Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(3-6)-6/2026 30.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 məruzəsi ilə, X4 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5614/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə X3 tərəfindən verilmiş ərizəyə dair Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-313/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Tələbkar ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X7 və X1 müştərək qaydada onun xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 7247,18 manat əsas borc, 830,44 manat faiz borcu, 63,83 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 8141,45 manat borcun və 101,41 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəmədinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-5614/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər X5 və X1 müştərək qaydada xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 7247,18 manat məbləğində əsas bоrc, 830,44 manat məbləğində faiz bоrcu, 63,83 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 8141 manat 45 qəpik məbləğində bоrcun və ödənilmiş 101 manat 41 qəpik məbləğində dövlət rüsumunun əvəzinin iddiaçı Tələbkar ASC-nin xeyrinə tutulması qət edilmişdir. X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəmədinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-5614/2024 saylı qətnamənin hissə-hissə icra edilməsınə, yəni həmin qətnamə ilə təmin edilmiş borc məbləğinin hər ay 800 manat ödənilməklə qaytarılmasına razılıq verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ailəlidir, himayəsində azyaşlı uşaqları var, atası xəstədir və qazandığının çox hissəsi kommunal xərclərə, ailə üzvlərinin müayinə və müalicəsinə və dolanışıqlarına xərclənir. Məhkəmə qətnaməsi ilə "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmiş 8.141 manat məbləğində pulu birdəfəyə ödəmək imkanı yoxdur. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-313/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 5614/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə X3 tərəfindən verilmiş ərizə təmin edilməmişdir. X3 xx.xx.2025-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-313/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından şikayət və buraxılmış prosessual müddətin bərpası barədə ərizə verərək qərardaddan şikayətin verilməsi üçün prosessual müddətin buraxılmasının üzrlü hesab olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-313/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə X3 tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpası haqqında ərizənin təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-313/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından X6 şikayət vermə müddətinin bərpa edilməsi qərara alınmışdır. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, işə baxan Bakı Kommersiya Məhkəməsi “qətnamənin hissə-hissə icra edilməsi barədə” ərizəsinə baxarkən ayağının sındığı üçün müvəqqəti işsiz qalmağını və işsiz qaldığı üçün krediti ödəməkdə çətinlik yarandığını, eyni zamanda himayəsində yaşayan atasının ağır xəstə olmasını və tərəfindən müalicə olunmasını, müalicə xərcinin yüksək olmasını, həmçinin bu kredit müqaviləsindən əlavə başqa kreditinin olmasını və ABB və Muğanbank ASC-yə hər ay ödənişlər etməyisini, artıq həmin krediti ödəyib bitirdiyini, TələbkarASC-yə 500 manat ödədiyi kimi halları aydınlaşdırmamış, sonda düzgün olmayan əsassız qərardad qəbul etmişdir. İşə baxan Bakı Kommersiya Məhkəməsi qətnamənin icrası üzrə indiyədək heç bir ödənişin edilməməsini qeyd etsə də, lakin yuxarıda sadaladığı üzürlü hallara düzgün hüquqi qiymət verməmiş, qətnamənin icra edilməsinə maneəçilik yaradan üzürlü səbəbləri, iş üçün mühüm əhəmiyyəti olan halları sübut kimi qeyd etməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli 8-2(113)-313/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 15. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. MPM: Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən verilmiş hüquqi dəyərləndirmə ilə razılaşaraq qeyd edir ki, qanunverici işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin hissə-hissə icra olunmasının mümkünlüyünü müəyyən etməklə yanaşı bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Bu zaman məhkəmə ilk növbədə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı, bu zaman həm də tələbkarın əmlak mənafelərini də nəzərdən qaçırmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 04 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 12-ci bəndinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Göründüyü kimi qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi ədalətli məhkəmə araşdırılmasının ayrılmaz tərkib elementi olan məhkəmə qərarlarının icrası (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar) mərhələsinin uzadılmasına, ağlabatan müddətə məhkəmə araşdırılması prinsipinin pozulmasına səbəb ola bilən prosessual hərəkətlər olduğundan belə qərarların qəbul edilməsinə yalnız İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulan hüququn mahiyyətinə xələl gətirməyən müstəsna hallarda yol verilir. Hazırkı halda isə qətnamənin hissə-hissə icra edilməsinə əsas verən müstəsna halların, eləcə də borcun hissə-hissə icra edilməsinə dair tələbkarın razılığının mövcud olması iş materiallarına əsasən müəyyən edilmir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin bütün diqqətəlayiq hallarına düzgün hüquqi qiymət verməklə borclunun ərizəsini əsaslı olaraq rədd etmişdir. Qərardaddan şikayət isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-313/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №8-2(3-6)-6/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(3-6)-6/2026
30.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver