Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8-2(3-6)-47/2026 17.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/****-*** nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı borclu borclu1 MMC-nin rəhbəri borclu2 “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə Bakı şəhəri Nərimanov rayon Icra şöbəsinin icra məmuru X3 təqdimatının təmin edilməsinə dair Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadından borclu borclu1 MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: Işin halları:
1. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/****-*** nömrəli icra sənədinə əsasən borclu borclu1 Məhdud Məsuliyyətli Cəmiyyətindən 68020,27 manat əsas borc, 3400 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 301,5 manat olmaqla, ümumilikdə 71721,77 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir.
2. ##.##.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, həmin tarixdə ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/****-*** nömrəli icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir.
3. Məktublardan görünür ki, “xxxx” ASC, “xxxx” ASC, “xxxx” ASC və “xxxx” ASC-də borclunun bank hesablarına həbs qoyulması üçün inkasso sərəncamları müvafiq banklara göndərilsə də, 2 ay ərzində bank hesablarında pul məbləği olmadığından icra şöbəsinə geri qaytarılmışdır.
4. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadı ilə, ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu borclu1 Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan “Renault Kangoo” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. (Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2026cı il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır)
5. Elektron Məhkəmə sistemindən əldə edilmiş məlumatlardan görünür ki, borclu borclu1 MMC-nin rəhbəri borclu2dur.
Birinci instansiya məhkəməsindəki icraat
6. Bakı şəhəri Nərimanov rayon Icra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, yuxarıda qeyd olunan icra sənədinin icrası ilə əlaqədar borclu borclu1 MMCnin rəhbəri borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
7. Təqdimat onunla əsaslandırılmışdır ki, yuxarıda qeyd olunan icra sənədi ##.##.2025-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Icra şöbəsinə daxil olmuş və qanunla müəyyən edilmiş qaydada icraya yönəldilmişdir. Icraata başlamaq haqqında qərar qəbul edilərək onun surəti bildirişlə borclu borclu1 MMC-yə göndərilmiş, icra sənədindəki tələbin könüllü icrası üçün 10 gün müddət müəyyən edilmişdir. Tələb həmin müddətdə könüllü icra edilmədiyindən icra məmuru borclunun əmlak vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə aidiyyəti təşkilatlara sorğular göndərmişdir. Borclu borclu1 MMC-nin adına “Renault Kangoo” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar edilmiş və həmin əmlakın üzərinə məhkəmənin qərardadı ilə həbs qoyulmuşdur. Borclunun bank hesabları müəyyən edilərək onların üzərinə həbs qoyulmuş və inkasso sərəncamları tətbiq edilmişdir. Bununla belə, icra sənədi tam icra olunmamışdır. Icra məmuru borcun uzun müddət ödənilməməsini, görülmüş digər icra tədbirlərinin nəticə verməməsini və borclu hüquqi şəxsin rəhbərinin icranı təmin etmək istiqamətində nəticəli tədbirlər görməməsini əsas gətirərək, məhkəmə qərarının real icrasını təmin etmək üçün borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir.
8. Borclu borclu1 MMC tərəfindən məhkəməyə yazılı etiraz ünvanlanaraq, təqdimatın rədd olunması xahiş edilmişdir.
9. Yazılı etirazda göstərilmişdir ki, icra sənədinin əsasını təşkil edən öhdəlik borclu1 MMC-nin əvvəlki direktoru X1 fəaliyyəti dövründə yaranmış, borclu2 isə yalnız ##.##.2026-cı il tarixdən cəmiyyətin direktoru təyin edilmişdir. Borclunun mövqeyinə görə, əvvəlki dövrdə yaranmış borcun və icranın ləngiməsinin nəticələrinin hazırkı direktorun üzərinə qoyulması qanunauyğun deyildir. Həmçinin bildirilmişdir ki, cəmiyyət maliyyə çətinlikləri ilə üzləşdiyindən icra sənədinin icrası gecikir, lakin rəhbərlik borcun ödənilməsi istiqamətində tədbirlər görür. Borcluya məxsus “Renault Kangoo” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə artıq həbs qoyulduğu, bu barədə qərardadın Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-**/**** nömrəli qərardadı ilə dəyişdirilmədən saxlanıldığı da etirazda qeyd edilmişdir. Bu hallara əsasən borclu təqdimatın kifayət qədər əsaslandırılmadığını, daha yüngül icra vasitələrinin yetərsizliyinin və məhdudiyyətin zəruri, yararlı və mütənasib tədbir olmasının sübuta yetirilmədiyini bildirmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadına əsasən təqdimat təmin edilmiş, borclu borclu1 MMC-nin rəhbəri – ##.##.1952-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan borclu2 (FIN: *******; AZE*******) ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır.
11. Hazırda borclu borclu1 MMC həmin qərardaddan şikayət edərək Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, ölkədən getmək hüququnun məhdudlaşdırılması son vasitə xarakterli tədbir olduğu halda, birinci instansiya məhkəməsi daha yüngül icra tədbirlərinin niyə yetərsiz qaldığını və məhdudiyyətin icra sənədinin real icrasına necə xidmət edəcəyini konkret hallarla əsaslandırmamışdır. Borclu hüquqi şəxsin rəhbərinin ölkəni tərk etməyə cəhd göstərməsi, gizlənməsi və ya əmlakın qəsdən yayındırılması müəyyən edilməmişdir. Şikayətdə həmçinin göstərilmişdir ki, icra sənədinin əsasını təşkil edən öhdəlik əvvəlki direktorun fəaliyyəti dövründə yaranmış, borclu2 isə ##.##.2026-cı il tarixdən direktor təyin edilmişdir. Cəmiyyətin maliyyə çətinlikləri səbəbindən qətnamənin icrası geciksə də, bunun qərəzli yayınma kimi qiymətləndirilməsi düzgün deyildir. Bank hesablarına yönəldilmiş inkasso sərəncamlarının hesablarda pul vəsaiti olmadığından geri qaytarılması, habelə cəmiyyətə məxsus “Renault Kangoo” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması digər icra vasitələrinin mövcudluğunu göstərir. Nəhayət, borcun direktora deyil, hüquqi şəxsə aid olduğu, buna görə direktorun konstitusion hərəkət azadlığının məhdudlaşdırılmasının həddindən artıq ağır və qeyri-mütənasib tədbir olduğu irəli sürülmüşdür.
13. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmış və şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı
14. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Konstitusiyasının: - 28-ci maddəsinin III hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə, özünə yaşayış yeri seçə və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər; - 71-ci maddəsinin II hissəsinə əsasən, hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır; - 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
16. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun: - 84-1.1-ci maddəsinə əsasən icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərardadı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. - 84-1.2-ci maddəsinə əsasən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda bu barədə məlumat dərhal “Elektron icra” informasiya sisteminə daxil edilir və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sisteminə ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin barəsində tətbiq edilmiş məhdudiyyət götürülür və bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 231.3-cü maddəsinə əsasən “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. - 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır.
Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
19. Bu kateqoriyadan olan təqdimatlara baxılarkən yalnız icra sənədinin icra edilməməsi faktının mövcudluğu ilə kifayətlənmək olmaz. Məhkəmə borclunun icraata başlanması barədə məlumatlı olub-olmadığını, könüllü icra müddətində tələbin yerinə yetirilməməsinin üzrlü səbəblərlə bağlı olub-olmadığını, icra məmurunun digər icra tədbirlərini tətbiq edib-etmədiyini, məhdudiyyətin məhkəmə aktının real icrasına xidmət edib-etməyəcəyini və tərəflərin hüquqları arasında ədalətli balansın qorunub-qorunmadığını qiymətləndirməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Klark Qordon Morrisin şikayəti üzrə ## ### 2017-ci il tarixli Qərarında da məhdudiyyətin cəzalandırma vasitəsi deyil, icranı təmin edən tədbir olduğu, onun zəruriliyinin və mütənasibliyinin işin konkret halları üzrə əsaslandırılmalı olduğu vurğulanmışdır.
20. Iş materiallarından görünür ki, icra sənədi üzrə icraata ##.##.2025-ci il tarixdə başlanılmış, könüllü icra barədə bildiriş borclu hüquqi şəxsə göndərilmiş, lakin 71.721,77 manat məbləğində tələb könüllü icra müddətində və sonrakı dövrdə tam icra edilməmişdir. Borclunun bank hesablarına yönəldilmiş inkasso sərəncamları hesablarda pul vəsaiti olmadığından nəticəsiz qalmış, borcluya məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına baxmayaraq icra sənədi üzrə tələb faktiki təmin edilməmişdir. Beləliklə, icra məmurunun məhdudiyyət tədbirinə müraciət etməzdən əvvəl borclunun pul vəsaitləri və digər əmlakı hesabına icranı təmin etməyə yönəlmiş tədbirlər gördüyü müəyyən olunur.
21. borclu2 ##.##.2026-cı il tarixdən direktor təyin edilməsi onun əvvəlki rəhbərin hərəkətlərinə görə şəxsi əmlak məsuliyyəti daşıması anlamına gəlmir. Mübahisələndirilən tədbir də borcun direktorun şəxsi borcu kimi tutulmasına deyil, “Icra haqqında” Qanunun 84- 1.1-ci maddəsində birbaşa nəzərdə tutulduğu kimi, borclu hüquqi şəxsin icra orqanının hazırkı rəhbəri vasitəsilə hüquqi şəxsin öhdəliyinin icrasının təmin olunmasına yönəlmiş prosessual tədbirdir. Buna görə borcun əvvəlki direktorun fəaliyyəti dövründə yaranması hazırkı rəhbər barəsində həmin tədbirin tətbiqini özlüyündə istisna etmir.
22. Bununla yanaşı, hazırkı direktor təqdimata baxılanadək təxminən iki ay ərzində hüquqi şəxsin rəhbəri olmuş, icra sənədi və icra tədbirləri barədə məlumatlılığını yazılı etiraz təqdim etməklə də təsdiq etmişdir. Buna baxmayaraq, şikayətdə borcun heç olmasa qismən ödənildiyi, tələbkarla real ödəniş qrafiki razılaşdırıldığı, qətnamənin icrasına möhlət və ya hissəhissə icra barədə məhkəməyə müraciət edildiyi, yaxud icranı mümkün edən konkret əmlak və gəlir mənbələrinin icra məmuruna təqdim olunduğu göstərilməmişdir. “Biznes fəaliyyətinin yaxşı getməməsi” və “maliyyə problemləri” barədə ümumi istinadlar isə onların həcmi, müddəti və borcun ödənilməsinə faktiki təsiri konkretləşdirilmədiyindən icra sənədinin üzrlü səbəbdən icra edilməməsini təsdiq etmir.
23. Borcluya məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması da şikayətin təmin edilməsi üçün əsas yaratmır. Əmlakın üzərinə həbs qoyulması tələbin artıq ödənilməsi ilə eyniləşdirilə bilməz; həmin tədbir yalnız əmlakın özgəninkiləşdirilməsinin qarşısını alan və sonrakı icra hərəkətlərinə şərait yaradan təminat vasitəsidir. Hazırkı halda həbs qoyulmuş nəqliyyat vasitəsi hesabına borcun ödənildiyi və ya onun dəyərinin icra sənədi üzrə tələbi təmin etməyə kifayət etdiyi müəyyən edilmir. Buna görə bank hesablarına yönəldilən tədbirlərin və əmlak üzərinə həbsin mövcudluğu deyil, həmin tədbirlərin faktiki nəticə verməməsi məhdudiyyətin zəruriliyinin qiymətləndirilməsi baxımından əhəmiyyətlidir.
24. Qanun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün hüquqi şəxsin rəhbərinin artıq ölkəni tərk etməyə cəhd göstərməsini, gizlənməsini və ya əmlakı yayındırmasını ayrıca və məcburi şərt kimi müəyyən etmir. Əks yanaşma bu tədbirin qabaqlayıcı təminat funksiyasını aradan qaldırardı. Bununla belə, məhdudiyyət abstrakt ehtimala deyil, icranın gedişində müəyyən olunan konkret hallara əsaslanmalıdır. Hazırkı işdə icra sənədinin uzun müddət tam icra edilməməsi, bank hesablarında vəsaitin olmaması, həbs qoyulmuş əmlakın tələbin ödənilməsinə gətirib çıxarmaması və hüquqi şəxsin rəhbəri tərəfindən real icra planının təqdim edilməməsi birlikdə qiymətləndirildikdə, məhdudiyyətin məhkəmə aktının icrasını təmin etməyə yararlı tədbir olduğu qənaətinə gəlməyə əsas verir.
25. Direktorun ölkədən getmək hüququnun məhdudlaşdırılması hüquqi şəxsin iştirakçılarının cəmiyyətin borcları üzrə məsuliyyət daşıması qaydası ilə bağlı deyildir. Məhdudiyyət direktorun əmlakına tutmanın yönəldilməsini və ya borcun ondan tutulmasını nəzərdə tutmur; yalnız hüquqi şəxsin icra orqanının rəhbəri kimi onun üzərinə düşən idarəetmə və təmsilçilik imkanlarından icra sənədinin yerinə yetirilməsi üçün istifadə olunmasını təmin etməyə xidmət edir. Bu səbəbdən şikayətdə MMC iştirakçılarının məsuliyyətinin məhdudluğu barədə gətirilən dəlil mübahisələndirilən prosessual tədbirin hüquqi mahiyyətinə aid deyildir.
26. Məhdudiyyətin mütənasibliyi qiymətləndirilərkən bir tərəfdən rəhbərin ölkədən getmək hüququ, digər tərəfdən isə tələbkarın qanuni qüvvəyə minmiş məhkəmə aktının real və vaxtında icrasına olan hüququ nəzərə alınmalıdır. Şikayətdə məhdudiyyətin borclu2 ailə, sağlamlıq, əmək və ya digər fərdi maraqlarına konkret təsiri barədə xüsusi hal göstərilməmişdir. Digər tərəfdən, kifayət qədər yüksək məbləğdə borcun uzun müddət ödənilməməsi tələbkarın məhkəmə müdafiəsi hüququnu faktiki nəticəsiz qoyur. Bu hallarda tətbiq edilmiş məhdudiyyət qarşıya qoyulan məqsədlə müqayisədə həddindən artıq hesab edilə bilməz.
27. Məhdudiyyət daimi və cəza xarakterli deyildir. “Icra haqqında” Qanunun 84-1.2-ci maddəsi onun tətbiqinə səbəb olan əsaslar aradan qalxdıqda tədbirin dərhal götürülməsini nəzərdə tutur. Bu baxımdan məhdudiyyətin davamı yalnız onun tətbiqinə əsas verən halların mövcud qaldığı və tədbirin məhkəmə aktının real icrasına xidmət etdiyi müddətdə əsaslı sayıla bilər. Icra orqanı məhdudiyyətin davam edən zəruriliyini icra icraatının gedişində vaxtaşırı qiymətləndirməli, tədbir artıq məhkəmə qərarının icrasına xidmət etmədikdə onun götürülməsini təmin etməli, borclu isə bununla bağlı hərəkətsizlikdən qanunla müəyyən edilmiş qaydada şikayət verə bilər. Eyni zamanda, ölkədən getmək hüququnun məhdudlaşdırılması icra məmurunu “Icra haqqında” Qanunun 43-cü maddəsində nəzərdə tutulan digər icra tədbirlərini davam etdirmək vəzifəsindən azad etmir.
28. Avropa Insan Hüquqları Məhkəməsinin formalaşdırdığı yanaşmaya görə, borcla bağlı ölkədən çıxış məhdudiyyəti yalnız borcun tutulması məqsədinə real xidmət etdiyi müddətdə əsaslandırıla bilər və sadəcə ödəmə qabiliyyətinin olmamasına görə faktiki cəzaya çevrilməməlidir. “Demokratiya və Insan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı” işindən fərqli olaraq, hazırkı işdə icra orqanı mövcud bank hesablarındakı vəsaiti tutmaq imkanından istifadə etməmiş deyildir; əksinə, hesablarda vəsait olmadığı müəyyən olunmuş, digər əmlak üzərinə də həbs qoyulmuş, lakin tələb ödənilməmişdir. Buna görə hazırkı iş üzrə məhdudiyyətin daha münasib icra vasitələrini əvəz edən avtomatik tədbir kimi deyil, nəticəsiz qalmış digər tədbirlərlə birlikdə tətbiq olunan əlavə təminat vasitəsi olduğu qəbul edilməlidir.
29. Beləliklə, icra sənədinin qüvvədə və icra edilməmiş olması, borclu hüquqi şəxsin və onun hazırkı rəhbərinin icraat barədə məlumatlılığı, könüllü icra müddətinin keçməsi, icra edilməmənin üzrlü səbəblərlə bağlı olduğunun əsaslandırılmaması, daha yüngül icra tədbirlərinin faktiki nəticə verməməsi və məhdudiyyətin müvəqqəti xarakteri birlikdə qiymətləndirildikdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri həmin qərardadın ləğv edilməsi üçün əsas vermir.
30. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
31. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara a l d ı:
Borclu borclu1 MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.