əsas borc məbləğinin, 5%-lə hesablanan 1806 manat məbləğində faiz borcunun, eləcə də vəkil xərcinin əvəzi olaraq 320 manatın və dövlət rüsumunun əvəzi olaraq 174 manatın tutularaq Tələbkar MMC-yə ödənilməli olduğunu, icra sənədi üzrə ##.##.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə tələbkara və məhkəməyə göndərildiyini, borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərildiyini, icra məmurunun qanuni tələblərinə əməl etməyən borclu hüquqi şəxsin rəhbəri Borclu barəsində ##.##.2026-cı il tarixdə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərildiyini bildirmiş, buna görə də “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmənin ## ##### 2026-cı il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, həmin qərardaddan Borclu verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət aşağıda göstərildiyi kimi əsaslandırılmışdır: “... İcra məmuru qeyd edir ki, mən guya olunan çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışam və bu günə qədər icra sənədi üzrə tələbi təmin etməmişəm. Bakı Kommersiya Məhkəməsi işə baxmış və ##.##.2026-cı il tarixli qərardada əsasən təqdimatı təmin edərək, mənim ölkədən getmə hüququmun müvəqqəti məhdudlaşdırılmasını qərara almışdır. Hesab edirəm ki, iş üzrə çıxarılan qərardad tam qanunsuz və əsassızdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, icra məmuru o halda borclu barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə məhkəməyə müraciət edir ki, borclu qərəzli şəkildə icra sənədi üzrə tələbi yerinə yetirmir və ya üzrsüz səbəbdən icra etmir. Hazırkı iş üzrə öz öhdəliklərimi dərk edirəm və borcumu ödəmək niyyətindəyəm. Yaranmış müvəqqəti problemlə əlaqədar icra məmuru müəyyən güzəştə getmək əvəzinə vətəndaşın fiziki və maddi durumunu nəzərə almadan onun barəsində məhkəməyə müraciət edir. Əmək fəaliyyətimlə bağlı mütəmadi xaricə gedib-gəlirəm. Hazırda barəmdə qərara alınmış xaricə çıxma məhdudiyyəti mənə ciddi zərər vurur. Belə ki, bu gələcəkdə borcun ödənilməsinə də təsir edə bilər. Məhkəmə qətnaməsi 2024-cü ildə qəbul edilmişdir və bu günədək mən heç bir inzibati xəta törətməmişəm. AR Konstitusiyasının 125-ci maddəsinin VII-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Hazırki iş üzrə birinci instansiyası məhkəməsi düzgün nəticəyə gəlməmiş, yetəri qədər araşdırma aparmadan barəmdə əsassız məhkəmə aktı çıxarmışdır. Məhkəmə qərardadına nəzər yetirdikdə görünür ki, məhkəmə iclası barədə mənə məlumat verilməsinə baxmayaraq mən iclasda iştirak etməmişəm və gəlməməyim səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişəm., Elektron məhkəmə sistemində hazırkı işin "sənədlər" bölməsinə nəzər yetirdikdə onun tərəfindən ##.##.2026-cı il tarixdə səhər saatlarında sistemə əlavə olunmuş ərizə görünür. Həmin ərizədə məhkəməyə müraciət edərək məhkəmə iclası barədə məlumat aldığımı, lakin icra məmurunun barəmdə hansı əsaslarla təqdimat verdiyi barədə heç bir məlumatımın olmadığını bildirmişəm. Həmçinin, elektron sistemə yerləşdirilən ##.##.2026-cı il tarixli bildirişin sonunda qoşma olaraq təqdimatın surəti qeyd edilsə də, sistemə yerləşdirilmədiyini qeyd edərək məhkəmədən həmin təqdimatın bir surətinin mənə təqdim olunmasını və ya elektron məhkəmə sisteminə yerləşdirilməsini xahiş etmişəm. Prosessual müdafiə hüquqlarımın təmin olunması məqsədilə bu zəruri idi. Əlavə olaraq günlərdir səhhətimdə yaranan narahatlıqla bağlı müalicə aldığımı və bunun üzürlü sayılmasını, prosesdə iştirakımın zəruri olmasını nəzərə alaraq məhkəmə iclasını təxirə salınmasını xahiş etmişəm. Buna baxmayaraq, məhkəmə, mənim heç bir məlumat vermədiyimi bildirərək işə mənim iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. AR MPM-in tələblərinə uyğun olaraq məhkəmə iş üzrə təqdim olunan sənədlərin surətlərini iş üzrə tərəflərə təqdim etməyi borcludur. Məhkəmə buna əməl etməyərək qanunvericiliyin tələblərini ciddi şəkildə pozmuşdur. Əlavə olaraq bildirirəm ki, icra məmuru qeyd olunan tələbin icrası ilə bağlı mənim barəmdə AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında protokol tərtib etmiş və məhkəməyə müraciət etmişdir. İşə baxan Bakı şəhəri Nəsimi rayon Məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma apararaq çıxardığı ##.##.2026-cı il tarixli qərardadı ilə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam vermişdir. Göründüyü kimi, qeyd olunan tələblər özlüyündə bir-biri ilə əlaqəli olduğundan hazırkı iş üzrə də təqdimatın rədd olunması üçün əsas yaranır. Həmin iş üzrə də ilk məhkəmə iclası ##.##.2026-cı il tarixə təyin edilmiş, mən eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət etdiyimdən, məhkəmə, mənim ərizəmi nəzərə alaraq məhkəmə iclasını təxirə salmışdır. Əməlimdə inzibati xəta tərkibi olmaması səbəbilə iş üzrə icraata xitam verilmişdir. Həmin məhkəmə işinin əsasları və yekun qərardadı nəzərə alınmaqla hazırkı iş üzrə çıxarılan ##.##.2026-cı il tarixli qərardad ləğv edilməlidir. Həmin inzibati xəta haqqında iş üzrə çıxarılan məhkəmə qərardadı hazır olmadığından onu şikayətimə əlavə edə bilmirəm. Bu səbəblə elektron məhkəmə sistemindən çıxarışı məhkəməyə təqdim edirəm”. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmayaraq birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də özünün bir çox qərarlarında məhkəmənin yekun qərarlarının icrasının ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi olduğunu və Konvensiyanın 6-cı maddəsi ilə təminat altına alındığını vurğulamışdır. “Cəfərov Azərbaycana qarşı” iş üzrə ## ###### 2010-cu il tarixli və “Cəfərli və digərləri Azərbaycana qarşı” ## #### 2010-cu il tarixli qərarlarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir; bu mənada, o, «məhkəmə hüququnu» ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Bu ağlasığmaz olar, əgər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi tərəflərə verilən prosessual təminatları təfsilatı ilə izah etsin - ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları lakin məhkəmə qərarlarının icrası qorunmasın; Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn X3 ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxarmaq kimi olar. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması «araşdırmanın» ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir. Beləliklə, qanunvericiliyin sadalanmış müddəalarının mənasına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Məhkəmə tərəfindən çıxarılmış yekun və məcburi qərarın icra olunmaması pozulmuş hüquqların səmərəli şəkildə bərpa olunmasına xidmət etməli olan ədalət mühakiməsinin mahiyyətinə xələl gətirmiş olur. Nəzərə almaq lazımdır ki, qanunverici qüvvəyə minmiş məhkəmə aktlarının icrası müddətlərini və bununla bağlı edilməli hərəkətlərin ardıcıllığını, icra etməməyə görə məsuliyyət məsələsini, eləcə də icra sənədinin icrasının mümkün olmaması zamanı qəbul edilməli qərarlarla bağlı məsələləri hərtərəfli tənzimləyir. Bu mənada, icra tədbirləri təsirli və qanunvericilikdəki ardıcıllığa uyğun olmalıdır. Hər bir halda, qətnamə xeyrinə çıxarılmış tərəf onun icrası ilə bağlı ağlabatan müddətləri keçəcək həddə qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır. Belə hallar ümumən ədalət mühakiməsinə inamı sarsıda bilər. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə görə isə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Kollegiya qeyd edir ki, “İcra haqqında” qanun, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasını icra sənədinin onun tərəfindən üzrsüz səbəbdən könüllü icra üçün müəyyənləşdirilmiş vaxt ərzində icra edilməməsi ilə şərtləndirmişdir, bu isə o deməkdir ki, icra sənədi haqqında borclunun məlumatı olmalı, ona könüllü icra üçün vaxt verilməli və bu müddət ərzində o, heç bir üzrlü səbəb göstərmədən icranı həyata keçirməməlidir. İş materiallarından aydın olur ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli icra sənədi üzrə ##.##.2025-ci il tarixində icraata başlamaq haqqında qərar qəbul edilməsinə baxmayaraq, keçən müddət ərzində borclu tərəfindən yalnız 2300 manat ödəniş edilmiş, 25 500 manat borc ödənilmədən qalmışdır. Şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Elektron məhkəmə sistemindən əldə edilmiş çıxarışa əsasən Bakı Kommersiya Məhkəməsində ## ##### 2026-cı il tarixində saat 16:10-da keçiriləcək məhkəmə iclası barədə bildiriş # ##### 2026-cı il tarixində Borclu məxus elektron kabinetə yerləşdirilmiş, Borclu proses iştirakçısı kimi elektron sistemə əlavə edilmiş sənədlərlə tanış olmaq imkanına malik olmuşdur. Qeyd olunanlara əsasən kollegiya, məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-***/**** saylı iş üzrə ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Tural Qocayev Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar