Məhkəmə qərarları › İş №8-2(3-6)-51/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(3-6)-51/2026

28.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8-2(3-6)-51/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Abdullayev Elşən Uğur oğlu (məruzəçi), Cəfərov Səməd Fəxrəddin oğlu və X2 ibarət tərkibdə, Borclu Ərizəni verən şəxs Qapalı Səhmdar Cəmiyyətinin Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Nərmin Almuradova tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi barədə şikayətinə baxılmasına dair Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadından borclunun şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Borclu Ərizəni verən şəxs Qapalı Səhmdar Cəmiyyəti şikayətlə, sonradan dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Nərmin Almuradova tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərarın qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı Tələbkar MMC cavabdeh Ərizəni verən şəxsyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış ##.##.2024cü il tarixli alqı-satqı müqaviləsi üzrə 47087,9 manat əsas borc, 36000 manat cərimə məbləğinin. Mülki Məcəllənin 449.2-ci maddəsinə əsasən hesablanmış 1940.36 manat faizin və ödənilmiş 347.88 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Bakı Kommersiya Məhkəməsində e-2- 2(113)-6611/2025 iş nömrəsi ilə icraata götürülmüş və iş üzrə ##.##.2025-ci il tarixində iddiaçı “xxxx" MMC ilə cavabdeh Ərizəni verən şəxs arasında barışıq sazişi imzalanmışdır. Sözügedən barışıq sazişi Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə təsdiq edilmişdir. Barışıq sazişinin şərtlərinə əsasən müqavilə üzrə yaranmış əsas borc məbləği — 47087,90 (qırx yeddi min səksən yeddi manat doxsan qəpik) manat və 5000 (beş min) manat hüquqi xidmətlərə və məhkəmə rüsumları üzrə çəkilmiş xərc olmaqla, ümumilikdə 52087,90 (əlli iki min səksən yeddi manat doxsan qəpik) manat təşkil edir. Bu məbləğ aşağıda göstərilən qaydada cavabdeh “xxxx" QSC tərəfindən iddiaçı Tələbkar MMCyə ödəniləcəkdir: 1) ## ####### 2025-ci il tarixinədək 15000 manat + 18% ƏDV; 2) ## ###### 2025-ci il tarixinədək 15000 manat + 18% ƏDV; 3) ## ###### 2025-ci il tarixinədək 9087.90 manat + 18% ƏDV və hüquqi xidmətlər və məhkəmə rüsumları üzrə 5000 manat.Əgər bu Sazişdə nəzərdə tutulmuş şərtlər cavabdeh Ərizəni verən şəxs tərəfindən ##.##.2025-ci il tarixinədək tam həcmdə icra olunmazsa, Bakı Kommersiya Məhkəməsində baxılan e-2-2( 113)- ****/**** saylı iş üzrə iddiaçı tərəfindən tələb olunan borc məbləği Ərizəni verən şəxs tərəfindən heç bir əlavə tələb və ya şərt irəli sürülmədən Tələbkar MMC-yə ödəniləcəkdir. Həmçinin cavabdeh pul vəsaitinin ondan tutulması məqsədilə icra vərəqəsinin verilməsinə etiraz etməyəcəyini əvvəlcədən təsdiq edir. “xxxx" MMC ##.##.2026-cı il tarixində məhkəməyə ərizə ünvanlayaraq Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadında və barışıq sazişində təsbit olunmuş qaydada iddiaçı "xxxx” MMC tərəfindən tələb olunan ümumilikdə 90.960.64 manat məbləğin ödənilməsi barədə icra vərəqəsinin imzalanmasını xahiş etmişdir. İş üzrə icra vərəqəsi ##.##.2025-ci il tarixində imzalanmışdır. Məhkəmə qərardadının icrası Nəsimi rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. Bildirirlər ki, tərəflər arasında müqavilə münasibətləri çərçivəsində yaranmış 47087.90 (qırx yeddi min səksən yeddi manat doxsan qəpik) manat borc məbləği “xxxx" QSC tərəfindən ##.##.2025, ##.##.2025 və ##.##.2025-ci il tarixlərində Tələbkar MMC-nə ödənilmiş, yalnız 5000 manat məhkəmə xərci ödənilməmişdir. Tələbkar MMC-nə ödənilmiş borc məbləği barədə Nəsimi rayon İcra və Probasiya Şöbəsinə məlumat verilmişdir. Məhkəmə xərclərinin ödənilməsi ilə bağlı isə tərəflər arasında şifahi razılıq əldə edilmişdir. Lakin obyektiv səbəblərdən həmin məbləğ bu günədək ödənilməmişdir. Məhkəmə xərcinin ödənilməməsi səbəbi ilə Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nərmin Almuradova ##.##.2026-cı il tarixində qərar qəbul edərək borclu Ərizəni verən şəxs-nin banklarda olan hesablarının və hesablarındakı pul vəsaitlərinin üzərinə 90960 manat 64 qəpik məbləğində borc və 9096 manat 06 qəpik məbləğində icra ödənişi, ümumilikdə 100.056 manat 70 qəpik həcmində həbs qoymuşdur. Göründüyü kimi icra məmuru tərəfindən öhdəliyin qismən icra olunma faktı ümumiyyətlə nəzərə alınmamışdır. Bu kimi icra tədbirləri barışıq sazişi üzrə borclunun üzərinə götürdüyü öhdəliyi qəsdən icra etmədiyi hallarda tətbiq oluna bilər. Halbuki, hazırki vəziyyətdə borclu tərəfindən öhdəliyin əsas hissəsi yerinə yetirilmiş, qalan hissə ilə bağlı isə tərəflər arasında razılıq əldə edilmişdir. Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nərmin Almuradova tərəfindən ##.##.2026-cı il tarixli qərarın qəbul edilmə səbəbi naməlumdur. Sözügedən icra hərəkətləri qanunvericiliyin tələblərinə zidd olaraq həyata keçirilmişdir. Belə ki, həbsin tətbiq edilməsinin hüquqi və faktiki əsasları açıqlanmamışdır. İcra məmuru tərəfindən hesabların üzərinə həbs qoyulması barədə banka sərəncam göndərilmiş, lakin bu barədə məhkəmə işinə hər hansı məlumat əlavə edilməmiş, həmçinin tərəfimizə heç bir bildiriş təqdim olunmamışdır. ##.##.2026-cı il tarixli qərarın mövcudluğu onlara bank tərəfindən bildirilmişdir. Mövcud vəziyyətdə Ərizəni verən şəxs-nin bank hesablarındakı pul vəsaiti istehsalatda iştirak edən əmlak hesab edilir. e-2- 2(113)-661 */**** saylı qərardadın icrası ilə əlaqədar icra məmuru tərəfindən bu icra tədbirinin tətbiqi nəticəsində Ərizəni verən şəxs-nin bank hesablarına yönəldilən həbs səbəbilə cəmiyyətin maliyyə dövriyyəsi tamamilə dayanaraq, fəaliyyəti faktiki olaraq iflic vəziyyətinə düşmüşdür. İcra tədbiri nəticəsində Ərizəni verən şəxs-nin hüquqlarını tamamilə məhdudlaşmışdır və icra məmurunun qanunsuz hərəkəti nəticəsində Cəmiyyətə 100.056 manat 70 qəpik həcmində maddi ziyan vurulmuşdur. Hazırki halda cəmiyyətin bank hesablarına tətbiq olunmuş həbs tədbiri şirkətin sərbəst maliyyə dövriyyəsini tam məhdudlaşdırmaqla, mülkiyyət hüququna müdaxilə hesab olunur. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadı ilə (hakim Fərid Hətəmzadə) şikayət təmin edilməmişdir. Həmin qərardaddan borclu tərəfindən verilmiş şikayət təmin olunmayaraq, məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslanıdırlmışdır ki,”xxxx” QSC-yə məxsus bank hesabında mövcud olan pul vəsaitinin üzərinə ##.##.2026-cı il tarixində qoyulan inkasso sərəncamının icrası ##.##.2026-cı il tarixində həyata keçirilmiş və nəticədə ümumilikdə 100.056,70 manat vəsait Nəsimi rayon İcra şöbəsinin depozit hesabına köçürülmüşdür. Tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə Elektron Hökumət İnformasiya Sistemində müvafiq qeydlər aparmaq və icra sənədlərinin aidiyyəti üzrə göndərilməsi barədə tələbkara məlumat vermək İcra məmurlarının vəzifələri siyahısına daxil edilmişdir. Lakin Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nərmin Almuradova ##.##.2026-cı il tarixində qərar qəbul edərək borclu Ərizəni verən şəxs-nin banklarda olan hesablarının və hesablarındakı pul vəsaitlərinin üzərinə 100.056,70 manat həcmində həbs qoyması barədə məlumat cəmiyyətə bank tərəfindən bildirilmişdir. İcra məmurlarının onlara verilən hüquqlardan qanuna uyğun istifadə etməyə və öz fəaliyyətlərində fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına yol verməməyə borcludurlar. Məhkəmə yalnız Barışıq Sazişinin 4-cü bəndinə istinad etməklə öhdəliklərin faktiki icra vəziyyətini və tələbkarın həmin razılığa uyğun hərəkət edib-etmədiyini ümumiyyətlə araşdırmamış, bununla da sübutların tam, hərtərəfli və obyektiv qiymətləndirilməsi prinsipini pozmuşdur. Digər tərəfdən məhkəmənin Barışıq Sazişinin 2-ci bəndini imperativ norma kimi qiymətləndirərək tələbkarın əvvəlki tam iddia məbləğinin tutulmasını qeyd-şərtsiz tələb etmək hüququna malik olması barədə gəldiyi nəticə də əsassızdır. Bunun üçün, ilk növbədə, borclunun öhdəliyi hansı səbəbdən icra etmədiyi, gecikmənin səbəbi, tərəflər arasında əlavə razılaşmaların olub-olmaması müəyyən edilməli idi. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən halları tam və obyektiv araşdırmamış, sübutlara birtərəfli qiymət vermiş, nəticədə prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Tələbkar Tələbkar MMC şikayətə etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-2-2(113)-6611/2025 qərardadından görünür ki, iddiaçı "xxxx’’ MMC ilə cavabdeh "xxxx” QSC arasında bağlanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilmişdir: Tələbkar MMC ilə Ərizəni verən şəxs arasında imzalanmış ## ######## 2024-cü il tarixli, ****/** №-li nömrəli müqavilə üzrə Ərizəni verən şəxs-nin Tələbkar MMC- yə 47087,90 manat (ƏDV daxil) əsas borcu, 8 aylıq gecikmə üzrə 38872,74 manat dəbbə pulu, həmçinin məhkəmə və vəkil xərcləri üzrə 5000 manat olmaqla ümumilikdə 90960,64 manat borcu vardır. Ərizəni verən şəxs-nin məhkəmə prosesində barışıq sazişinin bağlanması ilə bağlı irəli sürdüyü təklifi nəzərə alan Tələbkar MMC-nin rəhbərliyi aşağıdakı şərtlər daxilində barışıq sazişi bağlamağa razılıq verməklə öz xoş niyyətini ifadə edir:

1. Müqavilə üzrə yaranmış əsas borc məbləği — 47087,90 (qırx yeddi min səksən yeddi manat doxsan qəpik) manat və 5000 (beş min) manat hüquqi xidmətlərə və məhkəmə rüsumları üzrə çəkilmiş xərc olmaqla, ümumilikdə 52087,90 (əlli iki min səksən yeddi manat doxsan qəpik) manat təşkil edir. Bu məbləğ aşağıda göstərilən qaydada cavabdeh "xxxx” QSC tərəfindən iddiaçı Tələbkar MMC-yə ödəniləcəkdir: 1) ## ####### 2025-ci il tarixinədək 15000 manat + 18% ƏDV; 2) ## ###### 2025-ci il tarixinədək 15000 manat + 18% ƏDV; 3) ## ###### 2025-ci il tarixinədək 9087,90 manat + 18% ƏDV və hüquqi xidmətlər və məhkəmə rüsumları üzrə 5000 manat.

2. Əgər bu Sazişdə nəzərdə tutulmuş şərtlər cavabdeh Ərizəni verən şəxs tərəfindən ##.##.2025-ci il tarixinədək tam həcmdə icra olunmazsa, Bakı Kommersiya Məhkəməsində baxılan e-*-*(***)-****/**** saylı iş üzrə iddiaçı tərəfindən tələb olunan borc məbləği Ərizəni verən şəxs tərəfindən heç bir əlavə tələb və ya şərt irəli sürülmədən "xxxx” MMC-yə ödəniləcəkdir. Həmçinin cavabdeh pul vəsaitinin ondan tutulması məqsədilə icra vərəqəsinin verilməsinə etiraz etməyəcəyini əvvəlcədən təsdiq edir.

3. Tərəflər razılaşırlar ki, bu Saziş üzrə öhdəliklər tam şəkildə icra edildikdən sonra onların bir-birinə qarşı hər hansı əlavə tələbi və ya iddiası olmayacaqdır.

4. Bu sazişə əlavə və dəyişikliklər və ya onun xitam verilməsi yalnızca tərəflərin qarşılıqlı razılığı əsasında mümkün olacaqdır.

5. X1 imzalandığı tarixdən etibarən qüvvəyə minir və bir nüsxəsi Bakı Kommersiya Məhkəməsində baxılan iş üzrə növbəti məhkəmə baxış iclasınadək məhkəməyə təqdim ediləcəkdir. 6. X1 Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan 3 (üç) əsl nüsxədə imzalanır və Tərəflərin hər birində isə müvafiq olaraq 1 (bir) nüsxə saxlanılır. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixdə verilmiş icra vərəqəsindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2-2(113)-6611/2025 qərardadı icra edilməsi üçün göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin ##.##.2026-cı il tarixli qərarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/****-*** nömrəli, ##.##.2026-ci il tarixli icra sənədinin icrası ilə bağlı borcluya tələbin 10 gün müddətində könüllü qaydada təmin edilməsi barədə bildiriş, qərar göndərilmiş, lakin tələb könüllü müddət ərzində borclu tərəfindən təmin edilməmişdir. Ona görə də borclu "xxxx” QSC-nin banklarda olan hesablarının və hesablarındakı pul vəsaitlərinin üzərinə 100.056 manat 70 qəpik həcmində həbs qoyulmuşdur. Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin ##.##.2026-cı il tarixli qərarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/****-*** nömrəli, ##.##.2026-ci il tarixli icra sənədi borclu "xxxx” QSC və Şixseyidov İlham Ağa oğlu tərəfindən tam şəkildə təmin olunduğundan, icra sənədinə xitam verilmiş və qərar həmin tarixli məktubla məlumat üçün borclu və tələbkara göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon icra şöbəsi tərəfindən «xxxx» ASCyə, «xxxx» ASC-yə, «xxxx» ASC-yə, «xxxx» ASC-yə və «xxxx» ASC-yə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/****-*** nömrəli, ##.##.2026-ci il tarixli icra sənədi üzrə zərurət aradan qalxdığından inkasso sərəncamlarının icra edilmədən geri qaytarılması xahiş olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1.3-cü maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin qanunun 44.1-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi Məcburi icra tədbirlərinin tətbiqinin əsasdır. Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 10.1-ci maddəsinə əsasən, borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Borclu hüquqi şəxsdirsə, icra hərəkətləri onun olduğu yerdə və ya əmlakının olduğu yerdə həyata keçirilir. 43.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləridir. 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 45.2-ci maddəsinə əsasən, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Məcburi icra tədbirləri nəticəsində borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür və bu vəsaitin 1 iş günü müddətində icra xidmətinin depozit hesabına köçürülməsi təmin edilir. 45.3-cü maddəsinə əsasən, borclunun banklarda və digər kredit təşkilatlarında saxlancda əmlakının və hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə məlumatlar icra məmuru tərəfindən həmin təşkilatlardan elektron qaydada sorğulanır, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə uyğun olaraq əldə edilir və onların (olduqda) üzərinə bu Qanunun 45.7-ci maddəsinə uyğun olaraq icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə həbs qoyulur. Borclunun elektron pul təşkilatında hesabının və vəsaitinin mövcudluğu barədə məlumatlar icra məmuru tərəfindən həmin təşkilatdan elektron qaydada əldə edilir. 45.4-cü maddəsinə əsasən, borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında hesablarının mövcudluğu barədə məlumatları icra məmuru vergi orqanlarından tələb edə bilər. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər. 45.5-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. 45.5-1-ci maddəsinə əsasən, Bank hesablarındakı vəsaitlərin üzərinə həbs qoyulması və tələbin həmin vəsaitlərə yönəldilməsi ilə bağlı qaydalar “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq digər ödəniş hesablarına və ödəniş hesablarına xidmət edən ödəniş xidməti təchizatçılarına şamil olunur. 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 45.7-ci maddəsinə əsasən, tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. 45.7-1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı, elektron pul təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə icra məmuru tərəfindən 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə Elektron Hökumət İnformasiya Sistemində müvafiq qeyd aparılmalıdır. 45.7-2-ci maddəsinə əsasən, icra sənədləri üzrə tələbin borclunun bank və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında olan pul vəsaitlərinə icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilməsi barədə icra məmurunun qərarı “Elektron icra” informasiya sistemi vasitəsilə ötürülür. İcra məmurunun belə qərarının bank və digər kredit təşkilatları, elektron pul təşkilatları tərəfindən qəbulu və icrasının nəticəsi barədə məlumatın “Elektron icra” informasiya sisteminə ötürülməsi bank və digər kredit təşkilatlarının, elektron pul təşkilatlarının həmin sistemlə inteqrasiya olunmuş informasiya sistemi vasitəsilə təmin edilir. İcra məmurunun belə qərarının qəbuluna səbəb olmuş əsaslar aradan qalxdıqda icra məmuru 1 iş günü müddətində həmin qərarın icra məmuruna qaytarılması barədə bank və digər kredit təşkilatını, elektron pul təşkilatını elektron qaydada məlumatlandırır. İlk növbədə nəzərə alınmalıdır ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişi MPM-in 191-ci maddəsinə uyğun olaraq məhkəmə aktı hüquqi qüvvəsinə malikdir və onun şərtləri tərəflər üçün məcburidir. Barışıq sazişinin 2-ci bəndində tərəflər açıq şəkildə razılaşmışlar ki, borclu müəyyən edilmiş müddətədək öhdəlikləri tam icra etmədiyi halda tələbkar ilkin iddia tələbi üzrə bütün məbləğin tutulmasını tələb edə bilər. Borclu da həmin əsasla icra vərəqəsinin verilməsinə əvvəlcədən etiraz etməyəcəyini qəbul etmişdir. Beləliklə, tərəflər öhdəliyin qismən deyil, tam və müəyyən edilmiş tarixədək icrasını barışıq sazişinin əsas şərti kimi müəyyən etmişlər. Mübahisəsizdir ki, həmin şərt tam yerinə yetirilməmişdir. Bu səbəbdən icra vərəqəsinin verilməsi və onun əsasında icra icraatının başlanması tərəflərin iradəsinə və məhkəmə aktına uyğun olmuşdur. Şikayətin əsas dəlili əsas borcun böyük hissəsinin ödənilməsi səbəbindən icra tədbirlərinin qanunsuz olduğu göstərilmişdir. Məhkəmə kollegiyası qeyd olunan dəlilə münasibət bildirərək qeyd edir ki, "İcra haqqında" Qanunun 44-cü maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqi üçün icra sənədinin mövcudluğu, icra məmuru tərəfindən icraata başlanılması, borcluya könüllü icra müddətinin verilməsi və həmin müddətdə icranın həyata keçirilməməsi kifayətdir. İş materiallarından görünür ki, həmin şərtlərin hər biri mövcud olmuşdur. Göründüyü kimi, icra məmuru Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/****-*** nömrəli, ##.##.2026-cı il tarixli icra sənədinin icrası ilə əlaqədar, borclu "xxxx” QSC-yə tələbin 10 gün müddətində könüllü qaydada təmin edilməsi barədə bildiriş və qərar göndərmiş, lakin tələb könüllü müddət ərzində borclu tərəfindən təmin edilmədiyindən, ##.##.2026-cı il tarixli qərarla borclunun banklarda olan hesablarının və hesablarındakı pul vəsaitlərinin üzərinə 100.056 manat 70 qəpik həcmində həbs qoymuşdur. Verilmiş icra sənədi əsasında icra məmuru icraata başlayaraq tələbin 10 gün müddətində könüllü ödənilməsini borcluya təklif etmiş, həmin müddət nəticə vermədiyindən məcburi icra hərəkətlərinə başlamış və icra məmurunun ##.##.2026-cı il tarixli qərarı ilə borclunun bank hesablarına həbs qoyulması qərara alınmışdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, icra məmurunun bank hesablarına həbs qoyulması barədə ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olmuşdur. Şikayətin digər dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, icra sənədi üzrə icraata xitam verilsə belə borclu həmin vaxt icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsini tələb edir. Lakin şikayət əsasında aparılan araşdırma zamanı icra məmurunun hərəkətlərin hər hansı qanun pozuntusu aşkar edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə əhəmiyyət kəsb edən bütün halları araşdırmış və icra məmurunun ##.##.2026-cı il tarixli qərarının qəbul edildiyi vaxt qüvvədə olan hüquqi və faktiki vəziyyətə düzgün hüquqi qiymət vermişdir. Bu səbəbdən apellyasiya şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas vermir. Belə olan halda şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ var. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Borclu Ərizəni verən şəxs Qapalı Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar