Məhkəmə qərarları › İş №8-2(3-6)-48/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(3-6)-48/2026

16.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8-2(3-6)-48/2026 16.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-***/**** saylı qərardadından borclu “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i:

1. Bakı şəhəri Nərimanov rayon Icra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin borclu qismində tərəf olduğu çoxsaylı icra sənədlərinin icrasını təmin etmək məqsədilə borclunun 83 259 750 manat məbləğində nizamnamə kapitalının üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Təqdimat onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin borclu qismində tərəf olduğu 34 icra sənədi üzrə aparılmış icra tədbirləri nəticəsində borclunun 83 259 750 manat məbləğində nizamnamə kapitalının olduğu məlum olmuşdur. Həmin icra sənədlərinin icrasını təmin etmək məqsədilə borclunun nizamnamə kapitalının üzərinə həbs qoyulması məqsədəmüvafiqdir.

3. Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-***/**** saylı qərardadı ilə təqdimat qismən təmin edilmiş, borclunun nizamnamə kapitalının üzərinə 10 627 265,14 manat həcmində həbs qoyulmuş, təqdimat qalan hissədə təmin edilməmişdir.

4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, təqdimata əlavə edilmiş sənədlərə əsasən borclu barəsində 34 icra sənədi mövcuddur. Həmin icra sənədləri üzrə ümumi borc məbləği 10 627 265,14 manat təşkil etdiyindən, nizamnamə kapitalının üzərinə tam həcmdə həbs qoyulması borc məbləği ilə müqayisədə qeyri-mütənasib hesab edilir. Odur ki, icra sənədləri qanunvericiliklə müəyyən olunmuş müddət ərzində icra olunmadığına, nəticədə məcburi icra tədbirinin tətbiqi üçün əsas yarandığına görə təqdimat qismən təmin edilərək borclunun nizamnamə kapitalının yalnız 10 627 265,14 manat həddində hissəsinə həbs qoyulması məqsədəmüvafiq hesab edilmişdir.

5. Borclu “xxxx” ASC həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, iş elektron məhkəmə informasiya sistemində görünmədiyindən borclunun məhkəmə prosesi barədə məlumatı olmamışdır. Birinci instansiya məhkəməsinin qərardadı yalnız poçt vasitəsilə təqdim edilmişdir. Bundan əlavə, icra məmuru tərəfindən “Icra haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun olaraq icra tədbirlərinin ardıcıllığı və borclunun icra hərəkətləri barədə məlumatlandırılması ilə bağlı lazımi sübutlar təqdim edilməmişdir. Həmçinin borclunun qiymətli kağızları, hesablarındakı vəsaitləri, valyuta sərvətləri, nəqliyyat vasitələri və digər əmlakının axtarışı, habelə həmin əmlakların satışı və əldə olunan vəsaitlərin tələbkarlara ödənilməsi barədə borcluya məlumat verilməsinə dair sənədlər təqdim olunmamışdır.

7. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-***/**** saylı qərardadı ilə borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:

8. “Icra haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 43. Məcburi icra tədbirləri 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; ... Maddə 44. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: ... 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi.

Maddə 45. Tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. ... 45.7. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. ... Maddə 57. Tələbin borclu hüquqi şəxsin digər əmlakına yönəldilməsi 57.1. Borcun ödənilməsi üçün borclu hüquqi şəxsin pul vəsaitləri yetərli olmadıqda, tələb mülkiyyət hüququ əsasında ona məxsus olan digər əmlaka (dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla) yönəldilir. Həmin əmlak üzərinə həbs qoyulması və ya onunla bağlı digər icra hərəkətləri bu Qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilir. ...

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; ...

10. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*- **)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

11. Işin müəyyən edilmiş hallarına əsasən, “xxxx” ASC barəsində borclu qismində ümumilikdə 34 icra sənədi mövcuddur və həmin icra sənədləri üzrə ödənilməmiş borc məbləği 10 627 265,14 manat təşkil edir. Icra sənədlərinin icraya yönəldilməsindən uzun müddət keçməsinə baxmayaraq, borclu tərəfindən həmin icra sənədləri üzrə ödənişlər həyata keçirilməmişdir.

12. “Icra haqqında” Qanunun 44.1.3-cü maddəsinə əsasən, könüllü icra üçün müəyyən edilmiş müddətin başa çatması məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardan biridir. Həmin əsasla icra məmurunun təqdimatı əsasında birinci instansiya məhkəməsi tərəfindən borclunun nizamnamə kapitalının üzərinə icra sənədləri üzrə müəyyən edilmiş borc tələbi həddində həbs qoyulmuşdur.

13. Borclu şikayətində məhkəmə prosesi barədə məlumatlı olmadığını, qərardadın yalnız poçt vasitəsilə təqdim edildiyini, habelə icra məmuru tərəfindən icra tədbirlərinin ardıcıllığına riayət olunması, borclunun icra hərəkətləri barədə məlumatlandırılması, eləcə də digər əmlaklarının axtarışı və satışı ilə bağlı zəruri sübutların təqdim edilmədiyini göstərmişdir.

14. Kollegiya şikayətin dəlillərini əsassız hesab edərək qeyd edir ki, borclu məhkəmə prosesindən məlumatlı olmadığını bildirsə də, bu hal iş materialları ilə öz təsdiqini tapmır. Iş materiallarından müəyyən edilir ki, borclunun “Elektron Məhkəmə” Informasiya Sistemində şəxsi elektron kabineti mövcuddur və təqdimata baxılmasının vaxtı və yeri barədə məhkəmə bildirişi ona poçt rabitəsi vasitəsilə göndərilmişdir. Borclu həmin bildirişi ##.##.2026-cı il tarixdə xəbərnaməyə imza etməklə rəsmi qaydada qəbul etmişdir. Bu baxımdan, borclunun məhkəmə baxışı barədə lazımi qaydada məlumatlandırılmadığı barədə dəlili əsassızdır.

15. Həmçinin borclunun icra məmuru tərəfindən “Icra haqqında” Qanunun tələblərinə əməl edilməməsi, o cümlədən icra tədbirlərinin ardıcıllığına riayət olunmaması, borclunun digər əmlakının axtarılmasına və icra hərəkətləri barədə məlumatlandırılmasına dair sübutların təqdim edilməməsi barədə dəlilləri də əsaslı hesab edilə bilməz. Belə ki, hazırkı iş üzrə baxılmalı olan məsələ icra məmurunun təqdimatı əsasında borcluya məxsus nizamnamə kapitalının üzərinə həbs qoyulması üçün qanunla nəzərdə tutulmuş əsasların mövcudluğunun müəyyən edilməsidir. Borclunun istinad etdiyi hallar isə icra icraatının gedişində həyata keçirilmiş ayrı-ayrı icra hərəkətlərinin qanunauyğunluğu ilə bağlı olub, təqdimatın həll edilməsinin predmetinə aid deyildir və müvafiq qaydada ayrıca mübahisələndirilə bilər.

16. Bundan əlavə, “Icra haqqında” Qanunun 58-ci maddəsində hüquqi şəxsin əmlakı üzərinə həbs qoyulması və satılması zamanı tətbiq edilən növbəlilik müəyyən edilmişdir. Hazırkı halda isə təqdimatın predmeti borcluya məxsus, pul vəsaitindən ibarət olan nizamnamə kapitalının üzərinə borc məbləği həddində həbs qoyulması olduğundan, borclunun iddia etdiyi ardıcıllıq qaydasının pozulması müəyyən olunmur.

17. Mülki Məcəllənin 52.1-ci maddəsinə uyğun olaraq, hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Beləliklə, nizamnamə kapitalının üzərinə həbs qoyulmasını məhdudlaşdıran hər hansı normanın olmadığı müəyyən edilir.

18. Qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi icra sənədlərinin uzun müddət ərzində icra edilməməsini və borclunun könüllü icradan yayınmasını nəzərə alaraq nizamnamə kapitalının üzərinə iş materialları ilə müəyyən olunmuş borc tələbi həddində həbs qoyulması barədə düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.

19. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar