Məhkəmə qərarları › İş №8-2(3-6)-55/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(3-6)-55/2026

02.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8-2(3-6)-55/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X5 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2019-cu il tarixli e-*-*(**)-***/**** nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2 borclu Borclu X4 əmlakı üzərinə həbs qoyulması barədə təqdimatı üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-**)-***/**** nömrəli qərardadından borclu Borclu X4 və maraqlı şəxs Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2 təqdimat ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2019-cu il tarixli e-*-*(**)-***/**** nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu Borclu X4 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Donuzkökəltmə sovxozu ərazisində yerləşən əmlak kompleksi kimi müəssisənin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-**)-***/**** nömrəli qərardadı ilə təqdimat təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin ##.##.2019-cu il tarixli e-*-*(**)-***/**** nömrəli icra sənədinin icrası ilə əlaqədar Borclu X4 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Donuzkökəltmə sovxozu ərazisində yerləşən əmlak kompleksi kimi müəssisənin üzərinə həbs qoyulmuşdur. Həmin qərardaddan borclunun nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə şikayət ünvanlayaraq, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-**)-***/**** nömrəli qərardadının ləğv edilməsi və təqdimatın təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmadan, icra məmurunun təqdimatında göstərilən halların kifayət qədər sübuta yetirilib-yetirilmədiyini qiymətləndirmədən, habelə təqdim olunmuş sübutlara və iş üzrə mövcud hüquqi əhəmiyyət kəsb edən hallara lazımi hüquqi qiymət vermədən təqdimatın təmin edilməsi barədə nəticəyə gəlmişdir. Halbuki məhkəmənin vəzifəsi yalnız icra məmurunun təqdimatında göstərilən halları formal şəkildə qəbul etməkdən ibarət olmayıb, həmin təqdimatın qanunvericiliyin tələblərinə uyğunluğunu, məcburi icra tədbirinin tətbiqi üçün nəzərdə tutulmuş bütün maddi və prosessual şərtlərin mövcud olub-olmadığını, habelə seçilmiş icra tədbirinin qanunilik, zərurilik və proporsionallıq meyarlarına cavab verib-vermədiyini hərtərəfli araşdırmaqdan ibarət olmuşdur. Lakin mübahisələndirilən qərardaddan da göründüyü kimi, məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmadan, yalnız icra məmurunun təqdimatında göstərilən arqumentləri və qanun normalarını ümumi şəkildə sadalamaqla kifayətlənmiş, həmin normaların konkret mübahisənin faktiki halları baxımından necə tətbiq edilməli olduğunu əsaslandırmamış, nəticədə isə təqdimatın təmin edilməsi barədə tələsik və əsassız nəticəyə gəlmişdir. Belə yanaşma qəbul edilmiş qərardadın obyektiv araşdırılmış faktlara deyil, ehtimallara və natamam qiymətləndirilmiş sübutlara əsaslanmasına səbəb olmuşdur. Məhkəmə tərəfindən qəbul edilmiş qərardadın ən mühüm hüquqi çatışmazlıqlarından biri də “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinin tələblərinin düzgün tətbiq edilməməsi və həmin normanın faktiki hallar baxımından tam araşdırılmamasıdır. Belə ki, qeyd olunan maddədə hüquqi şəxsin əmlakı üzərinə həbs qoyulması və onun satılması zamanı tətbiq edilməli olan məcburi icra tədbirlərinin növbəliliyi imperativ qaydada müəyyən edilmişdir. Həmin normaya əsasən, borcluya məxsus daşınmaz əmlak üzərinə tutmanın yönəldilməsi yalnız əvvəlki növbələrdə göstərilən əmlak hesabına icranın mümkün olmaması müəyyən edildikdən sonra həyata keçirilə bilər. Deməli, qanunverici daşınmaz əmlakın üzərinə birbaşa həbs qoyulmasını deyil, yalnız digər məcburi icra tədbirlərinin nəticəsiz qalması sübuta yetirildikdən sonra belə tədbirin tətbiq edilməsini mümkün hesab etmişdir. Lakin mübahisələndirilən qərardaddan görünür ki, məhkəmə qeyd olunan normanın tətbiqi üçün zəruri olan halları araşdırmamış, yalnız borclunun bank hesablarında kifayət qədər vəsait olmadığını və borclu tərəfindən yüksək məbləğli borcun ödənilməsinə kifayət edəcək digər əmlakın mövcudluğuna dair sübut təqdim edilmədiyini göstərməklə kifayətlənmişdir. Halbuki “İcra haqqında” Qanunun 58-ci maddəsinin tətbiqi baxımından əsas araşdırılmalı olan məsələ borclunun başqa əmlak təqdim edib-etməməsi deyil, icra məmuru tərəfindən qanunda nəzərdə tutulmuş bütün əvvəlki növbə üzrə icra tədbirlərinin faktiki həyata keçirilib-keçirilməməsi, həmin tədbirlərin nəticəsiz qalmasının konkret və mötəbər sübutlarla təsdiq olunub-olunmamasıdır. Məhkəmə isə bu halların hər birini ayrıca araşdırmadan, yalnız ümumi mülahizələrlə daşınmaz əmlak üzərinə həbs qoyulmasını qanuni hesab etmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi sübutetmə yükünü düzgün bölüşdürməmiş, icra məmurunun təqdimatının əsaslılığını yoxlamaq əvəzinə, faktiki olaraq borclunun üzərinə qanunda nəzərdə tutulmayan sübutetmə öhdəliyi qoymuşdur. Belə ki, məhkəmə qərardadında borclunun nümayəndəsinin etirazını rədd edərkən yalnız borclunun yüksək məbləğdə borcun ödənilməsinə kifayət edəcək digər əmlakının mövcudluğunu təsdiq edən sübut təqdim etmədiyini göstərmişdir. Halbuki icra məmurunun təqdimatı üzrə baxılan işlərdə sübutetmə yükü təqdimatla məhkəməyə müraciət etmiş icra məmurunun üzərinə düşür və məhz o, məcburi icra tədbirlərinin tətbiqi üçün qanunla nəzərdə tutulmuş bütün şərtlərin mövcudluğunu mötəbər sübutlarla təsdiq etməlidir. Bu baxımdan, borclunun əlavə əmlakının mövcudluğunu sübut etməməsi öz-özlüyündə daşınmaz əmlak üzərinə həbs qoyulması üçün hüquqi əsas hesab edilə bilməz. Əksinə, icra məmuru borclunun bütün əmlak vəziyyətini araşdırdığını, “İcra haqqında” Qanunun 58-ci maddəsində nəzərdə tutulmuş növbəliliyə riayət etdiyini və əvvəlki növbələr üzrə nəzərdə tutulan bütün icra tədbirlərinin nəticəsiz qaldığını konkret sübutlarla məhkəmə qarşısında əsaslandırmalı idi. Qərardaddan isə görünür ki, məhkəmə bu halların mövcudluğunu yoxlamadan, yalnız ümumi mülahizələrlə təqdimatı təmin etmişdir. Xüsusilə qeyd edilməlidir ki, qərardadda yalnız borclunun bank hesablarına həbs qoyulduğu və həmin hesablarda kifayət qədər pul vəsaitinin olmadığı göstərilmişdir. Lakin bu hal özlüyündə hüquqi şəxsin əmlakı üzərinə birbaşa həbs qoyulması üçün kifayət etmir. Məhkəmə icra məmurunun hüquqi şəxsə məxsus digər birinci və ikinci növbə əmlakının mövcudluğunu hansı üsullarla araşdırdığını, həmin araşdırmaların nəticələrinin nədən ibarət olduğunu, hansı dövlət orqanlarına sorğular göndərildiyini, hansı cavabların alındığını, habelə həmin əmlakın borcun ödənilməsi üçün yetərli olub-olmamasının hansı sübutlarla müəyyən edildiyini ümumiyyətlə araşdırmamışdır. Beləliklə, daşınmaz əmlak kimi ən ağır məcburi icra tədbirinin tətbiqindən əvvəl qanunla nəzərdə tutulmuş zəruri araşdırmaların aparıldığı sübuta yetirilmədən təqdimatın təmin edilməsi “İcra haqqında” Qanunun 58-ci maddəsinin mahiyyətinə və məqsədinə uyğun hesab edilə bilməz. Bundan əlavə, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən mühüm halları nəzərə almamışdır. Belə ki, mübahisələndirilən qərardadla üzərinə həbs qoyulmuş əmlak hazırda Bakı Kommersiya Məhkəməsinin icraatında olan dörd, eyni zamanda Maraqlı şəxs ASC-dən götürülmüş kredit borcunun predmetidir. Həmin işlərdə eyni əmlak müxtəlif kredit öhdəliklərinin təminatı kimi ipoteka predmeti olmaqla yanaşı, onun bazar dəyərinin müəyyən edilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və kredit öhdəliklərinin icrası ilə bağlı hüquqi məsələlər məhkəmə araşdırmasının predmetini təşkil edir. Bu səbəbdən həmin icraatlarda müəyyən edilmiş və ya müəyyən edilməkdə olan hallar hazırkı təqdimat üzrə qəbul ediləcək qərar üçün də hüquqi əhəmiyyət kəsb edirdi. Lakin birinci instansiya məhkəməsi həmin halları araşdırmamış, onları ümumiyyətlə nəzərə almamış və bu barədə qərardadda heç bir hüquqi mövqe bildirməmişdir. Xüsusilə qeyd olunmalıdır ki, həmin məhkəmə işlərindən bir neçəsində eyni əmlakın bazar dəyərinin müəyyən edilməsi məqsədilə təyin edilmiş qiymətləndirmələrin etibarlılığı məhkəmənin özündə belə ciddi şübhə doğurmuş, bunun nəticəsində əlavə və təkrar ekspertizaların keçirilməsi zəruri hesab edilmişdir. Məhkəmələr təqdim edilmiş qiymətləndirmə hesabatlarının kifayət qədər əsaslandırılmadığını, müqayisəli yanaşma üzrə seçilmiş obyektlərin oxşarlığının, tətbiq edilmiş korrektələrin və hesablamaların aydın izah edilmədiyini, habelə qiymətləndirmə nəticələrinin mübahisələndirildiyini nəzərə alaraq yeni ekspertizaların aparılması barədə qərardadlar qəbul etmişlər. Bu isə onu göstərir ki, eyni əmlakın hüquqi və iqtisadi vəziyyəti üzrə məhkəmə araşdırmaları hələ yekunlaşmamışdır və həmin araşdırmalar davam etdiyi halda əmlak üzərinə həbs qoyulmasına dair təqdimata baxılarkən bu hallar mütləq nəzərə alınmalı idi. Bundan başqa, həmin işlərdə həm cavabdeh, həm də bəzi hallarda iddiaçı tərəfindən təqdim edilmiş qiymətləndirmə hesabatlarının düzgünlüyü mübahisələndirilmiş, məhkəmə də bu etirazları əsaslı hesab edərək ipoteka predmetinin bazar dəyərinin yenidən müəyyən edilməsinin zəruriliyini qəbul etmişdir. Belə olan halda, eyni əmlak barəsində bir tərəfdən bazar dəyərinin düzgün müəyyən edilməsinə yönəlmiş məhkəmə araşdırmaları davam etdiyi, digər tərəfdən isə həmin əmlak üzərinə həbs qoyulması barədə təqdimatın bu hallar nəzərə alınmadan təmin edilməsi hüquqi müəyyənlik prinsipinə uyğun hesab edilə bilməz. Birinci instansiya məhkəməsi paralel icraatlarda müəyyən edilmiş və hazırkı mübahisə üçün əhəmiyyət kəsb edən bu hallara hüquqi qiymət vermədiyindən işin faktiki halları tam və obyektiv araşdırılmamışdır. Xüsusilə diqqətəlayiq hal ondan ibarətdir ki, məhkəmə borclu tərəfindən irəli sürülmüş etirazlara formal münasibət bildirməklə kifayətlənmişdir. Belə ki, qərardadda etirazların mahiyyəti üzrə hərtərəfli hüquqi təhlil aparılmamış, həmin etirazların nə üçün əsassız hesab edildiyi konkret sübutlar və hüquqi arqumentlərlə izah olunmamışdır. Halbuki əsaslandırılmış məhkəmə aktı yalnız qanun normalarının sadalanmasından ibarət olmamalı, həm də həmin normaların işin müəyyən edilmiş faktiki halları ilə əlaqələndirilməsi, tərəflərin bütün mühüm dəlillərinə aydın və inandırıcı cavab verilməsi yolu ilə formalaşdırılmalıdır. Hazırkı qərardad isə bu tələblərə cavab vermədiyindən onun qanuniliyi və əsaslılığı şübhə doğurur. Birinci instansiya məhkəməsi tərəfindən məcburi icra tədbiri seçilərkən proporsionallıq prinsipi də gözlənilməmişdir. Hüquqi şəxsin mülkiyyətində olan daşınmaz əmlak üzərinə həbs qoyulması mülkiyyət hüququna ciddi müdaxilə təşkil etdiyindən, belə tədbir yalnız qanunla nəzərdə tutulmuş bütün şərtlər mövcud olduqda və daha yüngül icra tədbirlərinin nəticəsiz qalması dəqiq müəyyən edildikdə tətbiq oluna bilər. Bu səbəbdən məhkəmə yalnız həbs qoyulmasının hüquqi əsaslarının mövcudluğunu deyil, həm də həmin tədbirin konkret şəraitdə zəruri, məqsədəuyğun və mütənasib olub olmadığını araşdırmalı idi. Lakin mübahisələndirilən qərardadda bu məsələlərə ümumiyyətlə hüquqi qiymət verilməmiş, seçilmiş tədbirin nə üçün ən uyğun və zəruri icra vasitəsi hesab edildiyi əsaslandırılmamışdır. Məhkəmə qərardadında yalnız məhkəmə qərarlarının icrasının təmin edilməsinin vacibliyinə dair ümumi hüquqi mülahizələr irəli sürmüş, lakin həmin məqsədə nail olmaq üçün məhz borcluya məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulmasının niyə zəruri olduğu, bu tədbirin borclunun hüquqlarına müdaxiləsinin hüdudlarının necə qiymətləndirildiyi, habelə daha az müdaxilə ilə eyni nəticəyə nail olma imkanının olubolmaması barədə heç bir hüquqi əsaslandırma verməmişdir. Halbuki məhkəmə tərəfindən tətbiq edilən hər bir məcburi tədbir konkret işin halları baxımından əsaslandırılmalı, onun zəruriliyi və mütənasibliyi ayrıca qiymətləndirilməlidir. Bu tələblərə əməl edilmədən qəbul olunmuş qərardad qanunilik və əsaslılıq meyarlarına cavab vermir. Həmçinin birinci instansiya məhkəməsi icra məmurunun təqdimatını tənqidi qiymətləndirmədən qəbul etmiş, təqdimatda göstərilən halların mötəbər sübutlarla təsdiq edilib-edilmədiyini araşdırmamışdır. Halbuki icra məmurunun təqdimatı məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş hüquqi qüvvəyə malik sənəd hesab edilə bilməz və məhkəmə həmin təqdimatda göstərilən hər bir halın sübutlarla təsdiq olunmasını yoxlamalı, təqdim edilmiş sənədlərin kifayət edibetmədiyini qiymətləndirməli idi. Hazırkı işdə isə məhkəmə icra məmurunun təqdim etdiyi məlumatları faktiki olaraq dəyişdirilmədən qərardada köçürmüş, həmin məlumatların düzgünlüyünü və tamlığını yoxlamadan təqdimatın təmin olunması barədə nəticəyə gəlmişdir. Bu isə məhkəmənin obyektiv araşdırma aparmaq və sübutları daxili inam əsasında qiymətləndirmək vəzifəsinə uyğun deyildir. Bundan əlavə, təqdimatda və qərardadda borclunun əmlak vəziyyətinin tam araşdırıldığını təsdiq edən konkret sübutlar mövcud deyildir. Qərardadda yalnız elektron sorğuların göndərildiyi və daşınmaz əmlakın müəyyən edildiyi qeyd edilmiş, lakin həmin sorğuların əhatə dairəsi, nəticələri, icra məmuru tərəfindən aparılmış digər araşdırmalar, habelə borclunun əmlak vəziyyətinin tam şəkildə müəyyən edilməsinə yönəlmiş hərəkətlər barədə hər hansı konkret məlumat göstərilməmişdir. Belə olan halda, icra məmurunun təqdimatının yalnız ümumi mülahizələr əsasında təmin edilməsi məhkəmə araşdırmasının tamlığı və obyektivliyi prinsipləri ilə uzlaşmır. Qərardaddan göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən irəli sürülmüş etirazları mahiyyəti üzrə araşdırmamış, onlara formal münasibət bildirməklə kifayətlənmişdir. Belə ki, cavabdeh tərəfindən əmlakın ipoteka ilə yüklü olması, icra tədbirlərinin növbəliliyinə riayət edilməməsi və təqdimatın qanuni əsaslarının mövcud olmaması ilə bağlı irəli sürülmüş etirazların hər biri ayrıca hüquqi qiymətləndirilməli olduğu halda, məhkəmə həmin etirazları ümumi ifadələrlə rədd etmişdir. Halbuki əsaslandırılmış məhkəmə aktının mühüm elementlərindən biri tərəflərin bütün mühüm dəlillərinə konkret və hüquqi əsaslandırılmış cavab verilməsidir. Hazırkı qərardadda isə cavabdehin etirazlarının hansı hüquqi və faktiki əsaslarla qəbul edilmədiyi aydın göstərilməmiş, bununla da qərardadın əsaslandırılması tələbi pozulmuşdur. Diqqətəlayiq haldır ki, mübahisələndirilən qərardadın əsas hissəsi məhkəmə qərarlarının icrasının vacibliyinə dair ümumi nəzəri müddəaların, Konstitusiya, Mülki Prosessual Məcəllə, “Məhkəmələr və hakimlər haqqında” Qanun, “İcra haqqında” Qanun, Konstitusiya Məhkəməsi və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinin sadalanmasına həsr edilmişdir. Lakin həmin ümumi hüquqi mülahizələrin hazırkı mübahisənin konkret faktiki halları ilə əlaqəsi göstərilməmiş, icra məmurunun təqdimatının hansı konkret sübutlarla təsdiq olunduğu, cavabdehin etirazlarının hansı əsaslarla rədd edildiyi və əmlak üzərinə həbs qoyulmasının zəruriliyinin nədən ibarət olduğu hüquqi cəhətdən əsaslandırılmamışdır. Nəticədə qərardadın motivasiya hissəsi konkret faktların təhlilindən deyil, əsasən qanun normalarının ümumi şəkildə sadalanmasından ibarət olmuşdur. Bu isə qəbul edilmiş məhkəmə aktının əsaslı və inandırıcı hesab edilməsinə imkan vermir. Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə şikayət ünvanlayaraq, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-**)-***/**** nömrəli qərardadının ləğv edilməsi və əmlak kompleksi kimi müəssisəsinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ASC ilə borclu arasında imzalanmış ***/H-**-** saylı ## ###### 2018-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Donuzkökəltmə sovxozu ərazisində yerləşən əmlak kompleksi kreditin təminatı qismində ipoteka ilə yüklü edilmişdir. Bundan başqa, Maraqlı şəxs ASC ilə borclu arasında imzalanmış DİK-855402/23-01 saylı ## ###### 2023-cüil tarixli sonrakı ipoteka müqaviləsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Donuzkökəltmə sovxozu ərazisində yerləşən əmlak kompleksi Maraqlı şəxs ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Əlavə olaraq müəyyən edilmişdir ki, Tələbkar QSC BOKT-nin cavabdeh “xxxx” MMC yə qarşı kredit və ipoteka müqavilələrindən irəli gələn mübahisələrə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin icraatında e-*-*(***)-****/**** saylı iş vardır. Həmin iş üzrə ipoteka predmeti borcluya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Donuzkökəltmə sovxozu ərazisində yerləşən əmlak kompleksidir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə ekspertiza təyin edilmiş və icraat dayandırılmışdır. Belə qənaətə gəlinir ki, ipoteka saxlayanların hüquqlarının həyata keçirilməsi hazırda mübahisələndirilən qərardadın mövcudluğundan mümkün deyildir. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Məhkəmə Maraqlı şəxs ASC-nin ipoteka hüquqlarına münasibətdə əmlakın özgəninkiləşdirilməsinin ipoteka hüququna xitam verilməməsi qənətinə gəlməklə ipoteka saxlayanın Məcəllə ilə müəyyən edilmiş hüquqlarının müdafiə mexanizmlərinin pozulmasına rəvac vermişdir. İpoteka öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; Məhkəmə əmlakın özgəninkiləşdirilməsinin qadağan olunmasına dair təqtimata baxarkən mübahisə olunan əmlakın ipoteka ilə yüklü olmasına münasibətdə əmlakın özgəninkiləşdirilməsinin ipoteka hüququna xitam verilmədiyini qeyd etməklə yanlış qənaətə gəlmişdir. İpoteka saxlayan ipoteka hüququ olan və ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxsdir, o cümlədən ipoteka kağızının mülkiyyətçisidir. Məhkəmə maraqlı şəxs olaraq işə cəlb olunmuş Maraqlı şəxs ASC-nin ipoteka hüquqlarına münasibətdə etirazını əsassız saymaqla qanunun normasına riayət etməməklə yanlış qənaətə gəlmişdir. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər. Qanun normasından müəyyən olunur ki, üçüncü şəxslər deyil, hətta mülkiyyətçi belə predmetə dair sərəncamverici hüquqlarından istifadə fikrinə düşərsə, mütləq qaydada ipoteka saxlayandan razılıq almalıdır. Bununla da məhkəmənin gəldiyi qənaət ipoteka saxlayanın hüquqlarının pozulması kimi qiymətləndirilir. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Məhkəmənin gəldiyi qənaət Məcəllənin tələblərinə ziddiyyət təşkil edir. Belə ki, hazırkı mübahisələndirilən əmlak üzərində ipoteka saxlayanın digər kreditorlara münasibətdə üstünlük hüququ nəzərə alınmamışdır. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması haqqında icra sənədinin icrasına digər kreditorların ipoteka hüquqlarına toxunmaqla predmetə qadağa tətbiq etməklə yanlış qənaətə gəlmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə qərarını iş materiallarında olan təsdiqini tapmış faktlara əsaslandırmamış, ipoteka saxlayanın hüququnun məhdudlaşdırılması növündə qərar qəbul etmişdir. Belə ki, məhkəmə aktında qeyd olunur ki, təqdimata əlavə edilən “xxxx” publik hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Donuzkökəltmə sovxozu ərazisində yerləşən əmlak kompleksi kimi müəssisə borclunun mülkiyyətindədir, ayrı-ayrı kredit müqavilələri üzrə tələbkar və maraqlı şəxs ipoteka saxlayan qismində çıxış edir. Lakin qanunvericiliyin tələblərinə uyğun olaraq ipoteka saxlayannın tələblərinin növbəliliyinə münasibətdə məhkəmə düzgün qiymət verməmişdir. İcra məmurunun müraciəti əsasında məhkəmə ipoteka saxlayan olaraq Maraqlı şəxs ASC-nin hüquqlarını pozmaqla bankın əldə edilməli olan faydadan məhrum olmasına gətirib çıxarmışdır. Məhkəmə əmlakın özgəninkiləşdirilməsinin qadağa edilməsi barədə qərardad qəbul edərkən mübahisələndirilən əmlakın yüklülüyü hissəsində ipoteka saxlayanın hüquqlarını nəzərə almamışdır. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadı ilə şikayətlər təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd etmişdir ki, borclu hüquqi şəxsin yüksək məbləğdə olan borcunun ödənilməsinə kifayət edəcək digər əmlakının varlığına dair təqdimata baxılan müddətdə və ya şikayətə əlavə olaraq sübut təqdim edilməmişdir. İcra məmuru tərəfindən borclunun bank hesablarına həbs qoyulması barədə qərar qəbul edilmiş, icra edilməsi üçün ayrı-ayrı banklara göndərilmiş, lakin hesablarda kifayət qədər vəsait olmadığı əsası ilə qərarın icrası mümkün olmamışdır. Belə olan halda, növbəliliyin pozulması ilə bağlı bildirilənlər əsassız olmuşdur. Məhkəmə bu qənaətə gələrkən həmçinin nəzərə almışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 10 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuş, adçəkilən qərardaddan verilən şikayət də təmin edilməmişdir. Həmçinin nəzərə alınır ki, əmlaka həbs qoyulmasının növbəliliyinin pozulmaqla təqdimat verildiyinə istinad edən borclunun nümayəndəsi/vəkili özü məhkəmə iclasında borcun ödənilməsinə kifayət edəcək əmlakının olmadığını təsdiq etmişdir. Belə olan halda aydın olur ki, borclunun növbəliliklə bağlı mövqeyi formal xarakter daşımaqla prosessual qənaət prinsipi ilə uzlaşmır və borclunun məhkəmə iclasında özünün təsdiq etdiyi faktın əlavə sübutlarla da təsdiq edilməsinə dair mövqeyi əsassızdır. Maraqlı şəxslərin dəlillərinə münasibətdə isə göstərilməlidir ki, sonrakı ipoteka hüququ da ipoteka hüququ kimi məhdud əşya hüququ olmaqla konkret şəxslərdən asılı olmayan, əşyaya bağlı hüquqdur. Bu mənada ipoteka haqqında qanunvericilikdə nəzərdə tutulmuş konkret əsaslar olmadığı təqdirdə, ipoteka predmetinin üzərinə həbs qoyulması, mülkiyyətçinin dəyişməsi ipotekaya xitam əsası deyildir. Həmçinin üzərində ipoteka hüququ olan əmlaka həbs qoyulmasının ipoteka saxlayanın razılığından asılı edilməsinə dair icra haqqında qanunvericilikdə hər hansı məhdudiyyət təsbit edilməmişdir. Halbuki qanunverici “İcra haqqında” Qanunun 21.7-ci maddəsində olduğu kimi (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrası üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir) zərurət olduğu halda belə bir məhdudiyyət müəyyən edə bilərdi. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Borclu Borclu X4 və maraqlı şəxs Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-**)-***/**** saylı nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar